| 
								 
								
								Oktyabrın 22-də Təhsil Nazirliyində Azərbaycan 
								Respublikasının Prezidenti cənab İlham Əliyev 
								tərəfindən imzalanmış "Ali təhsil 
								müəssisələrində yeni maliyyələşmə mexanizminin 
								tətbiq edilməsi barədə" 10 fevral 2010-cu il 
								tarixli Fərmanın icrası ilə əlaqədar görülmüş 
								işlərə həsr olunan kollegiya iclası keçirildi. 
								İclasda kollegiya üzvləri ilə yanaşı, maliyyə 
								naziri Samir Şərifov, iqtisadi inkişaf naziri 
								Şahin Mustafayev, Tələbə Qəbulu üzrə Dövlət 
								Komissiyasının sədri Məleykə Abbaszadə, Nazirlər 
								Kabinetinin şöbə müdiri İsmayıl Sadıqov, Təhsil 
								Nazirliyi Aparatının məsul işçiləri, nazirliyin 
								şöbə müdirləri və struktur bölmələrinin 
								rəhbərləri, digər aidiyyəti nazirliklərin 
								nümayəndələri, dövlət və qeyri-dövlət ali təhsil 
								müəssisələrinin  rektorları iştirak edirdilər.
								 
								
								
								 Kollegiya 
								iclasını açan Azərbaycan Respublikasının təhsil 
								naziri Misir Mərdanov hamını salamlayaraq belə 
								bir mühüm məsələnin müzakirəsində iştirak 
								etdiklərinə görə qonaqlara təşəkkür etdi. 
								İclasın iş qaydası haqqında iştirakçılara 
								məlumat verən nazir mövzunun aktuallığını 
								diqqətə çatdırdı. 
								
								
								Təhsil naziri Misir Mərdanov "Ali təhsildə yeni 
								maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı 
								mövcud vəziyyət və təkliflər" mövzusunda  
								məruzə-təqdimatla  çıxış etdi. 
								
								
								İlk öncə Azərbaycan Respublikasının Prezidenti 
								cənab İlham Əliyev tərəfindən imzalanmış "Ali 
								təhsil müəssisələrində yeni maliyyələşmə 
								mexanizminin tətbiq edilməsi barədə" 10 fevral 
								2010-cu il tarixli Fərmandan söz açan nazir onun 
								ali təhsilin inkişafında mühüm rol oynadığını 
								bildirdi. Qeyd olundu ki, ali təhsildə 
								keyfiyyəti təmin etmək; mülkiyyət formasından 
								asılı olmayaraq ali təhsil müəssisələri arasında 
								sağlam rəqabət mühiti yaratmaq; dövlət ali 
								təhsil müəssisələrinin əldə etdikləri maliyyə 
								vəsaitlərindən səmərəli, məqsədli istifadəsinə 
								şərait yaratmaq və şəffaflığı təmin etmək; 
								vəsaitlərin ayrılması prosesində subyektiv 
								amilləri aradan qaldırmaq; tələbələrin 
								keyfiyyətli təhsil alması üçün mülkiyyət 
								formasından asılı olmayaraq ali məktəbləri azad 
								seçmək imkanını artırmaq; dövlət ali təhsil 
								müəssisələrinin maliyyə müstəqilliyini artırmaq 
								ali təhsildə  yeni maliyyələşmə mexanizminin 
								tətbiqinin əsas məqsədləridir. 
								
								
								Nazir ölkə başçısı cənab İlham Əliyevin 
								imzaladığı müvafiq fərmanın icrası ilə əlaqədar 
								görülən işlər barədə kollegiya iştirakçılarına 
								ətraflı məlumat verərək bildirdi ki, tabeliyində 
								ali təhsil müəssisələri olan nazirlik, komitə və 
								təşkilatların təklifləri nəzərə alınaraq 
								Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 
								may 2010-cu il tarixli 132 S və 133 S nömrəli 
								sərəncamları ilə ali təhsil müəssisələrinin 
								bakalavr və magistr səviyyələrinə dövlət 
								sifarişi  ilə tələbə qəbulunun proqnozu təsdiq 
								olunmuşdur. 
								
