| 
								 
								
								
								Azərbaycan Gənclər İttifaqı yeni tədris ili üçün 
								müsabiqə elan etdi  
								
								
								Bu gün bəşəriyyəti  narahat  edən problemlərdən 
								biri  qlobal iqlim  dəyişməsidir. Atmosferə 
								atılan qazların artması səbəbindən yaranan 
								istixana effekti Yer səthinə düşən  Günəş 
								şüalarının miqdarını azaldır, nəticədə Yer 
								üzünün temperaturu artır, bu isə böyük təbii 
								fəlakətlərə gətirə bilər. Alimlərin  
								hesablamalarına görə, XX əsrdə Yer səthinin 
								temperaturu 0,7 dərəcə artmışdır. Bu proses ötən 
								əsrin son 30 ilində daha intensiv olmuşdur. 
								
								
								1914-cü ildə təsis edilmiş Norveç Təbiəti 
								Mühafizə Cəmiyyəti ekoloji problemlərin həlli 
								istiqamətində geniş fəaliyyət  göstərir. On 
								ildən artıqdır ki, cəmiyyət Enerji və 
								Resurslardan istifadə üzrə Məktəbli Layihəsini 
								(SPARE - Scholl Project for Application 
								Recourses and Energy) həyata keçirir Layihənin 
								məqsədi enerjiyə qənaətin, resurslardan səmərəli 
								istifadə edilməsinin zəruriliyini məktəb 
								kollektivlərinə çatdırmaq, onları bu sahələrdə 
								əməli fəaliyyətə sövq etməkdir. Hazırda proqram 
								17 ölkədə icra olunur. Azərbaycan bu proqrama 
								2003-cü ildə qoşulub,  proqramı Azərbaycan 
								Gənclər İttifaqı (AGİ) həyata keçirir. 
								 
								
								
								SPARE-nin fəaliyyəti çoxşaxəlidir. Bunların 
								sırasında hər tədris ilində baş tutan "Enerji və 
								ətraf mühit" məktəbli müsabiqəsi önəmli yer 
								tutur. Müsabiqə bir neçə nominasiya üzrə 
								keçirilir, yarışmada həm şagirdlər, həm də 
								müəllimlər iştirak edirlər. Azərbaycan  
								məktəbləri müsabiqəyə həvəslə qoşulurlar. 
								2009-2010-cu  tədris ilində keçirilən yarışmanın 
								milli mərhələsinə 10 bölgədən 70 orta ümumtəhsil 
								məktəbini təmsil edən 170-dən artıq şagird və 
								müəllim iş təqdim etmişdir. Ən yaxşı beş iş 
								beynəlxalq mərhələyə tövsiyə  edilmişdir. 
								Bunlardan ikisi - Qax rayonundakı Qaxbaş kənd 2 
								nömrəli məktəbin şagirdi Şəhla Əhmədovanın 
								çəkdiyi "Gələcəyimizi bu gün qoruyaq"  rəsmi və 
								Bakı şəhərindəki 291 nömrəli "Araz" Ekologiya 
								liseyinin şagirdi Ceyhun Bədirxanovun 
								hazırladığı "Yuxu" videoçarxı həvəsləndirici 
								mükafatlara layiq görülübdür. 
								
