| 
								 
								
								
								(Əvvəli qəzetimizin ötən saylarında)  
								
								
								Hörmətli oxucular, bu məqalədə Təhsil 
								Nazirliyinin Alman Akademik Mübadilə Xidməti (DAAD) 
								və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) 
								təşkilatları ilə təhsil sahəsində əlaqələri, 
								həyata keçirilən birgə layihə və proqramlar 
								barədə fikirlərimi sizinlə bölüşəcəyəm. 
								 
								
								
								Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə 
								təhsil sahəsində əməkdaşlığımız iki ölkə 
								arasında mədəni və humanitar əməkdaşlığın tərkib 
								hissəsidir. Qeyd etmək lazımdır ki, bu 
								əməkdaşlığın hazırkı səviyyəsi kifayət qədər 
								yüksəkdir. 
								
								
								Azərbaycan və Almaniya arasında təhsil mübadilə 
								proqramları əsasən DAAD tərəfindən həyata 
								keçirilir. Bu təşkilatın Azərbaycanda həyata 
								keçirdiyi layihələr alman dilinin öyrənilməsi və 
								tələbələr üçün yay məktəblərindən başlamış, ali 
								məktəblərin akademik heyəti və elmi-tədqiqat 
								işçilərinin Almaniyada elmi təcrübə keçməsi və 
								tədqiqat aparmasına qədər çoxprofilli 
								proqramları əhatə edir.  
								
								
								DAAD təxminən 300 alman universitetinin birliyi 
								olan qeyri-dövlət təşkilatıdır. O, həmin 
								universitetləri xarici ölkələrdə təmsil edir. 
								DAAD-ın əsas məqsədi Almaniya ilə tərəfdaş 
								ölkələr arasında akademik münasibətlərin 
								inkişafı, xüsusən elmin inkişafına yardım, alman 
								təhsil sisteminin, ümumiyyətlə, akademik 
								təcrübənin ölkə hüdudlarından kənarda 
								yayılmasıdır.  
								
								
								Bu gün DAAD dünyanın, demək olar ki, əksər 
								ölkələrində təmsil olunur. Təşkilatın təqribən 
								200 milyon ABŞ dolları həcmində illik büdcəsi 
								vardır ki, bu da Almaniyanın vergi gəlirləri, 
								müəyyən miqdarda isə Avropa Birliyindən gələn 
								mənbədən formalaşır. Bu büdcə Almaniya ilə 
								dünyanın digər ölkələri arasında mübadilə və 
								kooperasiya proqramlarına sərf olunur. Təşkilat 
								hər il 60 minə yaxın təqaüd ayırır ki, bununla 
								da almanların xaricdə, əcnəbilərin isə 
								Almaniyada təhsil almalarına və tədqiqat 
								aparmalarına geniş imkanlar açılır. DAAD bir çox 
								milli və beynəlxalq təşkilatlarla əməkdaşlıq 
								şəraitində Almaniya və xarici ölkələrdə islahat 
								layihələrini dəstəkləyir. Bu qurum Almaniyada 
								müxtəlif təsisatlar, birliklər, firma və xarici 
								ölkə nümayəndəlikləri ilə əməkdaşlıq edən ən 
								böyük təşkilatdır.  
								
								
								1925-ci ildə yaradılan DAAD 85 ildir ki, 
								fəaliyyət göstərir və onun böyük təcrübəsi və 
								zəngin ənənələri mövcuddur. Birinci Dünya 
								müharibəsindən sonrakı həmin dövrdə Almaniyada, 
								digər sahələrdə olduğu kimi, təhsil sahəsində də 
								ciddi çətinliklər yaranmışdı. Belə bir şəraitdə 
								Almaniya təhsilini inkişaf etdirmək və onu 
								xaricdə tanıtmaq zərurəti meydana çıxmışdı. DAAD 
								məhz həmin zərurətdən yaranmışdır. İkinci Dünya 
								müharibəsi illərində öz işini dayandıran DAAD 
								1950-ci ildə fəaliyyətini yenidən bərpa etmişdir. 
								Bir çox dövlətlərin, xüsusilə də ABŞ-ın köməyi 
								sayəsində Almaniya artıq yenidən öz təqaüdlərini 
								verməyə başlamış, Avropa və Amerikada mübadilə 
								proqramları həyata keçirilmişdir.  
								
								
								DAAD-ın Azərbaycandakı fəaliyyətinə gəlincə, 
								onun tarixi ötən əsrin 60-cı illərinə - Sovet 
								İttifaqı dövrünə təsadüf edir. Moskvada 
								fəaliyyət göstərən nümayəndəlik vasitəsilə 
								təşkilat Sovet İttifaqı ilə əməkdaşlıq edirdi. 
								Bu əməkdaşlıq çərçivəsində 60-cı illərdən 
								Azərbaycana da təqaüdlər verilmişdir. Əsasən 
								mühəndislər və alman dili mütəxəssislərindən 
								ibarət olan bu təqaüdçülərin sayı o qədər də çox 
								olmamışdır.  
								
								
								1988-ci ildə təşkilat ilk təmsilçisini Bakıya 
								göndərmiş və o, 1990-cı ilədək Azərbaycanda 
								fəaliyyət göstərmişdir, lakin ölkə müharibə 
								şəraitində olduğu üçün nümayəndəlik öz işini 
								dayandırmalı olmuşdur. Sovet İttifaqı 
								dağıldıqdan sonra DAAD müstəqillik əldə etmiş 
								yeni dövlətlərlə əməkdaşlıq proqramları həyata 
								keçirməyə başlamışdır. 1990-1997-ci illərdə 
								Azərbaycanda DAAD-ın təmsilçiliyi olmamışdır. 
								Azərbaycanla əməkdaşlıq Moskvadakı nümayəndəlik 
								vasitəsilə həyata keçirilmişdir. Mübadilə 
								proqramlarının həyata keçirilməsi Almaniya 
								səfirliyi və keçmiş Təqaüdçülər Birliyinin 
								fəaliyyəti ilə bağlı olmuşdur. 1997-ci ilin 
								fevral ayında DAAD Bakıda yenidən 
								nümayəndəliyini açmışdır və hazırda fəaliyyətini 
								uğurla davam etdirir. 
								
