| 
								 
								
								Azərbaycanın təhsil sistemində 10 ildən artıqdır 
								ki, davamlı və məqsədyönlü islahatlar aparılır. 
								Bu islahatların bir çoxu Təhsil Nazirliyinin 
								Dünya Bankı ilə birgə reallaşdırdığı 
								layihələrdən qaynaqlanır. Elə bu məqsədlə Təhsil 
								Nazirliyində Dünya Bankının maliyyə dəstəyi ilə 
								həyata keçirilən Layihələrin Əlaqələndirmə 
								Qrupunun rəhbəri Elvin Rüstəmovla söhbət etmək 
								qərarına gəldik. 
								
								
								- Elvin müəllim, Təhsil Nazirliyinin Dünya Bankı 
								ilə əməkdaşlığı nədən başladı? 
								
								
								 - 
								Bildiyiniz kimi, ümummilli lider, Prezident 
								Heydər Əliyev 30 mart 1998-ci ildə bu məqsədlə 
								xüsusi sərəncam imzalamışdı. Həmin sərəncamla 
								Azərbaycan Respublikasının təhsil sistemində 
								islahatların aparılmasını təşkil etmək məqsədilə 
								Dövlət Komissiyası yaradılmış və ona Dünya 
								Bankının vəsaiti hesabına təhsil sahəsində 
								İslahat Proqramının hazırlanması tapşırılmışdı. 
								Həmin dövrdən Dünya Bankı ilə təhsil sahəsində 
								başlanmış əməkdaşlıq indiyədək davam etməkdədir. 
								Təsadüfi deyil ki, Azərbaycan hökuməti Dünya 
								Bankı ilə əməkdaşlığa böyük önəm vermişdir. 
								Dünya Bankı dünyanın bütün bölgələrində 
								fəaliyyət göstərməklə böyük təcrübə toplamışdır. 
								Dünya Bankının ölkələrarası fəaliyyəti ona 
								dünyanın təhsil sahəsində ən qabaqcıl 
								ekspertlərindən bəhrələnməyə, müxtəlif "Nou 
								Xau"lara və innovasiyalara dair resurs bankını 
								formalaşdırmasına imkan verir. Dünya Bankının 
								maliyyələşməsi ilə aparılan islahatlar bu 
								üstünlüklərdən bəhrələnməyə şərait yaradır. 
								
								
								- Dünya Bankı ilə indiyədək hansı layihələr 
								həyata keçirilmişdir? 
								
								
								- Təhsil sahəsində Azərbaycanın Dünya Bankı ilə 
								əməkdaşlığı üç layihənin həyata keçirilməsi ilə 
								əlamətdardır: 1) Təhsil İslahatı layihəsi 
								(1999-2004); 2) Təhsil Sektorunun İnkişafı 
								Layihəsi (2004-2009); 3) Təhsil Sektorunun 
								İnkişafı üzrə İkinci Layihə (2009-2014). 
								 
								
								
								Bu mərhələlərin hər biri öz-özlüyündə müxtəlif 
								tapşırıqların və problemlərin həllini nəzərdə 
								tutaraq investisiya tutumu və maliyyə həcmi ilə 
								də fərqlənmişdir. Layihələrin büdcələri azdan 
								çoxa doğru istiqamətdə dəyişmişdir. Belə ki,  
								birinci layihə 5,5 mln., ikinci layihə 21 mln., 
								üçüncü layihə isə 45,4 mln. ABŞ dolları 
								məbləğində olmuşdur. Layihələrin büdcəsinin belə 
								artması planlaşdırılan islahatların miqyasının 
								artmasından irəli gəlmişdir. Bu həm də başa 
								çatmış mərhələlərin uğurlu olmasının və Dünya 
								Bankının Təhsil Nazirliyi ilə birgə işləməsindən 
								məmnun qalmasının göstəricisidir. Dünya Bankının 
								yüksəkrütbəli nümayəndələri dəfələrlə Təhsil 
								Nazirliyini Azərbaycanda ən yaxşı tərəfdaş 
								adlandırıblar.  
								
