| 
								 
								
								İyunun 1-də Təhsil Nazirliyində 1 İyun Uşaqları 
								Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbir 
								keçirildi. 
								
								
								Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü 
								ilə açaraq öncə bu günün tarixi barədə məlumat 
								verdi. Qeyd olundu ki, 1950-ci il iyunun 1-də 
								BMT Baş Assambleyası tərəfindən təşkil olunan 
								Qadınların Beynəlxalq Konfransında uşaq 
								hüquqlarının təmin edilməsi ilə bağlı səslənən 
								təkliflərə əsasən 1 iyun tarixini uşaqların 
								beynəlxalq müdafiəsinə həsr etmək qərara 
								alınıb.  Bundan sonra 1 İyun Uşaqları Beynəlxalq 
								Müdafiə Günü kimi tarixə düşmüşdür. Dünyanın 
								əksər ölkələrində olduğu kimi, həmin gün 
								Azərbaycanda da qeyd olunur. 
								
								
								Nazir ölkəmizdə uşaqların rifahının 
								yüksəldilməsi ilə bağlı məsələləri dövlət 
								başçısı cənab İlham Əliyevin daim diqqət 
								mərkəzində saxladığını xüsusi qeyd etdi. Təhsil 
								naziri bildirdi ki, ümummilli liderimiz Heydər 
								Əliyevin uşaqların müdafiəsi sahəsində qoyduğu 
								ənənələr bu gün Azərbaycan Respublikasının 
								Prezidenti cənab İlham Əliyev və ölkənin birinci 
								xanımı, Heydər Əliyev Fondunun prezidenti, 
								YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət 
								vəkili Mehriban xanım Əliyeva tərəfindən uğurla 
								davam etdirilir. Nazir son illər uşaqların 
								hüquqlarının qorunmasına yönəlmiş bir sıra 
								proqramların həyata keçirildiyini söylədi.  Belə 
								mühüm proqramlardan biri olan "Azərbaycan 
								Respublikasında dövlət uşaq müəssisələrindən 
								uşaqların ailələrə verilməsi 
								(de-institutlaşdırma) və alternativ qayğı Dövlət 
								Proqramı (2006-2015-ci illər)"ndan ətraflı söz 
								açan təhsil naziri  bu istiqamətdə görülən 
								işləri tədbir iştirakçılarının diqqətinə 
								çatdırdı. Adıçəkilən proqramdan irəli gələn 
								vəzifələrin bir sıra dövlət və beynəlxalq 
								qurumlarla sıx əməkdaşlıq çərçivəsində həyata 
								keçirildiyi qeyd olundu. Nazir Misir Mərdanov 
								daha sonra  cari ilin fevralında yaradılmış 
								"Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinin 
								fəaliyyətinə də toxunaraq onu ölkəmizdə 
								uşaqların müdafiəsi istiqamətində atılan mühüm 
								addım kimi dəyərləndirdi. "Azərbaycan Uşaq 
								Qaynar Xətt"in əhəmiyyətindən danışan nazir bu 
								xidmətin yaradılmasında, onun təşkilində Təhsil 
								Nazirliyinə dəstək olan bütün ictimai qurumlara, 
								təşkilat və şirkətlərə öz təşəkkürünü bildirdi. 
								
								
								Çıxış üçün söz alan YUNİSEF-in Azərbaycandakı 
								nümayəndəsinin müavini Rəşid Mustafa təmsil 
								etdiyi təşkilatla Təhsil Nazirliyi arasında 
								mövcud olan əməkdaşlıqdan razılıq hissi ilə 
								danışdı. 
								
								
								Azərbaycanda uşaq hüquqlarının müdafiə olunması 
								mexanizmləri və alternativ qayğı xidmətlərinin 
								yaradılması sahəsində çox böyük işlərin 
								görüldüyünü söyləyən  Rəşid Mustafa bunu yüksək 
								qiymətləndirdi. R.Mustafa YUNİSEF-lə Təhsil 
								Nazirliyinin ölkəmizdə uşaqların hüquqlarının 
								qorunması, sağlamlığı və inkişafı sahəsində 
								olduqca vacib olan birgə layihələr həyata 
								keçirdiyini deyərək əldə olunan müsbət 
								nəticələri diqqətə çatdırdı. "Azərbaycan 
								Respublikasında dövlət uşaq müəssisələrindən 
								uşaqların ailələrə verilməsi 
								(de-institutlaşdırma) və alternativ qayğı Dövlət 
								Proqramı (2006-2015-ci illər)" çərçivəsində 
								görülən işlərin təqdirəlayiq olduğunu bildirən 
								Rəşid Mustafa Təhsil Nazirliyinin nəzdində 
								De-institutlaşma və Uşaqların Müdafiəsi 
								İdarəsinin yaradılmasını bu sahəyə olan diqqətin 
								bariz nümunəsi kimi səciyyələndirdi. Çıxışının 
								sonunda təmsil etdiyi təşkilatla Təhsil 
								Nazirliyi arasındakı işgüzar əməkdaşlığın bundan 
								sonra da davam etdiriləcəyini qeyd etdi. 
								