								
								DAAD-ın üç əsas fəaliyyət sahəsi vardır. 
								Bunlardan biri informasiya, ikincisi yardım, 
								üçüncüsü isə maliyyələşdirmədir. Təşkilat 
								Almaniyada təhsil sistemi və ali məktəblər, 
								xaricdəki ali məktəblərdə tədris kursları, 
								yardım imkanları və təqaüdlər haqqında 
								informasiya yayır, tələbələrə, ali təhsilli gənc 
								mütəxəssislərə, Almaniyadan və xaricdən olan 
								alimlərə mindən çox proqramla yardım göstərir. 
								İllik qısamüddətli təqaüdləri, qrup şəklində 
								proqramları, tələbə praktikasını və tələbə 
								gəzintilərini, alimlərin, habelə xarici 
								məktəblərin dəvəti ilə işləyən müəllimlərin 
								mübadiləsini, alman ali məktəbləri arasında elmi 
								əməkdaşlıq layihələrini maliyyələşdirir. 
								 
								
								
								DAAD, ilk növbədə, ali təhsilin bütün pillələri 
								üzrə akademik mübadilələri təşkil edir. Mübadilə, 
								əsasən, ayrı-ayrı şəxslərə verilən fərdi 
								təqaüdlər şəklində həyata keçirilir. Bu 
								təqaüdlər elmi işlərini davam etdirmək istəyən 
								professorlara, elmi işçilərə və aspirantlara 
								təqdim olunur. Qurum ali məktəblərdə akademik 
								dairədə fəaliyyət göstərən elmi işçilərə 
								üstünlük verir. Təşkilat, eyni zamanda ayrı-ayrı 
								qurumlar, universitetlər arasında olan mübadilə 
								proqramlarını da maliyyələşdirir.  
								
								
								DAAD Azərbaycana hər il təqribən 70-ə qədər 
								təqaüd ayırır. Təqaüd proqramlarında tədqiqat 
								səfərləri, yay kurslarının təşkili, illik 
								təqaüdlər, qrup səyahətləri üstünlük təşkil edir. 
								Təqaüd proqramları nəticəsində Azərbaycanın dörd 
								ali məktəbi ilə alman ali məktəbləri arasında 
								səmərəli əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu, 
								Azərbaycan Dövlət Neft Akademiyası ilə Zigen 
								İnstitutu, Azərbaycan Dillər Universiteti ilə 
								Boxum Universiteti, Azərbaycan Texniki 
								Universiteti ilə Köln Tətbiqi Elmlər Ali Məktəbi, 
								Bakı Dövlət Universiteti ilə Hamburq 
								Universiteti arasında olan əlaqələrdir. 
								 
								
								
								DAAD-ın fəaliyyəti yalnız təqaüd proqramları ilə 
								məhdudlaşmır. Bunlarla yanaşı, aşağıdakı 
								istiqamətlər üzrə layihələr də həyata keçirilir: 
								
								
								-alman və Azərbaycan tədqiqat və təhsil 
								müəssisələri arasında əlaqələrin yaradılması (institut 
								və ali məktəb əməkdaşları, elmi işçilər üçün 
								tədqiqat əlaqələri); 
								
								
								-germanistikanın inkişafına yardım və onun 
								yenidən qurulması (xüsusən Azərbaycan Dillər 
								Universitetində müəllimlərin təkmilləşmə 
								məqsədilə Almaniyaya göndərilməsi, yeni tədris 
								materiallarının əldə edilməsi); 
								
								
								-universitetlərdə alman dilinin tədrisinin 
								inkişafına yardım (dil kurslarının təşkili, 
								alman dili dərslərinin təşkili metodikasının 
								təkmilləşdirilməsi, fakültələrdə dil dərslərini 
								təşkil edəcək Dil Tədris Mərkəzinin yaradılması); 
								
								
								-qeyri-alman dili fakültələrində alman dilinin 
								və ya alman dili ixtisas bölmələrinin inkişafına 
								yardım (məsələn, beynəlxalq münasibətlər və ya 
								tətbiqi riyaziyyat fakültələrində); 
								
								
								-regional səviyyədə əməkdaşlığın yaradılması; 
								
								
								-Almaniya ali məktəbləri haqqında informasiya, 
								Almaniyada öz hesabına təhsil almaq istəyənlərə 
								kömək (həftədə iki dəfə olmaqla Almaniyada 
								təhsil və təqaüd almaq imkanları haqqında 
								məsləhət saatları);  
								
								
								-Almaniyada Azərbaycanın təhsil sisteminə dair 
								məlumatların yayılması (Azərbaycan ali 
								məktəbləri haqqında alman dilində broşüra 
								hazırlanmışdır); 
								
								
								-elmin inkişafına yardım (müxtəlif sahələr üzrə 
								alman-Azərbaycan və Azərbaycan-alman lüğətləri 
								çap olunmuşdur).  
								
								
								DAAD-ın Azərbaycanda həyata keçirdiyi təqaüd 
								proqramları geniş və əhatəlidir.  
								
