| 
								 
								
								
								Bu gün yaratdığımız dünyanın problemləri, bu 
								problemləri yaradarkən düşündüyümüz şəkildə 
								düşünərsək çözülməz.  
								
								
								
								Albert Eynşteyn  
								
								
								 Uğurlu 
								innovasiya fərqli düşünmək və fərqli fəaliyyətlə 
								gerçəkləşir. Bu gün Azərbaycan elminin 
								qarşısında duran strateji hədəflərə çatmaq üçün 
								biliklər iqtisadiyyatı haqqında çox danışılır. 
								Bəs biliklər iqtisadiyyatı nədir? Bu anlayışın 
								innovasiya ilə kəsişmə xətti harada yerləşir? 
								İlk baxışdan bizim üçün məchul görünən, ancaq 
								dünyanın bir çox inkişaf etmiş ölkələrində artıq 
								öz bəhrəsini verən bu strateji fəlsəfə haqqında 
								müəyyən araşdırma aparmaq və ölkəmizin bu hədəfə 
								çatmaq üçün nələri etməli olduğuna diqqət 
								yetirmək maraqlı olardı. İlk növbədə, bir şeyi 
								qeyd edək ki, bilgi istehsalı və biliyi dəyərə 
								çevirə bilmək innovasiya ilə mümkün olur. Artıq 
								bu düşüncə dünyanın inkişaf etmiş ölkələrində öz 
								aprobasiyasını tapıb ki, "biliklər 
								iqtisadiyyatının əsası innovasiyadır". Biz bu 
								fikri əsaslandırmaq üçün Finlandiya örnəyinə 
								müraciət edə bilərik. Belə ki, ötən əsrin 
								sonuncu onilliyindən başlayaraq bu ölkədə elmin, 
								innovasiyaların və təhsilin 
								maliyyələşdirilməsinə böyük vəsaitlər 
								ayrılmışdır. XXI əsrin ilk illərindən isə bu 
								ölkədə elmə, innovasiyalara və təhsilə ayrılan 
								vəsaitlər ÜDM-ın 3,5 faizini təşkil edərək 5 
								milyard avroya çatmış, təhsilə ayrılan vəsaitlər 
								isə ÜDM-ın 4,9 faizini təşkil etmiş, yaxud 7,4 
								milyard olmuşdur. Nəticədə, Finlandiya bir neçə 
								ildir ki rəqabətqabiliyyətlilik indeksi üzrə 
								dünyanın ən qabaqcıl ölkələri sırasında 
								möhkəmlənmişdir. Finlərin uğurunun əsasında üç 
								düstur durur: təhsilin yüksək səviyyəsi, elmə 
								vəsaitin müsabiqə prinsipi ilə ayrılması və 
								inkişaf etmiş innovasiya infrastrukturu. 
								 
								
								
								Biz yeni əsrin tələblərinə tez uyğunlaşmağa və 
								sərt rəqabətə hazır olmalıyıq. Lakin qarşımızda 
								duran vəzifələri dərindən başa düşmək üçün 
								əvvəlcə bu gün qlobal dünyanın nə olduğunu 
								bilməkdən başlamaq və qloballaşma özü ilə nə 
								gətirir sualına cavab axtarmaq lazımdır? 
								
								
								Müasir dünya qloballaşma dövrünü - bəşəriyyətin 
								vahid informasiya və kommunikasiya məkanında 
								hərtərəfli birləşməsi, bütün planetin vahid 
								iqtisadi bazara çevrilməsi epoxasını yaşayır. 
								Qlobal cəmiyyət daha açıq cəmiyyətə çevrilir: 
								kapitalın, maliyyənin, informasiyanın sərbəst 
								hərəkəti müasir "sərhədsiz dünya" 
								konsepsiyasının əsası olmuşdur. Bəs 
								qloballaşmaya hansı faktorlar kömək edir? 
								
								
								İlk növbədə bu, əmtəələrin ölkələr və iqtisadi 
								sektorlar arasında hərəkətidir. Bilirik ki, 
								ticarətin inkişafı iqtisadiyyatın inkişafı və 
								artımı baxımından strateji zərurətdir. Əgər 
								70-ci illərdə beynəlxalq ticarətin həcmi dünya 
								ÜDM-ın həcminin yalnız 30%-ni təşkil edirdisə, 
								son 20-30 ildə bu rəqəm artıq 60%-ə çatmışdır.
								 
								
								
								Qloballaşmanın yolunda ikinci addım- kapitalın 
								sərbəst hərəkətidir. Məsələn, son 20 ildə 
								inkişaf etmiş ölkələrə birbaşa xarici 
								investisiya axını yüz dəfələrlə artmışdır. Bu 
								gün təkcə Çin hər il 60 milyard dollar birbaşa 
								xarici investisiya cəlb edir, başqa Asiya 
								ölkələri hər il 172 milyard dollar, Latın 
								Amerikası 72 milyard dollar investisiya qəbul 
								edirlər.  
								
								
								Üçüncüsü, insanların maneəsiz miqrasiyası. Bu 
								gün dünyada ciddi miqrasiya prosesləri gedir. 
								Qərb ölkələrinə, xüsusilə Avropa İttifaqına, 
								ABŞ-a, Kanadaya miqrantların axını güclənmişdir.
								 
