| 
								 
								
								Oktyabrın 1-də Azərbaycan Tibb Universitetinin 
								tədris-terapevtik klinikasının açılış mərasimi 
								olmuşdur.  
								
								
								 Azərbaycan 
								Respublikasının Prezidenti İlham Əliyev və 
								xanımı Mehriban Əliyeva mərasimdə iştirak 
								etmişlər.  
								
								
								Universitetin kollektivi dövlətimizin başçısını 
								və xanımını hərarətlə qarşıladı. Mehriban xanım 
								Əliyevaya gül dəstəsi təqdim edildi.  
								
								
								Dövlətimizin başçısı açılışı bildirən lenti 
								kəsdi və bina ilə yaxından tanış oldu. 
								 
								
								
								Ölkədə səhiyyə sahəsində aparılan islahatlar, 
								Prezident İlham Əliyevin sərəncam və 
								tapşırıqlarına əsasən tikilib istifadəyə 
								verilən, yenidən qurulan tibb ocaqları 
								Azərbaycan səhiyyəsinin inkişafının bu gün ən 
								yüksək səviyyədə davam etdiyini göstərir. Tibb 
								sahəsində yüksəkixtisaslı kadrların 
								hazırlanmasında müstəsna xidmətləri olan 
								Azərbaycan Tibb Universitetinin keçdiyi yol da 
								səhiyyəmizin inkişafı baxımından mühüm 
								mərhələdir. Prezident İlham Əliyevin Azərbaycan 
								Tibb Universitetinin tədris-terapevtik 
								klinikasının tikilməsi ilə bağlı 2007-ci il 
								sentyabrın 11-də imzaladığı Sərəncam və bir neçə 
								gündən sonra da həmin klinikanın təməlqoyma 
								mərasimində iştirakı bir daha göstərdi ki, 
								dövlətimizin başçısı milli səhiyyənin inkişafını 
								dövlət siyasətinin prioritet istiqamətlərindən 
								biri kimi müəyyənləşdirmişdir. Bu məsələdə 
								Heydər Əliyev Fondunun fəaliyyəti də geniş maraq 
								doğurur. Azərbaycanda səhiyyənin inkişafında 
								Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun 
								və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin 
								deputatı Mehriban xanım Əliyevanın və onun 
								rəhbərlik etdiyi Fondun xidmətlərini xüsusi qeyd 
								etmək lazımdır. Mehriban xanım Əliyevanın 
								təşəbbüsü ilə ana və uşaq sağlamlığının 
								qorunması, talassemiyadan əziyyət çəkən 
								körpələrin müalicəsi, bütövlükdə səhiyyəmizin 
								inkişafı ilə bağlı həyata keçirdiyi geniş 
								fəaliyyət proqramı ölkəmizdə səhiyyə sisteminin 
								inkişafında əhəmiyyətli rol oynayır. Mehriban 
								xanım Əliyevanın bu istiqamətdə gördüyü işlər 
								əhalinin sağlamlığının qorunması, gənc nəslin 
								fiziki tərbiyəsi və sağlam böyüməsi işinə mühüm 
								töhfələr verir.  
								
								
								 Bu 
								il həm də Azərbaycan Tibb Universitetinin 
								fəaliyyətə başlamasının 80 ili tamam olur. 
								Ölkədə yüksəkixtisaslı tibb kadrlarının 
								hazırlanmasında müstəsna xidmətləri olan 
								universitet ötən dövrdə şərəfli yol keçmişdir. 
								Bu ali təhsil ocağı dünya tibb elminə 
								Mirəsədulla Mirqasımov, Mustafa bəy Topçubaşov, 
								Zərifə xanım Əliyeva, Abdulla Qarayev, Mirməmməd 
								Cavadzadə, Adilə xanım Namazova, Cəmil Əliyev, 
								Əhliman Əmiraslanov və onlarca məşhur simalar 
								bəxş etmişdir. Böyük tarixi ənənələrə malik olan 
								Azərbaycan Tibb Universiteti bu gün də məhsuldar 
								dövrünü yaşayır. Ötən müddətdə səhiyyəmizə 65 
								mindən çox həkim və əczaçı kadr bəxş edən 
								universitet xeyli böyümüşdür. İndi bu ali təhsil 
								ocağında 7 fakültə, 3 klinika, 9 dekanlıq, 14 
								şöbə, 74 kafedra, 11 kurs, 6 tədris korpusu və 
								digər elmi-tədqiqat və tədris mərkəzləri 
								daxildir. Prezident İlham Əliyevin ölkədə 
								səhiyyə sahəsində xidmətlərini nəzərə alaraq, 
								Azərbaycan Tibb Universitetinin 80 illik 
								yubileyinin keçirilməsi ilə bağlı 2010-cu il 
								aprelin 28-də imzaladığı Sərəncam da bu ali 
								təhsil ocağına dövlət səviyyəsində verilən 
								dəyərin təzahürüdür. Dövlətimizin başçısı 
								universitetin inkişafını, onun maddi-texniki 
								bazasının möhkəmləndirilməsini daim diqqətdə 
								saxlayır.  
								