								
								Aspirantlar və gənc alimlər üçün tədqiqat 
								təqaüdləri. Bu təqaüdlər dərəcə verilməsini 
								nəzərdə tutmur. Təqaüdlər üçün yaşı 36-ya qədər 
								olan, alman dilini bilən və ali məktəbdə, 
								tədqiqat institutlarında çalışan gənc 
								tədqiqatçılar müraciət edirlər. İddiaçı alman 
								dilini yaxşı bilmirsə, ona əlavə olaraq 2-4 ay 
								ərzində dil kursları təşkil olunur. Proqramın 
								müddəti 36 yaşadək olanlar üçün 1-6 aylıq, 32 
								yaşadək olanlar üçün isə 7 ay və bundan artıq 
								ola bilər. Proqram üçün müraciət edən şəxs 
								Almaniyada keçirəcəyi tədqiqat proqramının alman 
								professoru tərəfindən razılaşdırılmış iş planına 
								malik olmalıdır. Təqaüdü almış namizədlərin 
								təhsil, yaşayış və gündəlik xərcləri ödənilir.
								 
								
								
								Ali məktəb müəllimləri və alimlər üçün tədqiqat 
								səfərləri təqaüdləri. Bu təqaüdlər ali 
								məktəblərdə və elmi-tədqiqat institutlarında 
								çalışan, Almaniyanın dövlət və yaxud hökumət 
								tərəfindən tanınmış qeyri-dövlət tədqiqat 
								müəssisələrində tədqiqat layihəsini həyata 
								keçirmək imkanına malik olan namizədlərə verilir. 
								Ərizə sahibinin iş cədvəlindən asılı olaraq bu 
								təqaüdlər 1 aydan 3 aya qədər olan müddəti əhatə 
								edir. Proqrama müraciət edənlər elmlər namizədi 
								(Phd) elmi dərəcəsinə malik olmalı, Almaniyada 
								yerinə yetirilmək üçün yaxşı tərtib olunmuş 
								tədqiqat layihəsi təqdim etməlidirlər. Bu layihə 
								də Almaniyadakı tərəfdaş müəssisə tərəfindən 
								təsdiq olunmalıdır. Hər bir tədqiqatçı üç ildə 
								bir dəfə bu proqramın imkanlarından yararlana 
								bilər.  
								
								
								Bütün istiqamətlər üzrə magistratura təqaüdləri. 
								Proqram bütün ixtisaslar üzrə Almaniya ali 
								təhsil müəssisələrində magistratura pilləsində 
								təhsil alıb magistr dərəcəsi qazanmaq imkanını 
								verir. İxtisasdan asılı olaraq təqaüd 10 aydan 
								24 aya qədər olan müddəti əhatə edə bilər. İlkin 
								olaraq təqaüd tələbəyə 1 il üçün verilir və onun 
								təhsil göstəriciləri yaxşı olduğu təqdirdə 
								seçilmiş dərəcə proqramının sonuna qədər 
								uzadılır. Belə tələbələrə DAAD tərəfindən aylıq 
								715 avro məbləğində təqaüd verilir. Bundan əlavə, 
								onların tibbi sığortası, yol xərcləri DAAD 
								tərəfindən ödənilir. Bu proqrama bakalavr 
								dərəcəsini uğurla bitirmiş məzunlar müraciət edə 
								bilərlər. Uğurlu təhsil göstəricilərindən əlavə, 
								iddiaçı Almaniyada təhsilini davam etdirmək üçün 
								akademik və şəxsi səbəbləri əsaslı surətdə 
								təqdim edə bilməlidir. Proqramın ən mühüm 
								tələblərindən biri də ərizəçinin konkret 
								Almaniya ali məktəbi tərəfindən qəbulu haqqında 
								rəsmi bildirişin təqdim olunmasıdır. Bu o 
								deməkdir ki, proqramın imtiyazlarından Almaniya 
								ali məktəblərində magistr pilləsi üzrə təhsil 
								almaq hüququ qazanmış şəxslər bəhrələnə bilərlər. 
								Xüsusən humanitar və incəsənət ixtisasları üçün 
								müraciət edənlər alman dilini yaxşı 
								bilməlidirlər. Alman dilini bilməyib ingilis 
								dilini bilən şəxslər də proqrama müraciət edə 
								bilərlər. Belə ki, Almaniyanın bir çox ali 
								məktəblərində ingilis dilində də təhsil verilir. 
								İddiaçıların maksimum yaş həddi 32-dir. 
								 
								
								
								Keçmiş təqaüdçülər üçün yenidən dəvət proqramı. 
								Bu proqram DAAD-ın birillik təqaüdünü almış 
								məzunları üçün nəzərdə tutulmuşdur. Keçmiş 
								təqaüdçülər tədqiqat, yaxud iş layihəsini 
								tamamlamaq üçün Almaniyadan yenidən dəvət 
								aldıqları təqdirdə bu proqramdan yararlana 
								bilərlər. Proqramın müddəti bir aydan üç aya 
								qədər ola bilər. Proqramda iştirak edən ali 
								məktəb müəllimləri 1840, dosentlər 1990, 
								professorlar isə 2240 avro məbləğində aylıq 
								təqaüd, əlavə olaraq yol xərcləri də ala 
								bilərlər. Bu təqaüdü almaq üçün Almaniyadakı hər 
								hansı qəbul edən ali məktəb tərəfindən tədqiqat 
								və yaxud iş layihəsinin yazılı təsdiqi və iş 
								şəraiti ilə təmin olunacağı barədə bildiriş 
								təqdim olunmalıdır.  
								
								
								Ali məktəb müəllimlərinin ikitərəfli mübadiləsi 
								proqramı. Proqram tədqiqat, yaxud təhsil 
								səfərlərini dəstəkləmək məqsədi daşıyır. Bu 
								proqram mühazirə üçün səfərləri və konfranslarda 
								iştirakı maliyyələşdirmir və onun müddəti üç 
								aydan artıq olmur. Bu təqaüdlər bu və ya digər 
								ölkədə mədəni mübadilə proqramları və digər 
								ikitərəfli razılaşmalar əsasında çalışan 
								alimlərə verilir.  
								
