| 
								 
								
								
								226 müəllim Bakının və ölkənin digər şəhər və 
								rayonlarının ümumtəhsil məktəblərindəki vakant 
								yerlərə işə qəbul olundu  
								
								
								Ölkəmizdə ilk dəfə olaraq 2010-2011-ci dərs 
								ilində ümumtəhsil məktəblərindəki vakant yerlərə 
								müəllimlərin işə qəbulu elektron vasitələr 
								əsasında iki mərhələli müsabiqə mexanizmi tətbiq 
								olunmaqla həyata keçirilmişdir. Avqustun 20-dən 
								bu barədə mətbuatda və Təhsil Nazirliyinin rəsmi 
								saytında elanın yerləşdirilməsi ilə başlayan və 
								təxminən bir ay davam edən müsabiqə proseduru 
								artıq başa çatmış, müsabiqədə qalib gələn 
								müəllimlər öz yeni iş yerlərində fəaliyyətə 
								başlamışlar. Bəs müsabiqə necə keçmişdir? Onun 
								yekunları nə göstərir? Ümumtəhsil 
								məktəblərindəki vakant yerlərin hamısı 
								tutulmuşdurmu?  Təhsil Nazirliyinin Strateji 
								təhlil, planlaşdırma və kadrların idarə olunması 
								şöbəsindən müsabiqənin yekunları haqqında 
								əməkdaşımıza verilən məlumat əsasında 
								hazırlanmış aşağıdakı yazıda həmin suallara 
								cavab tapmaq mümkündür.  
								
								
								
								İnsan amilinin iştirakını istisna edən proqram 
								təminatı  
								
								
								Müəllimlərin işə qəbulunda yeni mexanizmin 
								tətbiqinə ötən ildən başlanıb. Belə ki, hələ 
								ötən il müəllimlər Təhsil Nazirliyinin rəsmi 
								saytında işə qəbul üçün açılan səhifədə vakant 
								yerlərlə tanış olub, oradan öz seçimlərini etmək 
								və elektron ərizələrini doldurmaqla işə qəbul 
								müsabiqəsinə qatılmışdılar. 
								
								
								Lakin ötən il elektron ərizə ilə müraciət edən 
								1044 nəfərlə müsabiqə imtahanları test üsulu ilə 
								yazılı şəkildə aparılmış, onların yoxlanması da 
								insan amilinin iştirakı ilə, yəni işə qəbul üzrə 
								komissiyanın üzvləri tərəfindən həyata 
								keçirilmişdi. 
								
								
								Bu il həmin mexanizmin təkmilləşdirilməsi 
								istiqamətində daha bir mühüm addım atılmış, 
								müəllimlərin işə qəbulu elektron vasitələr 
								tətbiq olunmaqla aparılmışdır. Belə ki, 
								Azərbaycan Respublikasının təhsil naziri cənab 
								Misir Mərdanovun tapşırığına  əsasən 
								müəllimlərin işə qəbulu prosesində insan 
								amilinin tamamilə aradan qaldırılması məsələsini 
								həll etmək üçün nazirliklə "Ultra" şirkəti 
								arasında əldə olunmuş razılığa əsasən işə 
								qəbulun proqram təminatının həyata keçirilməsi 
								planlaşdırılmış və o, 2010-cu ilin iyun-avqust 
								aylarında reallaşdırılmışdır. 
								
								
								Bu proqram işə qəbul prosesində müəllimlərdən 
								vakant yerlərə elektron ərizələrinin qəbulu ilə 
								yanaşı, bir sıra digər imkanlar da yaratmışdır. 
								Belə ki, reqlamentdə vakant yerlərin seçimi 
								aparılarkən namizədlərə dörd müxtəlif vakant 
								yeri seçmək imkanının verilməsi nəzərdə 
								tutulmuşdur. Eyni zamanda, elektron ərizədə 
								seçdiyi 4 yerdən birinə düşə bilməyən müəllimə 
								nazirlik tərəfindən hər hansı boş qalan vakant 
								yerə təklif imkanı da yaradılmışdır. 
								
