|   | 
										
										
										Yerləşir:  | 
										
										
										Avstraliya, Yeni Cənubi Uels ştatı, 
										Sidney şəhəri  | 
										
										  | 
										  | 
									 
									
										| 
										
										Yaranma tarixi: | 
										
										
										1850-ci il  | 
									 
									
										| 
										
										Tipi:  | 
										
										
										Dövlət  | 
									 
									
										| 
										
										İşçi heyəti: | 
										
										
										3583 nəfər | 
									 
									
										| 
										
										Tələbələrin sayı: | 
										
										
										47775 nəfər | 
									 
									
										| 
										
										İllik gəlirləri:   | 
										
										
										1290865000 Avstraliya dolları | 
									 
									
										| 
										
										İllik xərcləri: | 
										
										
										1240687000 Avstraliya dolları | 
									 
									
										| 
										
										Rəsmi saytı: | 
										
										
										
										www.sydney.edu.au | 
									 
								 
								
								
								 Sidney 
								Universiteti (University of Sydney) 
								Avstraliyanın Yeni Cənubi Uels ştatında Sidney 
								şəhərinin Kemperdaun şəhərətrafı qəsəbəsində 
								yerləşir. Böyük Britaniyanın "Times Higher 
								Education Supplement - QS World Universities 
								Rankings" jurnalının 2009-cu ildə apardığı dünya 
								universitetlərinin reytinqinə əsasən, Sidney 
								Universiteti 100 ən yaxşı ali məktəb arasında 
								Fransa Politexnik Məktəbi və Melburn 
								Universiteti ilə birgə 36-cı yerdə sıralanıb.
								 
								
								
								Sidney Universiteti Avstraliyanın "Səkkizlik 
								qrupu"nun, "Universitetlər - 21" beynəlxalq 
								elmi-tədqiqat, Sakit Okean Regionu 
								Universitetləri assosiasiyalarının və Beynəlxalq 
								Universitetlər Şəbəkəsinin üzvüdür.   
								
								
								Tarixi  
								
								
								1848-ci ildə Yeni Cənubi Uels ştatının 
								Qanunvericilik Şurasının üzvü Uilyam Uentvort 
								Sidney Kollecinin böyük universitetə çevrilməsi 
								haqqında plan hazırlayır və şuraya təqdim edir. 
								Uentvort israr edirdi ki,  cəmiyyətin inkişafı 
								üçün dövlət universiteti mütləq şərtdir. O 
								deyirdi: "Dövlət universiteti hər təbəqədən olan 
								uşağa ölkəsinin müqəddəratına fayda verməyə 
								imkan yaradır". Uentvortun ikinci cəhdindən 
								sonra onun planı Qanunvericilik Şurası 
								tərəfindən qəbul edilir.  
								
								
								 Sidney 
								Universiteti 1850-ci il oktyabrın 1-də Sidney 
								Universiteti yaradılması haqqında qanun 
								imzalandıqdan sonra açılır. İki il sonra, 
								1852-ci il oktyabrın 11-də hazırda Sidney 
								Gimnaziyası adlanan Böyük sinif otaği yaradılır. 
								Universitetin ilk rektoru professor və keşiş Con 
								Vulli təyin edilir. 1858-ci ilin fevralında 
								universitet kraliça Viktoriyanın xartiyasını 
								alır, bundan sonra burada,  Böyük Britaniyanın 
								universitetlərində olduğu kimi, elmi dərəcələr 
								verilir. 1859-cu ildə ali təhsil müəssisəsi 
								hazırkı kampusunun yerləşdiyi Kemperdaun 
								şəhərətrafı qəsəbəsinə köçürülür. 1890-cı ildə 
								universitetdə anatomiya, zoologiya, texnika, 
								tarix, hüquq, məntiq, fəlsəfə və psixologiya 
								kafedraları yaradılır.  
								