								
								İncəsənət sahəsində çalışanlar üçün təqaüdlər. 
								Bu tədris təqaüdləri incəsənət, dizayn, kino, 
								musiqi, arxitektura, o cümlədən dram, rəqs və 
								xoreoqrafiya sahəsində Almaniyada dövlət və ya 
								dövlət tərəfindən tanınmış qeyri-dövlət ali 
								təhsil müəssisələrində bu və ya digər kursları 
								dərəcə almadan tamamlamaq imkanında olan 
								şəxslərə verilir. Proqramın müddəti adətən 1 
								akademik ili əhatə edir, lakin fərdi qaydada 
								onun müddəti artırıla bilər. Bu proqramda 
								iştirak etmək istəyənlər də Almaniyanın təhsil 
								müəssisələrindən dəvət almalıdırlar.  
								
								
								Alman dili ixtisası üzrə təhsil alan tələbələr 
								üçün birsemestrlik təqaüd. Bu təqaüd alman dili 
								ixtisası üzrə təhsil alan tələbələrə bir semestr 
								ərzində alman dili xarici dil kimi, yaxud alman 
								dili üzrə tərcümə ixtisasları üzrə təhsil almaq 
								imkanı yaradır. Təqaüd adətən qış semestri üçün 
								beş ay müddətinə verilir və onun vaxtı 
								uzadılmır. Bu təqaüd sahiblərinə aylıq 615 avro 
								təqaüd, birdəfəlik başlanğıc üçün yardım, 
								birdəfəlik dərs ləvazimatı üçün ödəniş, tibbi 
								sığorta və yol xərcləri DAAD tərəfindən 
								ödənilir. Bu proqramda təqaüdçüləri qəbul edən 
								ali məktəblər, adətən, DAAD tərəfindən seçilir, 
								ayrı-ayrı hallarda mümkün olduğu təqdirdə ali 
								məktəbin seçimində təqaüdçülərin rəyi də nəzərə 
								alına bilər. Proqram üçün müraciət edənlər yaxşı 
								təhsil göstəricilərinə malik olan, Almaniyadakı 
								birsemestrlik təhsillərini əsaslandırmağı 
								bacaran, 2-ci və 3-cü kursları bitirmiş, yaşı 
								32-dən yuxarı olmayan tələbələr ola bilərlər.
								 
								
								
								DAAD/Açıq Cəmiyyət İnstitutu proqramı. Proqram 
								DAAD və Açıq Cəmiyyət İnstitutu tərəfindən ali 
								təhsilin diplomdansonrakı dərəcələrinə malik 
								olanlar və gənc ali məktəb müəllimləri üçün 
								nəzərdə tutulur. Təqaüdlər Almaniya 
								universitetlərində təhsil almaq və yaxud 
								doktoranturanı bitirmək istəyənlərə verilir. Bu 
								proqramın məqsədi yerli ali məktəblərdə 
								humanitar, sosiologiya və sosial elmlər 
								sahəsində tədrisin və tədqiqatın 
								təkmilləşdirilməsi, həmçinin bu ali məktəblərin 
								əməkdaşlarının Almaniyadan olan həmkarları ilə 
								beynəlxalq əməkdaşlıq yaratmalarına yardım 
								etməkdir. Təqaüdlər ikiillik magistr kurslarına, 
								üçillik doktorantura proqramlarına və iki-üç 
								aylıq tədris səfərlərinə verilir. Təhsil 
								pilləsindən asılı olaraq, proqram iştirakçıları 
								715-1840 avro məbləğində aylıq təqaüd ala 
								bilərlər.  
								
								
								Qabiliyyətli tələbələr üçün universitet yay 
								kursları. Bu proqram alman dilini və ya 
								regionşünaslığı öyrənən tələbələrə Almaniya ali 
								təhsil müəssisələrində yay dövründə kurslar 
								keçməyə imkan yaradır. Proqram yay aylarında 
								iki-üç həftəlik dövrü əhatə edir. Bu proqramın 
								xərcləri qismən DAAD tərəfindən ödənilir. 
								Proqramda iştirak edən tələbələr yaxşı akademik 
								göstəricilərə malik olmalı, alman dilini 
								mühazirə və seminarlarda iştirak səviyyəsində 
								bilməlidirlər.  
								
								
								İqtisadiyyat və biznesin idarəolunması üzrə 
								təhsil alan tələbələrə birillik təqaüd proqramı. 
								Bu təqaüd, adından göründüyü kimi, iqtisadiyyat 
								və biznesin idarəolunması üzrə təhsil alan 
								tələbələrə iki semestr ərzində Almaniyada təhsil 
								almağa imkan yaradır. Bu müddəti tələbələr 
								dissertasiya və ya diplom işini tamamlamaq üçün 
								deyil, yalnız ixtisaslarına aid gərəkli fənlər 
								üzrə təhsil almaq üçün sərf edə bilərlər. Bu 
								proqramda iştirakın bütün xərcləri DAAD 
								tərəfindən ödənilir. Qəbul edən ali məktəbin 
								təklifindən asılı olaraq tələbələr Almaniyada 
								təhsilə başlamaq üçün hazırlıq kursu keçə 
								bilərlər, lakin bu hazırlıq dil ilə bağlı 
								deyildir. Proqramın maraqlı cəhətlərindən biri 
								də budur ki, tələbələr qeyd olunan ixtisaslar 
								üzrə Almaniyada təhsil proqramı ərzində hər 
								hansı alman müəssisəsində iş, yaxud sənaye 
								təcrübəsi keçməlidirlər. Bir qayda olaraq, bu 
								təcrübə qış və yay semestrləri ərzində təklif 
								olunur. Proqrama yalnız alman dilini yaxşı 
								bilən, dördillik bakalavr pilləsi üzrə təhsil 
								alan ikinci kurs tələbələri müraciət edə 
								bilərlər.  
								