								
								Proqramın ən üstün cəhətlərindən biri isə burada 
								elektron ərizəsini təsdiqdən keçirən hər bir 
								namizədə "şəxsi kabinet" imkanının verilməsidir. 
								Hər bir müəllim öz kodu və parolu vasitəsi ilə 
								"şəxsi kabinet"inə daxil olub imtahanın 
								keçirilmə vaxtı, yeri, gedişi və nəticələri 
								barədə, habelə özü haqqında ətraflı məlumatları 
								əldə edə bilər. Bu isə işə qəbul prosesinə kömək 
								edən ən müsbət amillərdən biri olmuşdur. 
								Elektron ərizənin doldurulması prosesini 
								asanlaşdırmaq üçün vakant yerlərin hər biri həm 
								də kodlaşdırılmışdır. Dörd seçimi etmək üçün 
								namizəd bu kodların hər birini qeyd edib, yadda 
								saxlayır, çap edir və istədiyi ardıcıllıqla 
								elektron ərizəsinə daxil edir. 
								
								
								Yeni mexanizm müsabiqənin təşkilatçıları ilə 
								onun iştirakçıları arasında əlaqəni də 
								təkmilləşdirmişdir. İndi bu əlaqə telefon və 
								yazışma vasitəsi ilə deyil, İnternetdən istifadə 
								ilə mümkün olur. Hər bir namizəd öz "şəxsi 
								kabinet"inə  daxil olmaqla bu prosesi həyata 
								keçirir. Yeri gəlmişkən qeyd edək ki, sözügedən 
								proqram çox qısa müddətdə hazırlanmışdır. Bu 
								tipdən olan proqramlar adətən uzun müddətə-altı 
								aya, bir ilə hazırlandığı halda, "Ultra" 
								şirkətinin Təhsil Nazirliyinin texniki 
								tapşırıqlarını çevik icra etməsi nəticəsində 
								həmin proqram cəmi üç aya formalaşmışdır.  
								
								
								
								288 vakant yerə 3171 nəfər ərizə vermişdir  
								
								
								2010-2011-ci tədris ili üçün ölkənin ümumtəhsil 
								məktəblərində 198-i Bakı, 90-ı isə 11 şəhər və 
								rayonda olmaqla 288 vakant müəllim yeri 
								olmuşdur. Həmin yerlərə müəllim qəbulu üçün 
								avqustun 20-də "Azərbaycan müəllimi" qəzetində 
								elan verilmişdir. Vakant  yerlərə müəllim qəbulu 
								ilə bağlı reqlament həm də Təhsil Nazirliyinin 
								rəsmi İnternet saytında yerləşdirilmişdir. 
								Namizədlərin vakant yerlərlə  tanışlığına və 
								elektron ərizələrinin doldurulmasına avqustun 
								20-dən başlanmış və bu proses avqustun 27-dək 
								davam etmişdir. 8 gün ərzində işə girmək istəyən 
								müəllimlər həm qəbul prosesinin necə həyata 
								keçirildiyini əks etdirən reqlamentlə, həm də 
								seçim etmək üçün vakant yerlərlə tanış olmuş, 
								elektron ərizələrini doldurmuşlar. 
								
								
								Ümumilikdə 3171 nəfər elektron ərizə vermişdir. 
								Onlardan 1815 nəfərin ərizəsi təsdiqlənmişdir. 
								Təkcə elektron ərizə doldurmaq imtahanda iştirak 
								üçün kifayət etmədiyindən həm də ərizə vermiş 
								namizədlərdən sənədlərin qəbulu aparılmışdır. Bu 
								iş avqustun 23-dən 31-dək davam etmiş, sonrakı 3 
								gün ərzində, yəni sentyabrın 3-dək isə 
								namizədlərə imtahana buraxılıb-buraxılmaması, 
								imtahanların vaxt və yeri haqqında məlumatlar 
								göndərilmişdir. 
								
