| 
								 
								
								Təhsilə dövlət səviyyəsində göstərilən diqqət və 
								qayğının artdığı, təhsil islahatlarının sistemli 
								şəkildə həyata keçirildiyi, "Azərbaycan 
								Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli 
								Kurikulum)"nın və müəllim hazırlığının (pedaqoji 
								təhsil, ixtisasartırma və yenidənhazırlanma) 
								keyfiyyətinin yüksəldilməsi bir tələb kimi 
								qarşıya qoyulduğu vaxtda "Təhsilin əsasları" 
								fənninin ali pedaqoji təhsil müəssisələrində 
								tədrisinin zəruriliyi xeyli artmışdır. 
								
								
								Fikrimizcə, "Təhsilin əsasları" fənninin tədrisi 
								gələcək müəllimlərin təhsil islahatının 
								müvəffəqiyyətlə həyata keçirilməsində yaxından 
								iştirak etməsini, yalnız nəzəri cəhətdən 
								məlumatlı müəllim kimi deyil, həm də praktik 
								baxımdan səriştəli, yeni təlim 
								texnologiyalarından səmərəli istifadə edə bilən 
								pedaqoji kadr kimi  hazırlanmasına imkan verəcək, 
								onlar nəticə etibarı ilə ümumi təhsilin 
								keyfiyyətini yüksəldə biləcəklər.  
								
								
								Hazırda bu kursu öyrənən tələbələr əmindirlər ki, 
								onlar həm nəzəri, həm də praktik baxımdan 
								peşəkar müəllimlər  kimi hazırlanacaqlar; müasir 
								yanaşmaların və yeni fənn kurikulumlarının 
								uğurlu tətbiqinə nail olacaqlar;  ümumi təhsilin 
								keyfiyyətini yüksəltmək üçün lider, yaradıcı, 
								tədqiqatçı kadr kimi hazırlanacaqlar. 
								 
								
								
								I semestrin nəticələri göstərir ki,  tələbələr "Təhsilin 
								əsasları" fənninin vəzifələrini düzgün olaraq 
								aşağıdakı kimi müəyyənləşdirmişlər; 
								
								
								- pedaqoji təfəkkürləri müasir tələblərə uyğun 
								formalaşdırılır; 
								
								
								- təhsil siyasətini həyata keçirən, nəzəri 
								biliklərini peşəkarlıqla tətbiq edə bilən, daim 
								öz peşə ustalığını inkişaf etdirən və aşağıdakı 
								praktik bacarıqlara malik müəllim kimi 
								hazırlanırlar; 
								
								
								-Təlim prosesində şagird şəxsiyyətini ön plana 
								çəkməli; 
								
								
								- Uğurlu müəllim-şagird, məktəb-ailə 
								münasibətləri yaratmalı; 
								
								
								- Öyrənmə prosesini təlimin təşkilinə verilən 
								müasir tələblər səviyyəsində qurmalı; 
								
								
								- Şagird nailiyyətlərini qiymətləndirməyin üsul 
								və vasitələrindən uğurla istifadə etməli; 
								
								
								- Qiymətləndirmə nəticələrinin təhlilinə əsasən 
								müvafiq qərarlar qəbul etməyi bacarmalı. 
								
								
								Müəllim hazırlığında "Təhsilin əsasları" 
								fənninin tədrisi həm də ona görə vacibdir ki, 
								indi müəllim şəxsiyyət, vətəndaş, idarəçi, 
								tədqiqatçı, praktik, təsərrüfatçı kimi hazırlığa 
								malik olmalıdır. Ona görə də "Təhsilin əsasları" 
								fənninin məzmun xətləri aşağıdakılar kimi 
								müəyyənləşdirilib: 
								
								
								-Təhsil fəlsəfəsi və təlim prosesi 
								
								
								- Cəmiyyətin təhsil ehtiyacları və onların 
								hüquqi təminatı 
								
								
								- Təhsildə dövlət siyasəti 
								
								
								- Kurikulum və onun elmi-nəzəri əsasları 
								
								
								- Təhsilin metodoloji (praktik) əsasları 
								
								
								- Təhsilin iqtisadiyyatı. 
								
								
								2009-2010- cu tədris ilinin birinci semestrində 
								birinci iki məzmun xətti öyrənilmişdir. 
								 
								
								
								Həmin məzmun xətlərini öyrənmiş tələbələrin 
								imtahan vaxtı verdikləri cavablara əsaslanaraq 
								söyləyə bilərik ki, onlar təhsil fəlsəfələrini 
								öyrənməklə nəzəriyyə ilə praktikanı 
								əlaqələndirməyi bacarırlar; təhsillə bağlı öz 
								dünyagörüşlərini - təhsil fəlsəfələrini 
								müəyyənləşdirə bilirlər; formalaşmış təhsil 
								dünyagörüşünün onların pedaqoji fəaliyyətinin 
								keyfiyyətinə təsirinə nail olurlar. 
								
