| 
								 
								
								 3 
								nömrəli Bakı Peşə Məktəbinin  uğurları əvvəlki 
								illərlə müqayisədə son illər xeyli artıb. 
								Məktəbin maddi bazası ildən-ilə möhkəmlənib, 
								qorunub və inkişaf etdirilib. Burada müəllim və 
								şagirdlərin qüvvəsi ilə təşkil edilən, 
								valideynlərin köməyi nəticəsində 
								zənginləşdirilən fənn kabinetləri   və 
								laboratoriyalar fəaliyyət göstərir və   bütün 
								dərslər kabinet  sistemində  keçilir. Məktəbdə 
								avtomobil təmiri üzrə çilingər, kompüter üzrə  
								operator, inşaatçı-dülgər-xarrat, tikişçi, tikiş 
								avadanlığının operatoru, qadın bərbəri, 
								manikürçü, kişi bərbəri və mühasib- fərdi 
								kompüter operatoru  ixtisasları  üzrə kadr 
								hazırlanır. 
								
								
								Biz  bu deyilənlərlə bir daha yaxından tanış 
								olmaq üçün  Təhsil Nazirliyinin  aparıcı 
								məsləhətçisi Elxan Cəfərovla birlikdə iyunun 
								17-də 3 nömrəli Bakı  Peşə Məktəbində olduq. 
								Öyrəndik ki,  peşə məktəbinin 179-cu  qrup  
								şagirdləri   Bakı Tikiş Evində tikişçi və tikiş 
								avadanlığının operatoru ixtisası üzrə dövlət 
								imtahanı verirlər. Həmin imtahanda iştirak 
								etdik.  Məlum oldu ki, imtahan verən bu  
								şagirdlər imtahanqabağı istehsalat təcrübəsini 
								də  elə Bakı Tikiş Evində  keçiblər və burada 
								işləyən təcrübəli  müəllimlərdən öz peşələrinin 
								sirrini dərindən öyrənə bilmişlər.  
								
								
								Həmin gün  peşə məktəbini bitirən şagirdlərdən 
								Xəyalə Qafarova, Aynurə Rüstəmova, İbadət 
								Bəşirzadə və Ülkər İsrafilova dövlət  
								imtahanından "əla" qiymət aldılar. 
								
								
								Peşə məktəbinin direktoru Sabir Əliyev bu 
								uğurların qazanılmasında  istehsalat təlimi 
								ustası Ədilə Rüstəmovanın, fənn müəllimi Nahidə 
								Əhlimanovanın, tədris-istehsalat işləri üzrə 
								direktor müavini  Şəfiqə Vəliyevanın böyük 
								zəhmətlərini qeyd etməklə bərabər, Bakı Tikiş 
								Evinin rəhbərliyindən və  orada   baş usta 
								vəzifəsində çalışan Nigar Əlibəyovanın peşə 
								məktəbinin şagirdlərinə göstərdikləri 
								qayğıkeşlikdən də razı qaldığını dedi. 
								 
								
								
								
								Şakir CƏFƏROV  |