								
								Təhsil Nazirliyindən qeyd etmişlər ki, 
								sənədlərin qəbulu namizədlərin elektron ərizədə 
								yazdıqları məlumatların düzgünlüyünü 
								müəyyənləşdirmək üçündür. Məlum olduğu kimi, 
								elektron ərizədə namizəd özü haqqında geniş 
								məlumatı da əks etdirir. Bu məlumata namizədin 
								aldığı təhsilin səviyyəsi, İKT bacarıqları, 
								ayrı-ayrı müsabiqədə və ixtisasartırma 
								kurslarında iştirakı, fəaliyyəti dövründə 
								əməyinin qiymətləndirilməsi və digər 
								göstəricilər daxildir. Həmin göstəricilərin hər 
								biri üçün müəyyən ballar nəzərdə tutulur. 
								Müəllim haqqında verilmiş həmin məlumatlar 
								əsasında işə qəbulun ilkin qiymətləndirilməsi 
								aparılır. Bu, proqram tərəfindən həyata 
								keçirilir. Yəni burada da heç bir insan amili 
								rol oynamır. Göstəricilər daxil edilən kimi 
								kompüter proqramı balları avtomatik olaraq 
								toplayır və ilkin qiyməti namizədin qarşısında 
								qeyd edir. Həmin məlumatların düzgünlüyü isə 
								namizədlərin Təhsil Nazirliyinin müsabiqə 
								komissiyasına təqdim etdikləri müvafiq sənədlər 
								əsasında yoxlanılır. Bu qayda ilə sənədlərini 
								təqdim etmiş 2000-dən artıq namizəddən 1815 
								nəfərinin ərizəsi təsdiq olunmuş və onlar 288 
								vakant yerə qarşı müsabiqəyə qatılmışlar. 
								
								
								Müsabiqə reqlamentə uyğun olaraq iki formada - 
								müsahibə və test imtahanı formalarında həyata 
								keçirilmişdir. 
								
								
								Bu gün üçün hələlik test imtahanı aparmaq tez 
								olan fiziki tərbiyə, gənclərin çağırışaqədərki 
								hazırlığı, əmək hazırlığı, rəsmxət, təsviri 
								incəsənət, musiqi və nəğmə fənlərindən 
								müəllimlərin vakant yerlərə işə qəbulu 
								nazirliyin müsabiqə komissiyası tərəfindən 
								müsahibə yolu ilə aparılmışdır. Müsahibə üçün 
								meyarlar müəyyənləşdirilmiş, onun nəticəsi 10 
								ballıq sistemlə qiymətləndirilmişdir. Adıçəkilən 
								fənlər üzrə vakant yerlərə işə qəbul üçün 
								müsahibələr sentyabrın 7-8-də aparılmış, 
								müsahibə zamanı namizədlərə onların təhsilini, 
								təcrübəsini, ixtisası ilə bağlı peşə 
								bacarıqlarını müəyyənləşdirməyə imkan verən 
								suallar verilmişdir. 
								
								
								Digər fənlərdən, yəni dil və ədəbiyyat, 
								riyaziyyat, informatika, fizika, kimya, 
								biologiya, tarix, coğrafiya, xarici dil 
								(ingilis, fransız, alman dilləri), həmçinin 
								ibtidai sinif müəllimi ixtisası üzrə vakant 
								yerlərə müsabiqə test imtahanı yolu ilə 
								keçirilmişdir. İmtahanda hər namizədə fərdi 
								olaraq kompüterdə uyğun ixtisaslar üzrə məktəb 
								proqramı əsasında tərtib edilmiş 25 test 
								tapşırığı verilmiş və bunun cavablandırılmasına 
								40 dəqiqə vaxt ayrılmışdır. Hər bir düzgün cavab 
								1 balla qiymətləndirilmişdir. 
								
								
								Test imtahanı bu qaydada keçmişdir: Hər bir 
								namizəd onun üçün müəyyənləşdirilmiş vaxtda bir 
								saat tez gəlməklə qeydiyyatdan keçmiş və imtahan 
								otağına daxil olaraq orada müvafiq təlimat 
								almışdır. Sonra onun üçün müəyyənləşdirilmiş 
								fərdi kompüterin qarşısında oturaraq şəxsi 
								kodunu kompüterə daxil edib, zəruri 
								informasiyaya çıxmış,"imtahanı başla" düyməsini 
								basmaqla onun üçün ayrılmış 40 dəqiqə ərzində 
								testləri cavablandırmışdır. Vaxtın tamamında 
								namizəd "imtahanı başa çatdır" düyməsini 
								basmaqla həmin anda da neçə suala düzgün cavab 
								verdiyini görüb imtahan otağını tərk etmişdir. 
								Test tapşırıqlarının 80 və daha yüksək faizinə 
								düzgün cavab vermiş namizədlər keçid balını 
								toplamış hesab olunmuşdur. 
								