								
								Bu günlərdə müsabiqə qaliblərinin 
								mükafatlandırılması mərasimi keçirilmişdir.  
								Qaxbaş kənd 2 nömrəli məktəbdə təşkil olunan 
								tədbirdə  SPARE Proqramının Azərbaycan üzrə 
								milli əlaqələndiricisi Nailə İsmayılova, 
								proqramın tətbiqi layihələri üzrə koordinatoru 
								Mir Abas Məmmədov, Qax Rayon Təhsil Şöbəsi 
								Metodiki Mərkəzinin direktoru Nazim Məmmədov, 
								məktəbin direktoru Rasim Çələbiyev, müəllim və 
								şagirdlər iştirak edirdilər. Qonaqları 
								salamlayan Rasim Çələbiyev bildirdi ki, 
								rəhbərlik etdiyi məktəbin sagirdi  Şəhla 
								Əhmədovanın uğuru rayonda böyük əks-səda 
								doğurmuş,  bütün kollektivin sevincinə səbəb 
								olmuşdur. O, SPARE layihəsinin rayon məktəbləri 
								tərəfindən rəğbətlə qarşılanması, şagird və 
								müəllimlərin  "Enerji və ətraf mühit" 
								müsabiqəsində iştirakı  haqqında məlumat verdi. 
								Nailə İsmayılova beynəlxalq proqram barədə, onun 
								Azərbaycanda icrası haqqında söhbət açdı, 
								müsabiqənin yeni tədris ilində davam edəcəyini 
								söylədi. Sonra o,   Şəhla Əhmədovaya beynəlxalq 
								müsabiqənin qalibi diplomunu və qiymətli hədiyyə 
								təqdim etdi.  Tədbirin sonunda ətraf mühitin 
								qorunmasında fəal  çalışan Qaxbaş kənd 2 nömrəli 
								məktəbin şagird və müəllimlərinə AGİ-nin 
								əməkdaşlıq etdiyi  "Plant for the Planet" 
								şəbəkəsinin məlumat vərəqələri, üzərində "Plant 
								for the Planet", "Trees for  Climate  Justice"  
								və "Stop Talking. Start planting" beynəlxalq 
								şirkətin simvolu əks  olunan  köynəklər  hədiyyə 
								edildi. 
								
								
								Xatırladaq ki, oktyabrın 1-də 2010-2011-ci 
								tədris ili üçün "Enerji və ətraf mühit" 
								beynəlxalq məktəbli müsabiqəsinin milli 
								mərhələsinə  start  verilib. Ötən il olduğu 
								kimi, bu tədris ilində də yarışma "İqlimi 
								qorumağa sadə energetik layihələrdən başlayaq" 
								devizi altinda keçirilir. Müsabiqə  dörd 
								nominasiya üzrə aparılacaq - üç nominasiya 
								şagirdlər, bir nominasiya isə müəllimlər üçün 
								nəzərdə tutulub. Şagirdlər məktəbdə və ya evdə 
								enerjiyə qənaət təcrübəsi (nominasiya 1a) və 
								bərpa olunan enerji mənbələrinin praktik tətbiqi 
								-Günəş, külək, su və ya biokütlədən istifadə 
								etməklə hazırlanan model haqqında  (nominasiya 
								1b) işləri təqdim edə bilərlər. Məktəblilər 
								müsabiqədə həmçinin  nəzəri işləri - yerli 
								şəraitdə enerjiyə qənaət və tükənməyən enerji 
								mənbələrindən istifadə etməklə enerji təchizatı 
								layihələri  ilə iştirak edə bilərlər. Hər iki 
								nominasiyada təqdim olunan işlərin iqlim 
								dəyişməsi ilə əlaqəsinin, atmosferə atılan 
								istixana qazlarının azalmasına təsirinin qeyd 
								edilməsi tələb olunur. Enerjiyə qənaət, 
								resurslardan səmərəli istifadənin zəruriliyi 
								barədə ictimaiyyətin məlumatlandırılmasına aid 
								işlərdə (nominasiya 3)  şagirdlər valideynləri, 
								müəllimləri, elecə də yerli ictimaiyyətin 
								nümayəndələrinin atmosferə atılan istixana 
								qazlarının həcminin azaldılmasının vacibliyinə 
								inandırmalı və məktəbdə, evdə, bütün ərazidə 
								(kənd, qəsəbə, şəhər mikrorayonu)  buna  nail 
								olmaq    üçün tövsiyələr verməlidirlər.  
								Müsabiqəyə təqdim olunan iş məlumat vərəqi, 
								qəzet, plakat, buklet, videoçarx,  multimedia 
								məhsulu,  ppt  təqdimatı  formasında ola bilər. 
								Müəllimlər  müsabiqədə "İqlimi qorumağa sadə 
								energetik məsələlərdən başlayaq" dərsinin və ya 
								fakültativ məşğələnin hazırlanması və 
								keçirilməsi, iqlim dəyişmələrinə dair didaktik 
								materiallar təqdim etməklə iştirak edə  bilərlər 
								(nominasiya 4). Birinci halda  məktəb, ev və ya 
								ərazidə istixana qazlarının azaldılması, qlobal 
								iqlim dəyişməsinin  ölkə, region üçün  ehtimal 
								olunan fəsadlarının yumşaldılması istiqamətində 
								fərdi səviyyədə atıla biləcək addımlara həsr 
								olunan  dərsin və ya fakültativ məşğələnin 
								konspekti (bu dərsin 1-2 saatlıq fraqmenti də 
								ola bilər) təqdim olunur. Bərpa olunan 
								mənbələrdən alınan enerjinin mümkünlüyünü və 
								üstünlüyünü nümayiş edən, enerjinin 
								səmərəliliyinə və qənaətinə həsr olunan dərs - 
								təcrübələrə üstünlük verilir. Didaktik 
								materiallar komplekti isə praktik dərs - 
								təcrübə  üçün paylama materialları və 
								dərs-təcrübə üçün alət-avadanlıq, ppt 
								təqdimatları ola bilər... 
								
