| 
								 
								
								Artıq bir neçə ildir ki, respublikamızda 
								təhsilin məzmunu sahəsində islahatlar uğurla 
								həyata keçirilir. Son illərdə birinci siniflərdə 
								dərs deyəcək müəllimlər yeni tədris vəsaitləri 
								ilə işləmək bacarığına yiyələnmək məqsədi ilə 
								xüsusi treninqlərə cəlb edilir. Lakin bu da 
								vəziyyətdən çıxış yolu deyil. Bu gün ali 
								məktəblərdə ilkin müəllim hazırlığı probleminin 
								həlli yolları axtarılır. 
								
								
								 Belə 
								təhsil müəssisələrindən biri də Azərbaycan 
								Müəllimlər İnstitutudur. Təqdirəlayiq haldır ki, 
								institutda bu istiqamətdə məqsədyönlü addımlar 
								atılır. İki ildir ki, təhsil ocağında İbtidai 
								təhsilin pedaqogikası və metodikası ixtisasının 
								məzunları ilə I sinifdə dərs deyəcək müəllimlər 
								üçün Təhsil Nazirliyinin hazırladığı xüsusi 
								proqrama əsasən yeni fənn kurikulumlarının 
								tətbiqi ilə bağlı kursların təşkil edilməsi bir 
								ənənəyə çevrilib. 
								
								
								Qeyd etmək lazımdır ki, builki kurslar daha 
								mükəmməl 10 günlük proqrama əsasən keçirilib. 
								Proqram materialları praktik xarakter 
								daşıdığından məzunların böyük maraq və həvəsinə 
								səbəb olub. Onlar təlim prosesində çox fəal 
								iştirak etmiş, maraqlı təqdimatlar hazırlamış, 
								çıxışlar etmişlər. 
								
								
								Builki kurslarda məzunlar təhsilin fəlsəfəsi, 
								idarəçilik məsələləri ilə də yaxından tanış 
								olmuşlar. Bu mövzularla tanışlıq gələcəkdə 
								onların öz fəaliyyətlərini yüksək peşəkarlıqla 
								planlaşdırması məqsədi daşıyır. 
								
								
								10 günlük proqramın 3 günü məhz təcrübəyə 
								əsaslanır. Həmin günlər tələbələr ayrı-ayrı 
								fənlər üzrə dərsləri dinləmiş, bu dərslər 
								təhsilin təşkilinə verilən tələblər, fəal dərsin 
								mərhələləri və ən əsası, məzmun standartlarının 
								reallaşmasına xidmət edən məqsədlər baxımından 
								təhlil edilmişdir. Gənclər ekspertlərin 
								təhlilini dinləmiş, özləri canlı dərslər 
								keçmişlər. 
								
								
								İyunun 11-də AMİ-də 10 günlük treninq-seminarda 
								iştirak etmiş məzunların hesabat tədbiri oldu. 
								Tədbirdə Azərbaycan Respublikasının təhsil 
								naziri Misir Mərdanov, Təhsil Nazirliyinin şöbə 
								müdirləri, Azərbaycan Müəllimlər İnstitutunun 
								rəhbərliyi, müəllimləri və tələbələri iştirak 
								edirdilər. 
								
								
								Öncə məzun Sevinc Babayeva "Müəllim hazırlığına 
								verilən müasir tələblər və mən" mövzusunda 
								təqdimatla çıxış etdi. Məzunun çıxışından sonra 
								tədbirdə müəllimin dərsdən əvvəlki təlimin 
								təşkili məsələlərində idarəçilik  bacarıqlarına 
								aid kiçik səhnəcik göstərildi. Daha sonra ana 
								dili fənnindən "Ad bildirən sözlər" mövzusunda 
								dərs nümayiş etdirildi. 
								
								
								Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov 
								müəllimləri və tələbələri salamladı. Təhsil 
								naziri Azərbaycan Müəllimlər İnstitutunun 
								İbtidai təhsilin pedaqogikası və metodikası 
								ixtisası məzunlarının hesabat xarakterli belə 
								bir təqdimatını izləməsindən çox məmnun 
								qaldığını dedi. Təqdimatın hazırlanmasında əməyi 
								olan hər kəsə təşəkkürünü bildirdi, çox böyük 
								əhəmiyyəti olan bu işin davamlı və uğurlu 
								olmasını arzuladı. Misir Mərdanov qeyd etdi ki, 
								biz indiyədək istədiklərimizin artıq bu təhsil 
								müəssisəsində gerçəyə çevrildiyinin şahidi  
								oluruq. AMİ və onun yerlərdəki filiallarında bu 
								işin həyata keçirilməsi istiqamətində çox önəmli 
								addımlar atılıb, maddi-texniki baza möhkəmlənib, 
								sağlam mühit yaradılıb, kadr təminatı 
								yaxşılaşdırılıb. Təsadüfi deyil ki, keçən il 
								vakant yerlərə elan edilmiş müsabiqədə yüksək 
								bal toplayıb Bakının orta ümumtəhsil 
								məktəblərinə müəllim kimi isə götürülənlərin 
								böyük əksəriyyəti AMİ-nin məzunları oldu. Nazir 
								bu təhsil müəssisəsi və onun filiallarının ilkin 
								müəllim hazırlığında, eləcə də məktəblərimizdə 
								çalışan minlərlə müəllimin müasir təlim 
								texnologiyalarına yiyələnməsində daim yaxından 
								iştirak edəcəyinə ümid etdiyini vurğuladı, bu 
								çətin, eyni zamanda şərəfli yolda hamıya 
								uğurlar, şəxsi həyatlarında cansağlığı və 
								xoşbəxtlik  arzuladı.   
								
								
								Sonda treninq-seminarda iştirak etmiş İbtidai 
								təhsilin pedaqogikası və metodikası ixtisasının 
								məzunlarına sertifikatlar təqdim olundu. 
								
								
								Sertifikatları təhsil naziri Misir Mərdanov, 
								AMİ-nin rektoru Aqiyə Naxçıvanlı, Təhsil 
								Nazirliyinin Strateji təhlil, planlaşdırma və 
								kadrların idarə olunması şöbəsinin müdiri  
								Fərzəli Qədirov və Kənd rayonları üzrə ümumi 
								təhsil şöbəsinin müdiri Aydın Əhmədov təqdim 
								etdilər. Məzunlar təhsil naziri ilə xatirə şəkli 
								çəkdirdilər. 
								
								
								
								Hicran ƏKBƏROVA  |