| 
								 
								
								Bakı Slavyan Universiteti Almaniyanın Johannes 
								Quttenberq Universiteti ilə birgə "Mayns və 
								Osvald fon Volkenştayn" cəmiyyətinin maraqlı bir 
								layihəsini həyata keçirir. 
								
								
								Bu günlərdə BSU-da "Kitabi-Dədə Qorqud" və "Nibelunqlar 
								haqqında nəğmə: Ortaçağ qəhrəmanlıq 
								dastanlarında Şərq və Qərb" adlanan həmin layihə 
								çərçivəsində növbəti tədbir baş tutub. 
								
								
								BSU-nun rektoru, Azərbaycan Milli Elmlər 
								Akademiyasının müxbir üzvü Kamal Abdullayev 
								layihənin həyata keçirilməsində xidməti olan 
								Almaniyanın Vüsburq Universitetinin professoru, 
								"Mayns və Osvald fon Volkenştayn" cəmiyyətinin 
								prezidenti xanım Ziqlinde Hartmanna təşəkkürünü 
								bildirib. 
								
								
								Almaniyanın Bakıdakı səfiri Per Kristofer 
								Stançina öz çıxışında ölkəsi ilə Azərbaycan 
								arasında təhsil sahəsində mövcud olan qarşılıqlı 
								əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən bəhs edib. 
								
								
								Professor Ziqlinde Hartmann bu layihə 
								çərçivəsində gələn il Almaniyada keçiriləcək 
								ikinci simpoziuma hazırlıqla bağlı aparılan 
								müzakirələr haqqında ətraflı məlumat verib. 
								Xanım Hartmann tədbir iştirakçılarının diqqətinə 
								çatdırıb ki, BSU-nun xarici ölkə universitetləri 
								və mədəniyyət mərkəzləri ilə əməkdaşlığının 
								genişləndirilməsinə xidmət edən layihənin beş il 
								müddətində reallaşdırılması nəzərdə tutulur. 
								Layihə çərçivəsində 2011-ci ildə Almaniyada, 
								2013-cü ildə isə Bakıda keçirilməsi nəzərdə 
								tutulan simpoziumlar  dastanların üslubiyyatı, 
								nəşri, tərcüməsi problemlərinə və s. məsələlərə 
								həsr olunacaqdır.  
								
								
								Tədbirin sonunda almaniyalı professor "Ortaçağda 
								eşqin kəşfi" mövzusunda mühazirə oxuyub.  
								
								
								
								Hicran ƏKBƏROVA  |