| 
								 
								
								
								 Ağayev 
								Bəylər Tapdıq oğlu  
								
								
								1969-cu il fevralın 3-də Qubadlı rayonunun 
								Qarağaclı kəndində doğulmuş, 1985-ci ildə 
								Qaracallı kənd orta məktəbini bitirmişdi. 
								1987-ci ildə hərbi xidmətə çağırılmışdı. O, 
								hərbi xidmətini 1989-cu ildə Almaniya Demokratik 
								Respublikasında başa çatdıraraq doğma kəndlərinə 
								qayıtmışdı. B.Ağayev 1990-cı ildə Azərbaycan 
								Dövlət İnşaat Mühəndisləri Universitetinə daxil 
								olmuş, 1992-ci ildə təhsilini yarımçıq qoyub 
								könüllü olaraq ordu sıralarına yazılmışdı. Onun 
								yüksək bacarığı ilk günlərdən diqqəti cəlb edib 
								və o, bölmə komandiri təyin edilib. Bəylər 
								Ağayev Laçın rayonu uğrunda gedən döyüşlərdə 
								fəal iştirak edib. 1992-ci il avqustun 6-da 
								Xanlıq kəndi uğrunda gedən döyüşlərdə düşmənin 
								xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv 
								edərək qəhrəmancasına həlak olub.   
								
								
								Subay idi.  
								
								
								Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 
								1992-ci il tarixli 350 nömrəli Fərmanı ilə  
								Ağayev Bəylər  Tapdıq  oğlu ölümündən  sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. Qarağaclı  kəndindəki  Şəhidlər 
								xiyabanında dəfn olunub. Qaracallı kənd orta 
								məktəbi onun  adını  daşıyır.  Bu  kənd hazırda 
								erməni işğalı altındadır.        
								
								
								
								 Ağayev 
								Eldar Əsgər oğlu  
								
								
								1955-ci il sentyabrın 29-da Tbilisi şəhərində 
								hərbiçi ailəsində anadan olmuşdur. Ailəsi ilə 
								birlikdə Bakıya köçmüşdür. İlk təhsilini Bakı 
								şəhər 20 nömrəli orta məktəbdə almış, sonra 134 
								nömrəli orta məktəbdə oxumuşdur. 1972-ci ildə 
								Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil 
								olmuşdur. 1976-cı ildə təhsilini başa vuraraq,  
								motoatıcı ixtisasına yiyələnən E.Ağayev 
								Kalininqrad vilayətinin Qusev şəhərində hərbi 
								xidmətə başlamışdır. 1978-ci ildə Kamçatka 
								yarımadasında, 1981-84-cü illərdə Amur 
								vilayətinin Obluçye şəhərində motoatıcı 
								bölüyünün komandiri, 1984-86-cı illərdə 
								Əfqanıstanda alay komandiri və kəşfiyyat 
								bölüyünün komandiri olmuşdur. E.Ağayev 
								Əfqanıstanda xidmətini başa vurduqdan sonra 
								Kalininqrad şəhərinə gəlmiş, 1989-cu ilə qədər 
								burada motoatıcı alayın kəşfiyyat rəisi 
								vəzifəsində çalışmışdır. 1992-ci ildə 
								komandanlığa raport yazaraq Vətənə qayıtmışdır. 
								Milli Ordunun tərkibində özünün yaratdığı 775-ci 
								reyd dəstəsinin komandiri kimi fəaliyyətə 
								başlamışdır.  Qarabağ döyüşlərində göstərdiyi 
								şücaətə görə "Azərbaycan Bayrağı" ordeni ilə 
								təltif olunub.  
								
								
								Ailəlidir. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 4 aprel 
								1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə 
								polkovnik Ağayev Eldar Əsgər oğlu Azərbaycanın 
								Milli Qəhrəmanı adına layiq görülüb.   
								
								
								
								 Ağayev 
								Faiq Alış oğlu  
								
								
								1969-cu il iyunun 6-da Ağdam rayonunun Papravənd 
								kəndində doğulmuş, 1986-cı ildə Papravənd kənd 
								orta məktəbini bitirmişdi. 1989-cu ildə keçmiş 
								Sovet ordusu sıralarında hərbi xidmətini başa 
								vuraraq Vətənə qayıdıb Yevlax şəhərində əmək 
								fəaliyyətinə başlamışdı. O zamanlar erməni hərbi 
								qüvvələri Azərbaycanın sərhəd bölgələrində və 
								Qarabağda ağır cinayətlər törədirdilər. Bu 
								hadisələrə biganə qalmayan Faiq 1990-cı ilin 
								sentyabrında Ağdam Rayon Polis İdarəsinin 
								tərkibində yaranmış polis alayına yazılıb. 
								1991-ci il dekabrın 23-də erməni silahlı 
								qüvvələri Meşəli kəndinə güclü hücuma keçmiş, 
								düşmənin zirehli texnikası və çoxsaylı piyada 
								qüvvələri kənd əhalisini təşvişə salmışdı. 
								Vəziyyətin son dərəcə ağır olduğunu görən Faiq 
								sərrast atəşlə erməni yaraqlılarını məhv edərək, 
								dinc əhalinin təhlükəsiz yerdə daldalanmasına 
								kömək etmişdi. Düşmənin diqqətini özünə cəlb 
								edən Faiq son nəfəsinədək vuruşaraq 
								qəhrəmancasına həlak olmuşdur. 
								