								
								Klinikanın foyesində ulu öndər Heydər Əliyevin 
								"Azərbaycan Tibb Universiteti Azərbaycan 
								Respublikası və xalqı qarşısında böyük xidmətlər 
								göstərmişdir" kəlamı yazılmış lövhə, ümummilli 
								lider Heydər Əliyevin və Prezident İlham 
								Əliyevin ATU-da keçirilən tədbirlərdə iştirakını 
								əks etdirən fotostend vardır.  
								
								
								Bina ilə tanışlıq zamanı universitetin rektoru, 
								akademik Əhliman Əmiraslanov məlumat verdi ki, 
								tədris-terapevtik klinika elmi tədqiqat, müalicə 
								və diaqnostika işlərini özündə birləşdirən nadir 
								universitet klinikasıdır.  
								
								
								Tamamilə kompüterləşdirilmiş klinikada 
								terapevtik, pediatrik və nevroloji xəstəliklərin 
								müasir dünya standartlarına uyğun diaqnostikası, 
								reabilitasiyası nəzərdə tutulur. Bunun üçün 
								klinikada dünyanın aparıcı şirkətlərinin 
								istehsalı olan angioqrafiya, kompüter 
								tomoqrafiyası, rəqəmsal rentgenoqrafiya, 
								mamoqrafiya, hemodializ, qaraciyərin və 
								böyrəklərin birbaşa punksion biopsiyası 
								aparatları, eləcə də klinik biokimyəvi, 
								immunoloji tədqiqatların zəncirvari protez 
								reaksiyaları, genetik müayinələri aparmaq üçün 
								laboratoriya avadanlığı istifadəyə verilmişdir. 
								Reanimasiya və intensiv terapiya şöbəsi ən 
								müasir süni tənəffüs aparatları ilə təchiz 
								olunmuşdur. Avadanlığı yerli "ARASH Medical" 
								şirkəti quraşdırmışdır.  
								
								
								Ümumi sahəsi 25 min kvadratmetr olan 14 
								mərtəbəli, 400 çarpayılıq stasionar şöbələrə və 
								məsləhət-diaqnostika şöbəsinə malik klinikada 
								hər gün stasionar müalicə alan 400 xəstədən 
								başqa, gündə 300-350 xəstəyə ambulator yardım 
								göstərilməsinə şərait yaradılmışdır.  
								
								
								Diqqətə çatdırıldı ki, belə bir klinikanın 
								yaradılması zərurəti universitetin klinik fənlər 
								tədris edilən kafedralarının çoxunun Bakının 
								müxtəlif rayonlarının ərazisindəki 
								xəstəxanalarda yerləşməsi ilə bağlı idi. Bu, 
								tədris prosesinin təşkilinə mənfi təsir 
								göstərməklə yanaşı, bir sıra başqa 
								narahatlıqlara da səbəb olurdu. Həmin 
								kafedraların vahid mərkəzdə cəmləşməsi isə, ilk 
								növbədə, tədrisin keyfiyyətini və maddi-texniki 
								təminatını yaxşılaşdırmağa imkan verəcək, elmi 
								tədqiqat işlərinin aparılması üçün əlavə 
								imkanlar yaradacaqdır. Burada 15 klinik kafedra 
								yerləşmişdir. Eyni vaxtda 2140 tələbə yeri olan 
								8 mühazirə zalı, 70-ə qədər dərs otağında 
								universitetin 3-cü və 4-cü kurs tələbələrinə 
								terapiya, pediatriya, ailə təbabəti, 
								nevrologiya, klinik farmakologiya, 
								fizioterapiya, şüa diaqnostikası və klinik 
								biokimya fənləri tədris olunacaqdır. Bundan 
								əlavə, klinikada rezidentura və doktorantura 
								xətti ilə yüksəkixtisaslı kadrların hazırlanması 
								həyata keçiriləcəkdir.  
								