								
								Elə həmin gün imtahan başa çatdıqdan sonra 
								kompüter proqramı keçid balını toplamış 
								namizədlərin yüksək baldan başlayaraq vakant 
								yerlərə yerləşdirilməsini həyata keçirmiş və bu 
								haqda məlumat namizədlərin şəxsi kodlarına 
								göndərilmişdir.  
								
								
								
								62 vakant yer qalıb  
								
								
								Qeyd olunan fənlərdən vakant yerlərə qəbul üçün 
								test imtahanları sentyabrın 13-dən 17-dək Təhsil 
								Nazirliyinin Təhsilin İnformasiyalaşdırılması 
								İdarəsinin nəzdində fəaliyyət göstərən Təlim 
								mərkəzində aparılmışdır. Həmin Təlim mərkəzində 
								imtahanların təşkili və keçirilməsi üçün bütün 
								zəruri şərait və texniki təchizat yaradılmışdır. 
								
								
								Beləliklə, aparılmış müsabiqə nəticəsində 288 
								vakant yerə qarşı 226 nəfər işə qəbul 
								olunmuşdur. 62 yer vakant qalmışdır. Buna səbəb 
								həmin yerləri seçənlərin az bal toplaması, eyni 
								zamanda, vakant yerlərin olduğu məktəblərin 
								uzaqlığı üzündən onları seçənlərin az olmasıdır. 
								Həmin vakant yerlərə növbəti mərhələdə işə 
								qəbulun həyata keçirilməsi nəzərdə tutulur. 
								
								
								İmtahanlar əsasən uğurla keçmiş, müsabiqədə 
								iştirak edən namizədlərin böyük əksəriyyəti 
								kompüterdən istifadə bacarıqlarına malik 
								olduqlarından heç bir çətinlik çəkməmişlər. 
								
								
								Bu işdə imtahanqabağı onlara verilən təlimat da 
								mühüm rol oynamışdır. Belə ki, imtahandan əvvəl 
								hər namizədə imtahan zamanı necə hərəkət etməsi, 
								suallarla necə davranması, sualları 
								cavablandırarkən kursoru necə hərəkət etdirməsi, 
								düyməni necə basması, düzgün cavabı necə qeyd 
								etmək lazım gəlməsi, sualları necə ardıcıl və ya 
								ixtiyari qaydada seçməsi, cavablandırdığı sualı 
								təkrarən cavablandırmaq imkanının olması və s. 
								barədə zəruri informasiyalar verilmişdir. Sözsüz 
								ki, bu təlimatlar namizədlərə imtahanda vaxtdan 
								səmərəli istifadə etməyə imkan yaratmışdır. 
								
								
								Əlbəttə, bu təcrübə ölkədə ilk dəfə tətbiq 
								olunduğundan bəzi kiçik problemlər də özünü 
								göstərib. Proses zamanı müəllimlərin bir çoxunun 
								elektron ərizələrini doldurmaqda və onu 
								qeydiyyatdan keçirməkdə çətinlik çəkdikləri 
								məlum olub ki, bu da, əsasən, müəllimlərin hələ 
								İnternet imkanlarından kifayət qədər 
								istifadəetmə bacarıqlarının olmaması ilə 
								bağlıdır. Eyni zamanda, ölkədə hələ də hər bir 
								məkanda İnternetin kifayət qədər sürətlə 
								işləməməsi nəticəsində bəzi hallarda müəllimlər 
								elektron ərizələrinin doldurulmasından 
								şikayətlənmişlər. Lakin bu problemlərin yalnız 
								özləri ilə bağlı və texniki məsələ olması onlara 
								izah olunmuşdur. Namizədlərin bəzilərinin 
								kompüterdən istifadə bacarıqlarına kifayət qədər 
								yiyələnmədiklərindən imtahanda çətinlik 
								çəkdiklərini büruzə vermələri təəssüf doğurur. 
								Əslində imtahanların kompüter vasitəsi ilə 
								aparılmasının bir məqsədi də işə qəbul olan 
								müəllimlərin kompüter bacarıqlarının 
								yoxlanmasıdır. Bu tələb imtahana qatılan 
								müəllimlərin əvvəldən ən sadə və primitiv də 
								olsa müəyyən İKT bacarıqlarına yiyələnmələrini 
								nəzərdə tutur.  
								
