| 
								 
								
								İnsanın ən ali və əzəli hisslərindən olan 
								vətənpərvərlik hər kəsin doğulub boya-başa 
								çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu 
								ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin 
								vətənpərvərlik təkcə Vətəni sevmək deyildir. 
								Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, 
								Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda 
								qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, 
								Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu 
								hiss insanda anadangəlmə olsa da, bütün digər 
								hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu 
								ilə daha da möhkəmlənir, artır. Vətənpərvərlik 
								insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən 
								olduğundan onun böyüməkdə olan nəslə aşılanması, 
								uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik 
								ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən 
								mühüm istiqamətlərindən, məktəbin ən vacib 
								vəzifələrindən olub. 
								
								
								 Müasir 
								dövrdə təhsilin qarşısında qoyulmuş fəal 
								vətəndaşlar yetişdirmək vəzifəsi də məhz 
								sistemli, ardıcıl aparılan vətənpərvərlik 
								tərbiyəsinin nəticəsində reallaşdırılır. 
								
								
								Ulu öndərimiz, müstəqil Azərbaycanımızın memarı 
								və qurucusu  Heydər Əliyev məhz buna görə də 
								vətənpərvərlik tərbiyəsinə, uşaq və gənclərin 
								vətənpərvər ruhda böyüməsinə xüsusi əhəmiyyət 
								verir və bunu çıxışlarında dönə-dönə biz 
								müəllimlərə tövsiyə edirdi. Təhsil işçiləri ilə 
								çoxsaylı görüşlərinin birində böyük öndər 
								demişdir: "Bizim gənclər, təhsil alan nəslimiz 
								gərək məktəblərdə ilk addımlarından 
								vətənpərvərlik əhvali-ruhiyyəsi ilə tərbiyə 
								olunsun. Bütün dərslər, xüsusən də humanitar 
								fənlər gərək gənclərimizə Vətənə sədaqət, 
								vətənpərvərlik ruhu aşılasın, tərbiyə etsin". 
								
								
								Biz müəllimlər öz fəaliyyətimizdə ulu 
								öndərimizin bu tövsiyəsini həmişə diqqət 
								mərkəzində saxlayır və ona əməl etməyə 
								çalışırıq. 
								
								
								Məlumdur ki, təlim-tərbiyə işinin bütün 
								sahələrində, istiqamətlərində olduğu kimi 
								vətənpərvərlik tərbiyəsinin də əsası ibtidai 
								siniflərdə qoyulur və o, sonrakı təlim 
								pillələrində daha da inkişaf etdirilir. Bu 
								mənada böyüməkdə olan nəslin vətənpərvərlik 
								tərbiyəsində ibtidai sinif müəllimlərinin 
								üzərinə böyük məsuliyyət düşür. Onlar məktəbə 
								qədəm qoyan körpə fidanların qəlbində elə ilk 
								günlərdən Vətənə məhəbbət aşılamağa, onu güclü 
								vətənpərvərlik hissinə çevirməyə 
								çalışmalıdırlar. Məhz bütün bunları nəzərə 
								alaraq dərs dediyim ibtidai siniflərdə 
								şagirdlərin vətənpərvərlik tərbiyəsinə xüsusi 
								fikir verir, istər dərslərdə, istərsə də 
								sinifdənxaric və məktəbdənkənar tədbirlər zamanı 
								bu istiqamətdə müntəzəm iş aparıram. 
								
								
								Şagirdlərin vətənpərvərlik və Vətənə məhəbbət 
								hissi tərbiyəsinin ən vacib məqamlarından biri 
								onların yaşadığı kənd, şəhər, ölkə haqqında 
								geniş məlumata malik olmaları və onu 
								tanımalarıdır. Bu məqsədlə mən istər dərslərdə, 
								ayrı-ayrı mövzuların, mətnlərin öyrədilməsi 
								zamanı, istərsə də müxtəlif mövzularda tez-tez 
								keçirdiyim dərsdənkənar tədbirlərdə Vətənimiz, 
								onun zəngin flora və faunası, yeraltı və yerüstü 
								sərvətləri, maddi-mədəniyyət abidələri haqqında 
								geniş məlumat verməyə çalışıram. 
								
								
								Şagirdlərə çatdırıram ki, doğma Vətənimiz 
								Azərbaycan Yer kürəsinin yaşayış üçün ən 
								əlverişli coğrafi nöqtələrindən birində 
								yerləşir. Dünyanın 11 iqlim qurşağından 9-na 
								ölkəmizdə rast gəlmək mümkündür. Təbii şəraitinə 
								görə də ölkəmiz çox əlverişli olub dağlıq və 
								düzənliklərdən, yayla və meşəliklərdən 
								ibarətdir. Yaşayış üçün əlverişli iqlimə və 
								təbii şəraitə malik olduğundan Azərbaycan ən 
								qədim insan məskənlərinin olduğu ölkə kimi 
								tanınır. Vətənimiz yeraltı və yerüstü 
								sərvətlərlə zəngindir.  
								
								
								Ölkəmiz, onun təbiəti, təsərrüfatı, təbii 
								sərvətləri haqqında əxz etdikləri biliklər 
								şagirdlərdə dərin iftixar hissi yaradır, onlarda 
								vətənpərvərlik hissini daha da gücləndirir. 
								