								
								Klinikanın 204 kompüteri, 16 modul və PAKS 
								sistemini özündə birləşdirən şəbəkə bütün tibbi 
								sənədləşmə prosesini sürətlə icra etmək, 
								arxivləşdirmək, statistik işləmək, görüntüləri 
								və laborator müayinələrin nəticələrini müalicə 
								həkimlərinə, eləcə də dünyanın hər hansı 
								ölkəsindəki mütəxəssisə ötürmək imkanına 
								malikdir. Burada xarici ölkələrin qabaqcıl 
								klinikaları və dünyanın görkəmli tibb 
								mütəxəssisləri ilə videoəlaqə quraraq 
								müzakirələr aparıb, məsləhətlər almaq mümkündür. 
								Bütün tədris otaqları, iş kabinetləri, palatalar 
								sürətli İnternet xəttinə qoşulmuşdur. Tədris 
								prosesinin əyaniliyini artırmaq məqsədi ilə 18 
								mürəkkəb xəstəliyi və onların çoxsaylı 
								fəsadlaşmalarını modelləşdirmək imkanına malik 
								Tibbi Treninq Mərkəzi yaradılmışdır.  
								
								
								Bildirildi ki, hazırda universitetin cərrahiyyə 
								klinikasının tikintisi davam etdirilir və yaxın 
								vaxtlarda inşaat işləri başa çatacaqdır. 
								 
								
								
								Dövlətimizin başçısı və xanımı şüa-diaqnostika, 
								intensiv terapiya və uşaq şöbələrində, 
								palatalarda, Tibbi Treninq Mərkəzində, kompüter 
								və konfrans zallarında yaradılmış şəraitlə tanış 
								oldular.  
								
								
								Sonra Prezident İlham Əliyev Azərbaycan Tibb 
								Universitetinin müəllim-tələbə kollektivi ilə 
								görüşdü.  
								
								
								Prezident İlham ƏLİYEV təhsil ocağının 
								kollektivini təbrik edərək dedi:  
								
								
								- Sizi ürəkdən təbrik edirəm. Azərbaycan Tibb 
								Universitetinin yeni terapiya korpusunun açılışı 
								çox gözəl və əlamətdar hadisədir. Bu hadisə 
								münasibətilə sizi ürəkdən təbrik edirəm və sizə 
								uğurlar arzulayıram.  
								
								
								Üç il bundan əvvəl - 2007-ci ilin sentyabrında 
								burada bu gözəl binanın təməl daşını qoyduq. Mən 
								əmin idim ki, qısa müddət ərzində və böyük 
								keyfiyyətlə yeni gözəl xəstəxana, eyni zamanda, 
								tədris mərkəzi yaradılacaqdır. Belə də oldu. Bu 
								gün bu korpusla tanış olarkən bir daha gördüm 
								ki, bizim tərəfimizdən qəbul edilmiş qərar çox 
								düzgün qərar idi, vaxtında atılmış addım idi. 
								Biz bu gün gözəl tibb ocağının açılışında 
								görüşürük. Burada həm müalicə, həm diaqnostika, 
								eyni zamanda, tədris prosesinin yüksək səviyyədə 
								təşkili üçün ən qabaqcıl texnologiyalar, 
								avadanlıq və bütün müasir imkanlar vardır. Eyni 
								zamanda, bütün işlər böyük zövqlə, keyfiyyətlə 
								görülüb və burada tələbələrin oxuması, 
								müəllimlərin işləməsi üçün bütün şərait 
								yaradılıbdır. O da çox vacibdir ki, artıq 
								tələbələr şəhərin müxtəlif yerlərinə getməyə 
								məcbur olmayacaqlar. Burada 15 kafedra fəaliyyət 
								göstərəcək və beləliklə, tədris prosesinin daha 
								da səmərəli aparılması üçün yaxşı imkanlar 
								vardır.  
								
								
								Atılan bu addım Azərbaycanda səhiyyə sahəsində 
								görülən işlərin bir nümunəsidir. Belə işlər 
								çoxdur və bildiyiniz kimi, son illərdə həm 
								Bakıda, həm də ölkəmizin müxtəlif yerlərində 
								yeni, müasir tibb mərkəzləri yaradılıbdır. Hər 
								bir bölgədə həm müalicə-diaqnostika mərkəzləri, 
								rayon, şəhər xəstəxanaları tikilir və təmir 
								olunur. Yəni biz bu sahəyə çox böyük diqqət 
								göstəririk. Çünki insanların sağlamlığı bizim 
								üçün əsas məsələdir. Azərbaycanda keyfiyyətli, 
								səviyyəli tibbi xidmətin göstərilməsi üçün bütün 
								imkanlar vardır və dövlət öz tərəfindən bu 
								sahəyə böyük investisiyalar qoymaqla bu vacib 
								missiyanı yerinə yetirir.  
								