								
								Təhsil naziri cari tədris ili üçün ali təhsil 
								müəssisələrinin bakalavr səviyyəsinə dövlət 
								sifarişi üzrə təsdiq olunmuş proqnozu 
								iştirakçıların nəzərinə çatdırdı. Hazırlanmış 
								xüsusi cədvəllərdə ixtisaslar və bu ixtisaslar 
								üzrə kadr hazırlığı ilə məşğul olan ali təhsil 
								müəssisələrinin adı, bununla bağlı statistik 
								rəqəmlər nümayiş olundu. Məruzə-təqdimatda 
								habelə ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi 
								ilə ali təhsil müəssisələrinin bakalavriat və 
								magistratura səviyyələrində hər bir təhsilalana 
								düşən təhsil xərclərinin miqdarını əks etdirən 
								cədvəllər göstərildi.  2010-2011-ci tədris ili 
								üçün ali təhsil müəssisələrinin bakalavriat və 
								magistratura səviyyələri üzrə təsdiq olunmuş 
								proqnozda edilən yeniliklərdən bəhs olundu. 
								Verilən məlumatdan aydın oldu ki, ixtisaslar 
								üzrə dövlət sifarişinə tələbə qəbulunun proqnozu 
								ayrı-ayrı ali məktəblər üzrə deyil, ümumi 
								şəkildə təsdiq edilmişdir. Ayrı-ayrı 
								universitetlərin qəbul planında ixtisaslar üzrə 
								dövlət sifarişi və ödənişli əsaslarla qəbulun 
								proqnozu birgə verilmişdir. Bu da, öz 
								növbəsində, dövlət sifarişi ilə təhsil almaq 
								hüququ qazanmış abituriyentlərin ali məktəbləri 
								seçmək imkanını artırmışdır.  
								
								
								Nazir daha sonra "Azərbaycan Respublikasında ali 
								təhsil müəssisələrində yeni maliyyələşmə 
								mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi 
								ilə ali təhsil müəssisələrinin bakalavriat və 
								magistratura səviyyələrində kadr hazırlığının 
								maliyyələşdirilməsi qaydaları" haqqında söz 
								açdı. Həmin sənəddə hər il üçün ayrı-ayrı 
								ixtisaslar üzrə ali təhsil müəssisələrinin 
								bakalavriat və magistratura səviyyələrinin  
								dövlət sifarişi əsasında tələbə qəbulunun 
								proqnozunun hazırlanması mexanizminin, 
								adambaşına maliyyələşmənin həcminin 
								müəyyənləşdirilməsi, dövlət sifarişi 
								çərçivəsində təhsilalanların 
								müəyyənləşdirilməsi, maliyyələşmənin şərtləri, 
								onun səmərəliliyinə nəzarətin öz əksini tapdığı 
								qeyd olundu və bunları əks etdirən slaydlar 
								iştirakçıların diqqətinə çatdırıldı. 
								
								
								Ali təhsil müəssisələrində yeni maliyyələşmə 
								mexanizminin tətbiqi ilə bağlı əsas 
								yeniliklərdən danışan təhsil naziri dövlət 
								sifarişinin yerinə yetirilməsi ilə əlaqədar 
								ayrılan vəsaitlərin xərclənməsində ali təhsil 
								müəssisələrinin səlahiyyətlərinin artırıldığını 
								söylədi. Belə ki, əvvəlkindən fərqli olaraq bu 
								vəsaitlər ali təhsil müəssisəsinə 40 xərc 
								maddəsi üzrə deyil, 4 xərc maddəsi üzrə 
								ayrılacaq və ali təhsil müəssisəsi digər 
								xərcləri özü sərbəst müəyyənləşdirərək müvafiq 
								xərclər smetası tərtib edib icra edəcək. 
								
								
								Məruzə-təqdimatda sonra cari tədris ilində 
								dövlət sifarişinin yerinə yetirilməsində iştirak 
								etmiş dövlət və özəl ali təhsil müəssisələrinin 
								adları açıqlandı. Verilən məlumatdan aydın oldu 
								ki, ölkədə fəaliyyət göstərən 52 ali təhsil 
								müəssisəsindən 42-si dövlət sifarişinin yerinə 
								yetirilməsində iştirak edib. 
								
