| 
								 
								
								Bu günlərdə Sumqayıt şəhərinin ümumtəhsil 
								məktəblərində çalışan veteran müəllimlər Hərbi 
								Komissarlıqda çağırışçı gənclər və onların 
								valideynləri ilə görüşüblər. 
								
								
								Tədbirdə Sumqayıt Şəhər Təhsil İşçiləri 
								Veteranlar Şurasının sədri Məşdi Zeynalov, şəhər 
								müharibə, əmək, silahlı qüvvələr və 
								hüquq-mühafizə orqanları veteranlar şurasının 
								sədri, 15 nömrəli məktəbin alman dili müəllimi, 
								əməkdar müəllim Leyla Qasımzadə çağırışçı 
								gənclər qarşısında Vətənə məhəbbət, torpağa 
								bağlılıq, düşmənə nifrət ruhlu çıxış ediblər. 
								
								
								Görüşdə Təbiət Elmləri Gimnaziyasının müəllimi, 
								şair-publisist Mir Sabir Nağıyev "Oxu, Qarabağın 
								şikəstəsini", 12 nömrəli orta məktəbin müəllimi 
								Məlahət Şəfiyeva "Azərbaycan ordusu" adlı 
								şeirlərini söyləyiblər, 29 nömrəli məktəbin 
								tarix müəllimi Qiyas Mustafayev isə Azərbaycanın 
								qəhrəman oğullarının keçdiyi rəşadətli döyüş 
								yollarından ətraflı söhbət açıb. 
								
								
								Tədbirdə iştirak edən veteranlardan 17 nömrəli 
								orta məktəbin müəllimi Həsən Həsənov, 8 nömrəli 
								məktəbin müəllimi Əbdül Fərəcov və başqaları 
								çıxışlarında hərbi xidmətə yola düşən gənclərə 
								Vətənin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə 
								ediblər. 
								
								
								Veteranların çağırışçı gənclərlə olan bu 
								görüşünü Sumqayıt Şəhər Hərbi Komissarlığının 
								əməkdaşları və valideynlər böyük razılıq hissi 
								ilə qarşılayıblar. 
								
								
								
								Ədalət DAŞDƏMİRLİ  |