								
								Subay idi. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 
								1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə  
								Ağayev Faiq Alış oğlu ölümündən sonra 
								Azərbaycanın  Milli Qəhrəmanı adına layiq 
								görülüb. Ağdam rayonunun  Papravənd kəndində  
								dəfn olunub.         
								
								
								
								 Ağayev 
								Fərhad İslam oğlu  
								
								
								1975-ci il avqustun 4-də Sabirabad rayonunun 
								Ələmbəyli kəndində anadan olmuşdu.  1992-ci ildə 
								həmin kənd orta məktəbini bitirmişdi. 1993-cü 
								ildə Sabirabad Rayon Hərbi Komissarlığı 
								tərəfindən Milli Ordu sıralarına çağırılan 
								Fərhad Prezident Qvardiyasında xidmətə başlamış, 
								1994-cü il yanvarın 24-də cəbhəyə yola düşmüşdü. 
								Onun ilk döyüşü Füzuli rayonunun Seyidəhmədli 
								kəndindən başlamışdı. Murovdağ, Güzgü, Ömərdağ 
								kimi əhəmiyyətli ərazilərin müdafiəsində  
								şücaət  göstərmiş, 1995-ci ilin əvvəlində 
								Goranboydakı döyüş bölgələrinə  göndərilmişdi.  
								Elə  həmin ilin martında Fərhad məlum dövlət 
								çevrilişinin qarşısını almaq üçün Ağstafaya 
								göndərilir. O, 1995-ci il martın 13-də 
								dövlətimizin müdafiə olunması uğrunda gedən 
								döyüşlərdə ağır güllə yarası almış və martın 
								15-də aldığı yaradan dünyasını dəyişmişdir.
								 
								
								
								Subay idi.  
								
								
								Azərbaycan Respublikası Prezidentinin 4 aprel  
								1995-ci il tarixli  307 nömrəli Fərmanı ilə  
								Ağayev Fərhad İslam oğlu ölümündən  sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Sabirabad rayonundakı  Şəhidlər xiyabanında dəfn 
								olunub. Təhsil aldığı orta məktəb onun adını 
								daşıyır.   
								
								
								
								 Aznaurov 
								İsgəndər Söhrab oğlu  
								
								
								1956-cı il avqustun 16-da Özbəkistan 
								Respublikasının Buxara vilayətində dünyaya 
								gəlmişdi. 1973-cü ildə orta məktəbi bitirib, 
								1978-ci ildə Daşkənd İrriqasiya İnstitutuna 
								daxil olmuşdu. 1983-cü ildə ali təhsilini başa 
								vuran İsgəndər 1990-cı ildə ailəsi ilə birlikdə 
								Azərbaycana - Şəmkir rayonunun Kür qəsəbəsinə 
								köçmüşdü. O, burada cihazqayırma zavodunda 
								çalışıb. Erməni faşistlərinin torpaqlarımıza 
								basqınları İsgəndəri narahat edirdi və o, 
								1992-ci il aprelin 21-də  Milli Ordu sıralarına 
								yazılır. İsgəndəri "N" saylı hərbi hissənin 
								artilleriya üzrə komandir müavini təyin edirlər. 
								Döyüşlərin birində düşmənin dörd topunu və xeyli 
								canlı qüvvəsini məhv etmişdi. İsgəndər Qarabağ 
								müharibəsində ən sərrast topçulardan biri 
								sayılırdı. 1993-cü il aprelin 18-də Vətən 
								uğrunda döyüşərək mərdliklə həlak olub. 
								
								
								Evli idi. Üç qızı yadigar qalıb.  
								
								
								Azərbaycan Respublikası Prezidentinin 15 yanvar  
								1995-ci il tarixli 262 nömrəli Fərmanı ilə  baş 
								leytenant  Aznaurov İsgəndər Söhrab oğlu 
								ölümündən  sonra Azərbaycanın Milli Qəhrəmanı 
								adına layiq görülüb. 
								
								
								Bakıda Şəhidlər xiyabanında dəfn olunub. 
								 
								
								
								Onun adına Gədəbəyin Şınıx bölgəsində "İsgəndər 
								qalası" var. Kür qəsəbəsindəki 1 nömrəli məktəb 
								qəhrəmanın adını daşıyır, məktəbdə büstü 
								qoyulub.  |