| 
								 
								
								
								Şərur rayonunun Yengicə kənd orta məktəbinin 
								yeni binası istifadəyə verilib  
								
								
								 Oktyabrın 
								5-də Prezident İlham Əliyev Şərur rayonunun 
								Yengicə kənd orta məktəbinin yeni binasının 
								açılışında iştirak etmişdir.  
								
								
								Məktəbin müəllim kollektivi dövlət başçısını 
								hərarətlə qarşıladı.  
								
								
								Prezident İlham Əliyev açılışı bildirən lenti 
								kəsdi və bina ilə yaxından tanış oldu. 
								 
								
								
								Məlumat verildi ki, məktəbin 130 ildən çox yaşı 
								olan köhnə binası sonuncu dəfə 1986-cı ildə 
								təmir edilmişdir. Uzun müddət yararsız 
								vəziyyətdə olan təhsil ocağı üçün yeni binanın 
								tikintisi uğurla başa çatmışdır. Üçmərtəbəli 
								yeni binada hazırda 306 şagird təhsil alır. 
								Onların təlim və tərbiyəsi ilə 45 müəllim məşğul 
								olur. Yeni binada 568 şagird yeri vardır. 
								Otaqlar və fənn kabinetləri müasir standartlara 
								cavab verən dərs ləvazimatları və avadanlığı ilə 
								təchiz olunmuşdur. Səkkiz min nüsxəyə yaxın 
								ədəbiyyat fondu olan kitabxanada Heydər Əliyev 
								guşəsi yaradılmışdır. Kompüter otaqlarında 
								şagirdlərin informasiya texnologiyalarının 
								sirlərinə yiyələnmələri üçün bütün texniki 
								imkanlar mövcuddur. Sinif otaqlarının hər 
								birində İnternetə qoşulmuş 19 kompüter 
								qoyulmuşdur. Məktəbdə dərslərin elektron 
								formatda keçilməsi üçün elektron lövhə ilə təmin 
								edilmiş iki kabinet fəaliyyət göstərir. Təhsil 
								ocağında zəruri materiallarla təchiz olunmuş 
								hərbi kabinet də vardır. Müxtəlif idman 
								qurğularının quraşdırıldığı zalda mini futbol, 
								basketbol, voleybol yarışları keçirmək 
								mümkündür. Bir sözlə, üç korpusdan ibarət olan 
								məktəbdə təlim-tədris prosesinin yüksək 
								səviyyədə aparılması üçün zəruri infrastruktur 
								yaradılmışdır.  
								
								
								 Məktəblə 
								tanışlıqdan sonra dövlət başçısı müəllimlərlə 
								görüşdü.  
								
								
								Məktəbin müəllimi Səkinə CABBARLI, bütün 
								ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar 
								Respublikasında da aparılan yenidənqurma 
								işlərinin dərin sevinc hissi doğurduğunu, burada 
								yeni obyektlərin istifadəyə verildiyini, əhali 
								üçün lazımi infrastrukturun yaradıldığını 
								söylədi. Bütün bunlara görə dövlət başçısına 
								minnətdarlığını bildirdi.  
								
								
								Prezident İlham ƏLİYEV yeni məktəb binasının 
								açılışı münasibətilə yengicəliləri təbrik edərək 
								dedi:  
								
								
								- Yeni məktəbin açılışı münasibətilə sizi 
								ürəkdən təbrik edirəm. Gözəl, çox rahat, müasir 
								məktəbdir, bütün avadanlıq da quraşdırılıb. Yəni 
								hər bir şərait vardır ki, burada uşaqlar yaxşı 
								oxusunlar. Burada müəllimlər üçün də yaxşı 
								şərait yaradılıb. Bu məktəbin tikintisi çox 
								əlamətdar bir hadisədir və onu göstərir ki, 
								Azərbaycanın hər bir yerində məktəb tikintisi 
								sürətlə gedir. Bu məktəb əslində kənd məktəbinə 
								oxşamır. Çox əzəmətli, gözəl, geniş, işıqlı bir 
								məktəbdir. Bu gün Azərbaycanın bütün kəndlərində 
								belə gözəl məktəblər tikilir. Bizim siyasətimiz 
								məhz bundan ibarətdir ki, bütün yerlərdə, bütün 
								bölgələrdə, ən ucqar kəndlərdə də ən müasir 
								səviyyə, insanların yaşaması, işləməsi üçün 
								bütün şərait yaradılmalıdır.  
								
								
								Şərur rayonunda bütün sosial məsələlər həllini 
								çox uğurla və keyfiyyətlə tapır. Keçən dəfə 
								Olimpiya kompleksinin açılışında, mərkəzi rayon 
								xəstəxanasının istifadəyə verilməsində iştirak 
								etmişdim. Digər obyektlərin, sosial 
								infrastrukturun yaradılması bu rayonda çox 
								uğurla və sürətlə gedir. Bu məktəbin tikintisi 
								rayona göstərilən qayğının nəticəsidir. 
								 
								
								
								Mən çox şadam ki, muxtar respublikanın 
								rəhbərliyi bütün bu işləri çox böyük zövqlə və 
								məhəbbətlə edir. Hər şey etmək olar, çünki indi 
								Azərbaycanın iqtisadi imkanları genişlənir, 
								maliyyə resurslarımız da, ciddi düşünülmüş 
								proqramlarımız da vardır. Amma bununla bərabər, 
								hər bir vətəndaş öz vəzifə borcunu şərəflə 
								yerinə yetirməlidir. Naxçıvanda gözəl quruculuq, 
								abadlıq işləri sürətlə gedir və bu, məni çox 
								sevindirir. Hər dəfə Naxçıvanda olanda mən bu 
								yenilikləri, müasir yanaşmanı görürəm. 
								 
								
								
								Naxçıvanın çox qədim tarixi, zəngin mədəni irsi, 
								gözəl ənənələri vardır. Bizim bütün bu tarixi 
								keçmişimiz və milli dəyərlərimiz lazımi 
								səviyyədə qorunur və bununla bərabər, müasir 
								şərait, müasir infrastruktur yaradılır. 
								İnsanların yaşaması və işləməsi üçün bütün 
								imkanlar vardır. İş yerləri açılır, məktəblər, 
								xəstəxanalar, idman qurğuları tikilir, yollar, 
								su kəməri çəkilir. Bu gün biz Naxçıvanın su 
								proqramının həllinin birinci mərhələsini qeyd 
								edəcəyik. Yəni bu onu göstərir ki, ölkədə bütün 
								sahələrdə düşünülmüş siyasət vardır və hər yerdə 
								bu işlər yüksək səviyyədə görülür. Bu məktəb 
								inkişaf etmiş ölkələrin əsas şəhərlərində olan 
								məktəblərə bənzəyir, bəlkə onlardan da üstündür. 
								Bax, budur bizim yanaşmamız və budur 
								Azərbaycanın bugünkü reallıqları.  
								
								
								Bu gözəl məktəbin açılışı münasibətilə sizi 
								ürəkdən təbrik edirəm və sizə fəaliyyətinizdə 
								uğurlar arzulayıram.  
								
								
								*** 
								
								
								Sonda xatirə şəkli çəkdirildi.   
								
								
								
								AzərTAc  |