|   | 
										
										
										Yerləşir:  | 
										
										
										Fransa Respublikası, Paris şəhəri | 
										
										  | 
										  | 
									 
									
										| 
										
										Yaranma tarixi: | 
										
										
										1794-cü il | 
									 
									
										| 
										
										Tipi:  | 
										
										
										Dövlət | 
									 
									
										| 
										
										İşçi heyəti: | 
										
										
										800 akademik, 350 inzibati | 
									 
									
										| 
										
										Tələbələrin sayı: | 
										
										
										2300 nəfər | 
									 
									
										| 
										
										Rəsmi saytı: | 
										
										
										
										www.ens.fr | 
									 
								 
								
								
								Paris Ali Normal Məktəbi (fransız dilində Ecole 
								Normale Superieure) Fransa Respublikasının 
								paytaxtı Paris şəhərində yerləşir və Fransanın 
								dövlət universitetləri çərçivəsində fəaliyyət 
								göstərən nüfuzlu ali məktəblərdən biridir. Ali 
								Normal Məktəb Fransa inqilabı dövründə yaradılıb 
								və həmin vaxtdan bugünədək mühüm elit institut 
								kimi fəaliyyət göstərir. Məktəbin tələbələri 
								hökumət və akademik dairələrdə yüksək səviyyədə 
								karyera əldə etmək üçün  hazırlanır. Fransa 
								elitasının əksər nümayəndələri bu məktəbin 
								məzunlarıdır. Böyük Britaniyanın "Times Higher 
								Education Supplement - QS World Universities 
								Rankings" jurnalının dünya universitetlərinin 
								2009-cu il üzrə apardığı reytinqinə əsasən, 
								Paris Ali Normal Məktəbi 28-ci yerdə qərarlaşıb.
								 
								
								
								Paris Ali Normal Məktəbi Parisin 6 ali 
								məktəbindən ibarət olan "Paris universitetləri" 
								qrupunun üzvüdür. Ali məktəb Avropanın aparıcı 
								universitetlərini birləşdirən "Atom Mədəniyyəti" 
								cəmiyyəti ilə əməkdaşlıq edir.   
								
								
								
								Tarixi  
								
								
								Paris Ali Normal Məktəbi 30 noyabr 1794-cü ildə 
								Fransa inqilabı dövründə Paris şəhərində Milli 
								Konvent (Fransa inqilabı dövründə vəkillər 
								şurası) tərəfindən yaradılıb. Məktəbdə ilk 
								mühazirə 1795-ci ildə yanvarın 20-də Verniquet 
								amfiteatrında oxunub. Məktəbin yaradılmasında 
								məqsəd yenicə təşəkkül tapmış respublikanın dörd 
								tərəfindən olan artıq savadlı vətəndaşlara 
								hərtərəfli dünyagörüşünə malik alim və 
								professorlar tərəfindən müəllimlik sənəti 
								öyrətmək olub. Bunun üçün Monj, Vandermond, 
								Dyubenton, Bertolle, Bernardin de Sen-Pyer, 
								Volney kimi dahilər məktəbə dəvət olunur. Məktəb 
								tez bir müddətdə mühüm tədqiqat mərkəzinə 
								çevrilir. 1808-ci ildə Paris Ali Normal 
								Məktəbinin ilk binası tikilir. 1847-ci ildə 
								Sent-Jenevyev dağında yerləşən Rue dTUlm Məktəbi 
								və de Frans Kolleci Paris Ali Normal Məktəbi ilə 
								birləşdirilir.  
								
								
								1903-cü ildə Paris Ali Normal Məktəbi Paris 
								Universitetinin tərkibinə qatılır. Məktəb yalnız 
								1954-cü ildə müstəqillik əldə edir. 1962-ci ildə 
								Paris Ali Normal Məktəbi vaxtilə ali təhsil 
								ocağının məzunu olmuş Baş nazir Jorj Pompidu 
								tərəfindən yüksək qiymətləndirilir.  
								
