| 
								 
								
								
								İndi alimlərimiz, o cümlədən təhsil sahəsində 
								çalışan çoxsaylı müəllimlərimiz milli 
								ideologiyanı yaratmalıdırlar, gözləmək lazım 
								deyil.   
								
								
								  HEYDƏR ƏLİYEV  
								
								
								AMEA-nın Azərbaycan Tarixi Muzeyində "Elm, 
								təhsil və sivilizasiya" mövzusunda keçirilmiş 
								seminarda AMEA-nın müxbir üzvü, professor Vaqif 
								Abbasov, Bakı şəhər ümumtəhsil məktəblərinin 
								direktor və müavinləri, muzeyin əməkdaşları və 
								lisey şagirdləri iştirak edirdilər. 
								
								
								Seminarı AMEA-nın Azərbaycan Tarixi Muzeyinin 
								direktoru, AMEA-nın akademiki, tarix elmləri 
								doktoru Nailə xanım Vəlixanlı açaraq bugünkü 
								seminarın əhəmiyyətindən, elmlə təhsilin 
								vəhdətini nəinki elm adamları, hətta təhsil 
								işçilərinin bilməsinin vacibliyindən danışdı. 
								Onu da əlavə etdi ki, elmin tədrislə və 
								təlım-tərbiyə məsələləri ilə bağlılığı hər vaxt 
								elm adamlarını düşündürmüşdür. Bu sahədə 
								müxtəlif səpgili işlər də aparılmışdır və bu 
								ənənə hər vaxt davam etməkdədir. Muzeydə 
								yaradılan "Elmi maarif" şöbəsi də hazırda 
								işlərini bu səpgidə aparmaqla müxtəlif tədbirlər 
								görür. Bu gün tədbirimiz daha dolğun formada 
								təşkil olunmuşdur. Vaqif müəllimin həm elm, həm 
								də təhsil işçisi olduğu və elm-təhsil vəhdətində 
								gördüyü işlər çoxlarına məlumdur. Hər bir elmin 
								öz vəzifəsi vardır və yalnız həmin sahədən bəhs 
								edir, ondan kənara çıxmır. Məsələn, fizika elmı 
								mövcud olan cisim və əşyalardan bəhs edir. Kimya 
								elmi isə cisimlərin tərkib və analizindən bəhs 
								edir. Nəbatat elmi bitkilərdən danışır. Bu 
								elmlərin hər biri başqa bir elmə bağlıdır. 
								Elmlərin bir-birinə qarşılıqlı ehtiyacı onların 
								özündə axtarılır. Bu elmlərin vəhdəti və bu 
								vəhdətin təhsilə hərtərəfli sirayət etməsidir. 
								Elə bu baxımdan Vaqif müəllimlə təhsil 
								işcilərinin görüşünü təşkil etmişik. Elmi maarif 
								şöbəsinin böyük elmi işçisi, memarlıq üzrə 
								fəlsəfə doktoru Nardanə Yusifova məruzə etdi. O 
								dedi ki, Vətəni babaların əmanəti kimi qəbul 
								edən, ana dilini ən böyük sərvət sayan, ata- ana 
								haqqını Tanrı haqqı adlandıran, müəllimə, ustada 
								olan sevgini sevgilərin əzəli hesab edən, elmi- 
								biliyi qızıl açar bilən, şəhidlik məzarına 
								"şahlıq taxtı" deyən Vaqif Abbasov AMEA-nın 
								müxbir üzvü, kimya elmləri doktoru, professor, 
								İctimai televiziya yayım şurasının üzvü, 
								"Şöhrət" ordenli, əməkdar müəllim, 
								Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri 
								İnstitutunun şöbə müdiridir.    
								
								
								Vaqif Abbasov 1952-ci il oktyabrın 5-də Tərtər 
								rayonunun Cəmilli kəndində müəllim ailəsində 
								anadan olmuşdur. 1968-ci ildə Tərtər rayonunun 
								Cəmilli kəndindəki orta məktəbi, 1973-cü ildə 
								indiki Azərbaycan Pedaqoji İnstitutunun kimya 
								fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 
								
								
								1973-1977-ci illərdə AMEA-nın Y.Məmmədəliyev 
								adına Neft-Kimya Prosesləri İnstitutunun 
								aspirantı olmuş, 1978-ci ildə namizədlik 
								dissertasiyası müdafiə etmişdir. 1991-ci ildə 
								doktorluq dissertasiyası müdafiə etmiş və neft 
								kimyası ixtisası üzrə kimya elmləri doktoru 
								alimlik dərəcəsi almışdır.  
								
