| 
								 
								
								
								 İsmayılov 
								Etibar Bəylər oğlu  
								
								
								1964-cü il martın 29-da Ağcabədi rayonunun 
								Hindarx kəndində anadan olmuşdu. 1981-ci ildə 
								orta məktəbi bitirdikdən sonra çilingər kimi 
								əmək fəaliyyətinə başlamışdı. Etibar 1990-cı 
								ildən başlayaraq torpaqlarımızın müdafiəsində 
								fəal iştirak edərək igidlik göstərmiş və 
								Ağdamdakı özünümüdafiə batalyonuna daxil 
								olmuşdu. O, Naxçıvanik, Şelli kəndlərinin  
								erməni işğalçılarından müdafiəsində də şəxsi 
								nümunə göstərmişdi. Xocavənd rayonunun 
								ərazisində düşmən hücumlarını dəf etmiş, 
								Ağcabədidə yaradılan özünümüdafiə taboruna 
								qoşulmuşdu. 
								
								
								E.İsmayılov 1994-cü ildə Xocavənd rayonunun 
								Qarakənd istiqamətində aparılan əməliyyatlar 
								zamanı döyüşdə yoldaşlarının mühasirədən 
								çıxarılmasında igidlik  göstərərək 
								qəhrəmancasına həlak olub.  
								
								
								Subay idi.  
								
								
								Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 
								1994-cü il tarixli 86 nömrəli Fərmanı ilə 
								İsmayılov Etibar Bəylər oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Hindarx kənd orta məktəbi onun adını daşıyır. 
								Məktəbin önündə büstü qoyulub.  
								
								
								
								 İsmayılov 
								İlqar Sədi oğlu  
								
								
								1959-cu il martın 29-da Bakı şəhərində anadan 
								olmuşdu. Orta təhsilini paytaxtın Nərimanov 
								rayonundakı 45 nömrəli orta məktəbdə almışdı. O, 
								1976-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi 
								İnstitutuna daxil olmuşdu. 1981-ci ildə 
								institutu bitirmiş və elə həmin il hərbi xidmətə 
								çağırılmış, əsgəri xidmətini Bakı Ordu İdman 
								Klubunda başa çatdırmışdı. İlqar 1986-cı ilə 
								qədər "Dinamo" İdman Klubunda məşqçi işləmiş, 
								sonralar leytenant rütbəsi ilə DİN-in Sabunçu 
								Rayon Daxili İşlər Şöbəsində əməliyyat müvəkkili 
								vəzifəsində çalışmışdı. 1991-ci ilin dekabrından 
								isə Qarabağa - döyüş bölgələrinə ezam olunmuşdu. 
								O, Şuşanın Malıbəyli, Meşəli kəndlərində və 
								Ağdam rayonunun ərazisində erməni işğalçılarına 
								qarşı gedən döyüşlərdə iştirak etmişdi. 
								
								
								İ.İsmayılov 1992-ci il oktyabrın 1-də Laçın 
								rayonunun Mazutlu kəndi yaxınlığında Qızartı 
								yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına 
								həlak olub. 
								
								
								Ailəli idi. İki övladı var. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 
								1992-ci il tarixli 273 nömrəli Fərmanı ilə 
								kapitan İsmayılov İlqar Sədi oğlu ölümündən 
								sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülmüşdür. 
								
								
								Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. 
								Bakı şəhərindəki küçələrdən biri onun adını 
								daşıyır.Təhsil aldığı 45 nömrəli orta məktəbin 
								önündə büstü qoyulub.  
								
								
								
								 İsmayılov 
								İnqilab Ələkbər oğlu  
								
								
								1962-ci il fevralın 24-də Xocalı şəhərində 
								anadan olmuşdu. 1979-cu ildə orta məktəbi 
								bitirmişdi. 1981-ci ildə ordu sıralarına 
								çağırılmış və daxili qoşunlarda xidmətə 
								başlamışdı. Hərbi xidmətdə olduğu vaxt Xarkov 
								şəhərində gizirlər məktəbini bitirmişdi. O, 
								1984-cü ildə doğulub boya-başa çatdığı Xocalıya 
								qayıtmışdı. 1988-ci ildə Dağlıq Qarabağda 
								vəziyyət gərginləşəndə İnqilab da 
								torpaqlarımızın quduzlaşmış erməni 
								işğalçılarından müdafiəsinə qalxmışdı. Cəsur 
								döyüşçü bir müddət sonra - 1990-cı ildə Xocalı 
								Şəhər Polis Şöbəsində işə qəbul edilmişdi. 
								