								
								Öz təhsil fəlsəfəsini müəyyən edən, öyrənən 
								müəllim, şagird və təlim-tədris prosesinə 
								verilən tələbləri şərh etməyi;  Azərbaycanda 
								pedaqoji fikrin tarixi haqqında tədqiqatların  
								nəticələrini təqdim etməyi bacarır. Cəmiyyətin (bölgənin, 
								şəhərin, kəndin) təhsillə bağlı ehtiyaclarını 
								araşdırmağı bilir, nəticələr barədə məlumat 
								verməyi, təlim prosesində tətbiq etməyi bacarır, 
								təhsillə bağlı ehtiyaclarının hüquqi sənədlərdə 
								necə təsbit edildiyini tədqiqat aparmaqla  
								müəyyən edir və bunu təlim prosesi ilə 
								əlaqələndirir. 
								
								
								Fəlsəfə bəşəriyyətin mənəvi mədəniyyətinin ən 
								qədim və dəyərli sahəsidir. Ümumdünya fəlsəfi 
								fikrini, eləcə də ayrılıqda hər bir xalqın milli 
								fəlsəfəsini  mənimsəmədən yeni cəmiyyət 
								qurucularının yetkin şəxsiyyət kimi 
								formalaşdırılması mümkün deyildir. Fəlsəfə hamı 
								üçün lazımdır, çünki müasir şəraitdə hər bir 
								fəaliyyət üçün tənqidi təfəkkür zəruridir ki, 
								onu da ancaq fəlsəfə formalaşdırır. Fəlsəfəni 
								bilmək kamil şəxsiyyətin zəruri keyfiyyətlərinin  
								insanda formalaşmasına kömək edir, həqiqətə, 
								xeyirxahlığa  yiyələnməyə şərait yaradır. 
								 
								
								
								"Təhsilin əsasları" fənninin tədrisinə 
								başladığımız ilk günlərdə tələbələrə "Siz 
								özünüzün və digərlərinin təhsil fəlsəfələrini 
								necə müəyyən edə bilərsiniz" sualı ilə müraciət 
								etdikdə onlar deyirdilər ki, məgər hər bir 
								insanın  təhsil fəlsəfəsi olur?  Sonralar onlar 
								əmin oldular ki, insanlara müəyyən suallar 
								verməklə, müəllimin dərsini müşahidə etməklə, 
								elmi-tədqiqat işlərinin məzmunu ilə tanış 
								olmaqla alimlərin, şairlərin şeirlərini, 
								yazıçıların əsərlərini oxumaqla onların da 
								fəlsəfi fikirləri, o cümlədən təhsil fəlsəfələri 
								haqqında fikir söyləmək mümkündür. Sonralar 
								tələbələrdən soruşduqda ki, bunlar bizə, 
								xüsusilə gələcəyin müəlliminə nə üçün lazımdır? 
								Onlar doğru olaraq söylədilər ki, bu, bizə öz 
								təhsil fəlsəfəmizi müəyyənləşdirməklə, 
								təlim-tədris prosesini, müəllim-şagird 
								münasibətlərini qurarkən yeni təhsil 
								yanaşmalarından çıxış etmək, ölkəmizdə təhsilə 
								verilən müasir tələblər baxımından 
								fəaliyyətimizi qura bilmək üçün lazımdır. 
								Müəllim ona nail olmalıdır ki, onun sinifdəki 
								fəaliyyəti dövlətin təhsil siyasəti ilə üst-üstə 
								düşsün, müəyyən edilmiş təhsil standartlarının 
								reallaşmasına nail olunsun. 
								
								
								İlk vaxtlarda tələbələr arasında belə düşünənlər 
								vardır ki, nə üçün bu gün yeni təhsil 
								yanaşmalarına bu qədər əhəmiyyət verilir. Qərbin 
								təhsil təcrübəsinin Azərbaycan məktəbinə bu 
								qədər geniş şəkildə tətbiqi nə dərəcədə 
								məqsədəuyğundur? Sonralar dərs zamanı onların 
								apardıqları araşdırmalardan məlum oldu ki, 
								şəxsiyyətin formalaşmasında müstəsna əhəmiyyət 
								daşıyan yeni redaqoji yanaşmalar təhsilimiz üçün 
								göründüyü qədər də yeni məsələ deyildir. Onlar 
								araşdırmalarla müəyyən etdilər ki, N.Gəncəvi, 
								Ə.Marağayi, N.Tusi, M.F.Axundov, F.Köçərli, 
								H.Zərdabi, Ü.Hacıbəyov və başqa mütəfəkkirlərin 
								və maarifçi demokratların dünyagörüşlərində 
								təhsilə verilən  müasir tələblər baxımından çox 
								maraqlı fikirlər vardır. Mütəfəkkirlərin təhsil 
								fəlsəfələrini araşdıran tələbələrdən birinin 
								M.F.Axundov haqqında apardığı qeydlərinə nəzər 
								yetirək: 
								