								
								
								Qərb ölkələrində olarkən bir məhəllədə Asiyanın, 
								Avropanın, Amerikanın bir çox dövlətlərindən 
								gəlmiş, bir yerdə işləyib yaşayan miqrantların 
								şahidi olursan. Əmək miqrantlarının 
								cəlbediciliyi baxımdan Azərbaycan da istisna 
								deyil. Çünki bu gün Azərbaycanda başqa 
								ölkələrdən olan təxminən 5 minə yaxın imiqrant 
								çalışır.  
								
								
								Dördüncü, qloballaşmanın faktorlarından biri 
								beynəlxalq birjalarda valyuta əməliyyatlarının 
								sürətlə inkişafıdır. Nəticədə, xarici bazarlar 
								haqqında məlumatların keyfiyyəti yaxşılaşmış, 
								yeni maliyyə alətləri meydana gəlmişdir. 
								 
								
								
								Beşinci, qloballaşmanın faktorlarından və eyni 
								zamanda nəticələrindən biri informasiyanın, 
								intellektual məhsulların və ideyaların sərbəst 
								hərəkətidir.  
								
								
								İnternetin, elektron poçtun, maya dəyərinə görə 
								aşağı olan beynəlxalq telefon xidmətinin, mobil 
								telefonların və elektron konfransların yayılması 
								ilə dünyada qarşılıqlı təmas bağları daha da 
								sıxlaşmışdır. Eyni zamanda peyk televiziyası və 
								elektron media əsl qlobal dördölçülü fəza mühiti 
								yaratmışdır. Hələ 20-30 il bundan əvvəl bu cür 
								texniki imkanları təsəvvürə gətirmək belə mümkün 
								deyildi. Bununla yanaşı, qloballaşma müasir 
								dünyaya zəiflik və kövrəklik gətirmişdir. 
								Terrorizm, narkotika, insan alveri, informasiya 
								müharibələri, epidemiyalar, ekoloji fəlakətlər 
								sərhəd bilmir və bəşəriyyət üçün qlobal 
								təhdidlərə çevrilmişdir. Dünyanın heç bir 
								dövləti bu təhdidlərə qarşı müstəqil, təkbaşına 
								mübarizə apara bilməz. Dünyada qeyri-bərabər 
								sosial iqtisadi inkişaf güclənmişdir. 
								Qloballaşmanın müsbət səmərəsini hələ ki, 
								dünyanın daha çox inkişaf etmiş ölkələri hiss 
								edirlər. Ümumdünya qloballaşmanın sosial 
								aspektləri üzrə komissiyasının rəyinə görə, 
								1962-ci ildə ən varlı və ən yoxsul iyirmi ölkə 
								arasında əhalinin adambaşına düşən ÜDM 
								göstəriciləri arasında fərq 53:1 təşkil etmişdir 
								və 40 il ərzində bu fərq iki dəfədən çox artmış 
								və 2009-cu ildə bu tənasüb 125:1 olmuşdur.
								 
								
								
								Dünya Bankının məlumatına görə, bu gün dünyada 
								800 milyon insan aclıqdan və ərzaq qıtlığından 
								əziyyət çəkir, 1 milyard 300 milyon insan gündə 
								1 dollardan az gəlirlə yaşayır. 1,5 milyard 
								insan üçün təmiz su əlçatmazdır. 80 faiz yoxsul 
								ölkə dünya nemətlərinin yalnız 20 faizinə əli 
								çatır. Ümumi "çiçəklənmə məkanın"ın əvəzinə bir 
								sıra regionlarda "yoxsulluq məkanı" və sosial 
								deqradasiya mühiti genişlənir ki, bu da 
								beynəlxalq təhlükəsizliyə təhdid yaradan 
								beynəlxalq terrorizm və mütəşəkkil 
								cinayətkarlıq, qanunsuz narkotika, silah alveri 
								kimi bəlalar üçün münbit şərait yaradır. 
								Beləliklə, beynəlxalq rəqabətin artması ilə , 
								iqtisadiyyatı yüksək inkişaf etmiş ölkələr daha 
								az inkişaf etmiş rəqiblərini sıxışdırırlar.
								 
								
								
								Yuxarıda deyilənləri Nobel mükafatı laureti 
								Cosef Stiqlitsin sözləri ilə yekunlaşdırmaq olar 
								: "Qloballaşmanın tərəfdarları israr edirlər ki, 
								qloballaşma labüddür və onun nemətlərini reklam 
								edirlər, əleyhdarları isə onun arzuedilməz 
								nəticələrini çox parlaq şəkildə bütün təfərrüatı 
								ilə təsvir edərək bu prosesin dayandırılmasını 
								tələb edirlər. Ancaq belə düşünmək olar ki, 
								qloballaşmanın insanların, o cümlədən inkişaf 
								etmiş ölkələrdə, həyatını yaxşılaşdırmaq üçün 
								böyük potensialı vardır və müəyyən aspektlərdə 
								bu iş görülməkdədir. Məsələn, biliklərin 
								qloballaşması səhiyyənin təkmilləşdirilməsinə, 
								insan ömrünün uzadılmasına gətirib çıxarmışdır" 
								.  
								
								
								Belə bir mülahizə ilə razılaşmaq olar ki, 
								qloballaşma ciddi, ağıllı tənzimlənmə və 
								idarəetmə obyekti olmalıdır. Etiraf edilməlidir 
								ki, müəyyən neqativ tərəfləri ilə yanaşı 
								qloballaşma özündə böyük imkanları ehtiva edir. 
								Lakin onlardan istifadə etmək üçün ölkənin 
								rəqabət qabiliyyətini artırmaq lazımdır. Bəs 
								qloballaşma şəraitində rəqabətqabiliyyətlilik 
								uğurun səbəbi ola bilərmi?  
								