								
								Nazir Misir Mərdanov Azərbaycan Respublikası 
								Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrində 
								yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi 
								haqqında" 25 iyun 2010-cu il tarixli, 120 
								nömrəli qərarının icrası ilə bağlı görülən 
								işlərdən söz açdı. Qeyd edildi ki, Nazirlər 
								Kabinetinin müvafiq qərarı  Təhsil Nazirliyinin 
								5 avqust tarixli, 1103 nömrəli əmri ilə elan 
								olunmuş və dövlət sifarişinin yerinə 
								yetirilməsində iştirak edən bütün ali təhsil 
								müəssisələrinə göndərilmişdir. Hazırda dövlət 
								sifarişi üzrə qəbul olunan tələbələr barədə 
								məlumatlar ali məktəblər tərəfindən nazirliyə 
								təqdim olunmuş və ali təhsil müəssisələri ilə 
								Təhsil Nazirliyi arasında müvafiq müqavilələr 
								bağlanmışdır. Nazir müqavilə bağlanılmış dövlət 
								və özəl ali təhsil müəssisələrinin adlarını qeyd 
								etdi. Diqqətə çatdırdı ki, ayrılan vəsaitin 
								dövlət sifarişi ilə təhsil almaq hüququnu 
								qazanan abituriyentlərin seçdikləri  ali təhsil 
								müəssisəsinə ödənilməsi Nazirlər Kabineti 
								tərəfindən  təsdiq olunmuş qaydaların müvafiq 
								bəndinə əsasən Təhsil Nazirliyinin öhdəsinə 
								verilib.    
								
								
								Məruzə - təqdimatında yeni maliyyələşmə 
								mexanizminin tətbiqi baxımından 2010-2011-ci 
								tədris ilində ixtisaslar üzrə ali məktəblərin 
								bakalavriat səviyyəsinə dövlət sifarişi əsasında 
								tələbə qəbulunun nəticələrinə geniş toxunan 
								nazir kollegiya iştirakçılarının diqqətini 
								hazırlanmış xüsusi cədvəllərə yönəltdi. 
								İxtisasların adı, dövlət sifarişi planı, ali 
								təhsil müəssisəsinin adı və dövlət sifarişi ilə 
								qəbul olunanların sayını, planla onun yerinə 
								yetirilməsi arasındakı fərqi  göstərən cədvəllər 
								üzərində ətraflı təhlil aparan təhsil naziri 
								bunların hər birini ayrı-ayrılıqda  şərh etdi. 
								Daha sonra 2010-2011-ci tədris ilində ali 
								məktəblər üzrə də bakalavriat və magistratura 
								səviyyələrinə dövlət sifarişi əsasında tələbə 
								qəbulunun nəticələri ilə bağlı statistik 
								rəqəmləri özündə əks etdirən digər  məlumatlar 
								iştirakçılara təqdim olundu.  
								
								
								Yeni maliyyələşmə mexanizminin tətbiqi 
								baxımından 2010-2011-ci tədris ilində ali təhsil 
								müəssisələrinə aparılmış qəbulun nəticələrinin 
								ilkin təhlilini aparan təhsil naziri qarşıya 
								çıxan problemlər, onların aradan qaldırılması 
								üçün müvafiq tədbirlərin müəyyənləşdirilməsinin 
								vacibliyini önə çəkərək bir sıra məsələlərə öz 
								münasibətini bildirdi. 
								
								
								Təhsil naziri çıxışında yeni maliyyələşmə 
								mexanizminin tətbiqi nəticəsində əldə olunan 
								ilkin nailiyyətlər və ali məktəblərin qarşısında 
								duran əsas vəzifələrə toxundu. Qeyd olundu ki, 
								yeni maliyyələşmə mexanizminin tətbiqi ilə 
								əlaqədar hər bir ali məktəbin ayrı-ayrı 
								ixtisaslarının və bütövlükdə özünün cəmiyyətdə 
								nüfuzu müəyyənləşmişdir. Bu zaman həm də hər bir 
								ixtisasın cəmiyyət arasında nüfuzu aşkar olunur. 
								Tələbələrin keyfiyyətli təhsil alması üçün 
								mülkiyyət formasından asılı olmayaraq ali 
								məktəbləri azad seçmək imkanı təmin edilmişdir. 
								Cari tədris ilindən başlayaraq dövlət 
								sifarişinin yerinə yetirilməsi ilə əlaqədar ali 
								təhsil müəssisələrinə vəsaitlər, yuxarıda qeyd 
								edildiyi kimi, əvvəlkindən fərqli olaraq 40 xərc 
								maddəsi ilə deyil, 4 xərc maddəsi ilə ayrılacaq. 
								Yeni maliyyələşmə mexanizminin tətbiqi dövlət 
								ali təhsil müəssisələrinin mövcud resurslardan 
								səmərəli və daha rasional şəkildə istifadəsini 
								tələb edir və bununla bağlı müvafiq tədbirlərin 
								həyata keçirilməsini zəruriləşdirir. Yeni 
								mexanizm ali məktəbləri ayrı-ayrı ixtisaslar 
								üzrə mütəxəssis hazırlığının keyfiyyətini 
								yüksəltməyə vadar edir. Ali məktəblərin 
								qarşısında duran vəzifələrdən biri də müvafiq 
								ixtisaslara gəncləri cəlb etmək üçün müxtəlif 
								tədbirlərin (reklam, veb saytların yaradılması, 
								proqramların təkmilləşdirilməsi və s.) həyata 
								keçirilməsini təmin etmələridir. 
								