								
								1987-ci ildə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri 
								Sərgisinin gümüş medalına layiq görülmüş və elə 
								həmin ildə "SSRİ-nin qabaqcıl ixtiraçısı" döş 
								nişanı ilə təltif olunmuş və 1992-ci ildə 
								neft-kimya ixtisası üzrə professor elmi adını 
								almışdır. 1992-ci ildən Təhsil Nazirliyi 
								nəzdində məktəblilərin kimya olimpiadasını 
								keçirən münsiflər heyətinin sədri, 2001-ci ildən 
								Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının kimya 
								üzrə ekspert şurasının və seminarının sədri 
								təyin olunmuşdur. 
								
								
								1993-2001-ci ıllərdə Y.Məmmədəliyev adına 
								Neft-Kimya Prosesləri İnstitutunun nəzdində " 
								Neft kimyası" ixtisası üzrə doktorluq 
								dissertasiyalarının müdafiəsi sahəsində 
								ixtisaslaşmış elmi şuranın üzvü olmuşdur. 
								1996-cı ildə Azərbaycanda elm və təhsilin 
								inkişafında xidmətlərinə görə akademik 
								Y.H.Məmmədəliyev adına medalla təltif 
								olunmuşdur. 
								
								
								1997-ci ildən başlayaraq beynəlxalq və dünya 
								kimya olimpiadalarına hazırlıq mərkəzi yaratmış 
								və 1998-2010-cu illərdə rəhbərlik etdiyi 
								Azərbaycan komandası ölkəmizə 70-dən çox qızıl, 
								gümüş və bürünc medallar gətirmişdir və 21 məzun 
								Moskva Dövlət Universitetinin kimya fakültəsinə 
								imtahansız qəbul olunmuşdur.  
								
								
								2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmiş və 
								elə həmin ildən Bakı Dövlət Universitetinin 
								professoru olmuşdur və 2001-2003-cü illərdə ilk 
								dəfə olaraq nəşr olunmuş və bu gün də istifadə 
								olunan  milli kimya dərsliklərinin müəllifidir.
								 
								
								
								2003-cü ildə V.S. Altunin adına Beynəlxalq 
								Ekologiya və Təbiətdən İstifadə Akademiyasının 
								həqiqi üzvü seçilmişdir. Elə həmin ildə də bir 
								çox elmi fəaliyyətləri ilə bərabər, Azərbaycan 
								Respublikasının Təhsil Nazirliyi Təhsil 
								Problemləri İnstitutu ilə birlikdə "Kimya 
								məktəbdə" elmi-metodiki jurnalını təsis etmiş və 
								onun baş redaktoru olmuşdur. 2007-ci ildə 
								AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun elmi 
								işlər üzrə direktor müavini təyin edilmişdir. 
								 
								
								
								Hər ötən il onun həyatına müxtəlif səpgili 
								unikal təltif və elmi nəticələrlə sanki möhür 
								vurmuşdur. Belə nailiyyətlərdən biri də onun  
								2009-cu ildə İslam Ölkələrinin İqtisadi 
								Əməkdaşlıq Təşkilatının "Elm və texnologiya" 
								üzrə mükafatını almasıdır. Onun Azərbaycan 
								elminə verdiyi töhfələrdən biri də 3 elmlər 
								doktoru, 14 elmlər namizədi hazırlamasıdır. 
								Vaqif Abbasovun 1973-2009-cu illərdə 370-dən çox 
								elmi əsəri, o cümlədən 10 monoqrafiyası, 
								ümumtəhsil məktəbləri üçün 6 dərsliyi, 12 əlavə 
								dərs vəsaiti və universitetlər üçün 9 dərsliyi 
								çap olunmuşdur. SSRİ-nin 22 müəlliflik 
								şəhadətnaməsinin, Rusiya Federasiyasının 4, 
								Azərbaycan Respublikasının 17 patentinin 
								müəllifidir və professorun rəhbərliyi altında 
								yaradılmış və istehsalı təşkil edilmiş 12 
								kimyəvi reagent istehsalata tətbiq olunmuşdur. 
								