								
								Qloballaşma - milli iqtisadiyyatın rəqabət 
								qabiliyyətliliyi qarşısında olduqca yüksək 
								tələblər qoyur. Bu gün ölkənin 
								rəqabətqabiliyyəti qlobal iqtisadiyyatda və 
								siyasətdə ən nüfuzlu konsepsiyalardan biridir, 
								çünki o, təkcə sırf iqtisadi göstərişləri əhatə 
								etmir, həmçinin mühüm qeyri-iqtisadi hadisələrin 
								iqtisadi nəticələrini qiymətləndirir. Ölkənin 
								rəqabət qabiliyyətini necə ölçmək olar? Bu 
								ölçünün ən sadə vasitəsi ümumi adambaşına düşən 
								daxili məhsulun göstəricisidir. Bu göstərici nə 
								qədər yüksəkdirsə, ölkə və onun əhalisi də bir o 
								qədər varlı, həyat keyfiyyəti də yüksəkdir. 
								Sevindirici haldır ki, Azərbaycan qlobal 
								rəqabətqabiliyyətlilik reytinqində Ermənistandan 
								da, Gürcüstandan da öndədir. Ümumdünya İqtisadi 
								Forumunun 2009-2010-cu ildə qlobal 
								rəqabətqabiliyyətlilik hesabatına görə 
								Azərbaycan reytinqdə 51-ci, Gürcüstan 90, 
								Ermənistan isə 97-cidir.  
								
								
								Bu göstərici üzrə birinci yerdə İsveçrə dayanır, 
								maliyyə bazarlarının və makroiqtisadi sabitliyin 
								zəifləməsinə görə ABŞ ikinci yerə düşüb. Top 
								beşlikdə növbəti yerləri Sinqapur, İsveç və 
								Danimarka tutur.  
								
								
								Lakin rəqabət qabiliyyəti ölkənin yüksək 
								iqtisadi artım tempinə nail olmaq və bunu 
								saxlamaq qabiliyyəti ilə məhdudlaşmır. Rəqabət 
								qabiliyyətinin başlıca göstəricisi əhalinin 
								yüksək və keyfiyyətli həyatıdır. Mərkəzi ofisi 
								Lozannada yerləşən Menecment İnkişaf İnstitutu 
								ölkələr üzrə illik rəqabət qabiliyyətinə həsr 
								olunmuş 320-dən artıq göstərici və ekspert 
								qiymətləndirmələrini, o cümlədən 82 iqtisadi 
								göstəricisini, hökümətin və idarəetmənin 77 
								göstəricisini, 69 biznes effektliliyi 
								göstəricisini, 94 infrastruktur göstəricisini 
								təhlil etmişdir. Ölkənin rəqabətqabiliyyəti məhz 
								bütün yuxarıda sadalanan meyarların və 
								faktorlarının qarşılıqlı təsiri ilə müəyyən 
								edilir. Bunlardan bəzilərinin xüsusi rolunu qeyd 
								etmək yerinə düşər.  
								
								
								Birincisi, təhsilin səviyyəsi. Mahiyyət bundadır 
								ki, millətlər təkcə əmtəələr və xidmətlərlə 
								rəqabət aparmırlar - onlar ictimai dəyərlər 
								sistemi və təhsil sistemi ilə rəqabət aparırlar. 
								İkincisi, insan kapitalının inkişafı. Müasir 
								iqtisadiyyatda maddi əmtəələrdən və xidmətlərdən 
								daha çox, intellektual potensiala diqqət 
								yetirilir. Millətin müasir və səmərəli təhsil 
								sistemini dəstəkləmək, təlim vasitəsilə işçi 
								qüvvəsinin intellektual potensialını artırmaq 
								qabiliyyəti rəqabətə tab gətirmək üçün son 
								dərəcə vacibdir.  
								
								
								Üçüncüsü, innovasiya inkişafı. Rəqabət 
								qabiliyyətinin bir hissəsi olan "texnologiyalar 
								indeksi" innovasiya inkişafının səviyyəsindən, 
								informasiya və kommunikasiya texnologiyalarının 
								inkişafından, elmi tədqiqatlara və 
								araşdırmalara, bu sahədə bizneslə 
								universitetlərin əməkdaşlığına sərf olunan 
								investisiyaların həcminin qiymətləndirilməsindən 
								asılıdır. Qeyd edək ki, bu gün dünyada R&D üçün 
								ayrılan vəsaitlər yüksələn trendlərlə artır. 
								Məsələn, Yaponiyada bu 3,3% (2005-ci il), AB-də 
								1,7% (2005-ci il) olub, ABŞ-da (2006-cı il) 
								2,6%-dır. Türkiyə isə 2007-ci ildə R&D üçün 
								ayrılan 0,71% vəsaitlə bir çox ölkələrdən geri 
								qalır. Məqsədyönlü R&D üçün ayrılan vəsaitlərin 
								önəmini daha erkən qavramış ölkələr müasir 
								dünyada texnologiya istehsal edə bilir və bunun 
								ixracını gerçəkləşdirir. 
								
								
								Dördüncüsü, icra keyfiyyəti. Yaponiya, Sinqapur, 
								Almaniya, İsveçrə qlobal iqtisadiyyatda ideya və 
								texnologiyaların uzaqgörənliklə konkret məhsula 
								və xidmətə konvertasiyası - çevrilməsi sayəsində 
								inkişaf etmiş ölkələrin nümunələridir. 
								 