								
								1938-ci ildə Sidney Universitetinin nəzdində 
								Yeni İngiltərə Universitet Kolleci açılır və 
								1954-cü ildə müstəqil universitet kimi fəaliyyət 
								göstərməyə başlayır. 60-cı illərdə Sidney 
								Universitetində marksizm və feminizm ideyaları 
								yayılır. Həmin dövrdə məşhur filosof Devid 
								Armstronq fəlsəfə kafedrasına rəhbərlik edirdi. 
								1989-cu ildə "Ali təhsil haqqında qanun" qəbul 
								edildikdən sonra Sidney Musiqi 
								Konservatoriyasının Sidney şöbəsi, Kamberlend 
								Tibb Kolleci, İncəsənət İnstitutunun Sidney 
								İncəsənət Kolleci, Sidney Təhsilin 
								Təkmilləşdirilməsi Kollecinin Sidney Təhsil 
								İnstitutu, Tibb bacısı İnstitutu və Gildiya 
								Mərkəzi Sidney Universitetinə birləşdirilir. 
								1981-ci ilədək Sidney Təhsil İnstitutu Sidney 
								Müəllimlər Kolleci adlandırılırdı.  
								
								
								2007-ci ilin fevralında Sidney Universiteti 
								tibbi tədqiqatların aparılması məqsədi ilə 
								Müqəddəs Con Kollecinin ərazisini alır. Müqəddəs 
								Con Kolleci Roma katolik kilsəsinin tabeliyində 
								olduğu üçün bəzi şəxslər kollecin missiyasının 
								mahiyyətini qorumaq üçün burada tibbi 
								tədqiqatların aparılmasına qarşı çıxırlar. 
								Universitet rəhbərliyi isə buna cavab olaraq 
								bildirir ki, tədqiqatlar üçün kollecin binası 
								deyil, ətraf ərazilər nəzərdə tutulub.
								  
								
								
								2010-cu ilin əvvəllərində universitet özünə yeni 
								loqotip müəyyən edir, daha doğrusu, köhnəyə bir 
								sıra yeniliklər gətirir: qalxanın forması, 
								qırağındakı naxışlar, şirin dərisi, açıq kitab 
								təsvirindəki sətirlərin sayı, rənglər və s. 
								dəyişdirilir. Gerb öncə olduğu kimi, daha çox 
								formal xarakter daşıyır.    
								
								
								Büdcə və təhsil haqqı  
								
								
								Sidney Universitetinin illik gəlirləri 2009-cu 
								ildə 1290865000 Avstraliya dollarına bərabər 
								olub. Göstərilən vəsaitin 564514000 Avstraliya 
								dolları hökumət qrantları, 291480000 Avstraliya 
								dolları təhsil haqqı, 77930000 Avstraliya 
								dolları investisiya gəlirləri, 90608000 
								Avstraliya dolları tədqiqat sazişləri və 
								xidmətlər, 1426000 Avstraliya dolları ticarət 
								markaları və lisenziyalar, qalanları isə digər 
								vəsaitlər hesabına əldə olunan gəlirlərdir. 
								 
								
								
								Həmin il ali təhsil ocağının illik xərcləri isə 
								1240687000 Avstraliya dolları təşkil edib. Bu 
								məbləğin 754530000 Avstraliya dollarını 
								əməkhaqqı, 52465000 Avstraliya dollarını 
								qiymətdən düşmə və amortizasiya, 50378000 
								Avstraliya dollarını təmir və texniki xidmətlər, 
								2715000 Avstraliya dollarını aktivlərin 
								qiymətdən düşməsi, qalanlarını isə digər xərclər 
								təşkil edib. Ümumilikdə, 2009-cu ildə Sidney 
								Universitetinin illik dövriyyəsi 1,3 milyard 
								Avstraliya dollarına bərabər olub.  
								