								
								İ.İsmayılov 1992-ci il iyunun 12-də Ağdam 
								rayonunda polis-patrul xidməti alayında vəzifə 
								borcunu Daşbaşı yüksəkliyi uğrunda gedən döyüşdə 
								yerinə yetirərkən qəhrəmancasına həlak olub. 
								
								
								Ailəli idi. Üç övladı var. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 
								1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə 
								İsmayılov İnqilab Ələkbər oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Bakının Xətai rayonundakı küçələrdən biri onun 
								adını daşıyır. Həmin küçədə xatirə lövhəsi 
								vurulub.  
								
								
								
								 Karlov 
								Yevgeni Nikolayeviç  
								
								
								1960-cı il mayın 31-də Tula vilayətinin Dubovka 
								qəsəbəsində anadan olmuşdu. Orta təhsilini doğma 
								yurdunda almışdı. Yevgeni 1977-ci il avqustun 
								1-də Uzlov Rayon Hərbi Komissarlığı tərəfindən 
								ordu sıralarına hərbi xidmətə çağırılmışdı. O, 
								1984-cü ildə Sızran Ali Hərbi Təyyarəçilər 
								Məktəbini bitirmiş və təlimatçı-təyyarəçi kimi 
								çalışmağa başlamışdı. Bir müddət sonra o, 
								Azərbaycana gəlmiş, əvvəlcə Səngəçalda yerləşən 
								hərbi hissədə, sonra isə Bakıdakı "N" saylı 
								hərbi hissədə təlimatçı-pilot kimi işləmişdi. 
								Yevgeni xidmət etdiyi hərbi hissənin tərkibində 
								dəfələrlə Ağdam, Ağdərə, Füzuli bölgələrində 
								azğınlaşmış erməni işğalçılarına qarşı gedən 
								ağır döyüşlərdə fədakarlıqla iştirak etmişdi. 
								
								
								Y.Karlov 1992-ci il aprelin 11-də Füzuli 
								istiqamətində gedən amansız döyüşdə 
								qəhrəmancasına həlak olub. 
								
								
								Ailəli idi. İki övladı var. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 7 iyun 
								1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə 
								Karlov Yevgeni Nikolayeviç ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Doğulduğu Dubovka qəsəbəsində dəfn olunub.  
								
								
								
								 Kərimov 
								Bəşir Bəylər oğlu  
								
								
								1976-cı il fevralın 2-də Füzuli rayonunun Qacar 
								kəndində anadan olmuşdu. 1991-ci ildə 
								kəndlərindəki orta məktəbin səkkizinci sinfini 
								bitirərək Füzuli şəhərindəki peşə məktəbində 
								təhsilini davam etdirmişdi. Bəşir 1993-cü ilin 
								aprelində doğulub boya-başa çatdığı doğma Qacar 
								kəndində işğalçı erməni yaraqlılarına qarşı  
								igidliklə vuruşmuşdu. Lakin mənfur düşmən Qacar 
								kəndini  işğal etdikdən sonra o, ailə üzvləri 
								ilə birlikdə Dilağarda kəndində məskunlaşmışdı. 
								O, 1994-cü ildə Beyləqan Rayon Hərbi 
								Komissarlığı tərəfindən Milli Ordu sıralarına 
								hərbi xidmətə çağırılmışdı.Gəncə şəhərində "N" 
								saylı hərbi hissədə qulluq etmişdi.  
								
								
								B.Kərimov 1995-ci il martın 13-17-də məlum 
								hadisələr zamanı dövlətçiliyimizin müdafiəsinə 
								qalxıb və qəhrəmancasına həlak olub. 
								
								
								Subay idi. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 4 aprel 
								1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə 
								Kərimov Bəşir Bəylər oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Bakı şəhərində Şəhidlər xiyabanında dəfn 
								olunub.  
								
								
								
								Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya  
								Mərkəzinin materialları əsasında  
								hazırladı: Ədalət DAŞDƏMİRLİ  |