								
								
								Və nəhayət, siyasi iradə və milli konsensus. 
								Yüksək rəqabət qabiliyyətinə can atan hər bir 
								ölkənin siyasi rəhbərliyi üçün ən çətin məsələ 
								təkcə  siyasi  iradəni  elan etmək deyil, hər 
								şeydən əvvəl,  zəruri  dəyişikliklərin  həyata  
								keçirilməsi üçün  insanları  və  institutları  
								səfərbər  etməkdir.  
								
								
								Son 10-15 il ərzində rəqabətqabiliyyəti 
								sahəsində yeni ölçü meydana gəlmişdir: qlobal 
								iqtisadiyyatın yeni keyfiyyətə - "bilik 
								iqtisadiyyatına" keçidi vurğulanır. Çox maraqlı 
								rəqəmdir: müasir Qərb dünyasında fəal əhalinin 
								yalnız 15%-inin əmtəə istehsalına birbaşa 
								aidiyyəti var, qalan 85% yaradıcılıq, menecment 
								və informasiyanın ötürülməsi prosesinə cəlb 
								olunub. (Qeyd - burada cəlb olunub dedikdə 
								əhalinin yüksək təhsil səviyyəsi və daim öz 
								biliklərinin artırması qeyd olunan sahələrdə 
								onların daha yüksək məvaciblə işləməsini 
								şərtləndirir).  
								
								
								Məlum olduğu kimi, rəqabət qabiliyyəti 
								nəzəriyyəsi daha kompleks şəkildə professor 
								Maykl Porterin əsərlərində tədqiq olunmuşdur. 
								Porterin nəzəriyyəsi milli rəqabət qabiliyyətini 
								formalaşdıran determinantlara əsaslanır. Porter 
								XXI əsrdə daha çox inkişaf etmiş ölkələrin 
								təcrübəsini ümumiləşdirir. Onun fikrincə, ən 
								mühüm nəticələr bundan ibarətdir: Birinci,milli 
								çiçəklənmə irsən keçmir, onu yaratmaq lazımdır, 
								ikinci, ölkələrin və regionların rəqabət 
								qabiliyyəti daha çox onlardan necə səmərəli 
								istifadə ilə müəyyən edilir.  
								
								
								Bu nədən xəbər verir? Bu ondan xəbər verir ki, 
								ölkənin iqtisadi səviyyəsi və onun dünyada 
								rəqabət mövqeyi, ilk növbədə, onun insanlarının 
								keyfiyyətindən - insan kapitalından asılıdır. 
								Bəs niyə elm və təhsil, yeni texnologiyalar 
								rəqabətqabiliyyətinin ən mühüm faktorlarıdır?
								 
								
								
								Biz yaxın 10 ildə ölkəmizi dünyanın daha 
								rəqabətəqabil 30 ölkəsi sırasına çıxarmaq kimi 
								strateji vəzifəni qoyarkən, gərək elm və 
								texnologiyaların və təhsilin inkişafının qlobal 
								meyillərini izləyək. Bu meyillər hansılardır? 
								
								
								Ekspertlərin rəyinə görə, 2010-cu ildə dünyada 
								İnternetdən istifadə edənlərin sayı 2 milyardı 
								keçəcəkdir. Tədricən qabaqcıl ölkələrin 
								prioritet hesab etdiyi dünya səviyyəli tənqidi 
								texnologiyalar formalaşmağa başlayır. Belə 
								prioritetlərə, ilk növbədə, 
								informasiya-kommunikasiya texnologiyaları, 
								əvvəlcədən verilmiş xüsusiyyətləri ilə yeni 
								texnologiyaların, biotexnologiyaların əldə 
								edilməsi, enerji təminatı, alternativ enerji 
								mənbələrinin yaradılması aiddir.  
								
								
								Bu gün qlobal elmyüklü məhsullar bazarı olduqca 
								yüksək templə inkişaf edir: burada son 20 il 
								ərzində satışın həcmi beş dəfə artaraq 1 trilyon 
								avronu keçmişdir. Beynəlxalq əmək bölgüsünün 
								formalaşması ölkələrə imkan vermişdir ki, onlar 
								resursları daha inkişaf etmiş potensiala malik 
								olan elm və texnologiyalar istiqamətində 
								cəmləşdirsinlər. Belə ki, hesablama və ofis 
								texnikası istehsalının həcminə görə ABŞ, 
								Yaponiya mütləq liderdir. Aviakosmik 
								məhsullarının böyük ixracatçıları ABŞ, Böyük 
								Britaniya və Fransadır. Son illərdə proqram 
								təminatı istehsalı sahəsində dünya liderliyinə 
								can atan Hindistanın nümunəsi çox 
								təqdirəlayiqdir. Hindistan fenomeni bu sürətlə 
								davam etsə, böyük xarüqələr yaradacaq. Belə ki, 
								2004-cü ildə Hindistan 17 milyard dollarlıq 
								informasiya məhsulunu ixrac etmişdir. Bu gün 
								hind mütəxəssislərinə İT kampaniyalarında böyük 
								ehtiyac var və onlar Microsoftun əməkdaşlarının 
								34 faizini, Ay-Bi-Em-in işçilərinin 28 faizini, 
								"İntel" kompaniyasının əməkdaşlarının 17 faizini 
								təşkil edirlər.  
								
								
								Qloballaşmanın mühüm elementlərindən biri dünya 
								elmi- texnoloji məkanının formalaşmasıdır. 
								Beynəlxalq elmi-innovasiya infrastrukturunun 
								tərkib hissəsi olan standartların, sertifikasiya 
								sisteminin, intellektual mülkiyyət hüquqlarını 
								qorumaq mexanizmlərinin unifikasiyası sahəsində 
								mühüm addımlar atılmışdır.  
								
