| 
								 
								
								   
								
								
								Əliyev Viktor Əli oğlu 1950-ci il oktyabrın 3-də 
								Şamaxı şəhərində müəllim ailəsində dünyaya göz 
								açıb. 1957-ci ildə Şamaxı şəhər 2 nömrəli (rus) 
								orta məktəbin I sinfinə gedib. 1967-ci ildə 
								həmin məktəbi gümüş medalla bitirən Viktor 
								V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji 
								İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji 
								Universiteti) riyaziyyat fakültəsinə daxil olub. 
								1971-ci ildə ali məktəbi müvəffəqiyyətlə başa 
								vurduqdan sonra təyinatla Şamaxı rayonuna 
								göndərilib. Və vaxtilə təhsil aldığı Şamaxı 
								şəhər 2 nömrəli (rus) orta məktəbində riyaziyyat 
								müəllimi kimi ilk əmək fəaliyyətinə başlayıb. 
								1971-ci ilin payızından 1972-ci ilin payızına 
								qədər hərbi xidmətdə olub. Xidmətdən qayıtdıqdan 
								sonra yenidən doğma məktəbindəki işini davam 
								etdirib. Səmərəli pedaqoji fəaliyyətinə, yüksək 
								insani keyfiyyətlərinə görə 1977-ci ilin 
								oktyabrında irəli çəkilərək işlədiyi 2 nömrəli 
								məktəbə direktor təyin edilib. Rəhbərliyin 
								etimadını qazanan Viktor Əliyev 1978-ci ildən 
								1990-cı ilə kimi Şamaxı Rayon Partiya 
								Komitəsində təlimatçı və siyasi maarif 
								kabinetinin müdiri vəzifələrində çalışıb. O, 
								1984-1986-cı illərdə Bakı Ali Partiya məktəbində 
								əyani təhsil alıb. 1990-cı ilin dekabrından 
								Şamaxı RTŞ-ın müdiri vəzifəsində çalışır. 
								İşlədiyi müddətdə bir sıra dövlət mükafatlarına, 
								fəxri fərman və diplomlara layiq görülüb. 
								2005-ci ildə ona "Azərbaycan Respublikasının 
								əməkdar müəllimi" fəxri adı verilib. 
								
								
								Evlidir, iki övladı və beş nəvəsi var. 
								
								
								Həftə ötür, ay dolanır, il keçir. Və keçən hər 
								il ömürdən gedir. Bu minvalla hər bir insan 
								İlahi tərəfindən ona bəxş edilmiş ömür payından 
								yaşayaraq arxada qoyduğu illərdə özünəməxsus 
								izləri ilə bir tarix yaradır. Yaşının müdrik 
								çağına çatanda uzun illərin arxasından boylanıb 
								yaşadığı kəşməkəşli həyat yolunda qazandığı 
								nailiyyətlərinə, arzusunda olub, lakin əldə edə 
								bilmədiklərinə nəzər salır. Xalqının 
								maariflənməsi, Vətəninin çiçəklənməsi üçün 
								təmənnasız fəaliyyət göstərənlər ömürdən ötən 
								illəri üçün təəssüflənmir, əksinə, sevinir və 
								qürur duyurlar. Belə insanlardan biri Şamaxı 
								Rayon Təhsil Şöbəsinin müdiri, respublikanın 
								əməkdar müəllimi Viktor Əliyev haqqında söz 
								açmaq niyyətindəyik. 
								
