| 
								 
								
								Oktyabrın 5-də Azərbaycan Tibb Universitetində 
								bu təhsil ocağının 80 illik yübileyinə həsr 
								olunmuş təntənəli mərasim keçirildi. Tədbirdə 
								nazirlər, millət vəkilləri, diplomatik korpusun 
								nümayəndələri, ali məktəblərin rektorları, 
								tanınmış alimlər, ATU-nun professor-müəllim 
								heyəti, tələbələr və KİV təmsilçiləri iştirak 
								edirdilər. 
								
								
								 Mərasimdən 
								əvvəl qonaqlar ümummilli liderimiz Heydər 
								Əliyevin universitetin foyesindəki büstü önünə 
								tər çiçəklər düzdülər və onun xatirəsini 
								ehtiramla yad etdilər. 
								
								
								Yubiley mərasimi Azərbaycan Respublikası Dövlət 
								himninin səslənməsi ilə açıldı. 
								
								
								Sonra çıxış üçün söz səhiyyə naziri Oqtay 
								Şirəliyevə verildi. Səhiyyə naziri universitetin 
								kollektivini yubiley münasibətilə təbrik edərək 
								onlara işlərində uğurlar, şəxsi həyatlarında 
								cansağlığı və xoşbəxtlik arzuladı. Oqtay 
								Şirəliyev çıxışında ötən illər ərzində 
								respublikamızda təbabətin ən müxtəlif 
								sahələrində yüksək hazırlığa malik kadrların 
								yetişdirilməsində və mötəbər elmi mərkəz kimi 
								tədqiqatların aparılmasında ATU-nun  əhəmiyyətli 
								rolundan bəhs etdi və bu universitetin milli 
								səhiyyənin inkişafına verdiyi layiqli 
								töhfələrdən söz açdı. 
								
								
								Sonra Azərbaycan Respublikasının Prezidenti 
								cənab İlham Əliyevin 20 sentyabr 2010-cu il 
								tarixli sərəncamları ilə universitetin 
								əməkdaşlarına verilmiş fəxri adların, orden və 
								medalların təqdimatı oldu. Səhiyyə naziri təltif 
								olunanlar adından dövlət başçısına 
								minnətdarlığını bildirdi. 
								
								
								Dəvəti qəbul etdiklərinə görə qonaqlara öz 
								təşəkkürünü bildirən ATU-nun rektoru, akademik 
								Əhliman Əmiraslanov rəhbərlik etdiyi təhsil 
								ocağının inkişaf tarixini əks etdirən təqdimatı 
								diqqətə çatdırdı.  Qeyd olundu ki, hazırda 
								Azərbaycan Tibb Universiteti ölkəmizdə tibb, 
								əczaçılıq və hərbi-tibb kadrlarının 
								hazırlanması, attestasiyası və ixtisaslarının 
								artırılması sahəsində fəaliyyət göstərən ən iri 
								təhsil müəssisəsidir. 
								
								
								Azərbaycan Respublikasının təhsil naziri Misir 
								Mərdanov bütün təhsil ictimaiyyəti adından 
								ATU-nun kollektivini yubiley münasibətilə təbrik 
								etdi. Nazir hər bir kəsin özünün sağlamlığının 
								qorunması və övladlarının sağlam böyüməsi üçün 
								məhz 80 il ərzində şərəfli inkişaf yolu keçmiş 
								bu universitetə borclu olduğunu qeyd etdi. 
								
								
								Dövlət başçısının ATU-nun əməkdaşlarının təltif 
								olunması ilə bağlı müvafiq sərəncamlarını elm, 
								təhsil və səhiyyə sahələrinə göstərilən xüsusi 
								qayğının növbəti təzahürü kimi qiymətləndirən 
								nazir cənab Prezidentə təşəkkürünü bildirdi və 
								kollektivin hər bir üzvünün bu şərəfə layiq 
								fəaliyyət göstərməsinin, öz işinə daha 
								məsuliyyətlə yanaşmasının zəruriliyini 
								vurğuladı. 
								
								
								Misir Mərdanov universitetin əməkdaşlarından bir 
								qrupunun Azərbaycan Respublikası Təhsil 
								Nazirliyinin yüksək mükafatlarına layiq 
								görüldüyünü bildirdi. 
								
								
								Yubiley mərasimində çıxış edən AMEA-nın 
								prezidenti Mahmud Kərimov, Səhiyyə İşçiləri 
								Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri 
								Emin Əfəndiyev, Almaniyanın Axen Universitetinin 
								Himayədarlar Şurasının sədri, psixiatriya 
								Assosiasiyasının prezidenti Frank Şnayder, 
								Azərbaycan Dövlət Neft Akademiyasının rektoru 
								Siyavuş Qarayev, Milli Məclisin Elm və təhsil 
								komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad 
								Universitetinin rektoru Şəmsəddin Hacıyev və 
								Azərbaycan  Dövlət Pedaqoji Universitetinin 
								rektoru Yusif Məmmədov Azərbaycan Tibb 
								Universitetinin professor-müəllim heyəti və 
								tələbələrini yubiley münasibətilə təbrik edərək 
								onlara gələcək fəaliyyətlərində uğurlar 
								arzuladılar.  
								
								
								Hicran ƏKBƏROVA   |