								
								Xarici tələbələr üçün Almaniyaya tədris 
								səfərləri/təhsil seminarları və praktika 
								proqramı. Proqram universitet müəllimi 
								tərəfindən rəhbərlik edilən xarici tələbə 
								qruplarına təklif olunur. Proqramın məqsədi 
								tələbələri müvafiq səfərlər, səyahətlər və 
								informasiya görüşləri, yaxud Almaniya 
								universitetinin dəvəti ilə ixtisas üzrə 
								seminarlar və praktik kurslar təşkil etməklə 
								ixtisasları üzrə daha dolğun bilgi ilə təmin 
								etməkdir (tədris səfərləri). Qəbul edən 
								universitet həmçinin digər universitetlər, 
								şirkətlər, ictimai müəssisələrlə birlikdə 
								praktik kurslar da təşkil etməlidir (tədris 
								seminarları və praktika). Proqram həmçinin alman 
								tələbələri, alimləri və tədqiqatçıları ilə yeni 
								əlaqələr qurmağa, tələbələrə Almaniyanın 
								iqtisadi, siyasi və mədəni həyatının 
								incəliklərini öyrənməyə şərait yaradır. Bu cür 
								səfərlər yeddi gündən on iki günədək müddəti 
								əhatə edir. Burada yalnız tibbi və həyat 
								sığortası DAAD tərəfindən verilir, lakin 
								beynəlxalq səfər xərcləri ödənilmir. Belə 
								qruplarda iştirak edənlərin sayı 10-dan 15-ə 
								qədər olur.  
								
								
								İnkişaf etməkdə olan ölkələr üçün 
								diplomdansonrakı dərəcə kursları. Bu kurslar 
								ticarət, biznes və idarəetmə sahələrində öz 
								ölkələrində işləyən ixtisaslaşmış mütəxəssislər 
								üçün nəzərdə tutulur. Bu diplomdansonrakı dərəcə 
								kursları iştirakçılara çalışdıqları sahələr üzrə 
								təlim vasitəsilə təcrübələrini artırmaq imkanı 
								verir. Kurslar magistr dərəcəsinin verilməsi ilə 
								nəticələnirsə, onun müddəti 12 aydan 24 aya 
								qədər, əgər doktor dərəcəsi qazanılacaqsa, bu 
								müddət 36 ay, yəni 3 il olur. Təqaüd üçün 
								müraciət edənlər ən azı iki il təcrübəyə malik 
								olan sənaye, biznes və idarəçiliyin müxtəlif 
								sahələrində çalışan və yaşı 36-ya qədər olan 
								iddiaçılar olmalıdırlar. Bu proqramda iştirak 
								edənlər ya ingilis dilindən TOEFL, yaxud İELTS 
								imtahanları üzrə müvafiq olaraq 550 və 6 ballıq 
								şkaladan yuxarı sertifikata malik olmalıdırlar. 
								İngilis dilində təhsil almaq istəyənlər ikiaylıq 
								intensiv dil kursu keçə, alman dilində təhsil 
								almaq istəyənlər isə altıaylıq alman dili 
								kursunda iştirak edə bilərlər.  
								
								
								1998-ci ildən DAAD tərəfindən həyata keçirilən 
								proqramlar üzrə Azərbaycan vətəndaşlarına 
								bütövlükdə 680 təqaüd verilmişdir. Bu 
								təqaüdlərin böyük əksəriyyəti DAAD, bir hissəsi 
								isə DAAD/ACİ tərəfindən birgə maliyyələşdirilən 
								təqaüdlərdir ki, onların da 
								maliyyələşdirilməsinə hər il yüz minlərlə avro 
								məbləğində vəsait sərf olunur.  
								
								
								Son on il ərzində DAAD-ın müxtəlif proqramları 
								üzrə Azərbaycana 680 təqaüd ayrılmışdır. O 
								cümlədən, 1998-ci ildə 40 təqaüd, 1999-cu ildə 
								47 təqaüd, 2000-ci ildə 57 təqaüd, 2001-ci ildə 
								86 təqaüd, 2002-ci ildə 55 təqaüd, 2003-cü ildə 
								95 təqaüd, 2004-cü ildə 43 təqaüd, 2005-ci ildə 
								62 təqaüd, 2006-cı ildə 55 təqaüd, 2007-ci ildə 
								68 təqaüd, 2008-ci ildə 72 təqaüd üzrə 
								azərbaycanlı Almaniyada təhsil almış, təcrübə 
								mübadiləsində iştirak etmiş, tədqiqat aparmış, 
								ixtisasını artırmışdır. 
								
								
								Qarşılıqlı səfərlər nəticəsində DAAD-la Təhsil 
								Nazirliyinin əməkdaşlıq əlaqələri daha da 
								inkişaf etmişdir. 2003-cü ildə DAAD-ın 
								prezidenti Teodor Barxemin dəvəti ilə Azərbaycan 
								Respublikası Təhsil Nazirliyinin nümayəndə 
								heyətinin Almaniyaya səfərindən sonra bu 
								təşkilatın Azərbaycanda fəaliyyəti daha da 
								genişlənmişdir. 
								
