| 
								 
								
								Dahi bəstəkar Üzeyir Hacıbəylinin 125 illik 
								yubileyi münasibətilə Azərbaycan Müəllimlər 
								İnstitutunda tədbir keçirildi. 
								
								
								İnstitutun professor-müəllim heyəti və 
								tələbələrin iştirakı ilə keçirilən tədbiri giriş 
								sözü ilə AMİ-nin rektoru, professor A.Naxçıvanlı 
								açaraq bildirdi ki, bu il nəinki Azərbaycanın, 
								bütün Şərq dünyasının dahi bəstəkarı, publisist, 
								dramaturq, pedaqoq və ictimai xadim, müstəqil 
								Azərbaycan Respublikası himninin musiqisinin 
								müəllifi kimi tanınmış bir şəxsiyyətin - Üzeyir 
								Hacıbəylinin yubiley ilidir. Azərbaycan 
								Respublikasının Prezidenti İlham Əliyev 2010-cu 
								il fevralın 23-də xüsusi bir sənəd - "Üzeyir 
								Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi 
								haqqında" Sərəncam imzalamışdır. Bu dahi 
								şəxsiyyətin xatirəsi Azərbaycan xalqının 
								qəlbində daim yaşayır. 
								
								
								Rektor tədbiri açıq elan etdikdən sonra 
								tələbələrin ifasında Azərbaycan Respublikasının 
								Dövlət himni səsləndirildi. 
								
								
								İnstitutun musiqi müəllimi Şəhla Quliyeva Üzeyir 
								Hacıbəylinin həyat və fəaliyyəti haqqında məruzə 
								ilə çıxış etdi. 
								
								
								Tədbirdə dahi bəstəkara həsr olunmuş rejissoru 
								və ssenari müəllifi, yazıçı Anar olan "Üzeyir 
								ömrü" filminin nümayişi maraqla qarşılandı.
								 
								
								
								
								Rəşad ZİYADOV  |