								
								Əlbəttə, öz növbəsində, həkimlər də elə 
								etməlidirlər ki, xəstələrə lazımi səviyyədə 
								xidmət göstərilsin. Azərbaycanda ən qabaqcıl 
								təcrübə tətbiq olunmalıdır. Həkimlər öz 
								biliklərini, peşəkarlığını daim artırmalıdırlar 
								ki, dünyanın aparıcı ölkələrində mövcud olan 
								bütün texnoloji proseslər Azərbaycanda da tətbiq 
								edilsin. Yəni təkcə gözəl klinikaların tikilməsi 
								ilə işimiz bitmir. Əsas odur ki, bu gözəl 
								şəraitdən səmərəli istifadə olunsun və xəstələrə 
								lazımi səviyyədə tibbi xidmət göstərilsin.
								 
								
								
								Azərbaycan dövləti isə bundan sonra da səhiyyə 
								məsələlərinin həlli üçün səylərini davam 
								etdirəcəkdir. Bütün lazımi proqramlar da, 
								iqtisadi inkişaf sayəsində əldə edilmiş maddi 
								resurslar da vardır. Hər il Azərbaycanın dövlət 
								büdcəsində səhiyyə məsələlərinin həlli üçün 
								kifayət qədər vəsait ayrılır.  
								
								
								Mən xatırlayıram, üç il bundan əvvəl 
								universitetin rektoru məsələ qaldırmışdı ki, 
								eyni zamanda, cərrahiyyə korpusunun tikintisinə 
								də ehtiyac vardır. Bu məsələyə də müsbət 
								reaksiya verildi və artıq gözəl cərrahiyyə 
								korpusu tikilir. Ümid edirəm ki, yaxın 
								zamanlarda yeni açılışda biz sizinlə 
								görüşəcəyik. Bir sözlə, şəhərimizin bu hissəsi 
								bir növ gözəl, müasir tibb şəhərciyinə çevrilir. 
								Həm universitetin binaları - yeni korpus, 
								cərrahiyyə korpusu, ondan sonra kliniki 
								xəstəxana - əvvəlki illərdə Semaşko 
								adlandırdığımız o xəstəxana da əsaslı təmir 
								olundu, Səhiyyə Nazirliyi, yəni böyük və müasir 
								tibb mərkəzinə çevrilibdir. Mən ümid edirəm ki, 
								siz bu gözəl şəraitdən səmərəli şəkildə istifadə 
								edəcəksiniz və xəstələrə lazımi səviyyədə kömək 
								göstərəcəksiniz. Bir daha bu gözəl hadisə 
								münasibətilə sizi ürəkdən təbrik edirəm. Sizə 
								uğurlar arzulayıram.  
								
								
								*** 
								
								
								Azərbaycan Tibb Universitetinin rektoru, 
								akademik Əhliman ƏMİRASLANOV göstərilən diqqət 
								və qayğıya görə dövlətimizin başçısına təşəkkür 
								edərək dedi:  
								
								
								-Möhtərəm cənab Prezident!  
								
								
								Çox hörmətli Mehriban xanım!  
								
								
								Mən hesab edirəm ki, bu gün Tibb Universiteti 80 
								illik tarixinin ən əlamətdar günlərindən birini 
								yaşayır. Bu, onunla bağlıdır ki, üç il bundan 
								qabaq təməl daşını möhtərəm cənab Prezidentimiz, 
								Mehriban xanımın iştirakı ilə qoyduğunuz bu 
								müasir, çoxprofilli tədris-terapevtik korpus 
								artıq istifadəyə verilir. Bütün bunlar məhz 
								Sizin sərəncamlarınız əsasında, Tibb 
								Universitetinin kollektivinə olan diqqət və 
								qayğı sayəsində mümkün olmuşdur.  
								
