| 
								 
								
								Paytaxtın bütün ümumtəhsil məktəblərində olduğu 
								kimi, Yasamal rayonundakı 158 nömrəli orta 
								məktəbdə də mayın 31-də  həyəcanlı anlar  
								yaşanırdı. Baxışlarda sevinclə bərabər  bir 
								kədər də duyulurdu. Axı gənclər üçün bu zəng 11 
								il təhsil aldıqları məktəblə vida rəmzi idi. 
								Nəhayət, Azərbaycanın  Dövlət himni səsləndi. 
								Aparıcılar Xəyalə Kərimova və Tural Əliyev 
								onbirinciləri təbrik etmək üçün sözü məktəbin 
								direktoru Zemfira  Səmədovaya verdilər. Zemfira 
								müəllim  qonaqları, müəllimləri və məzunları 
								salamlayıb, onlara xoş arzularını bildirdi, qeyd 
								etdi ki, bu il məktəbi 208 nəfər bitirir. 
								Onların hər birini  yeni həyat gözləyir. 
								Ölkəmizin gələcək taleyinin sahibləri olacaq bu 
								gənclər təhsildə qazandıqları bilikləri test 
								imtahanlarında təsdiq edəcək, seçdikləri 
								ixtisasa yiyələnəcəklər. Təhsildə əldə etdiyimiz 
								nailiyyətlər, müxtəlif olimpiadalarda, 
								müsabiqələrdə qazanılan uğurlar bunları deməyə 
								əsas verir. 
								
								
								Direktor qürurla vurğuladı ki, ulu öndər Heydər 
								Əliyevin anadan olmasının 87-ci ildönümü 
								münasibətilə keçirilən tədbirlərdə məktəb 
								xüsusilə fərqlənib. XI "B" sinfinin məzunu Maya 
								Namazova ümummilli lider Heydər Əliyevə həsr 
								edilmiş inşa müsabiqəsinin respublika  üzrə 
								qalibi olub.  
								
								
								Mərasimdə məktəbin müəllimləri, şagirdlər  və 
								məzunların valideynləri çıxış edərək xoş 
								arzularını bildirdilər. 
								
								
								Kövrək notlu "son zəng" çalındı. "Məktəb illəri" 
								mahnısının sədaları ətrafa yayıldı, birincilər 
								onbirinciləri şeirlə, mahnı ilə, rəqslə təbrik 
								etdilər. Onbirincilər isə məktəbin rəmzi açarını 
								birincilərə təqdim etdilər.  
								
								
								
								Sifai SƏFƏROVA  |