								
								Dünyada analoqu olmayan müalicəvi Naftalan 
								neftinin ən müasir təmizləmə texnologiyasını 
								yaratmış və aldığı "Ağ Naftalan yağı" dərman 
								preparatı kimi Azərbaycan Respublikasında və 
								Ukraynada qeydiyyatdan keçib və istifadə 
								olunmaqdadır. 
								
								
								Vaqif müəllim həm də gözəl natiqdir.  
								
								
								Professor V.Abbasov çıxışında dedi:  
								
								
								- Məlumdur ki, ölkəmiz müstəqillik əldə etdikdən 
								sonra bütün sahələrdə olduğu kimi, təhsil 
								sistemində də köklü islahatlar başlayıb. Bu gün 
								hər bir pedaqoji kollektiv, hətta ixtisasından 
								asılı olmayaraq, hər bir müəllim ölkəmizdə 
								aparılan təhsil islahatına öz töhfələrini 
								verməyə borcludur. Əks halda, hər hansı bir 
								uğurdan danışmağa dəyməz. Belə prosesə 
								hərtərəfli yanaşmaq üçün həm evdə, həm də 
								məktəbdə şagirdlər üçün sağlam pedaqoji mühit 
								yaratmaq lazımdır. Təhsil islahatı da məhz hər 
								bir müəllimdən işini yenidən qurmağı, 
								qabaqcılların iş prinsipi ilə yaxından tanış 
								olmağı, pedaqoji ustalığı təkmilləşdirməyi, 
								təlim-tərbiyədə ən müasir metodlardan istifadə 
								etməyi tələb edir. 
								
								
								Hər hansı bir faktı və ya hadisəni tarixdən 
								qoparmaq mümkün olmadığı kimi, təhsildə də istər 
								bütöv təhsil prosesi, istərsə də ayrı-ayrı 
								fənlərin tədrisinin tarixi zaman və məkan 
								daxilində, bütöv çalarları ilə insanlara 
								çatdırmaq üçün onlarda real təsəvvür yaratmaq 
								vacibdir. Elmlərin öyrənilməsində elmin tarixi 
								ön plana çəkilməli, fakt və hadisələrə məntiqi 
								olaraq yanaşılmalıdır. Elmin tam öyrənilməsində 
								təkcə tarixi yanaşma və məntiqi baxış tam, bütöv 
								mənzərə yarada bilməz. Buna görə də hər iki 
								yanaşmanı tamamlayan konsepsiyalara ehtiyac 
								vardır. Məlum Şteyner nəzəriyyəsinə görə, 
								"İstedad və qabiliyyət insanda anadangəlmədir". 
								Deməli, hər bir elm və təhsil adamına 
								başqalarında duyum yaratmaq, onu hadisələrin 
								bilavasitə iştirakçısı etməklə istedadını 
								istiqamətləndirmək olar. 
								
								
								Dərin təfəkkür tərzini, həyatda rast gəlinən hər 
								bir hadisəni öz müstəqil fikir süzgəcindən 
								keçirib, qiymətləndirə bilmək qabiliyyətini hələ 
								uşaq yaşlarından hər kəsə dərindən anlatmaq 
								lazımdır. Bu iş ümumxalq işidir. Bu yolda 
								gənclər nəinki əvvəlki nəsillərin zəngin fikir 
								prinsipinin qanuni varisləri olmalı və fəzavi 
								düşüncəyə, yəni hətta adi optik gözlə görünə 
								bilməyən, lakin ağlın gözü ilə dərk etməyə qadir 
								olmalıdırlar. Yalnız belə gənclərə malik xalq 
								gələcəyin ziyalı əllərdə olacağına tam arxayın 
								ola bilər. 
								