								
								Qlobal çevrədə alimlərin və elmi qurumların 
								fəaliyyəti daha çox dərəcədə ümumdünya 
								praktikasına söykənir, vahid beynəlxalq 
								meyarlarla qiymətləndirilir və beləliklə, 
								mütəxəssislərin beynəlxalq mübadiləsi geniş 
								miqyasda artmışdır. Gələcək onillikdə yeni 
								texnoloji nizamın başlıca inkişaf istiqamətləri 
								olan bio və nanotexnologiyalar, süni intellekt 
								sistemləri, qlobal informasiya şəbəkələri və 
								yüksək sürətli nəqliyyat sistemləri, enerji 
								qoruyan texnologiyalar, xüsusiyyətləri əvvəlcə 
								verilmiş konstruksiya materiallarının istehsalı, 
								nüvə energetikası daha da inkişaf edəcəkdir. 
								İstehsalın daha çox intellektuallaşması, 
								fasiləsiz innovasiya prosesinə keçid baş 
								verəcəkdir. Tədricən biliklərə əsaslanan yeni 
								cəmiyyətə keçid başa çatacaqdır. Azərbaycanın 
								rəqabət qabiliyyətini artırmaq strategiyası 
								reallaşdırılarkən bütün bunlar diqqət mərkəsində 
								olmalıdır.  
								
								
								Təhsil sistemində qloballaşma həmçinin bir sıra 
								meyillərlə səciyyəvidir. Qordon Draydenin və 
								Canet Vosun "Təhsil inqilabı" (2003) əsərində 
								təhsil sahəsində müasir dünyanın bir çox 
								dövlətləri üçün xas olan problemlər geniş 
								miqyasda təsvir edilmişdir: "Dünya elə sürətlə 
								dəyişir ki, təhsil sistemləri isə elə süst və 
								ətalətlidir ki, sanki zamanın tələsinə düşərək 
								çoxdan başa çatmış keçmiş epoxaya xidmət 
								göstərirlər".  
								
								
								Bunu bizim ünvanımıza da deyilmiş mülahizə kimi 
								qəbul etmək olar. İnformasiya cəmiyyətində 
								biliklər əsas dəyər mənbəyinə çevrilməkdədir. Bu 
								baxımdan əsas gəlir mənbəyi kimi daha çox 
								biliklər, innovasiyalar və onların praktik 
								tətbiqi vasitələri çıxış edirlər. Yeni iqtisadi 
								inkişaf tipi əmək qabiliyyətli insan üçün həyat 
								boyu ixtisası, peşəni bir neçə dəfə dəyişmək, öz 
								ixtisasını daim təkmilləşdirmək imkanları 
								yaradır.  
								
								
								Təhsil sistemi informasiya cəmiyyətində iqtisadi 
								sistemlə xeyli çulğalaşır, təhsil fəaliyyəti 
								iqtisadi inkişafının ən mühüm komponentinə, 
								geriliyin aradan qaldırılması faktoruna 
								çevrilir.  
								
								
								Təhsil anlayışının özü transformasiyaya uğrayır 
								və genişlənir. Getdikcə təhsil daha formal 
								məktəb, hətta ali məktəb təlimi ilə daha az 
								eyniləşdirilir. Funksional hazırlıq 
								konsepsiyasından şəxsiyyətin inkişafı 
								konsepsiyasına keçid baş verir. Yeni konsepsiya 
								hər bir insanın imkanlarını nəzərə alan və onun 
								özünü reallaşdırmasına və inkişafına kömək edən 
								fərdiləşdirilmiş xarakterli təhsilə üstünlük 
								verir.  
								
								
								Fasiləsiz təhsil, yaşlıların təhsili daha mühüm 
								əhəmiyyət kəsb etməyə başlayır. Hələ yaxın 
								keçmişdə yaxşı xətti, yəni yazı yazmaq qocalana 
								qədər rahat və təmin olunmuş həyat təminatı kimi 
								çıxış edirdi. Son onilliklər insan fəaliyyətinin 
								müxtəlif sahələrində texnologiyaların və 
								biliklərin sürətlə yenilənməsi ilə səciyyəvidir. 
								Hətta ali məktəb təhsilində qazanılmış 
								biliklərin ömrü çox olmur. "General Motors" 
								korporasiyasının prezidenti bu barədə belə 
								deyir: "Bizə dördillik, hətta altıillik təhsilli 
								yox, qırxillik təhsilli mütəxəssislər lazımdır". 
								
								
								Nəhayət, təhsilin beynəlxalq inteqrasiyası baş 
								verir. Təhsilin inkişafının mühüm cəhəti onun 
								qloballaşmasıdır. Bu cəhət müasir dünyada 
								inteqrasiya proseslərinin mövcudluğunu, 
								dövlətlər arasında ictimai həyatın müxtəlif 
								sahələrində intensiv qarşılıqlı əlaqələri əks 
								etdirir. Təhsil milli prioritet kateqoriyasından 
								dünya prioritetləri kateqoriyasına çevrilir. 
								Sadaladığımız meyillər Azərbaycanda elm və 
								təhsil sisteminin əsas istiqamətlərini 
								müəyyənləşdirməlidir.  
								
								
								Qlobal dünyada Azərbaycanın strategiyası: 
								innovasiyaların və təhsilin inkişafı vasitəsilə 
								biliklər iqtisadiyyatına doğru.  
								