								
								 Viktor 
								Əliyevi çoxdan, Şirvan zonası üzrə bölgə müxbiri 
								işlədiyim zamandan tanıyıram. İlk tanışlığımız 
								zamanı sadəliyi, şux zarafatları, səmimiliyi və 
								həyata nikbin baxışı ilə diqqətimi cəlb edib. 
								Söhbət əsnasında həyatsevərliyi, təhsilin mahir 
								bilicisi və işgüzarlığı ilə başqalarından 
								seçilən Viktor müəllim həm də qayğıkeş və 
								tələbkar bir təhsil şöbə müdiri kimi yadda qalır 
								və müsahibi tərəfindən sevilir. Ötən zaman 
								ərzində onunla ildə bir-iki dəfə görüşməklə 
								aramızda yaranan ünsiyyət dostluğa çevrilmişdi 
								desəm səhv etmərəm. Bir neçə dəfə haqqında və 
								rayon təhsilinin uğurlarından qəzetdə yazmaq 
								istəsəm də təvazökarlıq edib razı olmamışdı. 
								Viktor müəllimin bu günlərdə qeyd ediləcək 60 
								illik yubileyi münasibətilə haqqında yazı 
								hazırlamaq tapşırığını alanda sevindim. Hazırlıq 
								görüb ertəsi gün yola düşdüm. Bir sıra dünya 
								şöhrətli ədiblərin və tarixi şəxsiyyətlərin 
								doğulub boya-başa çatdığı qədim Şamaxı şəhərinə 
								çatanda Günəş dağlar qoynundan bir çatı qalxaraq 
								düzü-dünyanı nuruna qərq etmişdi. Payızın ilk 
								günləri idi. Builki yayın istisi çəkilib getmiş, 
								yerini mülayim, sərin hava tutmuşdu. Xəfif meh 
								ruh oxşayırdı. 
								
								
								V.Əliyevlə iş başında həmişəki kimi mehriban 
								görüşdük. Kabinetində üz-üzə oturub çay içə-içə 
								söhbət edir, ötən xatirələri çözələyir, 
								yaşanaraq tarixə dönmüş həyat kitabının 
								vərəqlərini səhifələyir, olub keçənləri xəyal 
								süzgəcindən keçirirdik. Xislətinə bələd olduğum 
								üçün ona verəcəyim sualları muncuq kimi düzüb 
								sıralamaya ehtiyac görməmişdim. Bilirdim, 
								səmimiliyi və sadəliyinə görə söhbət əsnasında 
								istədiyim cavabları ondan alacaqdım. Mənə də 
								dediklərini, danışdıqlarını yığıb, toplayıb 
								qələmə almaq qalırdı. 
								
								
								- Tərcümeyi-halınızdan məlumdur ki, orta məktəbi 
								gümüş medalla bitirmisiniz. O vaxt istənilən ali 
								məktəbi, zamanına görə reytinqi yüksək olan 
								ixtisası seçə bilərdiniz. Necə oldu ki, 
								müəllimliyi seçdiniz? 
								
								
								 - 
								Düz buyurursunuz, o vaxt istənilən ali məktəbə 
								və istənilən ixtisasa qəbul olmağa biliyim imkan 
								verirdi. Bu peşəni ona görə seçdim ki, müəllim 
								ailəsində dünyaya göz açmışam. Ağlım  kəsəni 
								evimizdə kitab, dəftər, qələm görmüşəm. Atam 
								riyaziyyat, anamsa rus dili müəllimi 
								işləyirdilər. Ətrafdakılar onlara həmişə müəllim 
								deyə müraciət edir, xüsusi rəğbət bəsləyirdilər. 
								Hələ o zamandan müəllimin böyüklüyünü dərk 
								eləmişəm. Həmişə atamın "bağ bağbansız, 
								bəşəriyyət müəllimsiz keçinə bilməz" kəlamını 
								xatırlayır, müəllim olmağımdan qürur duyuram. 
								Riyaziyyat dəqiq elmdir. Dəqiqlik isə insanda 
								düzgünlüyü, dürüstlüyü tərbiyə edir. Bax elə 
								buna görə də o vaxt bu ixtisası seçmişəm. 
								1974-cü ildə akademik Mayis Cavadovun 
								dissertantı olmuşam. Lakin Şamaxı Rayon Partiya 
								Komitəsinə işə aparıldığım üçün elmlər 
								namizədliyimi müdafiə etməyə vaxt tapmadım. İndi 
								də buna görə peşmançılıq çəkirəm. Partiya 
								komitəsində işlədiyimə görə Bakı Ali Partiya 
								Məktəbinin əyani şöbəsini bitirmişəm. 
								
								
								Raykomda işlədiyim müddətdə özümü məktəb və 
								şagirdsiz təsəvvür edə bilmirdim. Elə buna görə 
								də yaxınlıqdakı təhsil ocaqlarında saathesabı 
								dərs aparırdım. 1990-cı ildən isə Şamaxı Rayon 
								Təhsil Şöbəsinə rəhbərlik edirəm. 
								
								
								- Rayonunuzun təhsil müəssisələri haqqında ümumi 
								məlumat verməyinizi xahiş edirəm. 
								