								
								Yeni maliyyələşmə mexanizminin  tətbiqinin 
								üstünlüklərini qeyd edən nazir daha sonra bu 
								məsələnin öz müsbət  həllini tapması ilə bağlı 
								bir sıra təklifləri kollegiya iştirakçılarının 
								diqqətinə çatdırdı. Verilən təkliflərdə dövlət 
								sifarişi əsasında təhsilalanlar üçün 
								müəyyənləşdirilmiş məbləğin artırılması; 
								paytaxtdan  kənarda yerləşən ali məktəblər üçün 
								dövlət sifarişi ilə müsabiqə balının ayrıca 
								müəyyənləşdirilməsi; dövlət əhəmiyyətli 
								ixtisaslara dövlət sifarişi ilə qəbul zamanı 
								müsabiqə ballarının  müəyyənləşdirilməsinə fərdi 
								yanaşılması; ayrı-ayrı ali məktəblərə qəbul 
								planı müəyyənləşdirilərkən əvvəlki ilin dövlət 
								sifarişi ilə bağlı qəbulunun nəticələrinin 
								nəzərə alınması; ali məktəblərin ayrı-ayrı 
								ixtisaslarına ödənişli əsaslarla qəbul olunan 
								tələbələrin təhsil haqqının həmin ixtisasın 
								dövlət sifarişinə ayrılmış ödəniş həcminin 60 
								%-dən az olmayaraq müəyyənləşdirilməsi; ali 
								məktəblərin bəzi ixtisaslarına olan 
								inhisarçılığın aradan qaldırılması; ödənişli 
								əsaslarla qəbul olan məcburi köçkünlərin təhsil 
								haqlarının müvafiq komitə tərəfindən ödənilməsi; 
								dövlət sifarişi üzrə qəbulda müsabiqə ballarının 
								ixtisas qrupları üzrə deyil, eyniyönümlü 
								ixtisaslar üzrə müəyyənləşdirilməsi (məsələn, 
								kənd təsərrüfatı, texnologiya, neft, aviasiya və 
								s.); özəl ali məktəblərin dövlət sifarişində 
								iştirakının stimullaşdırılması; büdcədənkənar 
								vəsaitlərin 4 xərc maddəsi üzrə, gələcəkdə isə 
								ümumi məbləğ səviyyəsində planlaşdırılması,ilin 
								sonuna qalan vəsaitlərin növbəti ilə keçirilməsi 
								və bu vəsaitlərin xərclənməsində ali məktəblərin 
								səlahiyyətlərinin artırılması məsələləri öz 
								əksini tapmışdı. 
								
								
								Çıxışının sonunda nazir Misir Mərdanov ali 
								məktəblərin rektorlarına yeni maliyyələşmə 
								mexanizminin tətbiqinin uğurla həyata 
								keçirilməsində fəallıq göstərməyə, bu işə 
								olduqca məsuliyyətlə yanaşmağı tövsiyə etdi. 
								
								
								Sonra məruzə ətrafında çıxışlar oldu. 
								
								
								Maliyyə naziri Samir Şərifov belə bir mövzuda 
								kollegiya iclasının keçirilməsini təqdirəlayiq 
								hal olduğunu deyərək müzakirə olunan məsələnin 
								vacibliyini  önə çəkdi. Ali təhsildə yeni 
								maliyyələşmə mexanizminin tətbiqinin 
								üstünlüklərinə toxunan maliyyə naziri bununla 
								bağlı bir sıra məsələlərə aydınlıq gətirdi.
								 