								
								
								İbtidai sinif müəllimi ixtisası, ingilis dili, 
								dil-ədəbiyyat, riyaziyyat və b. fənlərdən vakant 
								yerlərə daha yüksək müsabiqə vəziyyəti yaranıb  
								
								
								288 vakant yerə qarşı ərizəsi təsdiqlənmiş 1815 
								iddiaçı iştirak etdiyindən işə qəbul prosesində 
								yüksək müsabiqə vəziyyəti qeydə alınıb. 
								Ümumilikdə orta hesabla bir boş yer uğrunda, 
								təxminən, 6 iddiaçı mübarizə aparıb. Bəzi fənlər 
								üzrə isə daha yüksək müsabiqə vəziyyəti yaranıb. 
								Belə ki, ibtidai sinif müəllimi ixtisası üzrə 
								10-u Bakının, 10-u isə ölkənin digər şəhər və 
								rayonlarının ümumtəhsil məktəblərində olmaqla 
								cəmi 20 vakant yer olduğu halda, 361 nəfər 
								müsabiqədə iştirak edib. İngilis dilindən 28 
								vakant yerə qarşı 340 nəfər, dil və ədəbiyyatdan 
								12 vakant yerə qarşı 266 nəfər, riyaziyyat  
								fənni üzrə 16 vakant yerə qarşı 201 nəfər 
								mübarizə aparıb. 
								
								
								Reqlamentdə müəyyənləşdirilmiş qaydaya əsasən, 
								proqram özü ən yüksək nəticə toplamış və ən 
								yüksək göstəriciləri olan müəllimdən başlayaraq 
								vakant yerlər bitənədək yerləşdirməni həyata 
								keçirib. 
								
								
								Əlbəttə, vakant yerlər tutulduqdan sonra 
								göstəriciləri yüksək olanlardan kənarda qalanlar 
								da olub. Belələri əsasən seçimini düzgün 
								etməyənlərdir. Lakin elə hal da olub ki, 
								məsələn, yüksək bal toplayan iddiaçı seçdiyi 
								yerə düşə bilməyib. Buna səbəb həmin yerin daha 
								yüksək bal toplayanlar tərəfindən tutulmasıdır. 
								Komissiya tərəfindən belələrinə, yəni yüksək bal 
								topladığı halda müsabiqədən kənarda qalanlara 
								dərs ili ərzində vakant yerlər yaranarsa həmin 
								yerlərə yerləşdiriləcəkləri barədə məlumatlar 
								verilib. Bununla yanaşı ola bilər ki, bəzi 
								müəllimlər nisbətən az balla seçdiyi fənn üzrə 
								vakant yerə qəbul olunub. Bu o deməkdir ki, 
								ondan çox bal toplayanlar həmin yeri 
								seçməyiblər. 
								
								
								Sonda bir daha qeyd etməyi lazım bilirik ki, 
								vakant yerlərə seçim insan amilinin iştirakı 
								olmadan, müvafiq proqram tərəfindən 
								imtahanverənlərdən hər birinin topladığı ballara 
								və etdiyi seçimə uyğun aparılıb. Əgər toplanmış 
								keçid balı iddiaçının birinci seçib, qeyd etdiyi 
								yerə düşməyə imkan verirsə, ora, imkan vermirsə, 
								növbəti, yəni 2-ci seçdiyi yerə, ora da uyğun 
								gəlmirsə, 3-cü, həmin qayda ilə 4-cü yerə 
								yerləşdirilib. İxtiyari yerə getməyə razı 
								olduğunu bildirən və 5-ci icazəni də ərizəsində 
								qeyd edən iddiaçılar isə tutulmayan hər hansı 
								vakant yerə yerləşdirilir.  
								
								
								Təhsil Nazirliyindən aldığımız məlumata görə, 
								ölkənin ümumi təhsil müəssisələrini daha 
								keyfiyyətli kadrlarla təmin etmək üçün gələcəkdə 
								tədris ili ərzində 2 dəfə (tədris ilinin 
								əvvəlində və I yarımilin sonunda) işə qəbulun 
								aparılması nəzərdə tutulmuşdur.  
								
								
								
								Yusif ƏLİYEV  |