								
								- Dünya Bankı ilə işləməyin hansı özəllikləri 
								var? 
								
								
								- Dünya Bankı maliyyə qurumudur və layihələrini 
								dövlət zəmanəti ilə uzun müddətə çox aşağı 
								faizlə verdiyi kreditlər vasitəsi ilə 
								maliyyələşdirir. Dünya Bankının güzəştli 
								kreditləri inkişaf mərhələsində olan dövlətlərə 
								verilir. Bu kreditlərə tələbatın çox olması 
								səbəbindən onların ölkəyə cəlbi dünya 
								praktikasında müsbət qarşılanır. Dünya Bankından 
								kredit almaqdan daha çətini onun xərclənməsi 
								prosedurudur. Hər bir dollar belə Dünya 
								Bankından əsaslandırılmış qaydada əvvəlcədən 
								nəzərdə tutulmuş istiqamətlərə və Bankın qoyduğu 
								ümumi qaydalara əsasən xərclənməlidir. Bu 
								qaydaların ağırlığı əsasən ondan ibarətdir ki, 
								hər bir mərhələdə nəzarət və razılaşdırma tələb 
								olunur. Hətta cənab Prezident də çıxışlarının 
								birində qeyd etmişdir ki, Dünya Bankı 
								layihələrinin icrası qaydaları çox ağırdır.
								 
								
								
								- Təhsil Nazirliyi bu layihələri necə idarə 
								edir?  
								
								
								- Dünya Bankı layihələrinin icrası üçün Təhsil 
								Nazirliyi, mən deyərdim, ən düzgün həll yolu 
								tapmışdır. Belə ki, layihələrin müxtəlif 
								istiqamətləri üzrə icrasına Təhsil Nazirliyinin 
								şöbələri və məsul şəxsləri cavabdehdirlər. 
								Layihənin bu cür idarə edilməsi onun icrasının 
								bütünlüklə Təhsil Nazirliyi sisteminə 
								inteqrasiyasını və aparılan islahatlara 
								nazirliyin sahibliyini təmin edir. Eyni zamanda, 
								bu islahatların daha mütəşəkkil icrasına və əldə 
								olunan nailiyyətlərin davamlılığına şərait 
								yaradır. Özünü doğrultmuş bu təcrübə, bəlkə də, 
								bizim fərqli cəhətlərimizdən biridir. Çünki 
								digər təşkilatlarda layihələrin icrası üçün, 
								əsasən, Layihənin İcra Qrupu məsul olur. Bizdə 
								isə İcra Qrupu əvəzinə, Əlaqələndirmə Qrupu 
								fəaliyyət göstərir və onun funksiyalarına Dünya 
								Bankının xüsusi tələblərini dəqiqliklə yerinə 
								yetirmək daxildir. 
								
								
								- Bu tələblər hansılardır? 
								
								
								- Əvvəldə qeyd etdiyim kimi, Dünya Bankı ilə 
								işləmək çox çətindir və bu, qoyulmuş qayda və 
								tələblərdən irəli gəlir. Bu tələblər 
								əlaqələndirmə, monitorinq, satınalmaların 
								təşkili və maliyyənin idarəolunması ilə 
								bağlıdır. Dünya Bankının maliyyələşdirdiyi 
								layihələrin icrası cari şəkildə Dünya Bankı ilə 
								əlaqələndirilir. Bunu həm islahatların həyata 
								keçirilməsi, həm də Dünya Bankının 
								maliyyələşdirdiyi layihələrə tətbiq olunan və 
								üzv dövlətlərin qəbul etdiyi qaydalar tələb 
								edir. Məsələn, Dünya Bankına mütəmadi 
								hesabatların verilməsi nəzərdə tutulur. 
								Layihələrin icra vəziyyətinə nəzarət etmək 
								məqsədilə ildə iki dəfə Dünya Bankının 
								monitorinq və yoxlama missiyaları Azərbaycana 
								gəlir, layihənin gedişi ilə tanış olub hesabat 
								tərtib edirlər. Bu missiyaların təşkili və 
								nəticədə hazırlanmış hesabatların Layihənin icra 
								planlarında nəzərə alınması Layihə Əlaqələndirmə 
								Qrupu tərəfindən təmin olunur. Eyni zamanda 
								Dünya Bankı tərəfindən layihələrin uğurlu 
								olub-olmamasını müəyyənləşdirmək üçün monitorinq 
								indikatorları tətbiq edilir. Bu indikatorlar 
								layihələrin icrası boyu nəzarətdə saxlanılır. 
								Layihənin monitorinqi və qiymətləndirilməsi 
								Layihəni Əlaqələndirmə Qrupunun heyəti, cəlb 
								edilmiş beynəlxalq məsləhətçilər və Dünya 
								Bankının Tapşırıq Qrupu tərəfindən həyata 
								keçirilir. 
								
