|   | 
										
										
										Yerləşir:  | 
										
										
										Avstraliya, Yeni Cənubi Uels ştatı, 
										Kensinqton şəhərətrafı qəsəbəsi  | 
										
										  | 
										  | 
									 
									
										| 
										
										Yaranma tarixi: | 
										
										
										1949-cu il | 
									 
									
										| 
										
										Tipi:  | 
										
										
										Dövlət | 
									 
									
										| 
										
										İşçi heyətinin ümumi sayı: | 
										
										
										6014 nəfər | 
									 
									
										| 
										
										Tələbələrin 
										
										ümumi 
										
										sayı: | 
										
										
										46630 nəfər | 
									 
									
										| 
										
										İllik gəlirləri: | 
										
										
										11344787 Avstraliya dolları | 
									 
									
										| 
										
										İllik xərcləri: | 
										
										
										11817091 Avstraliya dolları | 
									 
									
										| 
										
										Rəsmi saytı: | 
										
										
										
										www.unsw.edu.au | 
									 
								 
								
								
								Yeni Cənubi Uels Universiteti (University of New 
								South Wales) Avstraliyanın Yeni Cənubi Uels 
								ştatında, Sidneyin şəhərətrafı qəsəbəsi olan 
								Kensinqtonda yerləşir və qitənin aparıcı ali 
								təhsil ocaqlarından biridir.  
								
								
								Böyük Britaniyanın "Times Higher Education 
								Supplement - QS World Universities Rankings" 
								jurnalının 2009-cu ildə apardığı dünya 
								universitetlərinin reytinqinə əsasən, Yeni 
								Cənubi Uels Universiteti 100 ən yaxşı ali məktəb 
								arasında Seul Milli Universiteti ilə birgə 47-ci 
								yerdə olub. "QS World University Rankings"in 
								2010-cu ildə keçirdiyi reytinqə əsasən isə Yeni 
								Cənubi Uels Universiteti dünyanın ən nüfuzlu ali 
								məktəbləri arasında 46-cı, Avstraliya 
								universitetləri arasında isə 5-ci yerlərə layiq 
								görülüb.  
								
								
								Yeni Cənubi Uels Universiteti Avstraliyanın 
								"Böyük Səkkizlik" qrupunun, "Universitetlər 21" 
								Beynəlxalq Elmi-Tədqiqat Assosiasiyasının 
								üzvüdür.  
								
								
								
								Tarixi  
								
								 II 
								Dünya müharibəsindən sonra dövlətin bərpa və 
								inkişafı üçün əsas rol elm və texnologiyanın 
								güclənməsindən asılı olduğu üçün Yeni Cənubi 
								Uels ştatı hökuməti yüksək səviyyəli mühəndis və 
								texnologiya üzrə mütəxəssis hazırlayan ali 
								məktəb yaratmaq qərarına gəlir. 9 iyul 1946-cı 
								ildə Yeni Cənubi Uels ştatının təhsil naziri Bob 
								Heffron texnologiya institutunun yaradılması 
								haqqında sənəd imzalayır. Bununla belə, ştat 
								hökuməti yeni ali məktəb yaratmaqdansa, mövcud 
								olan Sidney Texniki Kollecini genişləndirmək 
								qərarına gəlir.  
								
								
								Ştatın parlamenti tərəfindən 1949-cu ildə qəbul 
								edilən qanundan sonra  ali məktəb Yeni Cənubi 
								Uels Texnologiya Universiteti adlandırılır. Yeni 
								Cənubi Uels Texnologiya Universitetinin birinci 
								prezidenti sonradan ali məktəbin inkişafında 
								önəmli xidmətləri olmuş Artur Denninq təyin 
								edilir. İlk vaxtlar burada dəqiq, texniki elmlər 
								öyrədilsə də, sonradan humanitar sahələr əlavə 
								edilir. Ali məktəbin binası (hazırda Sidney 
								Texnologiya Universiteti) Sidneyin mərkəzi 
								hissəsində, Ultimo şəhərətrafı qəsəbəsində 
								yerləşir. Lakin 1951-ci ildə Yeni Cənubi Uels 
								ştatı parlamenti Kensinqtonda ali məktəbin yeni 
								binalarının tikilməsi barədə qanun qəbul edir. 
								1958-ci ildə Kensinqtonda yerləşən universitet 
								Texnologiya Universitetindən tamamilə ayrılmaq 
								məqsədi ilə Yeni Cənubi Uels Universiteti 
								adlandırılır. 1960-cı ildə ali təhsil ocağı 
								tədris proqramını genişləndirərək burada 
								incəsənət və tibb, 1971-ci ildə isə hüquq 
								fakültəsi açır. 1951-ci ildə Nyu-Kaslda,  
								1961-ci ildə isə Vullonqonqda Yeni Cənubi Uels 
								Universitetinin kollecləri yaradılır, sonradan 
								bu kolleclər müstəqil universitetlərə çevrilir. 
								