								
								16-29 may 2003-cü il tarixlərində həyata 
								keçirilmiş səfər zamanı Azərbaycan Respublikası 
								Təhsil Nazirliyinin nümayəndə heyətinin DAAD və 
								Almaniyanın müxtəlif təhsil müəssisələri, o 
								cümlədən Köln, Zigen və Düsseldorf 
								universitetlərinin rəhbərləri, Nord Reyn 
								Vestfaliya torpağının elmi-tədqiqat və təhsil 
								naziri ilə səmərəli görüşləri olmuş, faydalı 
								danışıqlar aparılmışdır. Bu səfər Azərbaycanın 
								Almaniya ilə gələcək əməkdaşlığının 
								prioritetlərini müəyyən etməyə və təhsil 
								əlaqələrinin qurulmasına əsaslı zəmin 
								hazırlamışdır. Ali məktəblər və Almaniyanın 
								təhsili idarəetmə strukturlarında keçirilmiş 
								görüşlər zamanı Almaniya tərəfi Azərbaycanın 
								mühəndis və təbiət elmləri sahələrində 
								mütəxəssis hazırlayan ali məktəbləri ilə birbaşa 
								əməkdaşlıqda maraqlı olduqları və mövcud 
								əlaqələri daha da genişləndirmək niyyətlərini 
								Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
								nümayəndə heyətinə bildirmişlər. Görüşlər zamanı 
								Azərbaycandan gənc mütəxəssislərin Almaniyanın 
								ali məktəblərində ixtisasartırma, stajkeçmə və 
								tədqiqat aparmaq imkanları müzakirə edilmiş, 
								nəticə olaraq qərara gəlinmişdi ki, alman dilini 
								mükəmməl bilən gənc alimlərimiz elmi-tədqiqat 
								işlərini Almaniyada davam etdirmək üçün DAAD-a 
								müraciət edə bilərlər.  
								
								
								Azərbaycan Respublikası Təhsil Nazirliyi 
								nümayəndə heyətinin Almaniyaya növbəti səfəri 
								Köln Tətbiqi Elmlər Ali Məktəbinin dəvəti 
								əsasında həyata keçirilmişdir. Təhsil 
								Nazirliyinin nümayəndə heyəti 9-17 oktyabr 
								2007-ci il tarixlərində Almaniyada rəsmi səfərdə 
								olmuşdur. Səfərin əsas məqsədi 
								Almaniya-Azərbaycan təhsil əlaqələrinin 
								genişləndirilməsi, azərbaycanlı gənclərin 
								Almaniyanın ali məktəblərində təhsil imkanları 
								barədə müvafiq müzakirə və danışıqların 
								aparılması olmuşdur.  
								
								
								Səfər zamanı nümayəndə heyəti Köln Tətbiqi 
								Elmlər Ali Məktəbində "Azərbaycanda mühəndis 
								təhsili sistemində islahat prosesi" mövzusunda 
								keçirilən tədbirdə iştirak etmişdir. Tədbirdə 
								Köln Tətbiqi Elmlər Ali Məktəbinin rektoru, 
								professor Yoaxim Metsner çıxış edərək 
								Azərbaycanın ali məktəbləri ilə əməkdaşlıq 
								barədə məlumat vermiş, Almaniya Federativ 
								Respublikası Bundestaqının Almaniya-Cənubi 
								Qafqaz parlament qrupunun sədri Şteffen Rayxe 
								Azərbaycanın Almaniyada daha geniş təbliği 
								sahəsində səylərin artırılmasının vacibliyini 
								bildirmiş, Azərbaycan Respublikasının Prezidenti 
								cənab İlham Əliyevin rəhbərliyi altında 
								ölkəmizdə təhsil və mədəniyyət sahələrində son 
								illərdə həyata keçirilmiş tədbirləri yüksək 
								qiymətləndirmişdir. 
								
								
								DAAD-ın Baş katibinin müavini Vilfrid Berqman 
								iki ölkə arasında həyata keçirilən akademik 
								mübadilə barədə məlumat vermiş, 
								Almaniya-Azərbaycan Forumunun sədri Otto Hauzer 
								təhsil və mədəniyyəti iki ölkə arasında 
								əməkdaşlıq körpüsünün əsas sütunları kimi 
								səciyyələndirmişdir. Köln Tətbiqi Elmlər Ali 
								Məktəbinin professoru Reza Talebi-Deryani 
								Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən 
								indiyədək TEMPUS proqramı çərçivəsində 
								Azərbaycan və Almaniya ali məktəbləri arasında 
								həyata keçirilən əməkdaşlıq barədə məlumat 
								vermişdir. 
								
								
								Səfər proqramında nəzərdə tutulduğu kimi, 
								Azərbaycan Respublikası Təhsil Nazirliyi 
								nümayəndə heyətinin rəhbəri "Azərbaycan və 
								Boloniya prosesi" mövzusunda əsas məruzə ilə 
								çıxış etmişdir. Tədbirdə "Təhsil sahəsində 
								Azərbaycan-Almaniya əməkdaşlığının məqsədləri və 
								imkanları" mövzusunda elm və sənaye 
								nümayəndələrinin çıxışları dinlənilmiş, 
								Almaniyanın BMW, Siemens və digər şirkətlərinin 
								nümayəndələri ilə elm və sənayenin 
								əlaqələndirilməsi, Azərbaycan mühəndislərinin 
								təkmilləşdirilməsi məsələləri müzakirə 
								olunmuşdur. 
								
								
								Səfər çərçivəsində 11-14 oktyabr 2007-ci il 
								tarixlərində DAAD-ın Baş katibi Kristian Bode, 
								Almaniya Ali Məktəbləri Rektorlar Konfransı 
								Prezidentinin müavini, Berlin Azad 
								Universitetinin rektoru, professor Dieter 
								Lenzen, Almaniya Federativ Respublikası təhsil 
								nazirinin müavini, Dövlət Katibi Andreas Stormla 
								ikitərəfli görüşlər keçirilmişdir. 
								