								
								Sidney Universitetində təhsil haqqının məbləği 
								fakültə və proqramdan asılı olaraq dəyişir. 
								2009-2010-cu tədris ilində burada bakalavr 
								pilləsində oxuyan tələbələrin təhsil haqqı 4249, 
								5310, 7567, 8859 Avstraliya dolları arasında 
								dəyişib. Avstraliyalılar magistratura və 
								doktorantura pilləsində pulsuz oxuyurlar, 
								əcnəbilərin bu pillələrdə təhsil haqqı isə 28505 
								Avstraliya dolları təşkil edib. 
								
								
								 Sidney 
								Universitetində dünyanın digər 
								universitetlərində olduğu kimi müxtəlif adda və 
								məbləğdə təqaüdlər təklif olunur. Dünya 
								ölkələrindən olan tələbələrə ölkələrinin 
								səfirlikləri tərəfindən də təqaüdlər ayrılır. 
								Universitetin tələbələrə verdiyi təqaüd təxminən 
								6000, 7000, 12500 Avstraliya dollarıdır. 
								
								
								Sidney Universitetində müəllimlərin illik 
								əməkhaqqı onların tutduğu dərəcədən asılı olaraq 
								fərqlənir: E və daha yüksək dərəcə - 139245, D - 
								108098-119087, C - 89777-103519, B - 
								73289-87030, A - 51302-69620 Avstraliya dolları. 
								İnzibati işçilərin əməkhaqqı isə 38515-89777 
								Avstraliya dolları arasında dəyişir.  
								
								
								Universitet bu gün   
								
								
								Sidney Universitetinin Sidney şəhəri ərazisində 
								10 müxtəlif kampusu var. Kampuslarda qumdaşından 
								tikilmiş tarixi binalar, kilsələr, bağ və 
								fəvvarələrlə yanaşı, ən müasir texnologiyalara 
								malik laboratoriyalara, institutlara, 
								klinikalara, zavod və fermalara rast gəlmək 
								olar. 
								
								
								Universitetin əsas kampusu Sidney şəhərinin 
								Kemperdaun və Derlinqton qəsəbələrində yerləşir. 
								Burada orijinal qumdaşından neoqotik üslubda 
								inşa edilmiş Quadranql və Böyük Qala binaları 
								memar Edmund Bleket tərəfindən tikilib. Bu 
								kampusda akademik binalar, tibb korpusu, 
								hospital və apteklər, Tələbə Təşkilatı (Venvort, 
								Menninq, Holm binaları), klublar və s. yerləşir. 
								Hazırda kampusda yeni tələbə şəhərciyi salınması 
								üzrə əsaslı işlər aparılır. Kampus sakinləri 
								ictimai nəqliyyata daha çox üstünlük verirlər. 
								Sərnişin avtobusları, əsasən, Redfern dəmiryolu 
								vağzalından Paramatta-Rod və Siti-Rod ərazisinə 
								qədər işləyir. 
								
								
								 Əsas 
								kampusdan əlavə universitetin Kamberlend, 
								Kemperdaun (Derlinqton), Müqəddəs Ceyms, 
								Rozelli, Kamden, Malett-strit, Burren-strit 
								şəhərcikləri mövcuddur. Malett-stritdə Tibb 
								bacısı və mamalıq,  Kamberlenddə Sağlamlıq 
								elmləri (fizioterapiya, əmək, şüa terapiyaları,  
								nitqin patalogiyası, elmi-tibbi informasiyanın 
								idarəolunması daxil olmaqla), Müqəddəs Ceymsdə 
								Hüquq, Rozellidə İncəsənət, Kamdendə Kənd 
								təsərrüfatı və Baytarlıq korpusları yerləşir. 
								Eləcə də Uestmid hospitalına birləşən Sarri-Hils 
								və Uestmid Ağız Gigiyenası Mərkəzində 
								universitetin Stomatologiya korpusu, Sidney 
								Operasının yanında Sidney Musiqi 
								Konservatoriyası, Yeni Cənubi Uels ştatının 
								Narıncı kənd ərazilərində Narıncı Kənd 
								təsərrüfatı Kolleci, Kvinslend ştatının 
								yaxınlığında Narrabri Tədqiqat Mərkəzi, Yeni 
								Cənubi Uels ştatının Vaterloo ərazisində Teylor 
								Kolleci vardır. 
								
