| 
								 
								
								 Heydər 
								Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi 
								çərçivəsində Tbilisidəki M.F.Axundzadə adına 73 
								nömrəli orta məktəb, Qardabanidəkı 3 nömrəli 
								Azərbaycan məktəbi və Dmanisidəki 2 nömrəli 
								Azərbaycan beynəlxalq orta məktəbi əsaslı 
								təmirdən sonra məktəblilərin ixtiyarına 
								verilmişdir.  
								
								
								Fonddan AzərTAc-a bildirmişlər ki, Gürcüstanın 
								paytaxtında 150 şagirdin təhsil aldığı 
								M.F.Axundzadə adına 73 nömrəli orta məktəbdə 
								aparılan yenidənqurma işləri nəticəsində qəzalı 
								vəziyyətdə olan təhsil ocağında müasir 
								standartlara uyğun tədris üçün hər cür şərait 
								yaradılmışdır. Məktəb binasının bünövrəsində 
								bərkidilmə işləri aparılmış, dam örtüyü 
								dəyişdirilmiş, tədris otaqları, kitabxana, 
								yeməkxana və digər otaqlar yüksək səviyyədə 
								təmir olunaraq müasir avadanlıqla təmin 
								edilmişdir. Məktəbdə yeni kompüter otağı 
								yaradılmışdır.  
								
								
								Qardabanidəkı 3 nömrəli Azərbaycan məktəbi 1600 
								şagird üçün nəzərdə tutulmuşdur. Əsaslı təmir 
								işləri zamanı məktəbdaxili təmirlə yanaşı, 
								təhsil ocağının fasadı yeni kirəmidlə örtülmüş, 
								idman meydançası yaradılmış, həyətyanı sahə 
								abadlaşdırılmış, avadanlığın əsas hissəsi 
								yenilənmişdir. 
								
								
								Layihə çərçivəsində Dmanisidəki 2 nömrəli 
								Azərbaycan beynəlxalq orta məktəbində 
								yenidənqurma işləri zamanı binada bərkidilmə 
								işləri aparılmış, sinif otaqları, dəhlizlər, 
								kitabxana, yeməkxana, idman zalı tam təmir 
								olunmuş, yeni akt zalı, fənn kabinetləri və 
								kompüter otağı yaradılmışdır. Təhsil ocağı yeni 
								avadanlıqla təmin olunmuşdur. Məktəbin qaz və 
								elektrik avadanlığı yenilənmiş, transformator 
								qoyulmuş, süni örtüklü stadion inşa edilmişdir.
								 
								
								
								Təhsil ocaqlarının açılış mərasimində iştirak 
								edən Azərbaycanın təhsil naziri Misir Mərdanov, 
								Heydər Əliyev Fondunun icraçı direktoru Anar 
								Ələkbərov, Gürcüstanın elm və təhsil naziri 
								Dmitri Şaşkin və Kvemo-Kartli bölgəsinin 
								qubernatoru David Kirkitadze orta məktəblərdə 
								keyfiyyətli tədris üçün yaradılmış şəraiti 
								yüksək qiymətləndirmişlər.  |