| 
								 
								
								Oktyabrın 5-də Prezident İlham Əliyev Şərur 
								rayonunun Maxta kənd orta məktəbinin yeni 
								binasının açılışında iştirak etmişdir. 
								 
								
								
								 Mərasimə 
								toplaşanlar dövlət başçısını hərarətlə 
								qarşıladılar.  
								
								
								Prezident İlham Əliyev açılışı bildirən lenti 
								kəsdi və bina ilə yaxından tanış oldu. 
								 
								
								
								Məlumat verildi ki, Milli Qəhrəman Əli Camalovun 
								adını daşıyan Maxta kənd orta məktəbinin binası 
								əsaslı şəkildə yenidən qurulmuşdur. 1981-ci 
								ildən fəaliyyət göstərən hazırkı bina bir müddət 
								əvvəl qəzalı vəziyyətə düşmüşdü. Üçmərtəbəli, 
								540 şagird yeri olan yeni binada 30 sinif otağı 
								vardır. Bir-birinə örtülü keçidlə birləşdirilmiş 
								üç korpusdan ibarət binada şagirdlərin 
								təlim-tərbiyəsi üçün bütün şərait yaradılmış, 
								otaqlar zəruri vəsaitlərlə təchiz olunmuşdur. 
								Fənn kabinetlərində, laboratoriyalarda müasir 
								standartlara cavab verən avadanlıq qurulmuşdur. 
								Altı min nüsxə ədəbiyyatın saxlanıldığı 
								kitabxanada ümummilli lider Heydər Əliyevin 
								həyatı və fəaliyyətini əks etdirən guşə 
								yaradılmışdır. İdman zalı da müasir tələblərə 
								cavab verir.  
								
								
								Məktəbin iki kompüter sinfinin hər birində 
								İnternetə çıxışı olan 19 kompüter vardır. İki 
								elektron lövhəli sinif otağı isə tədrisin müasir 
								standartlar səviyyəsində aparılmasına imkan 
								verəcəkdir. Hərbi hazırlıq fənninin əyani 
								vəsaitlərlə tədrisi də diqqətdən kənarda 
								qalmamışdır.  
								
								
								Məktəblə tanışlıqdan sonra Prezident İlham 
								ƏLİYEV Müəllim Günü münasibətilə kollektivi 
								təbrik edərək dedi:  
								
								
								- Sizi gözəl məktəbin açılışı münasibətilə 
								təbrik edirəm. Maxta kəndində gözəl, yaraşıqlı 
								məktəb tikilib. Əminəm ki, bu, uşaqlara böyük 
								bir töhfədir. Burada uşaqlar ancaq yaxşı 
								oxumalıdırlar. Müəllimlər də uşaqlara yaxşı 
								tərbiyə verməlidirlər, yaxşı nəzarət 
								etməlidirlər. Bizə savadlı, bilikli gənclər 
								lazımdır ki, bundan sonra bütün sahələrdə işləyə 
								bilsinlər. Bu gün Azərbaycanda inkişaf çox 
								sürətlə gedir. Hər bir sahədə yeni, peşəkar 
								mütəxəssislər lazımdır ki, bütün işləri yüksək 
								səviyyədə aparsınlar. Təhsil bu məqsədlərə nail 
								olmaq üçün başlıca vasitədir. Azərbaycanda 
								təhsil sahəsinə çox böyük diqqət göstərilir. Hər 
								yerdə məktəb tikintisi gedir, o cümlədən 
								Naxçıvanda. Bax bu gün artıq ikinci məktəbdir 
								ki, açılışında iştirak edirəm. Hələ bir məktəb 
								də vardır, orada da olacağam, oranı da 
								görəcəyəm. Bu işlər Azərbaycanda çox yüksək 
								səviyyədə aparılır. Müəllimlərə tövsiyəm budur 
								ki, uşaqlara yaxşı tərbiyə versinlər, yaxşı 
								nəzarət etsinlər, tələbkar olsunlar ki, uşaqlar 
								yaxşı oxusunlar və gələcəkdə gözəl mütəxəssislər 
								olsunlar. Sizi ürəkdən təbrik edirəm. 
								 
								
								
								*** 
								
								
								Sonra müəllim Nübar ALLAHVERDİYEVA çıxış etdi. 
								O, qısa müddətdə rayonda müasir üslubda yeni 
								obyektlərin, o cümlədən orta məktəbin inşa 
								edilib istifadəyə verildiyini söylədi, bütün 
								bunlara görə dövlət başçısına minnətdarlığını 
								bildirdi. Nübar Allahverdiyeva qeyd etdi ki, 
								məktəbin kollektivi gənc nəslə yüksək təhsil 
								vermək sahəsində üzərinə düşən vəzifənin 
								öhdəsindən layiqincə gəlmək üçün səyini 
								əsirgəməyəcəkdir.  
								
								
								*** 
								
								
								Sonda xatirə şəkli çəkdirildi.  
								
								
								
								AzərTAc  |