| 
								 
								
								Mayın 31-də, respublikamızın bütün məktəblərində 
								olduğu kimi, Bakıdakı 20 nömrəli məktəb-liseydə 
								də "Son zəng" keçirildi. Tədbirdə Yasamal Rayon 
								İcra  Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil 
								İdarəsinin nümayəndələri və digər qonaqlar 
								iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan 
								məktəb-liseyin direktoru Sabir  Məmişov 
								qonaqları salamladı, məzunları və onların 
								valideynlərini təbrik etdi. Qeyd edildi ki, 20 
								nömrəli məktəb-liseyin 223 nəfər XI sinif 
								şagirdi buraxılış imtahanında iştirak edəcək. 
								
								
								Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin 
								müavini Məhəbbət Qarabağlı  bildirdi ki, düz on 
								bir il bundan əvvəl çantası özündən böyük olan, 
								vaxtilə həsədlə onbirincilərə baxan uşaqlar bu 
								gün məzundurlar. Biz də bu əziz gündə həyata  
								vəsiqə alan gəncləri məktəbi bitirmələri 
								münasibətilə təbrik edir və onlara uğurlar 
								diləyirik. 
								
								
								Məzunlar adından Leyla Məmmədova, Tural 
								Fərəməzov, Turqut Salayev və başqaları 
								çıxışlarında  sevimli müəllimlərinə 
								minnətdarlıqlarını bildirdilər. 
								
								
								Sonra məktəblilərarası müsabiqədə qalib  olan 
								şagirdlərin musiqi  kompozisiyası dinlənildi və 
								"Son zəng"də XI sinfin məzunu Eldar  Hüseynov  
								məktəbin rəmzi açarını I "A" sinif şagirdi Fərid 
								Məmmədliyə təqdim etdi.     
								
								
								Şakir CƏFƏROV  |