| 
								 
								
								Pedaqoji fəaliyyətini elmi-metodik 
								yaradıcılıqla, ustalıqla əlaqələndirən, öz işinə 
								məsuliyyətlə  yanaşan müəllimlərimiz çoxdur. 
								Belə müəllimlərdən biri də Şükufə Məmmədovadır.
								 
								
								
								 O, 
								1961-ci ildə Sabirabad şəhər orta məktəbini 
								bitirdikdən sonra bir müddət burada pioner baş 
								dəstə rəhbəri işləyib. Sonra M.F.Axundov adına 
								Rus Dili və Ədəbiyyatı İnstitutuna qəbul olub 
								və  1968-ci ildə təhsilini başa vuraraq Xırdalan 
								şəhər 3 nömrəli orta məktəbdə əmək fəaliyyətinə 
								başlayıb. Ş.Məmmədova artıq 42 ildir ki, həmin 
								məktəbdə rus dili müəllimi işləyir.   
								 
								
								
								Şükufə Məmmədova  dərs dediyi  şagirdlərə rus 
								dilini dərindən öyrətmək, rus ədəbiyyatının 
								görkəmli nümayəndələrinin yaradıcılığına 
								məhəbbət hissi aşılamaq üçün tədris prosesində 
								ən müasir təlim metodlarından istifadə edir. 
								İnteraktiv təlim metodlarının qruplarla iş, əqli 
								hücum, diskussiya kimi növlərini tətbiq etməklə 
								dərslərini maraqlı qurur. 
								
								
								O, şagirdlərin müasir həyata  hazırlanması 
								işinin öhdəsindən bacarıqla gəlir. Onların 
								təlim-tərbiyəsi ilə  əlaqədar qarşıya çıxan 
								problemlərin həllində valideynlərin əməyindən 
								düzgün istifadə edə bilir. Həmçinin şagirdlərin 
								hər birinə  fərdi yanaşmağa xüsusi diqqət  
								yetirir və  çalışır ki, dərsdə fəal iştirak 
								etməyən şagird olmasın.  
								
								
								Söhbət  zamanı  Şükufə  Məmmədova   bildirdi ki, 
								şagirdlərin biliyinin qiymətləndirilməsinə 
								xüsusi tələbkarlıqla  yanaşır. Çalışır ki, bu 
								zaman ədalətlilik prinsipi gözlənilsin, 
								şagirdlərin hüquqları pozulmasın.  
								
								
								Bu gün  müəllimliyi həyatının mənası hesab edən 
								Şükufə  Məmmədova şagirdlərlə işləməkdən 
								qətiyyən yorulmur və ən əsası çətin tərbiyə alan 
								uşaqlarla tez dil tapmağı bacarır. Deyir  ki,  
								hər bir müəllim şagirdin öyrənməsi üçün bütün 
								imkanlarından istifadə etməli və bütün varlığı 
								ilə həyatını dərs dediyi şagirdlərin 
								təlim-tərbiyəsinə  həsr etməlidir. Nəticədə 
								şagirdlər öz müəllimlərinin diqqət və qayğısını 
								daim  hiss etməlidirlər.   
								
								
								Elə buna görə də vaxtı ilə dərs dediyi 
								şagirdləri Şükufə Məmmədovanı heç vaxt unutmur, 
								onlar tutduqları vəzifədən asılı olmayaraq, öz 
								müəllimləri ilə böyük məhəbbətlə görüşürlər. 
								Hətta Azərbaycandan kənarda olsalar belə, öz 
								sevimli müəllimləri ilə telefonla əlaqə 
								saxlayır, onun fəaliyyəti ilə daim 
								maraqlanırlar.  
								
								
								Bəli, təcrübəli pedaqoq Şükufə Məmmədova buna 
								görə də  hər yerdə öz yetirmələri ilə həmişə 
								fəxr edir və şərəfli müəllimlik işini uğurla 
								davam etdirir. Bilir ki, gənc nəsli müasir 
								həyata hazırlamaq həm məsuliyyətli, həm də  
								şərəfli işdir. 
								
								
								Şükufə xanım həm də gözəl və sevimli nənədir. O, 
								nəvələri ilə -  əkiz Qönçə və Çiçəklə nəfəs 
								alır, onlara rus dilini sevdirdikcə sanki 
								rahatlanır, yorğunluğu çıxır. 
								
								
								Qarşıdan gələn Beynəlxalq Müəllim Günü 
								münasibətilə Şükufə  müəllimi təbrik edir və 
								pedaqoji fəaliyyətində ona uğurlar arzulayırıq.  
								  
								
								
								
								Şakir CƏFƏROV  |