								
								Sonra "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinin 
								rəhbəri Cəmilə Tağıyeva xidmətin  fəaliyyətinə, 
								gördüyü işlərə dair məruzə-təqdimat ilə çıxış 
								etdi. Qeyd olundu ki, "Azərbaycan Uşaq Qaynar 
								Xətt" xidmətinin (480-22-80, (050) 680-22-80, 
								(051) 880-11-80) yaradılmasında əsas məqsəd 
								problemlərlə üzləşmiş hər bir uşağa psixoloji 
								yardım, emosional dəstək, onun üzləşdiyi 
								çətinliklərin və problemlərin həllinə dair 
								məsləhətlər vermək, uşaqların müraciətlərinin 
								digər müvafiq xidmətlərə yönəldilməsini təmin 
								etmək və təxirəsalınmaz köməyin göstərilməsidir. 
								"Azərbaycan Uşaq Qaynar Xətt" xidmətindən dövlət 
								uşaq müəssisələrində olan, küçədə yaşayan və 
								işləyən, istismara və zorakılığa məruz qalan, 
								psixoloji və emosional problemlərlə üzləşən, 
								fiziki və əqli cəhətdən imkanları məhdud olan, 
								habelə böhranlı ailələrdən  çıxmış, hüquqları 
								pozulmuş, xüsusi qayğıya  və müdafiəyə ehtiyacı 
								olan uşaqlar istifadə edə bilərlər. Eyni zamanda 
								"qaynar xətt"ə uşaq məsələləri ilə bağlı 
								valideynlər, fəaliyyəti uşaqların təhsili və 
								tərbiyəsi ilə bağlı olan  mütəxəssislər də zəng 
								edib məsləhət ala bilərlər.  
								
								
								Cəmilə Tağıyeva daha sonra tədbir 
								iştirakçılarına "Azərbaycan Uşaq Qaynar Xətt" 
								xidmətinin vəzifələri, səciyyəvi xüsusiyyətləri, 
								əsas iş prinsipi, burada çalışan işçi heyəti, bu 
								işə dəstək verən təşkilatlar  barədə ətraflı 
								məlumat verdi. O, cari ilin fevralından bu günə 
								kimi "qaynar xətt" xidmətinə 265 müraciətin  
								daxil olduğunu bildirdi. Onu da qeyd etdi ki, 
								aparılan təhlil nəticəsində müraciətlərin 
								psixoloji, sosial, hüquqi, təhsil və tibbi 
								sahələrdə olan problemlərlə bağlı olduğu müəyyən 
								edilmişdir. Adıçəkilən sahələr üzrə  müraciət 
								edənlərlə bağlı statistik rəqəmləri tədbir 
								iştirakçılarının nəzərinə çatdıran C.Tağıyeva 
								həmin şəxslərə ehtiyaclarına uyğun xidmətlərin 
								göstərildiyini dedi. Xidmətin rəhbəri daha sonra 
								aparılmış digər  təhlillər  və nəticələr barədə 
								açıqlama verdi. Məruzə-təqdimatda həmçinin 
								"Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinin 
								perspektiv planları  haqqında da geniş məlumat 
								verildi. Qeyd olundu ki, yaxın müddətdə xidməti 
								genişləndirərək Bakının 11 rayonunu əhatə 
								etməsi, daim  artan zəngləri itirməmək və 
								uşaqları xətdə çox gözlətməmək üçün 
								operatorların və telefon nömrələrinin  sayının 
								artırılması və digər həlli vacib məsələlərin 
								həyata keçirilməsi nəzərdə tutulur. "Azərbaycan 
								Uşaq Qaynar xətt" xidmətinin fəaliyyəti barədə 
								ətraflı danışan C.Tağıyeva bu xidmətin ölkəmizdə 
								müdafiəyə ehtiyacı olan hər bir uşağa yardım 
								göstərməyə hazır olduğunu söylədi. 
								
								
								Sonra tədbir iştirakçıları "Azərbaycan Uşaq  
								Qaynar  Xətt" xidmətinin səmərəliliyinin 
								artırılması ilə bağlı müvafiq təkliflərlə çıxış 
								etdilər. 
								
								
								Tədbiri təhsil naziri Misir Mərdanov 
								yekunlaşdıraraq "Azərbaycan Uşaq Qaynar Xətt" 
								xidmətinin fəaliyyəti ilə bağlı  öz fikir və 
								mülahizələrini bildirdi, iştirakçılara bir sıra  
								tövsiyələr verdi.  
								
								
								
								Samirə KƏRİMOVA  |