								
								Nəyə nail olmuşuq və nəyə can atırıq? 
								
								
								Biz sistemli iqtisadi islahatların mürəkkəb 
								yolunu keçərək bir çox cəhətdən MDB ölkələrini 
								geridə qoymuşuq. Bu gün Azərbaycanda azad bazar 
								iqtisadiyyatının inkişafı üçün münbit zəmin 
								yaradılmışdır. Həyata keçirilmiş islahatların 
								nəticələri göz qabağındadır. Azərbaycanın 
								iqtisadiyyatı dünyada sürətlə inkişaf edən 
								iqtisadiyyatlardandır. Biz başa düşürük ki, 
								ölkəmizdə iqtisadi artım əsasən hasilat sektoru 
								ilə bağlıdır. Lakin ümidverici meyillər də 
								mövcuddur, çünki digər sahələrdə, məsələn emal 
								sənayesi, tikinti, nəqliyyat və informasiya 
								texnologiyaları sahəsində yüksək artım templəri 
								nümayiş etdirilir.  
								
								
								Etiraf etmək vacibdir ki, bizim iqtisadiyyatımız 
								əsasən ekstensiv inkişaf edir. Əgər biz indidən 
								gələcəyə, postneft dövrünə boylanmasaq, 20-25 
								ildən sonra Azərbaycan dünya iqtisadiyyatının 
								periferiyasında qala bilər. Ona görə də bu gün 
								bizim qarşımızda yeni, rəqabətəqabil istehsalı 
								inkişaf etdirmək vəzifəsi durur. Buna isə yeni 
								texnologiyalarsız, qlobal rəqabətli bazarlar 
								şəraitində işə yönümlənmiş müasir menecment 
								modellərini tətbiq etmədən nail olmaq mümkün 
								deyildir.  
								
								
								Ekspertlərin rəyinə görə, Azərbaycan hazırda 
								iqtisadiyyatın sənaye inkişafı fazasına daxil 
								olmuşdur. Lakin biz növbəti mərhələ, sənaye 
								cəmiyyəti haqqında fikirləşməliyik - bu, 
								innovasiyaların və texnologiyaların inkişafı 
								dövrüdür.  
								
								
								Biz çalışmalıyıq ki, Azərbaycanda həyat 
								keyfiyyətini və standartlarını 30 daha çox 
								rəqabətəqabil ölkənin səviyyəsinə çatdıraq. 
								Dünya bazarında Azərbaycanı rəqabətə tab 
								gətirmək üstünlüyü yüksək ixtisaslı, mobil insan 
								kapitalından və daim innovasiyaları tətbiq 
								etməkdən ibarət olmalıdır. Bununla da ölkənin 
								rəqabət qabiliyyətini artırmağın prioritet 
								sahələri seçilməlidir.  
								
								
								Bu gün dünya yüksək texnologiyalar bazarı ildə 
								2,5 trilyon dollar həcmində qiymətləndirilir. 
								Bunun 39 faizi ABŞ-ın, 30 faizi Yaponiyanın, 16 
								faizi Almaniyanın payına düşür. Dünyanın yerdə 
								qalan dövlətlərinin payına isə qalan 15 faiz 
								düşür. Bizim başlıca vəzifəmiz mümkün qədər tez 
								bir vaxtda buraya daxil olub öz yerimizi 
								tutmaqdır.  
								
								
								Ölkənin coğrafi mövqeyi Azərbaycanın 
								perspektivdə regionun servis-texnoloji mərkəz 
								kimi yüksək texnoloji istehsalı inkişaf 
								etdirməyə imkan verir.  
								
								
								İnnovasiya iqtisadiyyatının cövhəri olan 
								rəqabətqabiliyyətli texnologiyalar öz-özündən 
								yaranmır. Bu, elmi tədqiqatın mürəkkəb və 
								məsrəfli eksperimentlərindən və nəhayət, 
								alimlərin ideya ruhundan qaynaqlanan çox çətin 
								başa gələn məhsuludur. Yüksək brendli əmtəələrin 
								istehsalı üçün, əlbəttə ki, xarici texnologiyanı 
								əldə etmək lazımdır. Lakin unutmamalıyıq ki, heç 
								bir özünə hörmət edən ölkə yeni texnologiyaları 
								və istehsal sirlərini satmaq istəməz. 
								 
								
								
								Bundan əlavə, əgər yalnız başqalarından 
								götürəcəyimiz texnologiyalara arxayın olsaq, 
								onda biz texnoloji geriliyimizi aradan qaldırıb, 
								texnologiya və elmi sonradan inkişaf etmiş 
								ölkələrdən asılı vəziyyətə düşə bilərik. Ona 
								görə də öz elmimizi inkişaf etdirmək vacibdir. 
								Bundan ötrü biz ölkənin elmi-texniki 
								potensialını səfərbər etməli, elmin inkişafının 
								prioritet istiqamətlərində toplanmış resursları 
								bir yerə yığmalı, onun nailiyyətlərini istehsala 
								fəal tətbiq etmək üçün şərait yaratmalıyıq.
								 
								
								
								Yeni elmi-texniki istiqamətlər 
								-biotexnologiyalar, nanotexnologiyalar, 
								informasiya-kommunikasiya texnologiyaları - 
								bütün bu sahələrdə bizim vətən və transmilli 
								bizneslə tərəfdaşlıq şəraitində konkret 
								nəticələrə nail olmaq şansımız vardır. Yaxın 
								gələcəkdə məhz bu istiqamətlərdə bizə minlərlə 
								yüksək ixtisaslı mütəxəssis və diplomlu alimlər 
								lazım olacaqdır.  
								