								
								2009-cu ildə Yeni Cənubi Uels Universiteti 
								yaranmasının 60 illik yubileyini qeyd edir. 
								2010-cu il mayın 28-də universitetdə Loui 
								Onkoloji Elmi Mərkəzi açılır. Mərkəz layihənin 
								həyata keçirilməsi üçün 10 milyon dollar 
								xərcləyən biznesmen Frenk Louinin şərəfinə 
								adlandırılıb və ölkədə xərçəng tədqiqatları üzrə 
								ən böyük müəssisələrdən biridir. Burada 400-dən 
								çox tədqiqatçı çalışır.  
								
								
								
								Büdcə və təhsil haqqı  
								
								 2009-2010-cu 
								tədris ilində Yeni Cənubi Uels Universitetinin 
								gəlirləri 11344787 Avstraliya dolları olub. Bu 
								məbləğin 5907210 dolları əmtəə satışları, 
								2130000 dolları maliyyə sazişləri, 437659 
								dolları sponsorların yardımı, 684996 dolları 
								gildiya, qalanları isə digər vasitələr hesabına 
								əldə olunan gəlirlərdir.  
								
								
								Həmin tədris ilində ali məktəbin xərcləri isə 
								ümumilikdə 11817091 Avstraliya dollarına bərabər 
								olub. Xərclərin 4460838 dollarını işçilərin 
								əməkhaqqı, 3725967 dollarını satılmış əmtəə 
								qiyməti, 1058136 dollarını amortizasiya, 320064 
								dollarını kommunal xidmətlər, 219681 dollarını 
								mühafizə, qalanlarını isə başqa məsrəflər təşkil 
								edib.    
								
								
								Yeni Cənubi Uels Universitetində, dünyanın digər 
								universitetlərində olduğu kimi, tələbələrin 
								təhsil haqqı məktəb və fakültədən asılı olaraq 
								dəyişir. Hər il burada təhsil haqqı artırılır. 
								2010-2011-ci tədris ilində əcnəbi tələbələrin 
								təhsil haqqı təxminən 18800-35000 Avstraliya 
								dolları arasında dəyişir.  
								
								
								Yeni Cənubi Uels Universitetinin hesablamasına 
								əsasən, tələbəyə 1 il Sidneydə qalmaq üçün 
								(təhsil haqqını çıxmaq şərti ilə) orta hesabla 
								18000-20000 Avstraliya dolları tələb olunur.
								 
								
								
								Yeni Cənubi Uels Universitetində müxtəlif 
								təqaüdlər mövcuddur. Yeni Cənubi Uels 
								Universiteti kooperativinin təklif etdiyi əsas 
								təqaüdün məbləği ildə 15000 Avstraliya dolları 
								təşkil edir. Burada 1000-25000 Avstraliya 
								dollarına qədər məbləğdə təqaüd proqramları var 
								(yerli əhali, əcnəbi ölkələrin təmsilçiləri, 
								maliyyə durumu çətin olan tələbələr üçün və s.). 
								Avstraliyanın bölgələrindən olan tələbələr üçün 
								universitet 20-yə yaxın təqaüd proqramı təklif 
								edir, təqaüdün orta məbləği isə 9500 Avstraliya 
								dollarıdır.   
								
								
								
								Universitet bu gün  
								
								 Yeni 
								Cənubi Uels Universitetinin əsas kampusu 
								Kensinqton şəhərətrafı qəsəbəsində 38 hektar 
								ərazidə yerləşir. Universitet məşhur Sidney 
								çimərliklərindən cəmi 5 km məsafədədir. 
								Universitetin Təsviri İncəsənət Kolleci 
								Paddinqton şəhərətrafı qəsəbəsində, Avstraliya 
								Müdafiə Qüvvələri Akademiyası isə Kanberra 
								şəhərindədir. Ali məktəbin COFA, Randvik, Kudji, 
								Botani, Litl-Bey, Di-Uay, Kouen, Manli-Veyl və 
								Foulers-Qep ərazilərində əlavə kampusları  
								mövcuddur.  
								