								
								DAAD-ın Baş katibi Kristian Bode ilə aparılmış 
								müzakirələrdə razılaşdırılmışdır ki, rəhbərlik 
								etdiyi təşkilatın Almaniyanın bütün ali 
								məktəbləri ilə əlaqələri və dünyanın 150-dən çox 
								dövləti ilə tələbə və alim mübadiləsi sahəsində 
								zəngin təcrübəsi nəzərə alınaraq, azərbaycanlı 
								gənclərin Almaniyada təhsil alması barədə Saziş 
								layihəsinə yenidən baxılsın, xaricdə təhsil üzrə 
								Dövlət Proqramı çərçivəsində Almaniyaya 
								göndəriləcək azərbaycanlı tələbələrlə bağlı 
								DAAD-ın təcrübəsindən daha geniş istifadə 
								edilsin. Kristian Bode DAAD-ın Azərbaycanla 
								təhsil sahəsində indiyədək uğurla əməkdaşlıq 
								etdiyini vurğulayaraq, bundan sonra da rəhbərlik 
								etdiyi təşkilatın əməkdaşlığa səy göstərəcəyini 
								bildirmişdir.  
								
								
								Səfər zamanı aparılmış müzakirələrin nəticəsi 
								olaraq qərara alınmışdır ki, 2008-ci ilin 
								fevralında təhsillə bağlı Almaniya-Azərbaycan 
								birgə beynəlxalq konfransı keçirilsin. 
								Konfransda digər məsələlərlə yanaşı, Azərbaycan 
								gənclərinin xaricdə təhsili üzrə Dövlət 
								Proqramına dəstək kimi DAAD-ın təcrübəsi və 
								imkanlarından istifadə də nəzərdə tutulmuşdu.
								 
								
								
								Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili 
								üzrə Dövlət Proqramının icrası çərçivəsində 
								2008-ci ilin iyun ayında Azərbaycan Respublikası 
								Təhsil Nazirliyi nümayəndə heyətinin rəhbəri və 
								DAAD-ın vitse-prezidenti Maks Huber tərəfindən 
								Dövlət Proqramı hesabına DAAD ilə Azərbaycan 
								Respublikası Təhsil Nazirliyi arasında 
								Azərbaycan tələbələrinin Almaniyada təhsili üzrə 
								təqaüd proqramı ilə bağlı Saziş imzalanmışdır. 
								Dövlət Proqramı çərçivəsində 2007-ci ildə 5, 
								2008-ci ildə 21, 2009-cu ildə 45 nəfər 
								Almaniyada təhsil almağa göndərilmişdir. 
								 
								
								
								DAAD-ın dəstəyi ilə Azərbaycan Dillər 
								Universitetinin Almaniyanın Höte İnstitutu ilə 
								əməkdaşlığı çərçivəsində ADU-da Alman oxu zalı 
								yaradılmışdır. Bu oxu zalında Almaniyanın 
								tarixi, ədəbiyyatı, iqtisadiyyatı, beynəlxalıq 
								münasibətləri və mədəniyyəti ilə bağlı çoxsaylı 
								ədəbiyyat toplanmışdır. Oxu zalından həm 
								universitetin tələbələri, həm də digər oxucular 
								istifadə edirlər. Almaniyanın Azərbaycandakı 
								səfirliyinin dəstəyi ilə burada vaxtaşırı olaraq 
								seminarlar, danışıq saatları və mədəni tədbirlər 
								keçirilir. 
								
								
								DAAD-la əməkdaşlıq çərçivəsində Azərbaycan 
								Dillər Universitetinə qısa və uzunmüddətli 
								layihələr üzrə alman alim və professorlar cəlb 
								edilmişlər. DAAD-la səmərəli əməkdaşlığın 
								nəticəsidir ki, əgər əvvəllər alman dili üzrə 
								mütəxəssislərin hazırlanması yalnız Azərbaycan 
								Dillər Universitetində həyata keçirilirdisə, 
								indi Azərbaycan Dövlət Pedaqoji Universiteti, 
								Bakı Dövlət Universiteti, Gəncə Dövlət 
								Universiteti, Lənkəran Dövlət Universiteti və 
								Naxçıvan Dövlət Universitetində də müvafiq 
								ixtisaslar açılmışdır.  
								
								
								Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) də 
								Təhsil Nazirliyinin sıx əməkdaşlıq etdiyi 
								beynəlxalq təşkilatlardan biridir. Almaniya 
								İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal 
								Nazirliyinin Texniki Əməkdaşlıq Cəmiyyəti 
								Azərbaycan da daxil olmaqla, 7 ölkədə (Mərkəzi 
								Asiya və Cənubi Qafqaz respublikaları) texniki 
								peşə təhsili müəssisələrinin ixtisas fənn 
								müəllimi və istehsalat təlimi ustalarının 
								ixtisasının artırılması sahəsində layihələr 
								həyata keçirir. Azərbaycan bu layihələrə 2003-cü 
								ildən qoşulmuşdur. Təşkilatla əməkdaşlıq 
								çərçivəsində respublikada milli seminarların 
								keçirilməsi üçün peşə təhsili sahəsində 
								təcrübəsi olan 4 nəfər mütəxəssis Daşkənd, 
								Bişkek və Düşənbə şəhərlərində keçirilən xüsusi 
								kurslarda olmuş və onlar Alman Texniki 
								Əməkdaşlıq Cəmiyyəti tərəfindən milli seminarı 
								aparmaq hüququ verən sertifikatlar almışlar.
								 
								
								
								Cəmiyyətin xəttilə 2004-cü ilin mart-aprel 
								aylarında (2 həftəlik) və 2005-ci ilin aprel-may 
								aylarında (2 həftəlik) peşə təhsili 
								müəssisələrinin 50 nəfər müəllimi texniki peşə 
								təhsili sahəsində alman təhsil texnologiyalarını 
								öyrənmək üçün Bakı şəhərində ixtisasartırma 
								kurslarında iştirak etmişdir. 
								