								
								- İnsanları həmişə layihələrdə olan xərclər, 
								daha doğrusu, onun səmərəli istifadəsi 
								maraqlandırır. Təhsil layihələrində maliyyə 
								xərcləmələri ilə bağlı nə deyə bilərsiniz? 
								
								
								- Siz düz buyurursunuz. Hər bir layihənin 
								icrasında olduğu kimi, bizim icra etdiyimiz 
								təhsil layihələrinin nəticəyönümlüyünə, 
								səmərəliliyinə və şəffaflığına çox böyük önəm 
								verilir və bununla bağlı ictimaiyyət kifayət 
								qədər məlumatlandırılır. Bu məsələlərlə bağlı 
								qeyd etmək istərdim ki, satınalmaların təşkili 
								və maliyyənin idarə olunması Dünya Bankının 
								prosedur qaydalarına əsasən aparılır. Fikrimcə, 
								ictimaiyyətin də beynəlxalq layihələrin proqram 
								və maliyyə idarəetməsi prosedurları haqqında 
								məlumatı olmalıdır. 
								
								
								Mən istərdim ki, maliyyə vəsaitlərinin 
								xərclənməsinə əsas verən müqavilələrin 
								bağlanması və ümumiyyətlə, satınalma prosesinin 
								təşkili barədə danışım. Layihə dövründə satın 
								alınacaq işlər, xidmətlər və mallar öz əksini 
								layihənin satınalma planında tapır. Bu plan 
								mütəmadi olaraq Dünya Bankı və Maliyyə Nazirliyi 
								tərəfindən yoxlanılır. Plan təsdiq edildikdən 
								sonra satınalma prosesi başlayır. Satınalma 
								prosesi Dünya Bankının qaydaları əsasında 
								aparılır və mərhələli bir prosesdir. Bu prosesin 
								bir mərhələsindən digər mərhələsinə keçid ilə 
								əlaqədar olaraq Dünya Bankının razılığı tələb 
								edilir. Bankın razılığı olmadan atılan hər hansı 
								bir addım dərhal dayandırılır, proses ləğv 
								edilir. Belə bir səhv addım nəticəsində müqavilə 
								bağlanarsa, onda həmin müqaviləni Dünya Bankı 
								tanımır və belə müqavilələrin hökumətin özü 
								tərəfindən qeyri-layihə vəsaitləri hesabına 
								maliyyələşməsi tələb edilir. Yaxşı haldır ki, 
								Təhsil Nazirliyində belə səhvlər olmayıb. 
								Satınalma prosesində yaradılan müsabiqə və 
								tender komissiyaları Təhsil, İqtisadi İnkişaf və 
								Maliyyə Nazirliklərinin nümayəndələrindən 
								formalaşır. Satınalma prosesinin sonunda 
								imzalanmış müqavilələrin bir nüsxəsi Dünya 
								Bankına və bir nüsxəsi Maliyyə Nazirliyinə 
								təqdim edilir və yoxlanılır. Bundan sonra 
								vəsaitlər çox kiçik məbləğlərlə hər dəfə 
								xərclənməsi yoxlandıqdan və Dünya Bankı 
								tərəfindən təsdiq olunduqdan sonra ayrılır. Bu 
								halda heç kim deyə bilməz ki, vəsait əvvəlcədən 
								Dünya Bankı ilə hökumətin razılaşdırdığı icra 
								planına zidd şəkildə xərclənir. Hətta insanlar 
								nə üçün bu vəsaitin əməkhaqlarına deyil, digər 
								məsələlərə xərclənməsini pisləyirlər. Bilmək 
								lazımdır ki, söhbət bir aylıq əməkhaqqından 
								deyil, təhsil sektorunu inkişafa aparacaq 
								islahatlardan və ona qoyulan investisiyadan 
								gedir. Çox böyük müəllim ordusuna həmin 
								vəsaitdən, demək olar ki, heç 10 dollar belə 
								çatmaz, lakin bu vəsait hesabına aparılan 
								islahatlar təhsilin keyfiyyətcə yeniləşməsinə, 
								müasirləşməsinə və dayanıqlığına xidmət edir. 
								Bir məsələni də yaddan çıxarmaq olmaz ki, təhsil 
								islahatı layihəsi insan inkişafı layihələri 
								qrupuna aid edilir və belə layihələrə yatırılan 
								hər bir dollar investisiya özünü 10-15 ildən 
								sonra büruzə verir. Bu cür layihələri 
								infrastruktur layihələri ilə müqayisə etmək, 
								nəticələri dərhal görmək və qiymətləndirmək 
								yanlış olardı.  
								