								
								Əsas kampus coğrafi mövqeyinə görə yuxarı və 
								aşağı hissələrə bölünüb. Həmin iki yerə bölünmüş 
								hissənin mərkəzində keçidi xatırladan qeyri-adi 
								Jon Niland Scient tikilisi yerləşir. Tikilinin 
								bir başından o biri başına piyada keçmək üçün 15 
								dəqiqəlik yol var. Universitet haqqında dərc 
								olunan yazıların əksəriyyətində bu tikilinin 
								şəkli göstərilir.  
								
								
								Yeni Cənubi Uels Universitetində tələbələrin 
								məskunlaşması üçün Filipp Bakster, Basseru, 
								Qoldşteyn, Yeni, Uorreyn, Beynəlxalq, Şalom, 
								Kreston rezidensiya-kollecləri mövcuddur. Bu 
								kolleclərin hər biri, öz növbəsində, bir neçə 
								yataqxana binası, idman kompleksi və 
								meydançaları, mağaza, bərbərxana, bank,  
								restoran və kafelərdən ibarətdir. Yataqxanalarda 
								tələbələr ən müasir şəraitə malik, mebel və 
								avadanlıqlarla təchiz olunmuş otaqlarla təmin 
								edilirlər. Burada tələbənin sağlamlığı, 
								təhlükəsizliyi, daşınması üçün hər bir şərait 
								yaradılıb. 
								
								
								Yeni Cənubi Uels Universitetində aşağıdakı 
								fakültə və məktəblər fəaliyyət göstərir. 
								
								
								İncəsənət və ictimai elmlər fakültəsi 
								universitetin əsas hissəsindən biridir və 
								Təhsil, İngilis dili, Media və İfaçılıq 
								incəsənəti, Tarix və Fəlsəfə, Dillər və 
								linqvistika, İctimai elmlər və Beynəlxalq 
								tədqiqatlar məktəblərindən ibarətdir. 
								
								
								Təsviri incəsənət fakültəsi İncəsənət, İncəsənət 
								təhsili, Tarix və İncəsənət nəzəriyyəsi, Dizayn 
								tədqiqatları, Media incəsənəti məktəblərindən, 
								eləcə də COFA onlayn akademik bölməsindən 
								ibarətdir.  
								
								 Ətraf 
								mühit quruculuğu fakültəsi arxitektura 
								hesablaması, arxitektura tədqiqatları, tikinti 
								layihələrinin idarəolunması, sənaye dizaynı, 
								interyer arxitekturası, planlaşdırma, landşaft 
								arxitekturası ixtisasları üzrə bakalavr, 
								memarlıq, daşınmaz əmlak/mülkiyyət və inkişaf, 
								planlaşdırma ixtisasları üzrə magistratura və 
								doktorantura proqramları təklif edir. 
								
								
								Mühəndislik fakültəsində Biotibbi, Kimya, 
								Vətəndaş və Ətraf mühit, Kompüter elmləri, 
								Mexanika və Maşınqayırma, Neft işlənməsi, 
								Fotoqalvanik və Yenilənə bilən enerji, 
								Dağ-mədən, Araşdırma və Məkan informasiya 
								sistemləri (əvvəllər Geodeziya) mühəndisliyi, 
								Elektrotexnika və Telekommunikasiya məktəbləri 
								mövcuddur. Bu, universitetin ən böyük 
								fakültəsidir və mütəmadi olaraq kompüter elmləri 
								üzrə keçirilən müxtəlif reytinqlərdə qabaqcıl 
								yerlərdə dayanır. Bu fakültənin tələbələri dünya 
								üzrə bir sıra məşhur layihələrdə iştirak edib 
								("RoboCup" standart platforma liqası ("rUNSWift" 
								2006 və 2010-cu illər), "Sunswift" günəş 
								avtomobili, "SAE-Racing" formula avtomobilləri, 
								"BLUEsat" peyki və s.). Yeni Cənubi Uels 
								Universitetinin Mühəndislik fakültəsi 
								Asiya-Sakit okean regionunun bu sahə üzrə ən 
								nüfuzlu təhsil mərkəzidir. 
								