								
								Unutmayaq ki, elm dünyəvi olduğundan, onun 
								həyata tətbiqinin bir forması sayılan təhsil də 
								bu sahədə bəşəri nailiyyətlər üzərində qurulur. 
								Deməli, təhsilin vəzifəsi aləmin bütövlüyünü, 
								tamlığını, onun ayrı-ayrı hissələrinin 
								qarşılıqlı əlaqədə olduğunu açıb göstərməkdir. 
								Təbiət pilləvari hadisələr piramidasından ibarət 
								olub, mexaniki, fiziki, kimyəvi-bioloji və 
								ictimai- sosial hadisələrdən təşkil olunmuşdur. 
								Hər sonrakı hadisə özündən əvvəlkilərin fonunda 
								formalaşıb daha mürəkkəb mərhələ üçün əsas 
								rolunu oynayır. Təbii ki, ən sadə hadisə belə, 
								fəza amili nəzərə alınmadan tam təsəvvür oluna 
								bilməz. Fəza parametrləri hər bir hadisənin 
								araşdırılması və şərhində mütləq olaraq nəzərə 
								alınmalıdır. Hətta gözlə görünməyən molekullar 
								belə fəzavidir, üçölçülüdür, özünəməxsus 
								formaya, həcmə malikdir və bu şəkildə də dərk 
								olunmalıdır. Bir örnək kimi bir misal çəkmək 
								istəyirəm. Qala kəndində Elşad Abdullayev adında 
								bir oğlan mənim tələbəm idi. Bu oğlan öz bacarıq 
								və savadı ilə kimya üzrə  3 dəfə olimpiadanın 
								qalibi olmuş və Moskva Dövlət Universitetinə 
								imtahansız qəbul olunmuşdur. Bu universiteti 
								fərqlənmə diplomu ilə bitirən  Elşad Abdullayev 
								birbaşa ABŞ-a doktoranturaya dəvət aldı. O, ABŞ 
								-da böyük bir elmi istiqamətin başlanğıcını 
								qoymuşdur.  Bu bir örnəkdir. Bu örnəyi 
								yeniyetmələrə çatdırmaq lazımdır. Əslində bizim 
								hər şeyimiz vardır, tək bircə ünsiyyətdən başqa. 
								Mənim "Ünsiyyətdən başlayan ucalmaq yolu" adlı 
								bir kitabım var. Orada Keykavusdan misal 
								gətirirəm. Keykavus deyir ki, adamla adam ol, 
								insanla insan, çünki çox alidir insan adamdan. 
								Adam bioloji varlıqdır. İnsansa bioloji varlıq 
								olmaqla bərabər, həm də sosiallaşmış varlıqdır. 
								Adamın insana çevrilməsi üçün ən azı ikinci bir 
								insan lazımdır ki, ünsiyyət olsun. Belə deyək, 
								insan anadan olandan sonra onu canavar sürüsünün 
								içərisinə atsan  o, bir müddətdən sonra özünü 
								canavar kimi aparacaq. Yəni ondan heç vaxt insan 
								olmayacaq. Ola bilər 50 il yaşasın, lakin onun 
								təbiəti canavar təbiəti olacaq. Yox, əgər 
								aslanlar içərisinə buraxsan o, aslan, dovşanlar 
								içərisində isə dovşan xarakterlı olacaqdır. 
								Deməli, ünsiyyət olmayan yerdə insanın sivil 
								formalaşması da olmayacaq. Bu gün məktəblilərlə 
								elm adamlarının da ünsiyyəti olmalıdır. Çünki 
								təbiət, məktəb, müəllim, tələbə bir sistemdir. 
								Bu sistemin iştirakçıları daim ünsiyyət yarada 
								bilmək qabiliyyətində olmalıdırlar. Bu gün 
								tələbə, şagird dərsdən sonra gəlib Azərbaycan 
								tarixinin yaddaşı olan Milli Azərbaycan Tarixi 
								Muzeyini gəzmirsə, deməlı, onlarda heç bir 
								vətəndaşlıq hissi ola bilməz. Keçmişi ilə 
								maraqlanmayan nə bu gününün, nə də sabahının 
								qədrini bilə bilməz. 
								
