| 
								 
								
								 İyunun 
								1-də Təhsil Nazirliyində ölkəmizin ümumtəhsil 
								məktəblərində buraxılış imtahanlarına hazırlıq 
								və onların aparılması ilə bağlı iclas keçirilib. 
								İclası təhsil naziri Misir Mərdanov açaraq 
								ölkəmizin təhsil işçiləri üçün məsul bir dövrün 
								başlandığını, iyunun 3-dən etibarən 16 gün 
								ərzində ümumtəhsil məktəblərinin IX və XI 
								siniflərində buraxılış imtahanlarının 
								keçiriləcəyini bildirib. Nazir qeyd edib ki, 
								mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları 
								XI siniflərdə son bir neçə il ərzində həyata 
								keçirilsə də, IX siniflərdə ilk dəfə tətbiq 
								olunur. Əvvəlki illərdə olduğu kimi, XI sinif 
								şagirdləri 8, IX sinif şagirdləri isə 2 fənn 
								üzrə imtahan verəcəklər. Təhsil naziri cari dərs 
								ilində ümumtəhsil məktəblərinin və  peşə  
								liseylərinin  90134 nəfər şagirdinin orta 
								təhsil, 127796  şagirdin  isə  əsas  təhsil  
								səviyyəsi  üzrə  yoxlama  imtahanları verdiyini 
								nəzərə çatdırıb. Yoxlama imtahanlarının cari 
								ilin fevral, mart və aprel aylarında  4  bölgə  
								üzrə  294  imtahan mərkəzində keçirildiyini 
								bildirən  nazir əlavə edib ki, aprelin  25-də  
								ölkəmizdəki peşə liseylərinin 4437 nəfər şagirdi 
								buraxılış  imtahanları  verib. 
								
								
								Nazir Misir Mərdanov yoxlama imtahanında iştirak 
								edən IX sinif şagirdlərinin 64,71, XI sinif 
								şagirdlərinin isə 41,25 faizinin müvəffəq 
								qiymətlər aldığını bildirib, əvvəlki illərlə 
								müqayisədə imtahan prosesinin aparılma 
								mexanizminin təkmilləşdiyini, şagird və 
								valideynlərin buraxılış imtahanlarının 
								mərkəzləşdirilmiş qaydada aparılmasına 
								münasibətlərinin müsbət mənada dəyişdiyini, 
								imtahan nəticələrinin müvəffəqiyyət və keyfiyyət 
								faizi baxımından yüksəldiyini vurğulayıb. Nazir 
								ötən illə müqayisədə ölkə üzrə bu artımın 10 
								faizdən bir qədər çox olduğunu qeyd edib. 
								
								
								Sınaq imtahanlarının əsasən şəffaf və ədalətli 
								keçirildiyini deyən nazir imtahanların 
								aparılmasında imtahan rəhbəri kimi Təhsil 
								Nazirliyinin əməkdaşları ilə yanaşı, Bakı Şəhəri 
								üzrə Təhsil İdarəsinin, Təhsil Problemləri 
								İnstitutunun, Bakı Pedaqoji Kadrların 
								İxtisasartırma və Yenidənhazırlanma 
								İnstitutunun, müxtəlif ali və orta ixtisas 
								təhsili müəssisələrinin, Bakı şəhərinin qabaqcıl 
								məktəb direktorları, direktor müavinləri və 
								müəllimlərinin yaxından iştirak etdiklərini qeyd 
								edib və bu işdə əməyi olanların hamısına 
								təşəkkürünü bildirib. 
								
								
								Misir Mərdanov ölkəmizin 4 bölgəsində əsas və 
								orta təhsil kursu üzrə buraxılış imtahanlarının 
								keçirilmə tarixlərini nəzərə çatdırıb, XI sinif 
								şagirdlərinin 3, IX sinif şagirdlərinin isə 1 
								saat 30 dəqiqə ərzində imtahan verəcəklərini 
								bildirib. Daha sonra nazir respublika fənn 
								olimpiadalarında I yer tutmuş, həmçinin müxtəlif 
								beynəlxalq səviyyəli olimpiadalarda, bilik və 
								idman yarışlarında müvəffəqiyyət əldə etmiş 
								buraxılış siniflərinin şagirdlərinin 
								imtahanlardan azad olunduqlarını açıqlayıb. 
								
								
								İclasda iştirak edən imtahan rəhbərlərinə bu 
								mühüm işə məsuliyyətlə yanaşmağın vacib olduğunu 
								xatırladan təhsil naziri imtahanların uğurla 
								keçirilməsi üçün bütün zəruri tədbirlərin 
								görüldüyünü söyləyib, imtahan rəhbəri kimi 
								üzərlərinə düşən vəzifələri bir daha onların 
								diqqətinə çatdırıb. Nazir imtahan rəhbərlərinə 
								müvafiq tapşırıq və tövsiyələrini verib.  
								
								
								
								Yusif ƏLİYEV  |