| 
								 
								
								Naxçıvan Dövlət Universitetində 2009-2010-cu 
								tədris ilində Tələbə Elmi Cəmiyyəti xətti ilə 
								yerinə yetirilmiş elmi-tədqiqat işlərinin 
								yekununa dair ümumuniversitet elmi konfransı 
								keçirilmiş, 17 bölmə üzrə iclaslarda tələbələrin 
								müxtəlif sahələrdə apardıqları araşdırmaları, 
								elmi-tədqiqat işləri müzakirə olunmuşdur. Bu 
								günlərdə tələbələrin həmin konfransın bölmə 
								iclaslarındakı fəal iştirakına görə 1-ci, 2-ci 
								və 3-cü dərəcəli diplomlarla  
								mükafatlandırılması mərasimi olmuşdur. 
								
								
								Mərasimdə çıxış edən rektor, akademik İsa 
								Həbibbəyli  tələbələrin müxtəlif ixtisaslar üzrə 
								keçirilən bölmə iclaslarında  nümayiş etdirdiyi  
								fəallıqdan söz açmış, onların üstün zəka və 
								intellektual potensiallarını  yüksək 
								qiymətləndirmişdir. Rektor elmi işlər üzrə 
								prorektorun Tələbə Elmi Cəmiyyətinin  işinin  
								səmərəli  təşkilindəki  rolunu  xüsusilə  qeyd 
								etmişdir. 
								
								
								Elmi işlər üzrə prorektor, fizika-riyaziyyat 
								elmləri namizədi Anar Kazımov tələbələrin bu 
								elmi hesabatlarının yüksək səviyyədə keçdiyini 
								bildirmiş və hər bir bölmənin işindən razılığını 
								ifadə etmişdir. 
								
								
								Sonra  mükafatlandırma mərasimi başlanmışdır. 
								Qeyd edək ki, 1-ci tura 307 tələbə ilə start 
								verən tələbə elmi  konfransının  2-ci  turuna 
								yalnız 152  tələbə  vəsiqə  qazana bilmiş,  
								onlardan  finala  çatmış 100 nəfərdən 32-si 
								1-ci, 37-si 2-ci, 31-i isə 3-cü dərəcəli  
								diplomlarla  təltif  olunmuşlar.  
								
								
								Təltif olunan tələbələrdən Tarix-filologiya 
								fakültəsinin Jurnalistika ixtisası üzrə II kurs 
								tələbəsi Türkan Hüseynli, Memarlıq və 
								mühəndislik fakültəsinin  Energetika  ixtisası 
								üzrə II kurs tələbəsi Tehranə Adıgözəlova, 
								xarici tələbə Antoni Mokvunye  çıxış edərək 
								layiq görüldükləri  mükafatlara  görə 
								minnətdarlıqlarını ifadə etmiş, bundan sonra da 
								əzmkarlıqla çalışacaqlarını bildirmişlər. 
								 
								
								
								
								Nərmin CƏFƏROVA  |