								
								1985-ci ildə Sevrdə yerləşən qızlar üçün Ali 
								Normal Məktəbi Paris Ali Normal Məktəbinə 
								birləşdirilir. Buna baxmayaraq hələ həmin 
								məktəblər birləşməzdən öncə də qızlar Paris Ali 
								Normal Məktəbində keçirilən müsabiqələrdə 
								iştirak etmək hüququna malik idilər. Məsələn, 
								tanınmış filosof Simona Veyl Paris Ali Normal 
								Məktəbinə 1928-ci ildə, akademik Jaklin de 
								Romilli isə 1933-cü ildə qəbul olublar. 
								 
								
								
								26 avqust 1987-ci ildə Paris Ali Normal 
								Məktəbində dekret qəbul olunur. Dekretdə deyilir: 
								"Yüksək səviyyəli mədəniyyət və təhsilə malik 
								olan Ali Normal Məktəbi fundamental və tətbiqi 
								elmi-tədqiqat işləri apara, ali və orta 
								məktəblərdə dərs verə bilən, ümumilikdə, dövlət, 
								inzibati, kütləvi müəssisələrdə və şirkətlərdə 
								fəaliyyət göstərəcək mütəxəssislər hazırlayır".
								 
								
								
								2001-ci ildə Paris Ali Normal Məktəbinin 
								İnternet portalı yaradılır. Burada 2000-dən çox 
								mühazirə və seminarlar yerləşdirilir.   
								
								
								
								Universitet bu gün   
								
								
								Paris Ali Normal Məktəbinin kampusları haqqında 
								məlumat verərkən onların yerləşdiyi əsrarəngiz 
								və kosmopolit şəhəri xatırlatmamaq 
								qeyri-mümkündür. Parisin mükəmməl elmi, 
								intellektual və mədəni irsi şəhəri canlı 
								auditoriyaya çevirir. Kölgəli ağaclarla örtülmüş 
								bağlar və bulvarlar, Böyük Müdafiə Arkası, 
								Belvilldə hay-küylü bazar dükanları, 
								Montmartrenin çay daşından salınmış dolanbac 
								yolları, ümumiyyətlə, hər bir küçə şəhərin 
								unikal irsindən xəbər verir. Paris həmçinin 
								incəsənət və elmlər şəhəridir. Şəhərdə sonsuz 
								sayda muzeylər, eksperimental və avanqard 
								teatrlar, klassik və müasir musiqi zalları, 
								kinoteatrlar, kafelər, bistrolar (qəlyanaltı 
								yerləri) və restoranlar var. Bütün bunların 
								hamısı tələbələrə yeni əsərlər yaratmaq və 
								kəşflər etmək üçün geniş imkanlar açır. 
								 
								
								
								Paris Ali Normal Məktəbinin mülkiyyəti 110000 
								km2 ərazidə - Sent-Jenevyev dağında, Jurdan 
								bulvarında, Monruj və Fontenbloda yerləşir. 
								Məktəbin kampusu əsl tələbə şəhərciyidir və 
								əlverişliliyi ilə digər ali məktəblərin 
								kampuslarından daha səmərəlidir. Buranın 
								sakinləri yalnız departamentlər və 
								laboratoriyaların yaxınlıqda yerləşməyindən 
								xeyir əldə etmir, həmçinin intellektual cəmiyyət 
								yaradır və onlarla dostluq qururlar. Məktəbin 
								əsas kampusu (Rue dTUlm) Parisin Latın 
								kvartalının mərkəzində yerləşir. İkinci kampus 
								Montsouris parkının yanında Jurdan ərazisində, 
								üçüncü kampus isə Monruj ərazisində və ona yaxın 
								şəhərətrafı qəsəbələrdə yerləşir. Latın 
								kvartalındakı Rue dTUlm kampusunda əsasən 
								humanitar elmlər departamentlərinin qədim 
								binaları, Grande Salle tarixi kitabxanası 
								yerləşir. Kampusun mərkəzindəki böyük dördbucaq 
								meydan tələbə və müəllimlərin qeyri-rəsmi görüş, 
								söhbət yeridir. Monruj kampusunda tədqiqat 
								mərkəzləri yerləşir. Dünyanın bir çox 
								ölkələrindən gələn tədqiqatçılar bu kampusda 
								məskunlaşırlar.  Hər kampusun özünün ayrıca 
								tələbə yataqxanası, bir neçə restoranı, kafeləri, 
								kinoteatrları, musiqi və rəqs studiyaları, 
								tennis kortları, idman kompleksləri var.  
								