								
								Sidney Universitetində 16 fakültə mövcuddur: 
								Kənd təsərrüfatı, qida və təbii resurslar; 
								Memarlıq, dizayn və planlaşdırma; İncəsənət; 
								Stomatologiya; İqtisadiyyat və biznes; 
								Pedaqogika və ictimai fəaliyyət; Mühəndislik və 
								informasiya texnologiyaları; Təsviri incəsənət; 
								Sağlamlıq elmləri; Tibb; Tibb bacısı və mamalıq; 
								Əczaçılıq; Baytarlıq; Elmlər; Hüquq; Musiqi. Hər 
								fakültənin nəzdində isə xüsusi məktəblər 
								fəaliyyət göstərir. Məsələn: İncəsənət 
								fakültəsində Ədəbiyyat, İncəsənət və KİV, Dillər 
								və Mədəniyyətlər, Fəlsəfə və Tarixi Məlumat, Ali 
								Sosial və Siyasi Elmlər məktəbləri; İqtisadiyyat 
								və biznes fakültəsində Mühasibat, Biznes 
								İnformasiya Sistemləri, Biznes Qanunu, 
								İqtisadiyyat, Maliyyə, Beynəlxalq Biznes, 
								Marketinq, Menecment və Ekonometrika 
								Əməliyyatları, İş və Təşkilati Tədqiqatlar, 
								Nəqliyyat və Logistika Tədqiqatları, Beynəlxalq 
								Təhlükəsizlik Problemləri, İş yeri Tədqiqatı  
								mərkəzi, Ali İdarəçilik məktəbləri; Mühəndislik 
								və informasiya texnologiyaları fakültəsində 
								Aerokosmik, Maşınqayırma və Mexatronika, Kimya 
								və Biomolekulyar, Mühəndislik, Elektrik və 
								İnformasiya, İnformasiya Texnologiyaları 
								məktəbləri; Sağlamlıq elmləri fakültəsində 
								Səhiyyədə Davranış və İctimai Elmlər, Fiziki 
								Tərbiyə və İdman, Sağlamlıq İnformatikası, Tibbi 
								Şüa Elmləri, Əmək Terapiyası, Ortoptika, 
								Fizioterapiya, Reabilitasiya Məsləhətləri, Nitq 
								patalogiyası məktəbləri; Tibb fakültəsində 
								Uestmid Klinikasında Uşaq Hospitalı, Tibbi 
								Elmlər, İctimai Səhiyyə, Kənd Rayonlarında 
								Səhiyyə, Mərkəzi, Şimali, Qərbi, Konkord, Nepin 
								Klinika məktəbləri; Elmlər fakültəsində Elmin 
								Tarixi və Fəlsəfəsi, Riyaziyyat və Statistika, 
								Fizika, Kimya, Biologiya, Yer Haqqında Elmlər, 
								Molekulyar Biologiya, Psixologiya məktəbləri; 
								Musiqi fakültəsində (Sidney Musiqi 
								Konservatoriyası) İfaçılıq və Akademik 
								tədqiqatlar məktəbi;  Kənd təsərrüfatı, qida və 
								təbii resurslar; Memarlıq, dizayn və 
								planlaşdırma; Stomatologiya; Pedaqogika və 
								ictimai fəaliyyət; Hüquq; Tibb bacısı və 
								mamalıq; Əczaçılıq; Baytarlıq; Təsviri incəsənət 
								fakültələrində isə eyniadlı məktəblər mövcuddur. 
								Hər məktəb isə çoxlu sayda bölmələrdən 
								ibarətdir. 
								