								
								
								İqtisadi inkişaf naziri Şahin Mustafayev bu 
								sahədə daha mükəmməl nəticə əldə etmək üçün 
								beynəlxalq təcrübənin öyrənilməsinin də 
								zəruriliyini qeyd edərək  burada təqdim olunan 
								statistik rəqəmlərlə bağlı öz fikir və 
								mülahizələrini söylədi. 
								
								
								Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri 
								Məleykə Abbaszadə tədrisdə keyfiyyət və bu 
								keyfiyyətin qəbul prosesində necə təmin 
								edilməsi, ən başlıcası isə yeni maliyyələşmə 
								mexanizminin tətbiqinin son nəticədə keyfiyyətə 
								necə təsir göstərə bilməsindən söz açdı. 
								M.Abbaszadə həmçinin qeyd etdi ki, yaxşı olar, 
								cari  ilin sonuna kimi qəbul  planının  layihəsi 
								onlara təqdim olunsun. Bildirdi ki, planın tez 
								verilməsi  abituriyentlərin və onların 
								valideynlərinin bu haqda vaxtında  ətraflı 
								məlumat almasına imkan verər.  
								
								
								Nazirlər Kabinetinin şöbə müdiri İsmayıl Sadıqov 
								ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi 
								altında  təhsil sahəsində aparılan məqsədyönlu 
								işlərdən danışdı. Təhsilin inkişafı ilə bağlı 
								həyata keçirilən tədbirlərdən, aparılan 
								islahatlardan söz açan şöbə müdiri müzakirə 
								olunan məsələnin uğurlu həllinin nəticə etibarı 
								ilə ali təhsilimizin keyfiyyətinin 
								yüksəldilməsinə, onun yeniləşməsinə imkan 
								yaradacağını dedi.   
								
								
								Çıxışlarda həmçinin ayrı-ayrı ixtisaslar üzrə 
								vəsaitlərin müəyyənləşdirilməsi qaydasının 
								təkmilləşdirilməsi, ali məktəblərə vəsaitlərin 
								səmərəli xərclənməsi baxımından zəruri 
								köməkliyin göstərilməsi, ali təhsildə yeni 
								maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı 
								abituriyentlər və tələbələr arasında müvafiq 
								maarifləndirmə işlərinə diqqətin artırılmasının 
								vacibliyi qeyd olundu. 
								
								
								Geniş diskussiya və fikir mübadiləsi şəraitində 
								keçən kollegiya iclasında Bakı Dövlət 
								Universitetinin rektoru, millət vəkili Abel 
								Məhərrəmov, Azərbaycan Dillər Universitetinin 
								rektoru, millət vəkili Səməd Seyidov, 
								Azərbaycan  Tibb Universitetinin rektoru  
								Əhliman Əmiraslanov, Bakı Slavyan 
								Universitetinin rektoru Kamal Abdullayev, 
								Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət 
								Universitetinin rektoru Timuçin Əfəndiyev,  
								Azərbaycan Milli Konservatoriyasının rektoru 
								Siyavuş Kərimi , Aqrar Universitetinin rektoru 
								Mirdamət Sadıqov və başqaları söz alaraq yeni 
								maliyyələşmə mexanizminin tətbiqi vəziyyəti 
								barədə fikirlərini bildirdilər, bir sıra 
								təkliflərlə çıxış etdilər. 
								
								
								İclası  yekunlaşdıran təhsil naziri Misir 
								Mərdanov mövzu ətrafında aparılan müzakirələrin 
								hər bir iştirakçı üçün faydalı olduğunu, yeni 
								maliyyələşmə mexanizminin uğurla həyata 
								keçirilməsinə imkan və şərait yaradacağına ümid 
								etdiyini bildirdi. 
								
								
								Kollegiya iclasının sonunda qərara alındı ki, 
								mövcud problemlərin həlli yolları axtarılmalı, 
								təhlil edilməlidir. Bunun üçünsə aidiyyəti 
								nazirliklərin mütəxəssislərindən ibarət işçi 
								qrupu birlikdə işləyib, növbəti ilə proqnoz 
								hazırlamaqdan ötrü təkliflər irəli sürməli və 
								müzakirəyə təqdim etməlidirlər.  
								
								
								
								Samirə KƏRİMOVA  |