								
								M.F.Axundov kamil insanın tərbiyəsi üçün 3 mühüm 
								amilin  olmasını irəli sürürdü. O, bu fikrini  
								H.Zərdabiyə yazdığı məktubunda belə ifadə edirdi: 
								"Ey alim Həsən bəy! Sən hər cür qəzetində biz 
								müsəlmanlara, müsəlman tayfasına elmin fəzilətin 
								və faydasını bildirib bizə hey təklif edirsən ki, 
								elm öyrənin, elm öyrənin!... Çox yaxşı, 
								fikirlərin qiymətli və əvəzsizdir. Biz sizin 
								nəsihətinizi eşidib elm öyrənməyə hazırıq. Bizə 
								de görək, elmi harada öyrənək, kimdən öyrənək və 
								hansı dildə öyrənək? Sizin arzularınız o vaxt 
								yerinə yetər ki, hətta bizim çobanlarımız da 
								oxumaq, yazmaq bilərlər, qadınlarımız da oxumaq 
								bilər". 
								
								
								M.F.Axundov "harada öyrənək" deyərkən 
								məktəblərin, "kimdən öyrənək" deyərkən 
								müəllimlərin olmadığından şikayətlənirdi. Və 
								müəllim kadrlarının hazırlanmasını zəruri 
								sayırdı. Müəllim kadrları hazırlayan müəssisə - 
								seminariya yox idi. M.F.Axundov Qori Müəllimlər 
								Seminariyasında Azərbaycan şöbəsinin açılmasına 
								çox səylə çalışırdı. 
								
								
								Böyük mütəfəkkir "hansı dildə öyrənək" deyərkən 
								təlimin ana dilində aparılmasını zəruri sayırdı. 
								
								
								Tələbələr araşdırmalar yolu ilə digər 
								mütəfəkkirlərin də müasir dövrlə səsləşən 
								fikirlərini müəyyənləşdirmişlər. 
								
								
								"Təhsilin əsasları" fənninin tədrisinin ilk 
								günlərindən tələbələr oxuduqları müddətdə 
								müəllimlərinin uğurlu və uğursuz dərslərindən 
								xeyli misallar söyləmişlər. 
								
								
								I semestrin nəticələrinin təhlili "Təhsilin 
								əsasları" fənninin praktik müəllim hazırlığı 
								üçün əhəmiyyətli olmasını, təhsilə verilən 
								müasir tələblər baxımından vacibliyini, dövlətin 
								təhsillə bağlı hüquqi sənədlərinin tələblərinin 
								həyata keçirilməsində böyük əhəmiyyətə malik 
								olmasını, tələbələrin bu fənnin tədrisinə böyük 
								maraq göstərmələrini aşkara çıxardı. 
								
								
								Lakin əldə olunan nailiyyətlərlə yanaşı, müəyyən 
								çətinliklər də vardır. Bunu, ilk növbədə, 
								müəllim və tələbələr üçün heç olmasa 
								istiqamətverici tövsiyələrin olmamasında görürük. 
								
								
								İmtahanların nəticələri, ümumiyyətlə, qənaətbəxş 
								olsa da, tələbələrin bir qismi praktik suallara 
								(İnternetdən istifadə ilə bağlı suallara) lazımi 
								səviyyədə cavab verə bilməmişlər. 
								
								
								II semestrdə fənnin proqramına uyğun olaraq "Təhsildə 
								dövlət siyasəti" məzmun xətti öyrəniləcəkdir.
								 
								
								
								Qarşıya qoyulmuş vəzifənin həyata keçirilməsi 
								üçün nazirlik tərəfindən treninq keçirilmiş, 
								müvafiq göstərişlər və istiqamətlər verilmişdir. 
								I semestrdə olduğu kimi, II semestrdə də fənnin 
								tədrisinə 60 saat vaxt ayrılmışdır.  
								
								
								Onu da xatırladaq ki, fənn praktik olduğundan 
								dərs yarımqruplarla keçilir.   
								
								
								
								Sirac RƏSULOV, 
								AMİ-nin Təhsilin idarə edilməsi  
								və peşə təlimi kafedrasının  
								dosenti, pedaqoji elmlər namizədi  |