| 
								 
								
								 Son 
								illər yeniyetmə və gənclərimiz arasında idmana 
								maraq artmaqda, bu sahədə qazanılan 
								nailiyyətlərin sayı  çoxalmaqdadır. Azərbaycan 
								idmançılarının olimpiya oyunlarında, dünya və 
								Avropa  çempionat və birinciliklərində, bir çox 
								mötəbər turnirlərdə  göstərdikləri uğurlu 
								nəticələr təbii ki, azərbaycanlı kimi hər 
								birimizi sevindirir. 
								
								
								Bu günlərdə daha bir həmyerlimizin idman 
								uğurunun sevincini yaşadıq. Bolqarıstanın Sofiya 
								şəhərində gənclər arasında keçirilmiş Avropa 
								birinciliyindən növbəti qələbə ilə Vətənə dönən 
								Vüqar Tofiq oğlu Şirinli yetirməsi olduğu 
								"Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt 
								filialının rəhbərliyinin və məşqçi-müəllimi  
								Emin Baydullayevin ona olan ümidlərini 
								doğruldub. 
								
								
								 2002-ci 
								ildən "Təhsil" Respublika İdman Mərkəzinin 
								Sumqayıt filialında cüdo ilə məşğul olan Vüqar 
								bir müddətdən sonra  artıq öz yaşıdları arasında 
								fərqləndi, əldə etdiyi yüksək nəticələri ilə 
								tanındı. 2007-ci ildən yeniyetmə və gənclər 
								arasında keçirilən istər Azərbaycan, istərsə də 
								Avropa birinciliklərində, beynəlxalq 
								turnirlərdə, dünya kuboku yarışlarında iştirak 
								edən Vüqar öz rəqiblərinə qalib gələrək mükafata 
								layiq yerlər tutub. 2010-cu il də gənc idmançı 
								üçün növbəti uğurlu illərdən biri hesab oluna 
								bilər. Belə ki, o, bu  il 10-12 mart 
								tarixlərində Sumqayıt şəhərində gənclər arasında 
								keçirilən Azərbaycan birinciliyində I yerə, 
								23-25 iyul tarixlərində Polşanın Cltneva 
								şəhərində keçirilən Avropa kuboku yarışlarında 
								da I yerə, 17-19 sentyabr tarixlərində 
								Bolqarıstanın Sofiya şəhərində  keçirilən Avropa 
								birinciliyində III yerə layiq görülüb.   
								 
								
								
								Vüqar hər dəfə Vətənə qalib kimi dönəndə özünü 
								xoşbəxt saydığını deyir.  Gənc idmançı xüsusilə  
								xarici ölkələrdə keçirilən nüfuzlu yarışlarda 
								tatami üzərinə bir amalla - rəqibinə qalib 
								gələrək üçrəngli bayrağımızı yüksəkliyə 
								qaldırmaq arzusu ilə çıxdığını bildirir.  
								
								
								
								Samirə HÜSEYNQIZI  |