								
								-  Elvin müəllim, layihələrin icrası nəticəsində 
								hansı nailiyyətlər əldə olunub? 
								
								
								- Dünya Bankı ilə aparılan layihələr nəticəsində 
								Azərbaycanın təhsil sahəsində ciddi nailiyyətlər 
								əldə olunmuşdur. Ən böyük nailiyyət elə 
								layihələrin icrasına məsul olan şöbələrin 
								özlərinin layihə ilə birlikdə inkişaf etməsidir. 
								Layihələr üzrə aparılan islahatların və inkişaf 
								tədbirlərinin bu şöbələrin birbaşa işinə 
								çevrilməsi onların potensialının artmasına böyük 
								təkan vermişdir. Artıq nazirlikdə hər hansı bir 
								qərarın verilməsi üçün beynəlxalq təcrübənin 
								öyrənilməsi və  bunun  səmərəli  və  çevik  
								şəkildə  edilməsi  bir  qayda  halını  alıb. Bu  
								məsələlərin  daha  yaxşı  həll  edilməsi  üçün 
								nazirliyin strukturu təkmilləşdirilmiş və 
								təhsilin idarə edilməsi üçün  məlumat  sistemi  
								yaradılmışdır.  
								
								
								Həmçinin, ümumi təhsilin məzmunu 
								yeniləşdirilmişdir. Kurikulum islahatları adı 
								altında məktəb təhsilində məzmun dəyişiklikləri 
								aparılmışdır. Yeni kurikulumlar nəticə, tələb və 
								şəxsiyyətyönümlü olaraq həyati bacarıqlara 
								istiqamətlənmişdir. Onu da deyim ki, 
								Azərbaycanda hazırlanmış kurikulumlar YUNİSEF və 
								YUNESKO tərəfindən beynəlxaq ekspertizaya 
								göndərilmiş və bütün rəylər müsbət olmuşdur.
								 