								
								Paris Ali Normal Məktəbinin nəzdində 14 
								humanitar və dəqiq elmlər departamentləri, 40 
								tədqiqat mərkəzi və 100-dən çox tədqiqat 
								institutu və laboratoriyaları fəaliyyət göstərir. 
								Dəqiq elmlər departamentlərinə riyaziyyat və 
								onun tətbiqi, fizika, informatika, biologiya, 
								kimya, yer haqqında elmlər, koqnitiv tədqiqatlar 
								kafedraları, humanitar elmlər departamentlərinə 
								isə fəlsəfə, ədəbiyyat və dillər, tarix və 
								Avropa İnstitutu, antik  elmlər, sosial elmlər 
								və Paris İqtisadiyyat Məktəbi, coğrafiya, tarix 
								və incəsənət nəzəriyyəsi kafedraları daxildir. 
								Bu departamentlərə əlavə olaraq məktəbdə dünya 
								ölkələri dilləri və mədəniyyəti, tarix və 
								fəlsəfə elmləri bölmələri, ətraf mühit və 
								cəmiyyət arasında qarşılıqlı əlaqə fənlərarası 
								mərkəzi,  sağlamlıq imkanları məhdud tələbələr 
								üçün linqafon kabinetləri mövcuddur. Paris Ali 
								Normal Məktəbi Parisin digər universitetləri ilə 
								birgə 60 magistr və 23 doktorluq proqramı təklif 
								edir. Məktəbdə yapon, İsveç, polyak, hind, türk, 
								fars dilləri daxil olmaqla 15 müasir dil 
								öyrədilir. 
								
								
								Paris Ali Normal Məktəbində Tibb Mərkəzi 
								fəaliyyət göstərir. Mərkəz bir qrup insanlara 
								profilaktika və müalicə məsələlərini tədris edir, 
								tələbələrin rastlaşdığı psixoloji problemlərin 
								aradan qaldırılması məqsədilə konfranslar təşkil 
								edir.  
								
								
								Paris Ali Normal Məktəbi çox zəngin kitabxana 
								sisteminə malikdir. Burada antik elmlərdən 
								başlayaraq müasir dəqiq, ictimai, humanitar 
								elmlərə aid materiallar, alman fəlsəfəsi, 
								Kastler, Dorival arxivləri mövcuddur. Məktəbin 
								əsas kitabxanasının açılışı 1847-ci ildə baş 
								tutub və açılış mərasimində dahi yazıçı Viktor 
								Hüqo iştirak edib. XIX əsrin sonlarında 
								universitetin üç şəhərciyində yeni kitabxanalar 
								yaradılıb. 12 kitabxanadan ibarət olan sistemə 
								ümumilikdə 800000-dən çox kitab, milyonlarla 
								sənəd və s., kitabxananın İnternet şəbəkəsinə 
								yüz minlərlə elektron kitab, lüğətlər, 2800 
								dövri nəşr, elektron resurs, 25 biblioqrafik 
								verilənlər bazası daxildir. Bütün bu resursların 
								sayı mütəmadi olaraq çoxalmaqdadır. Təkcə 
								2006-cı ildə eksperimental elmlər, riyaziyyat və 
								informatika üzrə tədqiqatçılar tərəfindən 
								1000-dən çox nəşr dərc edilib. 2008-ci tədris 
								ilindən Paris Ali Normal Məktəbinin kitabxanası 
								Sorbon Universitetinin kitabxanası tərəfindən 
								idarə edilən yeni "CADIST" - "Klassik 
								Tədqiqatlar Proqramı" ilə əməkdaşlıq edir.
								  
								
								
								Hazırda Paris Ali Normal Məktəbinin prezidenti 
								Pyer-Lyuis Lionsdur. O, bu vəzifəyə 2009-cu ildə 
								seçilib. Məktəbin direktoru isə xanım Monika 
								Kanto-Sperberdir. Qeyd edək ki, Paris Ali Normal 
								Məktəbinin direktorunu ölkə prezidenti təyin 
								edir. M. Kanto-Sperber bu vəzifəyə 2005-ci ildə 
								sabiq prezident Jak Şirak tərəfindən təyin 
								edilib. Məktəbin administratoru isə Valuqa 
								Koralidir.  
								