								
								Bəs elm və yeni texnologiyaları necə inkişaf 
								etdirəcəyik? 
								
								
								Aydındır ki, elmin inkişafı iri maliyyə yatırımı 
								tələb edir və ən yaxın illərdə biz bu sahəyə 
								xeyli investisiya qoymalıyıq. Dövlət 
								səviyyəsində biz 2015-ci ilədək elmi strateji 
								hədəflərlə investisiya qoymağı planlaşdırmışıq.
								 
								
								
								Bu gün biz başa düşməliyik ki, elmə sərmayə 
								qoymaqla iş bitmir, ölkənin elmi inkişafının 
								idarəolunması sistemində struktur dəyişiklikləri 
								tələb olunur. Elmin idarə edilməsində yeni 
								mərhələyə - elmi müəssisələrin idarə 
								olunmasından elmi tədqiqatların idarə edilməsi 
								mərhələsinə keçmək lazımdır.  
								
								
								Təhsil sahəsində prioritetlərimiz.  
								
								
								Yüksək texnologiyaların inkişaf etdiyi ölkələrdə 
								elmi araşdırmalar sistemində elmi komplekslər 
								olan, təkcə mütəxəssislərə təlim verməklə deyil, 
								həmçinin texniki, təbiətşünaslıq və humanitar 
								elmlər sahəsində fundamental və tətbiqi 
								tədqiqatlarla məşğul olan universitetlər böyük 
								rol oynayır. Bunu ali məktəb elminə ayrılan 
								yüksək payda maliyyələşdirmə sübut edir. 
								Məsələn, ABŞ-da və Böyük Britaniyada ali 
								məktəblərə elmə ayrılan sərmayənin 11-12 %-ə 
								qədəri, Fransada və Yaponiyada 15-16%-i sərf 
								olunur. Bütövlükdə, ABŞ-ın, Almaniyanın, Böyük 
								Britaniyanın, Yaponiyanın ən yaxşı 
								universitetləri böyük elmi mərkəzlərdir. 
								Universitet alimlərinin əsərləri dünyada nüfuzlu 
								elmi ədəbiyyatın üçdə ikisindən çox hissəsini 
								təşkil edir.  
								
								
								Zaman sürətlə irəliləyir, o, yeni qaydalar diktə 
								edir və heç kəsi gözləmir. Azərbaycanın qabaqcıl 
								ölkələrdən geri qalmağa haqqı yoxdur. Azərbaycan 
								üçün sənaye ilə sıx bağlı olan iri təhsil, 
								tədqiqat və elmi-istehsalat kompleksləri olan 
								elitar universitetlər lazımdır.  
								
								
								Bunun üçün bütün ali məktəblərdə riyaziyyat 
								istiqamətli tətbiqi kafedralarda tədrisin 
								səviyyəsini keyfiyyətcə dəyişmək lazımdır. Çünki 
								məlumatların riyazi metodlarla təhlilini hamı - 
								mühəndislər, iqtisadçılar, hüquqşünaslar, 
								inşaatçılar, dövlət xadimləri bacarmalıdır.
								 
								
								
								Dünya təcrübəsinin göstərdiyi kimi, kadrların 
								riyazi hazırlığının yüksək səviyyəsi bütün 
								sahələrdə irəliyə doğru keyfiyyət sıçrayışını 
								təmin edə bilər. Təhsil sistemində islahatın 
								mərkəzi vəzifəsi geniş miqyasda tətbiq olunan 
								müasir informasiya texnologiyalarının təhsil 
								proseslərinə tətbiq olunmasıdır.  
								
								
								Bu mərhələdə müəllimlərin hazırlığına və 
								ixtisasının artırılmasının vacibliyinə xüsusi 
								diqqət yetirilməlidir. Bundan əlavə, tədris 
								proqramlarının beynəlxalq standartlara və müasir 
								dünyanın tələblərinə uyğunlaşdırılması 
								məsələsinə yenidən baxmaq zəruridir.  
								
								
								Bunun üçün biz xarici mütəxəssislərdən 
								öyrənməli, onların təcrübəsinə yiyələnməliyik. 
								Rəqabət qabiliyyəti məsələsi, hər şeydən əvvəl, 
								keyfiyyət məsələsidir. Ölkənin ali məktəblərinin 
								qabaqcıl dünya praktikasını nəzərə almaq şərtilə 
								reytinqini tərtib etmək meyarları barədə 
								dərindən düşünülməlidir. Reytinqin müəyyən 
								edilməsi çox mühüm məqamdır. Yalnız rəqabət 
								əsasında işləyən ali məktəb həqiqi 
								rəqabətqabiliyyətli mütəxəssislər hazırlamağa 
								qabildir.  
								
								
								Bu yanaşmada yeni tələbə, yeni gənc fəlsəfəsinə 
								böyük ehtiyac var. Çünki Azərbaycan gəncinin 
								dünyanın virtual sürətini izləmək üçün o qədər 
								də geniş zamanı yoxdur. Bizə passiv, vaxt 
								keçirən gənclik yox, öyrənən, düşünən gənclik 
								lazımdır. Hər bir müəllim nə qədər yaxşı və 
								peşəkar olsa da, öyrəncinin, tələbənin özü 
								öyrənməyə səy göstərmirsə, müəllim ona heç bir 
								şey verə bilməz. Bu o deməkdir ki, daim yeni 
								biliklər əldə etmək, öz üzərində işləmək 
								lazımdır. Yalnız bu yolla uğurlu insan olmaq 
								mümkündür.  
								