								
								- Hazırda rayonumuzda 72 ümumtəhsil məktəbi 
								vardır. Onlardan 51-i tam orta, 17-si ümumi 
								orta, 4-ü ibtidai məktəbdir. 5 məktəbdənkənar, 
								22 məktəbəqədər tərbiyə müəssisəsi fəaliyyət 
								göstərir. Bu təhsil müəssisələrində 12237 şagird 
								təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 
								2200-ə yaxın pedaqoji işçi məşğul olur. Digər 
								bölgələrdə olduğu kimi, bizim rayonda da 
								şagirdlərin və məktəblərin sayı artmaqdadır. 
								Halbuki, 1990-cı ildə rayonumuzda 47 orta, 21 
								əsas və 4 ibtidai  məktəb fəaliyyət göstərirdi. 
								Ötən illər ərzində rayonda 4 əsas məktəb 
								fəaliyyət göstəricilərinə və şagird 
								kontingentinə görə orta məktəb statusu almışdır. 
								
								
								 Azərbaycan 
								Respublikası Prezidentinin 17 aprel 2006-cı il 
								tarixli, 1414 nömrəli Sərəncamı ilə təsdiq 
								edilmiş "Xüsusi istedada malik uşaqların 
								(gənclərin) yaradıcılıq potensialının inkişafı 
								üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nın 
								icrası ilə bağlı Azərbaycan Respublikası Təhsil 
								Nazirliyinin 24 avqust 2007-ci il tarixli 986 
								nömrəli əmrinə əsasən, rayonun internat orta 
								məktəbinin bazasında Texniki, humanitar və 
								təbiət təmayüllü lisey fəaliyyətə başlamışdır. 
								Məhz bu hal Şamaxıda təhsilin inkişafına daha 
								yeni bir təkan kimi qiymətləndirilir. 
								
								
								Cəmiyyət üçün sağlam düşüncəli, savadlı, elmli 
								nəsil yetişdirmək şərəfli işdir. Bu işin 
								ağırlığını, məsuliyyətini hər zaman çiyinlərində 
								daşıyan müəllimlərdir. Hər bir müəllim 
								təlim-tərbiyə prosesində yetirdiyi bilikli və 
								cəmiyyətə yararlı şagirdləri ilə fəxr edir. 
								Məlumdur ki, istedadlı şagird hazırlamaq, onları 
								üzə çıxarmaq olduqca çətin və məsuliyyətli 
								prosesdir, eyni zamanda şərəfli və tərifəlayiq 
								bir işdir. Bu işin faydalı şəkildə həyata 
								keçməsi birdən-birə deyil, zaman-zaman, 
								mərhələ-mərhələ vaxt aparması və gərgin 
								fəaliyyətin nəticəsi ilə müşayiət edilir. 
								
								
								Azərbaycan təhsilində həyata keçirilən bir sıra 
								yeniliklər öz bəhrəsini vermiş və verməkdədir. 
								Belə ki, Azərbaycan Respublikasında ali 
								məktəblərə qəbul imtahanları test üsulu ilə 
								keçirilməyə başlanmış və o zaman bu istiqamət 
								təhsildə yeni yanaşmanı, yeni dünyagörüşü 
								formalaşdırmışdır. Bu baxımdan Şamaxı rayon 
								təhsil işçiləri də test imtahanlarını fəal 
								şəkildə  dəstəkləmişlər. Əlbəttə, hər hansı bir 
								metodun, üsulun tətbiqi istər-istəməz hər bir 
								şəxsdə maraq doğurur. Test imtahanlarına keçid 
								mərhələsi də təhsil işçilərinin, şagirdlərin, 
								valideynlərin böyük marağına səbəb olmuş və bu 
								üsul bu gün də qüvvədə qalmaqla getdikcə inkişaf 
								etdirilir. 
								
								
								- Ümumtəhsil məktəblərinin fəaliyyəti və 
								pedaqoji kadrların işi məzunlarının uğurları ilə 
								ölçülür. Bu amil xüsusilə ali və orta ixtisas 
								məktəblərinə qəbul zamanı məzunların 
								topladıqları balla özünü büruzə verir. Təhsil 
								müəssisələriniz və onların məzunları bu işin 
								öhdəsindən necə gəlir və hansı uğurları 
								qazanırlar? 
								