								
								"Fatehlərin, müdriklərin və dahilərin həyat 
								dərsləri" adlı kitabda dünyanın 19 ən ali 
								insanından misal gətirmişəm. Onları tarixi 
								baxımdan sıra ilə yazmışam. Bir Məhəmməd 
								Peyğəmbərin dahiliyinə, Yaradanın elçisi 
								olduğuna görə onu birinci yerə qoymuşam. Əslində 
								tarixi baxımdan birinci Atilla gəlir. 
								Ardıcıllığı isə belə düzmüşəm: Məhəmməd 
								Peyğəmbər, Atilla, İbn Sina, Əl Qəzəli, 
								Keykavus, Nəsirəddin Tusi, Şeyx Şamil, II Sultan 
								Fateh Məhəmməd, Osman Qazi, Teodor Ruzvelt, 
								Franklin Ruzvelt, Teymurləng, Atatürk, Üzeyir 
								Hacıbəyov, Yusif Məmmədəliyev, Heydər Əliyev, 
								Lütfi Zadə. Sizə bunlardan bir misal da deyim: 
								Teymurləng 69 yaşında Çinə hücum çəkəndə 
								xəstələnir. Ölüm ayağında general Nürəddini 
								çağırır və ona deyir ki, sənə 3 vəsiyyətim var: 
								1. Müharibəni dayandırmırsan. 2. Oğlum Şahruğun 
								oğlu Pirməhəmmədi mənim yerimə rəhbər qoyursan. 
								3. Məni müəllimimin məzarının ayaq tərəfində  
								basdır. Belə misalları tək müəllimlər yox, həm 
								də məktəb rəhbərləri də bilməli və vaxtaşırı 
								siniflərdə maarifləndirici söhbətlər 
								aparılmalıdır. Hələ biz babalarımızdan qalan 
								həyat dərslərini əks etdirən eksponatları elə 
								yerindəcə əyani olaraq Tarix muzeyində həm 
								öyrənə, həm də öyrədə bilərik. Bilirsiniz, bu 
								gün məktəbdə və ya universitetlərdə təhsil alan 
								tələbənin qarşısında hərtərəfli biliyə, savada, 
								intellektə sahib olan müəllimlər olmalıdır. 
								Bunun üçün hər bir fənn müəllimi, məktəb 
								direktorları, hətta evdə sanki həmişəlık bir 
								müəllim rolunu icra edən valideyn də hərtərəfli 
								təfəkkürə malik olmalıdır.  
								
								
								Çıxışında bir çox mətləblərə aydınlıq gətirən 
								V.Abbasov məktəb direktorları tərəfindən verilən 
								suallara əhatəli cavablar verdi. 
								
								
								Sonda Nailə xanım Vaqif müəllimə bu günə və 
								Azərbaycan təhsilinə gətirdiyi uğurlara görə 
								minnətdarlığını bildirdı. O dedi ki, Vaqif 
								müəllim Azərbaycan balalarını kimya 
								olimpiadalarına hazırlayanda da, bu uşaqları öz 
								vəsaiti hesabına dünyanın hər tərəfinə aparanda 
								da, onların uğurlarına öz övladlarının uğuru 
								kimi sevinəndə də, yüksək balla ali məktəbə 
								qəbul olunanlara, Moskvada təhsil alan 
								azərbaycanlı tələbələrə təqaüd ayıranda da, 
								hansısa bir kənddə bir istedadlı uşağı "kəşf 
								edib" Bakıya gətirəndə də, geniş auditoriyalarda 
								da ürəklə çıxış edəndə və daha nələr, nələr, 
								xeyirxah işlər  görəndə də onun ürəyindən tək 
								bir dəyər keçir:  Azərbaycan və onun sabahı. 
								
								
								V.Abbasovun ümummilli liderimiz, Azərbaycan 
								dövlətçiliyinin xilaskarı  Heydər Əliyevə həsr 
								olunmuş "Liderlik fəlsəfəsi" kitabını Heydər 
								Əliyev şəxsiyyətinə həsr olunmuş başqa kitablar 
								arasında ən dəyərlilərindən biri hesab edirlər. 
								Burada Vaqif müəllim təkcə ümummilli liderimiz 
								Heydər Əliyevin liderliyindən yox, həm də 
								liderlik yolunda olan tarixi şəxsiyyətlərin də 
								ömür yoluna diqqət yetirir. 
								
								
								Onun ataya, anaya, Vətənə, Yaradanın sevgisinə, 
								ailəsinə, müəlliminə, kainata, təbiətə, dəyərini 
								dünyalar qədər bildiyi ümummilli liderimizə həsr 
								etdiyi şeirləri də vardır. Onun şeir dili sadə 
								və düşündürücüdür. O, insan zəkasının yarada 
								bilmədiklərini sadə bir misra ilə edə bilir.  
								
								
								
								N.İSRAFİLQIZI, 
								memarlıq üzrə fəlsəfə doktoru  |