								
								Milli müsabiqəyə işlər  elektron şəkildə 
								Azərbaycan və ya rus  dillərində, mətn  12 
								ölçülü  şriftlə yığılmış  Word   sənədi kimi 
								qəbul edilir,  şəkil və cədvəllər  çap 
								sərhədlərini aşmamalıdır. İşin həcmi   
								şəkillərlə birlikdə 6 səhifədən çox olmamalıdır. 
								Sənədin ümumi  həcmi 300 Kb çox olmamalıdır. 
								3-cü nominasiyada  təqdimatlar MS Power Point, 
								sənədlər Adobe PDF  formatında, hər  biri 300 
								Kb-dən artıq olmamalıdır. Videoçarxlar (2 
								dəqiqədən çox olmamaqla) WMV,  DiVX  i  MPEG-1, 
								cizgi filmləri  Macromedia  Flash  (SWF) 
								formatında  və kompüter oyunları  o halda qəbül 
								edilir ki, arxivdə faylın ölçüsü 1 Mb keçməsin. 
								
								
								Müsabiqə işlərinin qiymətləndirilməsi zamanı 
								seçilmiş  mövzunun aktuallığı, tətbiq edilmiş 
								metodikaların əsaslandırılması,  real nəticənin 
								alınması,  nəticələrin və tövsiyələrin  
								əsaslandırılması, layihənin  keyfiyyətli 
								tərtibatı nəzərə alınacaq. 3-cü nominasiyada  
								həmçinin icranın   orijinallığına  və bədii 
								tərtibata diqqət yetiriləcək.   
								
								
								Qiymətləndirmə aparılarkən yerinə yetirilən 
								layihənin mürəkkəbliyi və müəllifin işi yaşına 
								görə müstəqil icra etdiyi nəzərə alınacaq. 
								Pedaqoji işlərin qiymətləndirilməsi zamanı 
								təklif olunan pedaqoji  texnologiyaların 
								yayımlanmasına, uşaqlarda və böyüklərdə  
								praktiki fəaliyyətə motivasiyanın 
								yönəldilməsinə, təqdim olunan  pedaqoji işlərin  
								uşaqlarda  diskussiyalara, yaradıcılığa, 
								enerjiyə qənaət və ya bərpa olunan enerji 
								mənbələrindən istifadəyə  marağın oyadılmasına 
								diqqət yetiriləcək.   
								
								
								Milli müsabiqəyə işlər 2011-ci il yanvarın 
								15-dək təqdim edilməlidir. Müsabiqə haqqında 
								ətraflı məlumatı  
								
								www.spareworld.org və 
								
								www.ayu-az.org saytlarında əldə etmək olar. 
								  
								
								
								
								M.MƏMMƏDOV, 
								SPARE-Azərbaycan Proqramının tətbiqi  
								layihələri üzrə koordinatoru  |