								
								   Paris Ali Normal Məktəbi bir çox  universitet 
								və tədqiqat mərkəzləri ilə əməkdaşlıq edir. 
								Məktəbdə həmin mərkəzlər tərəfindən yüksək 
								qiymətləndirilən, dünyada böyük nüfuza malik 
								alim və tədqiqatçılar fəaliyyət göstərir. 
								Məktəbdə çalışan 800 professor-müəllim (onların 
								200-ə yaxını əcnəbilərdir) təhsil müəssisəsinin 
								parlaq elmi və akademik həyatına öz töhfəsini 
								verir. Bir çox tədqiqatçı alim və akademiklər 
								məktəbdə dərs deməklə yanaşı, başqa 
								təşkilatlarda da (hakim qüvvələrdə və dövlət 
								orqanlarında) çalışırlar. Hər il dünyanın bir 
								çox universitetlərindən yüzlərlə alim və 
								tədqiqatçı bu məktəbdə mühazirələr oxuyur və 
								seminarlar təşkil edir. Paris Ali Normal 
								Məktəbində çalışan inzibati və texniki işçilərin 
								sayı 350 nəfərdir. Onlar əsasən məktəbin 
								şöbələrində, laboratoriyalarda, kitabxanalarda 
								və digər xidmət mərkəzlərində çalışırlar. 
								 
								
								
								Məktəbin fəxri doktorlarından İtaliyanın 10-cu 
								prezidenti Karlo Adzelio Çampini, Nobel mükafatı 
								laureatları Toni Morrisonu (ədəbiyyat), Çen Nin 
								Yanı (fizika), Əhməd Zevaili (kimya), məşhur 
								riyaziyyatçı Luis Kafarellini, kinorejissor 
								Abbas Kiarostamini və s. qeyd etmək olar. 
								
								
								Paris Ali Normal Məktəbində hazırda  2300-dən 
								çox tələbə, 650 doktorant təhsil alır. Məktəbdə 
								dünyanın 46 ölkəsindən olan 300 əcnəbi tələbə 
								qeydə alınıb. Onların əksəriyyəti magistratura 
								və doktorantura pilləsində oxuyan, Avropa 
								ölkələrindən, ABŞ-dan və Çin Respublikasından 
								olan gənclərdir. Məktəbin məzunları 11304 
								nəfərdən ibarət şəbəkə yaradıb və bu rəqəm 
								ilbəil artır. 
								
								
								Paris Ali Normal Məktəbinə qəbul zamanı əcnəbi 
								abituriyentlərdən fransız dilini xüsusi bilmək 
								tələb olunmur, lakin məktəbin tələbəsi olduqdan 
								sonra fransız dili kurslarına yazılmaq vacibdir.
								 
								
								
								Məktəbə qəbul olunan tələbələr 4 il təhsil almaq 
								imkanı qazanır və 1250 avro dəyərində təqaüd 
								alır. Dünyanın ali məktəblərindən seçilmiş 
								əcnəbi tələbələr məktəbdə üç il təhsil alır. 
								Onlar təxminən 1000 avro təqaüd alır. Burada 
								Erasmus proqramı çərçivəsində də tələbələr 
								oxuyur. 
								
								
								Paris Ali Normal Məktəbinin Tələbə Təşkilatı bu 
								təhsil müəssisəsinə yeni qəbul olunmuş 
								tələbələrə köməklik edir. Burada himayə sistemi 
								mövcuddur - hər il yuxarı kurs tələbələri yeni 
								qəbul olunmuş gəncləri bir neçə həftə ərzində 
								məktəblə tanış edir, ona fərdi tədris proqramı 
								hazırlamaqda və digər işlərdə yardım göstərir. 
								 