								
								Dəqiq elmlər fakültəsi Aviasiya, Material elmlər 
								və mühəndislik, Psixologiya, Biologiya, Yer və 
								Ərtaf mühit elmləri, Riyaziyyat və Statistika, 
								Risk və Təhlükəsizlik elmləri, Biotexnologiya və 
								Biomolekulyar elmlər, Optometriya və Görmə elmi, 
								Kimya, Fizika məktəblərindən ibarətdir və 
								universitetin ikinci ən böyük fakültəsidir. 
								Fizika məktəbinin nəzdində Kvant Kompüter 
								Texnologiyaları Mərkəzi, Kimya məktəbinin 
								yanında isə Analitik mərkəz fəaliyyət göstərir.
								 
								
								
								Hüquq fakültəsi Hüquq və Vergilər 
								məktəblərindən, Avstraliya Hüquq İnformasiyası 
								İnstitutu, Kinqsford Hüquq, Qilbert-Tobin 
								İctimai Hüquq, İnsan hüquqları, Yerli Xalqların 
								Hüquqları, Hüquq təhsilinin davam etdirilməsi və 
								s. mərkəzlərdən ibarətdir. Fakültənin Hüquq 
								cəmiyyəti və Qanun Revyu Cəmiyyəti adlı tələbə 
								təşkilatları mövcuddur.  
								
								 Tibb 
								fakültəsinə Tibbi elmlər, Psixiatriya, Səhiyyə, 
								Qadın və Uşaq Sağlamlığı, Şahzadə Uels Kliniki, 
								Kənd rayonları Kliniki, Müqəddəs Georq, Müqəddəs 
								Vinsent, Cənub-Qərbi Sidney Kliniki məktəbləri, 
								eləcə də 4 xəstəxana daxildir.   
								
								
								Biznes Məktəbinin nəzdində Mühasibatlıq, Sığorta 
								tədqiqatları, Bank işi və Maliyyə, Biznes qanunu 
								və Vergilər, İqtisadiyyat, İnformasiya 
								sistemləri, Texnologiya və Menecment, Marketinq, 
								Təşkilatçılıq və İdarəçilik, Strategiya və 
								Sahibkarlıq məktəbləri, eləcə də 10 
								elmi-tədqiqat mərkəzi fəaliyyət göstərir. Məktəb 
								AGSM MBA, AGSM Executive (İcraedici), biznes və 
								texnologiya üzrə magistr proqramları təklif edir 
								və bu proqramlar Avstraliyada ən yaxşılardan 
								hesab olunur. 
								
								
								Avstraliya Müdafiə Qüvvələri Akademiyasının 
								kampusu Kanberra şəhərinin Kempbell şəhərətrafı 
								qəsəbəsində yerləşir.  Akademiya Avstraliyanın  
								müdafiə, hərbi hava, hərbi dəniz qüvvələrinin  
								kiçik  zabitlərinə  ali  hərbi  və  akademik 
								təhsil verir. Ali məktəbdə bakalavr, magistr və 
								doktorluq dərəcələri təklif olunur. Avstraliya 
								Müdafiə Qüvvələri Akademiyası 1967-ci ildə 
								Avstraliya Müdafiə Nazirliyi və  Yeni  Cənubi 
								Uels Universitetinin birgə əməkdaşlığı 
								çərçivəsində yaradılıb. 1998-2006-cı illərdə 
								akademiyanın tələbə və əməkdaşları bir  sıra  
								hadisələrə  görə  ictimaiyyətin  ittihamları ilə 
								üzləşmişdilər.  Həmin andan ali  məktəb  əvvəlki 
								etibarını qazanmağa səy  göstərir.  
								
								
								Yeni Cənubi Uels Universitetində 69-dan çox 
								elmi-tədqiqat mərkəzi mövcuddur. Onlardan ən 
								nəhəngi 5 milli tədqiqat mərkəzidir (Kvant 
								hesablaması, Milli İnformasiya və Kommunikasiya 
								Texnologiyaları, Görmə üzrə, Fotoelektrik və 
								Fotonika, Narkotik vasitələr və Alkoqolizm milli 
								tədqiqat mərkəzləri). Həmçinin universitetdə 6 
								institut, 4 xəstəxana fəaliyyət göstərir. Bütün 
								bunlarla yanaşı, bu ali məktəbdə YUNESKO Membran 
								Elmi və Texnologiyası, Uzaqdan hissetmə və 
								Coğrafi Sistemlər beynəlxalq elmi-tədqiqat 
								müəssisələri yerləşir. Yeni Cənubi Uels 
								Universitetinin kitabxana sistemi 3 milyona 
								yaxın kitab və digər materiallara malikdir. 
								
