| 
								 
								
								 Sentyabrın 
								28-də  Bakı Slavyan Universitetində BSU ilə 
								Türkiyənin Qazi Universiteti arasında yeni 
								əməkdaşlıq müqaviləsinin imzalanması mərasimi 
								keçirildi. Tədbiri giriş sözü ilə açan BSU-nun 
								rektoru, professor  Kamal Abdullayev bildirdi 
								ki, bu gün universitetin dünyanın bir çox 
								tanınmış təhsil ocaqları  ilə sıx əlaqələri 
								mövcuddur. BSU artıq Türkiyə Respublikasının 
								Qafqaz Universiteti (Qars), Ankara Universiteti 
								(Ankara), Akdeniz Universiteti (Antalya), 
								İstanbul Kültür Universiteti (İstanbul), Qazi 
								Universiteti (Ankara) və digər nüfuzlu təhsil və 
								elm ocaqları ilə əməkdaşlıq edir. Bu gün 
								Türkiyənin məşhur Qazi Universitetinin rektoru, 
								professor Rıza Ayhan və digər qonaqların 
								iştirakı ilə 2005-ci ildə iki universitet 
								arasında bağlanmış müqavilənin  vaxtı başa 
								çatdığından yeni əməkdaşlıq müqaviləsi 
								imzalanacaq. 
								
								
								K.Abdullayev qeyd etdi ki, ötən illər ərzində  
								mövcud müqavilə iki    universitet arasında elm, 
								təhsil, mədəniyyət sahəsində  daha yüksək 
								əlaqələrin qurulması, tələbə-müəllim mübadiləsi, 
								müştərək elmi  konfrans  və  seminarların təşkil 
								olunması üçün əsas rolu oynamışdır. 
								
								
								Bu gün bağlanacaq müqavilədə elm və təhsil 
								sahəsində əməkdaşlıqla bərabər, Bakı Slavyan 
								Universitetinin professor- müəllim kollektivinin 
								Qazi Universitetinin tərkibində fəaliyyət 
								göstərən, dünya  standartlarına cavab verən, son 
								texnologiyalarla təchiz edilmiş tibbi klinikada 
								pulsuz müalicə alması da  nəzərdə tutulmuşdur. 
								
								
								Sonra  Qazi Universitetinin rektoru, professor 
								Rıza Ayhan çıxış etdi. O, Azərbaycanda  
								olmağından və BSU ilə əməkdaşlıq etmələrindən 
								çox  məmnun olduğunu bildirdi və iki universitet 
								arasında bağlanan əməkdaşlıq müqaviləsinin 
								əhəmiyyətindən  ətraflı danışdı. 
								
								
								Həmin gün iki universitet arasında yeni 
								əməkdaşlıq müqaviləsi imzalandı və   qonaqlar 
								BSU ilə yaxından tanış oldular .  
								
								
								
								Şakir CƏFƏROV  |