								
								İxtisasartırma kurslarını keçmiş müəllimlər 
								2004-cü ildə respublikanın 50 peşə məktəbi və 
								liseyində kurslar təşkil etmişlər. Bu kurslarda 
								1093 nəfər, o cümlədən 383 fənni müəllimi və 710 
								istehsalat təlimi ustası ixtisasını artırmışdır. 
								2005-ci ildə keçirilmiş kurslarda isə 1086 
								nəfər, o cümlədən 375 fənn müəllimi və 711 
								istehsalat təlimi ustası iştirak etmişdir. 
								
								
								2005-ci ilin sentyabr - oktyabr aylarında 50 
								nəfərdən ibarət qrupun birhəftəlik 5-ci seminarı 
								keçirilmişdir. Layihə 2006-cı ildə 2 həftəlik 
								seminarla başa çatmışdır.  
								
								
								GTZ ilə əməkdaşlığın istiqamətlərindən biri də 
								Azərbaycanda təhsil müəssisələrinin tikintisi və 
								bərpası sahələrini əhatə edir. Belə ki, Almaniya 
								hökuməti və Almaniyanın Azərbaycandakı 
								səfirliyinin dəstəyi ilə kiçik qrantlar 
								çərçivəsində 2001-ci ildə Kürdəmir şəhərində 5 
								nömrəli orta məktəb, Ağcabədi şəhərində orta 
								məktəb əsaslı təmir edilmişdir. Həmin ildə orta 
								məktəblər üçün Azərbaycan dilində 1890, rus 
								dilində 1260 kitab, o cümlədən dərslik alınmış, 
								Xaçmaz, Şamaxı, Kürdəmir və Beyləqan 
								rayonlarının orta məktəblərinə paylanmışdır. 
								
								
								Almaniyanın GTZ şirkəti ilə birgə əməkdaşlıq 
								proqramı çərçivəsində 1999-2003-cü illərdə bu 
								təşkilat tərəfindən Xızı, Dəvəçi, Siyəzən, 
								Ağstafa, Tovuz, Qazax və Gədəbəy rayonlarında 58 
								məktəb təmir edilmiş, 4 yeni məktəb tikilmişdir. 
								Sonuncu yeni məktəb Siyəzəndə 2003-cü ilin 
								sentyabr ayında istifadəyə verilmişdir. Təşkilat 
								ümumilikdə bərpa və tikinti işlərinə 500000 ABŞ 
								dolları məbləğində vəsait xərcləmişdir. 
								 
								
								
								Son illərdə Azərbaycanla Almaniya arasında 
								təhsil əlaqələrinin inkişafı, eyni zamanda 
								təhsil sahəsində nou-hau və təcrübələrin 
								ötürülməsi məqsədilə GTZ tərəfindən təhsil 
								sahəsində əməkdaşlığın yeni fəaliyyət 
								istiqamətləri təklif olunur. Belə ki, təklif 
								olunan əməkdaşlığın əsas hissəsini təcrübə 
								mübadiləsinin təşkili, təhsil sahəsindəki 
								ixtisaslı və aparıcı kadrların ixtisaslarının 
								artırılması təşkil edir. Bununla əlaqədar olaraq 
								Almaniya tərəfindən uşaq bağçalarının, uşaq 
								evlərinin, sosial xidmətlərin, məktəblərin, 
								ixtisasartırma müəssisələrinin, kütləvi idman 
								növlərinin dəstəklənməsi üzrə müəssisələr və 
								təşkilatların iqtisadi və təşkilati modelləri 
								təqdim olunmaqdadır. 
								
								
								Azərbaycandakı ixtisaslı və aparıcı işçilərin 
								təlim məqsədilə Amaniyada təhsil müəssisələrinə 
								və xidmət birliklərinə səfər etməsi, iş şəraiti 
								ilə yerində tanış olması gələcəkdə GTZ ilə 
								əməkdaşlıq baxımından səmərəli olacaqdır. 
								
								
								Hazırda Azərbaycan Dövlət Aqrar Universiteti 
								GTZ-nin "Cənubi Qafqaz aqrar təhsilin və 
								regionların inkişafına dəstək" layihəsi 
								çərçivəsində Almaniyanın Vaynştefan Universiteti 
								ilə sıx əməkdaşlıq edir. Belə ki, 2003-cü ildən 
								başlayaraq ADAU-nun tələbələri hər il Vaynştefan 
								Tətbiqi Elmlər Universitetində təhsillərini 
								davam etdirmək və elmi təcrübə keçmək üçün oraya 
								göndərilir və eyni zamanda həmin universitetin 
								müəllim və professorları ADAU-da treninqlər və 
								seminarlar keçirirlər. Bu əməkdaşlıq 
								çərçivəsində indiyədək Vaynştefan Tətbiqi Elmlər 
								Universitetinin Trisdorf bölməsində 
								magistraturada 14 tələbə təhsilini başa vurmuş, 
								hazırda 4 nəfər II kursda, 3 nəfər isə I kursda 
								təhsil alır. Bundan başqa, indiyədək 27 tələbə 
								bu proqram çərçivəsində Almaniyada təcrübə 
								keçmişdir. ADAU-da 2005-ci ildən başlayaraq 
								Alman proqramı ilə aqrar-menecment ixtisası üzrə 
								mütəxəssis hazırlanır. 
								
								
								
								(Ardı var) 
								
								
								
								Misir MƏRDANOV,  
								Azərbaycan Respublikasının  
								təhsil naziri, fizika-riyaziyyat  
								elmləri doktoru, professor  |