								
								 Sidney 
								Universitetinin kitabxana sistemi cənub 
								yarımkürəsinin ən zəngin kitabxanasıdır və 
								universitetin müxtəlif kampuslarında yerləşən 
								ayrıca binalardan ibarətdir: Bedhem (baytarlıq, 
								kənd təsərrüfatı, biologiya elmlərinə aid 
								kitablar toplanıb), Kamden (baytarlıq, kənd 
								təsərrüfatı, biologiya elmlərinə aid), Tədris 
								resursları kolleksiyaları (pedaqogikaya aid), 
								Stomatologiya, Şərqi Asiya Kolleksiyaları, Tibbi 
								Elmlər, Frihils Hüquq, Tibb, Tibb bacısı, Nadir 
								kitablar, Şeffer təsviri incəsənət, SciTech 
								(memarlıq, maşınqayırma, kimya, yer elmləri, 
								biologiya, fizika və s. aid), Storage (qədim 
								kitablar saxlanılan), Sidney İncəsənət Kolleci, 
								Sidney Musiqi Konservatoriyası, Sidney 
								eScholarship rəqəmsal kolleksiyalar 
								kitabxanaları. Kitabxana sisteminə ümumilikdə 5 
								milyondan çox kitab, 300000-dən artıq elektron 
								nəşr daxildir. Nadir kitablar kitabxanasında 
								zəngin nümunələr, həmçinin İncilin Varnavadan 
								qalan nüsxəsi, İsaak Nyutonun "Təbii fəlsəfə" 
								kitabının ilk buraxılışı saxlanılır. Fişer 
								kitabxanasının cənub-qərbində böyük Maklorena 
								oxu zalı yerləşir.  
								
								
								2007-ci il iyunun 1-dən Sidney Universitetinin 
								kansleri professor Mari Başirdir. O, həmçinin, 
								universitet Senatının, Təyinat Komitəsi və 
								Tələbə Assosiasiyaları Əlaqələri Komitəsinin 
								sədridir. Universitetin vitse-kansleri isə 
								2008-ci il iyulun 11-dən doktor Maykl Spensdir. 
								Ali təhsil ocağında çalışan işçi heyətin ümumi 
								sayı 3583 nəfərə bərabərdir. Onların 2980 nəfəri 
								akademik, qalanları isə inzibati, 2264-ü qadın, 
								1319-u kişi işçilərdir.  
								
								
								Sidney Universitetində ümumilikdə 47775-ə yaxın 
								tələbə təhsil alır. Onların 31634 nəfəri 
								bakalavr, 16141 nəfəri isə magistrant və 
								doktorantlardır. Burada dünyanın bir çox 
								ölkələrini təmsil edən 9554 əcnəbi tələbə var. 
								Müxtəlif ölkələrin 30 universiteti ilə tələbə 
								mübadiləsi razılaşması çərçivəsində ali məktəbdə 
								230 tələbə oxuyur. 
								
								
								 2009-2010-cu 
								tədris ilində "2007-2015-ci illərdə Azərbaycan 
								gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət 
								Proqramı" çərçivəsində Sidney Universitetində 
								bir azərbaycanlı gənc - Aydın Kazım oğlu Səlimov 
								magistratura pilləsində (biznes fakültəsi) 
								təhsil alır. 
								