								
								Bilirsiniz ki, həm də bu il universitetimizin 80 
								illik yubileyidir. Sentyabr ayının 20-də, 
								möhtərəm cənab Prezident, Sizin 
								sərəncamlarınızla universitetimizin 80 nəfər 
								əməkdaşı ölkəmizin - müstəqil Azərbaycanın orden 
								və medallarına, fəxri adlara, hətta Prezident 
								təqaüdünə layiq görülübdür. İcazə verin 
								universitetimizə göstərdiyiniz bu diqqət və 
								qayğıya görə, Tibb Universitetinin çoxminli 
								professor-müəllim heyəti, tələbələrimiz adından, 
								öz adımdan Sizə dərin təşəkkürümü, 
								minnətdarlığımı bildirim.  
								
								
								Biz bilirik ki, Sizin işləriniz həddən artıq 
								çoxdur. İşlərinizin həddən artıq çox olmasına 
								baxmayaraq, vaxt ayırıb bu gün universitetimizə 
								təşrif buyurduğunuza görə bir daha Sizə öz 
								təşəkkürümüzü bildiririk.  
								
								
								Biz bu gün ulu öndər Heydər Əliyevi yad etməyə 
								bilmərik. Çünki universitetimizin bütövlükdə 
								inkişafı onun adı ilə bağlıdır. Universitetə 
								dövlət qayğısının təməli hələ 1970-80-ci illərdə 
								ulu öndər tərəfindən qoyulmuşdur. Onun yaxın 
								dayağı, universitetimizin şərəfi, şöhrəti olan 
								akademik Zərifə Əliyevanın qayğısı sayəsində 
								bunların hamısı mümkün olmuşdur.  
								
								
								Möhtərəm cənab Prezident, bu gün çox rəmzi bir 
								məsələyə toxunmaq istəyirəm. On il bundan qabaq 
								universitetin 70 illik yubileyi qeyd olunanda 
								ulu öndər on bir mərtəbəli o möhtəşəm tədris 
								binasını kollektivimizə töhfə etdi. Bu gün isə 
								80 illik yubileyimizdə bu möhtəşəm 
								tədris-terapevtik klinikanı Siz bizə bəxş 
								edirsiniz. Mən böyük qürur hissi ilə qeyd etmək 
								istəyirəm ki, bunların hər ikisi bu ərazidə 
								yerləşir. Mən hesab edirəm ki, vaxt keçəcək, bu 
								əzəmət, bu binalar əsrlər durduqca dayanacaqdır, 
								müstəqil Azərbaycan var olduqca var olacaqdır.
								 
								
								
								İstərdim ki, bu gün fürsətdən istifadə edib 
								Mehriban xanıma da universitet kollektivi 
								adından dərin təşəkkürümüzü və minnətdarlığımızı 
								bildirək. Mehriban xanım təkcə Azərbaycanda 
								deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda 
								Azərbaycan səhiyyəsinin, təhsilinin, 
								mədəniyyətinin, incəsənətinin hamisi kimi 
								tanınır və o, bu sahədə çox möhtəşəm işlər 
								görür. İcazə verin, ona da bu gün 
								universitetimizə təşrif buyurduğuna, bizə diqqət 
								yetirdiyinə görə kollektivimiz adından 
								təşəkkürümü bildirim. Sizin müəyyən bir zaman 
								kəsiyində təhsil aldığınız Tibb Universitetinin 
								professor-müəllim heyəti apardığınız, gördüyünüz 
								bu möhtəşəm işlərdən böyük qürur hissi keçirir, 
								çox sevinir və sizinlə fəxr edir.  
								
								
								Bir daha Sizə, möhtərəm cənab Prezident, bu gün 
								universitetimizə etdiyiniz bu gözəl hədiyyəyə 
								görə kollektivimizin adından böyük təşəkkürümü, 
								dərin minnətdarlığımı bildirirəm. Çox təşəkkür 
								edirəm.  
								
								
								*** 
								
								
								Akademik Adilə NAMAZOVA dövlətimizin başçısına 
								müraciətlə dedi:  
								
								
								- Cənab Prezident, bizə belə bir möhtəşəm, 
								müasir, misli görünməyən klinika bağışladığınız 
								üçün Sizə hamımızın adından təşəkkür edirəm. Bu 
								gün hamımız çox xoşbəxtik. Biz çalışacağıq ki, 
								Sizin belə xeyirxah işlərinizə əməli işlərimizlə 
								cavab verək. Allah Sizi qorusun.  
								
								
								*** 
								
								
								Sonda xatirə şəkli çəkdirildi.   
								
								
								
								AzərTAc  |