								
								 - 
								Şamaxı rayonunun təhsil müəssisələrində təhsilin 
								səviyyəsini müəyyən etmək üçün 1998-2009-cu 
								illərdə ali məktəblərə keçirilən qəbul 
								imtahanlarının nəticələrinə dair statistik 
								məlumatları nəzərdən keçirsək görəcəyik ki, 
								1998-ci ildə rayon üzrə abituriyentlərin sayı 
								262 nəfər olmuşdur. Bu rəqəm 1999-cu ildə 334 
								nəfər, 2000-ci ildə 396 nəfər, 2001-ci ildə 439 
								nəfər, 2007-ci ildə 597 nəfər olduğu halda, 
								2009-cu ildə 653 nəfərə qədər yüksəlmişdir. 
								Faktiki olaraq rayonumuzdan olan 
								abituriyentlərin ali məktəblərə qəbulolma 
								statistikasına nəzər salsaq görərik ki, 1998-ci 
								ildə onların sayı 71 nəfər idisə, 2010-cu ildə 
								bu rəqəm 107 nəfər təşkil etmişdir. Ümumiyyətlə, 
								1998-ci ildən 2010-cu ilə qədər Şamaxı 
								rayonundan 1144 məzun respublikanın ali 
								məktəblərinə qəbul olmuşdur. 
								
								
								2009-cu ildə rayon məzunlarının 8 nəfəri ali 
								məktəblərə qəbul zamanı 500-dən yuxarı, 4 nəfəri 
								isə 600-dən yuxarı bal toplamışdır. Onların çoxu 
								Bakı Dövlət Universitetinə, Azərbaycan Dövlət 
								İqtisad Universitetinə, Azərbaycan Müəllimlər 
								İnstitutuna və Azərbaycan Dövlət Pedaqoji 
								Universitetinə qəbul olublar. 
								
								
								2010-cu ildə isə məzunlarımızın qəbul 
								imtahanları zamanı göstəriciləri keçən ilkinə 
								nisbətən daha yüksək olub. Belə ki, rayon üzrə 
								537 məzunun 399 nəfəri ali məktəblərə qəbul 
								olmaq üçün sənəd verib, onlardan 107 nəfəri 
								uğurlu nəticə göstərərək respublikanın müxtəlif 
								ali məktəblərinə qəbul olub. Qəbul imtahanları 
								zamanı 21 məzunumuz 500-dən yuxarı bal toplayıb 
								ki, bu da keçən ildəkinə nisbətən 3 dəfə 
								artıqdır. 4 məzunumuz isə 600-dən yuxarı bal 
								toplayaraq bitirdikləri təhsil ocağına və Şamaxı 
								təhsil işçilərinə başucalığı gətiriblər. 
								
								
								Onu da deməliyəm ki, Şamaxı təhsilinin 
								uğurlarında rayonda fəaliyyət göstərən "Araz" 
								kursunun da rolu böyük olmuşdur. Bu kurs 2003-cü 
								il sentyabr ayında fəaliyyətə başlamışdır. Təsis 
								olunduğu 2003-cu ildən 2010-cu ilə kimi kursda 
								hazırlaşmaq üçün 800-ə qədər abituriyent bura 
								müraciət etmişdir. Həmin abituriyentlər bu 
								kursda müxtəlif fənlər üzrə hazırlaşıblar. 
								"Araz" kursu VI sinif şagirdlərinin orta məktəb 
								proqramını mənimsəmələrinə və həmçinin müxtəlif 
								təmayüllü liseylərə qəbul olmalarına köməklik 
								göstərir. X sinif şagirdləri isə bu kurslarda 
								iki tədris ili hazırlaşaraq TQDK-nın ali 
								məktəblərə keçirdiyi qəbul imtahanları zamanı 
								böyük uğurlar əldə edirlər. XI sinif 
								şagirdlərimiz isə adıçəkilən kursda 10 ay 
								müddətinə TQDK-nın tərtib etdiyi qəbul 
								proqramına əsasən dörd qrup üzrə hazırlıq 
								keçirlər. 
								
								
								 - 
								Təhsilin inkişafında, dərslərin səmərəli 
								keçilməsində müəllimin rolu danılmazdır. 
								Müəllimlərinizin pedaqoji fəaliyyətindən 
								razısınızmı? 
								