								
								
								Paris Ali Normal Məktəbində hər 4 ildən bir 
								tələbələr tərəfindən seçilən Baş Nümayəndə 
								(General Delegation) fəaliyyət göstərir. Baş 
								Nümayəndə tələbələrin gündəlik həyatına, onların 
								sosial təminatına, tələbə təşkilatlarına və s. 
								nəzarət edir. Tələbələr məktəbin ictimai 
								həyatında fəal iştirak edir, inzibati işlərdə 
								yardım edirlər.  
								
								
								Məktəbdə fəaliyyət göstərən Tədris Komissiyası 
								müəllimlər və inzibati işçilərlə tələbələr 
								arasında  səmərəli dialoqlar  təşkil edir. 
								Universitet həyatına aid bütün məsələlər, kurs 
								işləri və s. bu komissiya çərçivəsində müzakirə 
								edilir. 
								
								
								Paris Ali Normal Məktəbi yarandığı gündən məşhur 
								əməkdaşları, tədqiqatçıları və məzunları ilə 
								diqqəti cəlb edib. Onların arasında 12 Nobel, 9 
								Filds Medalı (beynəlxalq mükafat, hər 4 ildən 
								bir 40-dan çox yaşı olmayan gənc riyaziyyatçı 
								alimlərə  verilir) laureatları, eləcə də digər 
								mükafatlara layiq görülmüş şəxslər  var. 
								 
								
								
								Paris Ali Normal Məktəbinin direktoru xanım 
								Monika Kanto-Sperber işlədiyi təhsil 
								müəssisəsini belə xarakterizə edir: "Paris Ali 
								Normal Məktəbi zəngin tarixə malikdir. Fransanın 
								intellektual həyatında məktəbin müstəsna 
								xidmətləri var. Məktəb qətiyyətlə gələcəyə 
								addımlayır".  
								
								
								Universitetin məşhur məzunları  
								
									
										|   | 
										
										
										Jorj Pompidu  | 
										
										
										Fransanın sabiq prezidenti  | 
										  | 
									 
									
										|   | 
										
										
										Alain  Juppe | 
										
										
										Fransanın sabiq Baş naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Laurent Fabius | 
										
										
										Fransanın sabiq Baş naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Leon Blum  | 
										
										
										Fransanın ilk sosialist Baş naziri
										 | 
										  | 
									 
									
										|   | 
										
										
										Eduard Herriot  | 
										
										
										Fransanın sabiq Baş naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Paul Painleve | 
										
										
										Fransanın sabiq Baş naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Qabriel Lippmann | 
										
										
										fizika üzrə Nobel mükafatı laureatı
										 | 
										  | 
									 
									
										|   | 
										
										
										Paul Sabatier | 
										
										
										kimya üzrə Nobel mükafatı laureatı
										 | 
										  | 
									 
									
										|   | 
										
										
										Romen Rolland | 
										
										
										ədəbiyyat üzrə Nobel mükafatı laureatı
										 | 
										  | 
									 
									
										|   | 
										
										
										Jan-Baptist Perrin | 
										
										
										fizika üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Henri Berqson | 
										
										
										ədəbiyyat üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Jan-Pol Sartr | 
										
										
										ədəbiyyat üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Alfred Kastler | 
										
										
										fizika üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Samuel Bekket | 
										
										
										ədəbiyyat üzrə Nobel mükafatı laureatı
										 | 
										  | 
									 
									
										|   | 
										
										
										Lyuis Nil  | 
										
										
										fizika üzrə Nobel mükafatı laureatı
										 | 
										  | 
									 
									
										|   | 
										
										
										Jerard Debryu | 
										
										
										iqtisadiyyat üzrə Nobel mükafatı 
										laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Pyer-Qills de Gennes | 
										
										
										fizika üzrə Nobel mükafatı laureatı
										 | 
										  | 
									 
									
										|   | 
										
										
										Klod Con-Tannoudji | 
										
										
										fizika üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Albert Fert  | 
										
										
										fizika üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Vendelin Verner | 
										
										
										Filds Medalı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Loran Lafforqu  | 
										
										
										Filds Medalı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Jan Pyer Serr  | 
										
										
										Filds Medalı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Loran Şvars | 
										
										
										Filds Medalı laureatı | 
										  | 
									 
								 
								
								
								   
								
								
								
								Hazırladı: 
								Lamiyə ƏLİYEVA  |