| 
								 
								
								Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefonlar: 
								496-34-82; 496-37-61; e-mail ünvanı:
								
								qaynar-xett@edu.gov.az) 2010-cu ilin 
								yanvar-fevral ayları ərzində 143 müraciət daxil 
								olub.  
								
								
								Qəbul edilən müraciətlərin 36-sı telefonla, 
								107-si   elektron poçtla göndərilib. 
								
								
								 Müraciətlərin 
								55 faizi sorğu və məlumat xarakterlidir. 
								Ümumtəhsil məktəblərində IX və XI siniflərdə 
								buraxılış imtahanlarının mərkəzləşdirilmiş 
								qaydada təşkili, müəllimlərin işə qəbulu üzrə 
								yeni mexanizmin tətbiqi ilə əlaqədar "Qaynar 
								xətt" xidmətinə daxil olan sorğuların sayı 
								əhəmiyyətli dərəcədə artıb. Belə ki, bu mövzuda 
								müraciətlər ümumi sorğuların 43 faizini təşkil 
								edir. Digər sorğular xaricdə təhsil, 
								müəllimlərin əməkhaqqının hesablanması, təhsil 
								sənədlərinin alınması, tanınması və sair 
								məsələlərlə bağlı olub. 
								
								
								Müraciətlərin 45 faizi məktəbəqədər, ümumi, 
								texniki peşə, orta ixtisas  və  ali təhsil 
								müəssisələrindəki  problemlərlə  bağlıdır.  
								Məktəbəqədər təhsil  müəssisələri  ilə  əlaqədar 
								müraciətlərdə Bakı şəhəri və Abşeron rayonunda  
								yerləşən  bəzi müəssisələrə  uşaqların  qəbulu,  
								binaların  istilik  təchizatı,  
								sanitar-gigiyenik  baxımdan yol verilmiş 
								nöqsanlardan bəhs olunur.  Bu  müraciətlər  
								əsasında  araşdırmalar  aparılıb,  problemlərin  
								aradan  qaldırılması  istiqamətində  müvafiq  
								tədbirlər  həyata  keçirilib. 
								
								
								"Qaynar xətt" xidmətinə ümumtəhsil məktəbləri 
								ilə əlaqədar 46 müraciət daxil olub. Bu 
								müraciətlər Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, 
								Şirvan şəhərlərindən, Şəki, Abşeron, Tərtər, 
								Xaçmaz, Qazax, Şamaxı, Gədəbəy, İsmayıllı, 
								Saatlı, Beyləqan, Bərdə, Goranboy, Yevlax, 
								Balakən, Ağdam rayonlarından qeydə alınıb. 
								Müraciətlərdə məktəblərin istiliklə təminatı, 
								bir sıra müəllimlərin tədris prosesində, məktəb 
								direktorlarının idarəetmədə yol verdikləri 
								nöqsanlar və digər məsələlər əksini tapıb. 
								
								
								Təhsil Nazirliyinin "Qaynar xətt"inə edilən 
								bütün müraciətlər ciddi araşdırılıb və aparılmış 
								ümumi monitorinqlər nəticəsində yol verdikləri 
								nöqsanlara görə Bakı şəhərində 10 məktəbin (37, 
								228, 192, 141, 110, 321, 208, 26, 79 və 61 
								nömrəli məktəblər) direktoru vəzifəsindən azad 
								edilib, 5 məktəb direktoruna isə (38, 151, 139, 
								94 və 270 nömrəli məktəblər) töhmət verilib. 
								
								
								Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Ali 
								və orta ixtisas təhsili müəssisələrində 
								2009-2010-cu tədris ilinin qış imtahan 
								sessiyasının təşkili və keçirilməsi haqqında" 18 
								dekabr 2009-cu il tarixli, 1387 saylı əmrinə 
								uyğun olaraq qış imtahan sessiyası müddətində 
								ali və orta ixtisas təhsili müəssisələri ilə 
								əlaqədar "Qaynar xətt" xidmətinə daxil olan 
								müraciətlər operativ şəkildə araşdırmaya  
								yönəldilib. 
								
								
								2010-cu ilin yanvar-fevral ayları ərzində 
								nazirliyin "Qaynar xətt" xidmətinə ali təhsil 
								müəssisələri ilə bağlı 38 müraciət daxil olub ki, 
								bu da ümumi müraciətlərin 26,6 faizini təşkil 
								edir. Müraciətlərin 14-ü imtahanların gedişində 
								baş verənlər, 5-i diplomların verilməsində 
								ləngimə, 3-ü ödəniş haqqı, 3-ü kredit sistemi 
								ilə qiymətləndirmə, 3-ü özəl ali məktəblərdə 
								diplom üçün ödəniş tələb edilməsi barədə, 
								digərləri isə sorğu xarakterli olub. 
								
								
								Onu da qeyd edək ki, 2010-cu ilin mart ayının 
								ilk 5 günü ərzində Təhsil Nazirliyinin "Qaynar 
								xətt" xidmətinə 200-dək müraciət daxil olub. 
								Onlardan 100-ü anonimdir. 
								
								
								Bununla əlaqədar Təhsil Nazirliyində yaradılmış 
								Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupun 
								martın 3-də iclası  keçirilib, bu müraciətlərin 
								ən qısa müddətdə araşdırılması üçün tədbirlər 
								görülüb. Anonim olmasına baxmayaraq, 
								müraciətlərdə göstərilən məktəblərdə 
								monitorinqlər təşkil olunub, şagird və 
								müəllimlər arasında maarifləndirmə işi aparılıb.  |