								
								Yeni Cənubi Uels Universitetinin prezidenti 
								2006-cı ildən bu vəzifədə çalışan professor 
								Frederik Hilmerdir. Prezidentin 3 vitse-kansler 
								müavini və 4 pro-vitse-kansler köməkçisi var. 
								Fakültə və məktəblər dekanlar tərəfindən idarə 
								olunur. Bu ali təhsil ocağında ümumilikdə 6014 
								nəfər işçi çalışır. Onların 2497 nəfərini 
								akademik, qalanlarını isə inzibati heyət təşkil 
								edir. 
								
								
								2009-2010-cu tədris ilində universitetdə 
								tələbələrin ümumi sayı 46630 nəfər olub. 
								Tələbələrin 25000-nə qədərini bakalavr, qalan 
								hissəsini isə magistrant, doktorant və 
								tədqiqatçılar təşkil ediblər. Ali məktəbdə 
								dünyanın 177 ölkəsini təmsil edən 11686 gənc 
								qeydə alınıb. Dünya üzrə universitetin 
								210200-dən çox məzunu var. Yeni Cənubi Uels 
								Universiteti dünya təhsilindən təcrübələnməyə 
								xüsusi diqqət ayırır. Bu məqsədlə burada 
								dünyanın 32 ölkəsinin 190 universiteti ilə 
								mübadilə proqramları təşkil olunub.  
								
								
								Yeni Cənubi Uels Universiteti tədrisin və 
								innovativ tədqiqatların təşkilinə görə 
								beynəlxalq elmi dairələrdə yüksək nüfuz əldə 
								edib. Bu ali təhsil ocağında alim və tələbələr 
								əməkdaşlıq edərək yeni-yeni elmi tədqiqatlar 
								həyata keçirirlər. Bununla yanaşı, müəllim və 
								tələbələr dərsdən sonra bir sıra təşkilat və 
								tədbirlərdə bir araya gələrək cəmiyyət üçün 
								yararlı olmağa çalışır, köməyə ehtiyacı olan 
								ailə və şəxslərə hərtərəfli yardım göstərirlər 
								(insan hüquqları, sağlamlığı, ətraf mühitin 
								mühafizəsi, mədəni və maarifləndirici tədbirlər 
								və s).  
								
								
								Yeni Cənubi Uels Universitetinin şüarı belə 
								səslənir: "Əl və ağılla elm".  Ali məktəb 
								fəaliyyəti və nailiyyətləri ilə bu şüarı 
								doğrultmaqdadır.   
								
								
								
								Universitetin məşhur məzunları  
								
									
										|   | 
										
										
										Mah Bou Tan   | 
										
										
										Sinqapurun milli inkişaf naziri  | 
										  | 
									 
									
										|   | 
										
										
										Rodjer Korbett   | 
										
										
										Avstraliya Ehtiyat Bankının sədri | 
										  | 
									 
									
										|   | 
										
										
										Lüsi Ternbull     | 
										
										
										Sidney şəhərinin sabiq meri | 
										  | 
									 
									
										|   | 
										
										
										Monika Attard   | 
										
										
										Avstraliya Radioyayım Korporasiyasının 
										sahibi | 
										  | 
									 
									
										|   | 
										
										
										Duqlas Daft      | 
										
										
										"Coca-Cola" şirkətinin sabiq icraçı 
										direktoru  | 
										  | 
									 
									
										|   | 
										
										
										Uol Kinq  | 
										
										
										"Leighton Holdings"in baş direktoru | 
										  | 
									 
									
										|   | 
										
										
										Adam Kennedi  | 
										
										
										texnologiya üzrə alim, ixtiraçı 
										proqramçı | 
										  | 
									 
									
										|   | 
										
										
										Metyu Reyli    | 
										
										
										yazıçı | 
										  | 
									 
									
										|   | 
										
										
										Druzilla Moceska | 
										
										
										yazıçı | 
										  | 
									 
									
										|   | 
										
										
										Maykl Venden   | 
										
										
										üzgüçülük üzrə olimpiya çempionu | 
										  | 
									 
									
										|   | 
										
										
										Ceyn Sevill  | 
										
										
										qaçış üzrə olimpiya çempionu | 
										  | 
									 
									 
								
								
								                                                    
								                    Hazırladı: 
								Lamiyə ƏLİYEVA  |