								
								
								Bundan başqa, ümumi təhsil sistemində yeni 
								dərslik siyasəti tətbiq edilmişdir. Yeni siyasət 
								şəffaflıq, aşkarlıq, antiinhisar və sağlam 
								rəqabət prinsipləri əsasında qurulmuşdur. Yeni 
								siyasətə uyğun olaraq, müstəqil qurum - 
								Dərslikləri Qiymətləndirmə Şurası yaradılmış və 
								fəaliyyətə başlamışdır. Artıq neçə ildir ki, 
								yeni kurikulumlar əsasında hazırlanmış 
								dərsliklər məhz bu şuranın qiymətləndirməsindən 
								sonra çap edilir və məktəblərə verilir. Yeni 
								dərslik siyasətinə uyğun olaraq, artıq 
								dərsliklər müəllimlər üçün vəsait və şagirdlər 
								üçün iş dəftərləri ilə birlikdə komplekt şəkildə 
								çap olunur.  
								
								
								Nailiyyətlər arasında ümumi təhsilin yeni milli 
								qiymətləndirmə konsepsiyasının qəbul edilməsini 
								xüsüsi qeyd etmək istərdim. Konsepsiyaya uyğun 
								olaraq, bu gün təhsilimizdə yeni məktəbdaxili, 
								milli və beynəlxalq qiymətləndirmə formaları 
								tətbiq olunmaqdadır.  
								
								
								Bundan başqa, hökumət tərəfindən "Fasiləsiz 
								Müəllim Hazırlığının yeni Strategiyası və 
								Konsepsiyası" təsdiq edilmişdir. Yeni 
								konsepsiyaya uyğun olaraq, müəllimlərin ilkin 
								hazırlığının məzmunu yeniləşdirilmiş, onun 
								tərkibinə "Təhsilin əsasları" fənni daxil 
								edilmişdir. Təhsil sistemində rəhbər və pedaqoji 
								heyətin ixtisasartırmasının yeni modeli 
								hazırlanmışdır. Yeni model üç məzmun modulunu 
								əhatə etməklə ixtisasartırma proqramlarının 
								akkreditasiyasını və ixtisasartırma müəssisələri 
								arasında sağlam rəqabətin yaradılmasını özündə 
								əks etdirir.  
								
								
								Əlbəttə, qısa bir müsahibədə əldə olunmuş 
								nailiyyətlərin hamısını qeyd etmək mümkün deyil. 
								Lakin onu da deyim ki, nailiyyətlər barədə 
								məlumatlarla təfərrüatı ilə Təhsil Nazirliyinin 
								rəsmi İnternet ünvanında (www.edu.gov.az) və 
								www.kurikulum.az portalında tanış olmaq olar.
								 
								
								
								- Təhsil Nazirilyinin Dünya Bankı ilə 
								əməkdaşlığını uğurlu adlandırmaq olarmı? 
								
								
								- Mənim qeyd etdiklərimi və edə bilmədiklərimi 
								nəzərə alaraq, bu əməkdaşlığı uğurlu adlandırmaq 
								olar. Təhsil Nazirliyinin Dünya Bankı ilə 
								apardığı işin müvəffəqiyyətli olduğunu nəzərə 
								alaraq, Azərbaycan hökuməti və Dünya Bankı 
								yekdil qərarla "Dövlət İnvestisiyaları üzrə Kadr 
								Potensialının Gücləndirilməsi Layihəsi"nin 
								icrasını məhz Təhsil Nazirliyinə həvalə 
								etmişdir. Xatırladım ki, bu layihə təhsil deyil, 
								daha çox infrastruktur sektorunda kadr 
								potensialının gücləndirilməsini nəzərdə tutur.
								 
								
								
								Sonda bu müsahibəni oxuyan hər bir Azərbaycan 
								vətəndaşına təşəkkürümü bildirir və demək 
								istəyirəm ki, hər birimiz öz vəzifələrimizi 
								düzgün icra etsək, tapşırıqlara məsuliyyətlə 
								yanaşsaq, görülən işlərə düzgün qiymət versək, 
								onda müstəqil Azərbaycanımızın inkişafına xeyli 
								təkan vermiş olarıq. Hamını bu cür əməkdaşlığa 
								və həmrəyliyə dəvət edirəm. Sağ olun! 
								
								
								
								Söhbəti apardı: 
								Elçin SƏRDAROV, 
								Azərbaycan Jurnalistlər Birliyinin üzvü  |