								
								Müasir dünyada biliklərin və vərdişlərin "həyat 
								tsikli" çox qısadır. Bunun nəticəsi olaraq 
								təhsilin fasiləsizliyi və müntəzəm olaraq 
								ixtisası artırmağın əhəmiyyəti getdikcə artır.
								 
								
								
								ABŞ-ın elmi ədəbiyyatında, məsələn, mütəxəssisin 
								biliyinin köhnəlməsinin - "səriştəliliyin 
								yarımitirilməsi dövrü" deyilən xüsusi ölçü 
								vahidi mövcuddur.  
								
								
								Nüvə fizikasından əxz edilmiş bu termin indiki 
								halda ali məktəbi bitirdikdən sonra yeni 
								informasiyanın əldə edilməsi ilə qavranılmış 
								biliklərin köhnəlməsi nəticəsində mütəxəssisin 
								səriştəliliyinin 50 % aşağı düşməsini bildirir.
								 
								
								
								80-90-cı illərin ayrıcında qabaqcıl 
								texnologiyalı müəssisələrdə çalışan mühəndislər 
								üçün bu dövr 5-6 ildir, tibb işçiləri və 
								bioloqlar üçün isə 3-4 ildir. Bu gün isə yeni 
								biliklərə aramsız olaraq yiyələnmək mütəxəssisin 
								öz ixtisas keyfiyyətini saxlamaq üçün birinci 
								dərəcəli şərtdir. İnformasiya cəmiyyətində nə 
								kompüterlər, nə də dəzgahlar deyil, biliklər və 
								təfəkkürün yaradıcı potensialı, bu gün deyildiyi 
								kimi, kreativlik həlledici əhəmiyyət kəsb 
								edəcəkdir. Con Kennedinin dediyi kimi, "Bizə heç 
								vaxt olmamış haqqında arzu edən insanlar 
								lazımdır".  
								
								
								Hər on ildən bir insan biliklərinin həcmi ikiqat 
								artır. Nəticədə biliklər daha dəyərli olur və 
								həmişə tələb olunan resursa çevrilir. 
								Azərbaycanın dünyanın daha çox 
								rəqabətqabiliyyətli ölkələri sırasına çıxması o 
								zaman mümkün olar ki, bu vəzifəni elm yüklü 
								texnologiyaların biliklərinə, idarəetmə 
								vərdişlərinə malik, yüksək ixtisaslı 
								mütəxəssislər həyata keçirsinlər. Məsələn, əgər 
								müasir mühəndisin işinə nəzər salsaq o saat 
								aydın olar ki, o nəinki geniş həcmdə texniki 
								biliklərə, həm də menecer vərdişlərinə malik 
								olmalıdır. Axı o, texniki ideyanın 
								yaranmasından, onun işləməsindən, 
								layihələndirilməsindən, iqtisadi 
								əsaslandırılmasından, ekoloji nəticələrinin 
								qiymətləndirilməsindən hazır məhsulun 
								buraxılışınadək hansı yolu keçəcəyi barədə 
								təsəvvürə malik olmalıdır. Texniki sahədə yaxşı 
								peşə hazırlığı iqtisadi istehsal sahəsində 
								mötəbər biliklərə və onun idarə olunmasına 
								söykənməlidir. Bununla yanaşı, xarici dilləri, 
								makroiqtisadiyyatı və başqa ölkələrin hüquq 
								sistemlərini bilmək tələb olunur.  
								
								
								Təhsilli, savadlı insanlar XXI əsrdə 
								bəşəriyyətin əsas hərəkətverici qüvvəsidir. 
								İnkişaf etmək istəməyən, irəli getməyən, öz 
								yerini başqasına rəqabətə daha qabil mütəxəssisə 
								verməlidir. Necə deyərlər, "ya irəli getməlisən, 
								ya da kənara çəkilməlisən". Müasir rəqabətli 
								dünyanı məhz bu prinsip idarə edir. Və bu 
								prinsip bizim həyat mövqeyimizi daha çox müəyyən 
								etməlidir.  
								
								
								Bu gün özünə inanan, arzusu olan və bunu həyata 
								keçirmək iradəsinə malik olan istedadlı, 
								enerjili insanların dövrü, zamanıdır. Qüvvəni 
								əsirgəmədən işləməlisən, öz üzərində 
								çalışmalısan ki, niyyət etdiyinə nail olasan. 
								XXI əsrin ilk illərindən ictimai inkişafı təmin 
								edən dəyər prioritetlərinin dəyişməsi meyili 
								daha aydın görünür. Bəşəriyyətin növbəti əsrə 
								transformasiyası ilə üst-üstə düşən inkişaf 
								təkcə insan fəaliyyətinin və onun müvafiq 
								təşkili vasitələrinin dəyişməsini şərtləndirmir. 
								Təhsildə innovasiya bütövlükdə təhsil sisteminin 
								strukturunu, məzmununu və təşkilini dəyişməyə 
								imkan verən təhsilin inkişafının idarə 
								olunmasının spesifik formasıdır. Nəticədə 
								idarəetmə mədəniyyətinin özü də transformasiyaya 
								məruz qalır.  
								
								
								
								Cəsarət VALEHOV, 
								İctimai TV-nin "Açıq dərs" proqramının 
								moderatoru, 
								
								 
								
								
								AMEA-nın doktorantı  |