| 
								 
								
								Oktyabrın 26-da Azərbaycan Texniki 
								Universitetində Virtual Layihə-Texnoloji Tədris 
								Mərkəzinin (VLTTM) açılışı oldu. 
								
								
								Tədbirdə təhsil nazirinin müavini İradə 
								Hüseynova , "Abplanalp  Engineerinq AG" 
								şirkətinin prezidenti  Eji  Henke və şirkətin 
								Orta Asiya nümayəndəliyinin rəhbəri Yuri 
								Qizerski, professor-müəllim heyəti, tələbələr 
								iştirak edirdilər. 
								
								
								Tədbirdə universitetin rektoru, professor Havar 
								Məmmədov qeyd etdi ki, rəhbərlik etdiyi  ali 
								məktəbdə yüksək texnologiyaların tətbiqi və 
								transferi,texnoloji proseslərin 
								avtomatlaşdırılmış layihələndirilməsi və idarə 
								olunması, tələbələrdə unikal  vərdişlər və 
								qabiliyyətlərin  formalaşdırılması, 
								ixtisasartırma və  yeni  ixtisasalma, elmi 
								nəticələrin  kommersiyalaşdırılması  və digər 
								əlaqədar fəaliyyətlərin həyata keçirilməsi 
								məqsədilə  müstəqil VLTTM yaradılıb. VLTTM-ın 
								bazasında  İnternetə qoşulmuş  "Pentium-IV" 
								markalı kompüterlər, elektron proyektorlar, 
								interaktiv lövhə olan sinif fəaliyyət göstərir. 
								 
								
								
								VLTTM-də  maşınqayırma, texnoloji maşınlar, 
								avtomatika və kompüter texnikası və digər  
								fakültələrdə  təhsilin müxtəlif səviyyələrində  
								rəqəmli proqramla  idarə olunan dəzgahlar  üçün  
								idarəedici proqramların və mexaniki emal 
								texnologiyalarının CAD/CAM sistemləri əsasında  
								layihələndirilməsi  və tətbiqi ilə əlaqədar  
								fənlərin tədrisi  və respublikanın maşınqayırma 
								və cihazqayırma  müəssisələrinin mütəxəssisləri 
								üçün ixtisasartırma, yeni ixtisasalma və digər 
								əlavə təhsil xidmətlərinin həyata keçirilməsi 
								nəzərdə tutulub. 
								
								
								Sonra təhsil nazirinin müavini İradə Hüseynova  
								ali məktəblərin qarşısında duran yüksəkixtisaslı 
								kadrların hazırlanması vəzifəsindən  danışdı. 
								Vurğuladı ki, həmin kadrlar müasir tələblərə 
								cavab verən yeni texnoloji sistemləri idarə 
								etməyi bacarmalıdırlar.  Azərbaycan təhsilinin 
								Avropa təhsil məkanına inteqrasiyası  üçün 
								mütəmadi işlər görüldüyünü diqqətə çatdıran 
								nazir müavini  Prezident İlham Əliyevin müvafiq 
								sərəncamları  ilə təhsil sahəsində həyata 
								keçirilən  dövlət proqramlarının əhəmiyyətindən 
								söz açdı. 
								
								
								Mərasimdə çıxış edən İsveçrənin "Abplanalp 
								İngineerinq AG" şirkətinin  prezidenti Eji Henke 
								və şirkətin Orta Asiya  nümayəndəliyinin rəhbəri 
								Yuri Qizerski diqqətə çatdırdılar ki, belə 
								dəzgahların  ATU-da quraşdırılması gənc 
								kadrların müasir texnologiyalarla işləməsini 
								sürətləndirəcək, onların yeni elmi bilikləri 
								daha dərindən öyrənmələrinə təkan verəcək. 
								
								
								Sonra universitetin kafedra müdiri, professor  
								Həsən Hüseynov  VLTTM haqqında iştirakçıları 
								ətraflı məlumatlandırdı  və mütəxəssislər 
								tərəfindən dəzgahlar işə salınıb nümayiş 
								olundu.  
								
								
								
								Sifai SƏFƏROVA  |