								
								- Bu gün müəllimlərimiz yeni metodlardan 
								səmərəli istifadə etməklə fəaliyyət göstərirlər. 
								Rayonumuzda hər bir müəllimin müasir 
								texnologiyalardan istifadəetmə bacarığına 
								yiyələnməsi bir məqsəd kimi qarşıya qoyulmuşdur. 
								Müasir zamanda kompüterlə davranmağı bacarmayan 
								müəllim tədrisi günün tələbi səviyyəsində qura 
								bilməz. Odur ki, müəllimlərimiz mütəmadi olaraq 
								öyrədici kurslarda biliklərini artırır, işlərini 
								kurikulumun tələbləri əsasında qururlar. 
								
								
								Qeyd etməliyəm ki, işini günün tələbləri 
								səviyyəsində qura bilən müəllimlərimiz çoxdur. 
								Səmərəli pedaqoji fəaliyyətinə görə dövlət 
								tərəfindən mükafatlandırılmış və təltif edilmiş 
								bir neçə müəllimin adını çəkmək yerinə düşərdi. 
								Belə ki, Azərbaycan Respublikası Prezidentinin 
								Sərəncamı ilə son 6 ildə şəhər 1 nömrəli 
								məktəbin riyaziyyat müəllimi Elşən Ələkbərov, 
								şəhər 2 nömrəli orta məktəbin tarix müəllimi 
								Sevinc Qədirova, Həmyəli qəsəbə ümumi orta 
								təhsil məktəbinin müəllimi, coğrafiya elmləri 
								namizədi  Əzizağa Vəliyev, Nağaraxana kənd əsas 
								məktəbin direktoru İsgəndər Həsənov, Texniki, 
								humanitar və təbiət təmayüllü liseyin ədəbiyyat 
								müəllimi Həbibə Eldarova, şəhər 9 nömrəli orta 
								məktəbin coğrafiya müəllimi Əbülfəz Sadayev 
								"Azərbaycan Respublikasının əməkdar müəllimi" 
								fəxri adına layiq görülüblər. Texniki, humanitar 
								və təbiət təmayüllü liseyin coğrafiya müəllimi 
								Yaqut İsmayılova, şəhər 1 nömrəli orta məktəbin 
								Azərbaycan dili və ədəbiyyat müəllimi Pənah 
								İsmayılov, şəhər 5 nömrəli orta məktəbin 
								riyaziyyat müəllimi Cavanşir Nəzərov və Göylər 
								kənd 2 nömrəli orta məktəbin direktoru Pünhan 
								Mikayılov "Tərəqqi" medalı ilə təltif ediliblər. 
								Son 5 ildə Sevinc Qasımova, Svetlana Veysova, 
								Əzizağa Vəliyev və Həbibə Eldarova səmərəli 
								fəaliyyətlərinə görə "İlin müəllimi" adına layiq 
								görülüblər. 
								
								
								2005-ci ildən bu günə kimi xüsusi təyinatla 
								rayonumuza göndərilmiş 134 nəfər gənc müəllim 
								ixtisaslarına uyğun işlə təmin olunmuş və onlar 
								üçün hər cür şərait yaradılmış, qanunauyğun 
								həvəsləndirici əlavə maaşla təmin edilmişlər. 
								Onlardan 16 nəfəri 2010-cu ildə rayonumuza 
								göndərilib və onlar da işlə və lazımi şəraitlə 
								təmin olunublar. 
								
								
								- Viktor müəllim, hazırda respublikamız intibah 
								dövrünü yaşayır. Bir sıra yeni sənaye və 
								istehsalat müəssisələri tikilir, quruculuq və 
								abadlıq işləri aparılır. Belə bir zamanda 
								təhsilimizin inkişafından razısınızmı? 
								