								
								Ölkəmizin tarixi haqqında sistemli, uşaqların 
								başa düşəcəyi tərzdə verilən məlumatlar da 
								vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. 
								İstər dərsliklərdəki ayrı-ayrı mətnlərdə, 
								istərsə də aparılan tərbiyəvi söhbətlər, 
								tədbirlər zamanı verilən belə məlumatlardan 
								şagirdlər Vətənimizin zəngin tarixi, xalqımızın 
								zaman-zaman öz varlığını qorumaq  üçün apardığı 
								mübarizələr, azadlıq və müstəqillik uğrunda 
								gedən mücadilələr haqqında biliklər əldə edir, 
								bu biliklər əqidəyə çevrilərək onlarda 
								vətənpərvərlik hisslərini daha da artırır. 
								
								
								Vətənpərvərlik tərbiyəsində xalqımızın qəhrəman 
								oğulları, tarixi şəxsiyyətlər haqqında 
								şagirdlərə verilən məlumatlar, aşılanan biliklər 
								də güclü təsir qüvvəsinə malikdir. İbtidai 
								məktəbin bütün sinifləri, o cümlədən hazırda 
								dərs dediyim 3-cü sinif üçün dərsliklərdə belə 
								məlumatları özündə ehtiva edən mətnlər, nağıl və 
								dastanlardan parçalar kifayət qədərdir. 
								
								
								Üçüncü sinif üçün yeni kurikulum əsasında 
								hazırlanmış "Azərbaycan dili" dərsliyi bu 
								baxımdan, xüsusilə təqdirəlayiqdir. Dərsliyin 
								məzmununu əks etdirən 8 bölmədən 6-da cəmlənmiş 
								mövzular demək olar ki, bilavasitə 
								vətənpərvərlik tərbiyəsinə xidmət edir. 
								
								
								Bu baxımdan dərsliyin "Mənəvi dəyərlər", 
								"Sevimli qəhrəmanlarım", "Tarixi şəxsiyyətlər", 
								"Bayramlar və tarixi günlər", "Hikmət xəzinəsi", 
								"Mədəni irsimiz" bölmələrində verilmiş demək 
								olar ki, bütün mətnlər vətənpərvərlik tərbiyəsi 
								üçün əsl örnəkdir. 
								
								
								Onlar haqqında verilən məlumatlar əsasında 
								şagirdlər həm tarixin müəyyən mərhələlərində 
								xalqımızın həyatında, yadellilərə qarşı 
								mübarizədə, müstəqilliyimizin əldə olunmasında, 
								dövlətçiliyimizin qorunmasında, 
								mədəniyyətimizin, ədəbiyyatımızın inkişafında 
								böyük rol oynamış qəhrəmanları, tarixi 
								şəxsiyyətləri, mədəniyyət xadimlərimizi tanıyır, 
								həm də onların həyat və mübarizə yolu timsalında 
								vətənpərvər kimi yetişirlər. 
								
								
								Mən çox vaxt dərsliklərdə verilən həmin 
								mətnlərlə kifayətlənmir, daha geniş məlumatlar 
								əldə edərək şagirdlərə çatdırır, onların 
								özlərini müstəqil çalışmaq, axtarışlar aparmaq 
								yolu ilə belə məlumatlar toplamağa sövq edirəm. 
								Təbii ki, şagirdlərin özlərinin bu istiqamətdə 
								axtarışları onlara daha çox tərbiyəvi təsir 
								göstərir. 
								
								
								Ölkəmizdə qeyd olunan milli və dövlət 
								bayramları, tarixi günlər də əvəzsiz 
								vətənpərvərlik tərbiyəsi vasitəsidir. Bu bayram 
								və tarixi günlərin bir qismi haqqında 
								dərsliklərdə verilmiş mətnlərdə söz açılır. O 
								cümlədən də hazırda dərs dediyim III sinfin 
								"Azərbaycan dili" dərsliyindəki 6-cı bölmə məhz 
								bayramlar və tarixi günlərə həsr olunub. Bu 
								mətnlər şagirdlərin bayram və tarixi günlər 
								haqqında məlumatlarını xeyli genişləndirməyə 
								imkan verir. Lakin mən bunlarla da 
								kifayətlənmir, qeyd olunan ərəfədə bütün 
								bayramlar və tarixi günlər haqqında şagirdlərə 
								məlumatlar verirəm. Şagirdlərin iştirakı ilə bir 
								sıra milli və dövlət bayramlarımıza həsr olunmuş 
								tədbirlər keçirirəm. Belə tədbirlər emosional 
								ruhda kökləndiyindən şagirdlərin vətənpərvərlik 
								tərbiyəsinə daha güclü təsir edir. 
								
								
								Təcrübəmdən bu qənaətə gəlmişəm ki, göstərilən 
								istiqamətlərdə şagirdlərlə aparılan 
								vətənpərvərlik tərbiyəsi işi onların Vətənə 
								məhəbbət  və sədaqət ruhunda böyümələrinə, 
								xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi 
								keyfiyyətlərə yiyələnmələrinə müsbət təsir 
								göstərir.  
								
								
								
								Qafilə ƏLİYEVA, 
								Bakıdakı 164 nömrəli orta məktəbin 
								ibtidai sinif müəllimi  |