| 
								 
								
								Oktyabrın 5-də Beynəlxalq Müəllimlər Günü ilə 
								əlaqədar Bakı Pedaqoji Kadrların İxtisasartırma 
								və Yenidənhazırlanma İnstitutunda Gəncliyin 
								Elmi-Mədəni İnkişafı İctimai Birliyi (CEMİİB) 
								ilə birgə hazırlanmış "Müridlik-müdrikliyin 
								gənclik sədasıdır" mövzusunda tədbir keçirildi.
								 
								
								
								 Tədbiri 
								giriş sözü ilə açan BPKİYİ-nin rektoru, 
								professor Asəf Zamanov müəllimləri əlamətdar gün 
								münasibətilə təbrik edərək, onlara gələcək 
								fəaliyyətlərində uğurlar arzuladı. Professor 
								A.Zamanov çıxışını ulu öndər Heydər Əliyevin 
								müəllim haqqında söylədiyi fikirlərlə 
								başlayaraq, bu əlamətdar günün dünyanın bir çox 
								ölkələrində, eləcə də respublikamızda 
								keçirilməsini dövlətimizin müəllimə olan diqqət 
								və qayğısının bariz nümunəsi kimi 
								qiymətləndirdi. Son illər ölkə Prezidenti cənab 
								İlham Əliyevin  təhsilə və təhsil işçilərinə 
								göstərdiyi diqqətdən danışan natiq, təhsil 
								strukturunun yeniləşməsini, maddi-texniki 
								bazaların standartlara uyğun səviyyəyə 
								çatdırılmasını və müəllimlərə göstərilən qayğını 
								təqdirəlayiq hal kimi qiymətləndirərək ölkə 
								başçısına təşəkkürünü bildirdi. O, təhsil aldığı 
								orta məktəbin müəllimləri haqqında xoş fikirlər 
								səsləndirərək, onlarla mütəmadi olaraq əlaqə 
								saxladığını bildirdi. 
								
								
								Sonra söz "Simurq" Azərbaycan Mədəniyyəti 
								Assosiasiyasının prezidenti, professor, 
								kulturoloq Fuad Məmmədova verildi. O, Azərbaycan 
								müəllimləri haqqında xoş fikirlər səsləndirdi, 
								həmişə olduğu kimi müasir dövrümüzdə də müəllimə 
								böyük ehtiyacın olduğunu və dövlətin 
								formalaşmasında müəllimin üzərinə düşən 
								məsuliyyətin ciddiliyini vurğuladı. Bildirildi 
								ki, müəllim, hər şeydən öncə, yüksək 
								mədəniyyətə, dərin intellektual biliyə malik 
								olmalı, gələcək nəslin hərtərəfli formalaşmasına 
								diqqət yetirməlidir. 
								
								
								Tədbirdə çıxış edən professor Əbdül Əlizadə XX 
								əsrin ən böyük müəllimi ümummilli liderimiz 
								Heydər Əliyevin olduğunu, onun ideyaları 
								əsasında qurulan müasir dövlətimizin sürətlə 
								inkişaf etdiyini və bu yolda müəllimlərin 
								əməyinin yüksək qiymətləndirildiyini qeyd etdi. 
								Bildirildi ki, müəllimlər şagirdlərin dərin və 
								hərtərəfli bilik almaları, yaşadıqları dövrün 
								problemlərindən baş çıxarmaları üçün bütün bilik 
								və bacarıqlarını sərf edirlər. Valideynlə 
								bərabər, bəlkə də, ondan daha çox əziyyət 
								çəkmək, kədəri ilə kədərlənib, sevinci ilə 
								sevinmək müəllimlərin üzərinə düşən ağır və 
								məsuliyyətli yükdür. 
								
								
								Çıxış edən CEMİİB-nin sədri Sərdar Yusifoğlu 
								əlamətdar gün münasibətilə bütün Azərbaycan 
								müəllimlərini təbrik edərək, belə bir şəraitin 
								yaradılmasına görə institutun rəhbərliyinə və 
								kollektivinə dərin minnətdarlığını bildirdi. O, 
								müəllimlərin qarşısında nitq söyləməyin çətin və 
								şərəfli olduğunu qeyd edərək, müəllim adını uca 
								tutduğunu və ömrü boyu müəllimlərə borclu 
								olduğunu bildirdi. 
								
								
								Gənclər və İdman Nazirliyinin məsul işçisi Ramil 
								Məmmədov, institutun Psixologiya kafedrasının 
								müdiri, psixologiya elmləri namizədi Hökümə 
								Əliyeva müqəddəs müəllim əməyindən söz açdılar. 
								
								
								Çıxışlardan sonra institutun rəhbərliyi 
								fərqlənənlərə müxtəlif nominasiyalar üzrə diplom 
								və mükafatlar verdi.  
								
								
								
								Niyazi RƏHİMOV  |