								
								 - 
								Ölkə başçısının səmərəli fəaliyyəti, düşünülmüş 
								daxili və xarici siyasəti sayəsində bu gün 
								Azərbaycan Respublikası regionda lider dövlət 
								kimi tanınır və sayılır. Respublikamızda digər 
								sahələr kimi təhsilin də inkişafına xüsusi qayğı 
								göstərilir. Elə bunun nəticəsidir ki, 
								Azərbaycanda yeni məktəb binalarının tikintisi 
								və müasir avadanlıqlarla təmin edilməsi geniş 
								vüsət almışdır. Təkcə Şamaxı rayonunda 2003-cü 
								ildən bu günə kimi dövlət vəsaiti hesabına 1624 
								şagird yerlik 7 yeni məktəb binası, 1180 şagird 
								yerlik əlavə sinif otağı tikilib şagirdlərin 
								istifadəsinə verilmiş, 4 məktəb binası əsaslı 
								təmir olunmuşdur. Heydər Əliyev Fondunun vəsaiti 
								hesabına 820 şagird yerlik 5 yeni məktəb binası, 
								100 şagird yerlik 5 əlavə sinif otağı inşa 
								edilmiş, 2 məktəb binası əsaslı təmir 
								olunmuşdur. Ümumiyyətlə bu illər ərzində 
								rayonumuzda 2280 şagird yerlik 14 yeni məktəb 
								binası, 1280 şagird yerlik 64 əlavə sinif otağı 
								inşa edilmiş, 6 məktəb binası əsaslı təmir 
								olunmuş və müasir avadanlıqlarla təchiz 
								edilmişdir. Səmimiyyətlə deyə bilərəm ki, bu gün 
								təhsilimiz dinamik inkişaf yolundadır. 
								Təhsilimizin dünya təhsilinə inteqrasiyası, 
								tədrisdə kurikulumun tətbiqi, təhsil 
								müəssisələrində yeni texnologiyalardan və 
								metodologiyalardan istifadə edilməsi bunun bariz 
								nümunəsidir. 
								
								
								- Müasir gəncliyə nə tövsiyə edərdiniz? 
								
								
								- Ümummilli liderimiz Heydər Əliyevin quraraq 
								bizə ərməğan etdiyi müstəqil Azərbaycan 
								Respublikasını göz bəbəyimiz kimi qorumağı, 
								müdriklərin - "Torpaq, uğrunda ölən varsa 
								Vətəndir!" - kəlamını unutmamağı, xalqına, 
								Vətəninə layiq yüksək intellektli gənc 
								olmalarını tövsiyə edirəm. 
								
								
								Vətən uğrunda canını qurban verənlər şəhidlik 
								zirvəsinə ucalırlar. Bu ucalığı, bu şərəfi 
								qorumaq müqəddəs borcumuzdur. 
								
								
								- 60 yaşınız bu günlərdə tamam olacaq. Yaşayaraq 
								arxada qoyduğunuz mənalı ömür yolunda ən çox 
								sevindiyiniz gün nə vaxt olub? 
								
								
								- Bəli, 60 yaşım oktyabrın 3-də tamam olacaq. 
								Yubileyimin müəllimlər günü ilə eyni vaxta 
								düşməsi təsadüfi olsa da mənim üçün fərəhli və 
								maraqlıdır. Düşünürəm ki, ömürdən ötən illər 
								mənalı keçibsə, demək yaşamısan. Mən də 
								yaşadığım zaman kəsiyində xalqıma, Vətənimə az 
								da olsa xeyir vermişəmsə, xərclədiyim illər 
								havayı itməyib, ömrümdən mənalı ötüb. 
								
								
								Şad günlərimə gəlincə isə respublikamız imperiya 
								buxovundan qurtulub müstəqilliyini elan etdiyi 
								gün sevincimin hədd-hüdudu olmayıb. 2005-ci ildə 
								"Azərbaycan Respublikasının əməkdar müəllimi" 
								fəxri adına layiq görüldüyüm gün qürur duymuşam. 
								Çünki əməyimə qiymət verilirdi. İlk nəvəm Şəbnəm 
								dünyaya gələndə fərəhlənmişəm. Ona görə ki, 
								gələcəyimi onlarda görürəm. Ancaq müdriklərin 
								dediyi kimi, kədəri də özümüzə dost bilməliyik. 
								Sevinc anidir, gəldi-gedərdir. Kədər isə insanla 
								son mənzilinə qədər yoldaşlıq edir. Kədəri qəbul 
								edə bilməyən, əzab və iztirablarına dözməyən kəs 
								həyatda uğur qazana bilməz. 
								
								
								*** 
								
								
								Maraqlı söhbətlərindən, şən zarafatlarından 
								doymasam da Viktor müəllimə uzun ömür, 
								cansağlığı, daha yeni nailiyyətlər arzulayıb 
								ondan və qədim tarixli Şamaxıdan ayrılıb Bakıya 
								üz tutdum.  
								
								
								
								Müsahibəni apardı: 
								Nizami MİRZƏ  |