								
								Sidney Universitetində tələbələrin 
								yataqxanalarla təmin olunması məsələsi ilə 
								Yerləşmə xidməti məşğul olur. Tələbələrin 
								qalmaları üçün kampusun daxilində və xaricində 
								binalar mövcuddur. Yataqxanalara tələbat çox 
								olduğundan yerlər məhduddur. Bunun üçün 
								tələbələr ərizələrini nə qədər tez təqdim 
								etsələr, o qədər tez burada yer tapmaq şansları 
								olur. Universitetin kampuslarının hər birində 
								rezidensiya və kolleclər yerləşir. Bunlardan 
								Darlinqton, Terras, Mandelbaum, Müqəddəs Endryu, 
								Con, Paul, Santa Sofia, Uesli, Beynəlxalq, 
								Qızlar və s. yataqxanaları qeyd etmək olar. 
								Həmçinin tələbələrin qalmaları üçün Sidney 
								Universiteti kəndi var. Kənddə 2, 4, 5 otaqlı 
								evlər, mağazalar, kafelər, konfrans zalları 
								tələbələrin xidmətindədir.   
								
								
								Sidney Universitetində də, dünyanın hər bir 
								yerində olduğu kimi, tələbə həyatı təkcə 
								mühazirə və seminarlarla tamamlanmır. Boş 
								vaxtlarında gənclər mədəni, siyasi, idman 
								tədbirlərində, konsertlərdə, festivallarda 
								iştirak edir, muzeylərə, rəsm qalereyalarına, 
								sərgilərə, təbiət qoynuna ekskursiyalar təşkil 
								edir və ya sadəcə kampuslardakı çoxsaylı 
								kafelərin birində dostları ilə oturub müxtəlif 
								mövzuda söhbətlər aparırlar. Universitetdə 
								215-dən çox gənclər klubu və cəmiyyəti var.
								 
								
								
								Sidney Universitetində idmanın, demək olar ki, 
								bütün növləri ilə məşğul olmaq üçün şərait 
								yaradılıb. Universitetin idmançıları ölkə və 
								dünya üzrə təşkil olunan idman yarışlarında 
								iştirak edir və uğurlu nailiyyətlər qazanırlar. 
								Ali məktəbin 7 olimpiya və paralimpiya qızıl 
								medalçısı var.  
								
								
								Sidney Universiteti tələbələrin potensialından 
								maksimal istifadə edərək onların şəxsi 
								keyfiyyətlərinin inkişafı üçün geniş imkanlar 
								yaradır, Avstraliyanın və bütün dünyanın xoş 
								gələcəyi yolunda səylə xidmət göstərir. 
								
								
								
								Universitetin məşhur məzunları  
								
									
										|   | 
										
										
										IV Taufaaxu Tupou | 
										
										
										Tonqanın kralı | 
										  | 
									 
									
										|   | 
										
										
										Edmunt Berton  | 
										
										
										Avstraliyanın 1-ci Baş naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Erl Peyc  | 
										
										
										Avstraliyanın 11-ci Baş naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Uiliyam MakMahon | 
										
										
										Avstraliyanın 20-ci Baş naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Qof Uitlam   | 
										
										
										Avstraliyanın  21-ci Baş naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Con Hovard   | 
										
										
										Avstraliyanın 25-ci Baş naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Con Kerr | 
										
										
										Avstraliyanın 18-ci general-qubernatoru
										 | 
										  | 
									 
									
										|   | 
										
										
										Uilyam Din | 
										
										
										Avstraliyanın 22-ci general-qubernatoru | 
										  | 
									 
									
										|   | 
										
										
										Kventin Brays | 
										
										
										Avstraliyanın 25-ci general-qubernatoru | 
										  | 
									 
									
										|   | 
										
										
										Karl Perkins, Noel Pirson | 
										
										
										Aborigenlərin liderləri | 
										  | 
									 
									
										|   | 
										
										
										Robert Mey  | 
										
										
										Böyük Britaniya Kral Cəmiyyətinin 
										prezidenti | 
										  | 
									 
									
										|   | 
										
										
										Con Kornfort | 
										
										
										kimya üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Ceraldin Bruks  | 
										
										
										Pulitzer  mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Ceyn Kempion, Bryus Beresford | 
										
										
										məşhur rejissorlar | 
										  | 
									 
									 
								
								
								                                                    
								                    Hazırladı: 
								Lamiyə ƏLİYEVA  |