| 
								 
								
								Təhsil Nazirliyinin 2010-cu il 5 iyul tarixli  
								971 nömrəli "Ümumtəhsil məktəblərinin səmərəli 
								idarə olunması mövzusunda təlim kurslarının 
								keçirilməsi barədə" əmrinə uyğun olaraq 
								YUNİSEF-in "Məktəb uşağın dostudur" layihəsi 
								çərçivəsində 6-9 oktyabr və 18-23 oktyabr 
								2010-cu il tarixlərində məktəb direktorları üçün 
								təlim kursları keçirilmişdir. 
								
								
								 Oktyabrin 
								23-də Təhsil Nazirliyində həmin kursları başa 
								vurmuş təlimçilərlə görüş keçirildi. 
								
								
								Görüş iştirakçılarını səmimi salamlayan təhsil 
								naziri Misir Mərdanov "Məktəb uşağin dostudur" 
								layihəsinin şagirdlərə bərabər imkanların 
								yaradılması, səmərəli idarəetmə, interaktiv 
								təlim texnologiyalarının tətbiqi, təlim 
								nəticələrinin düzgün qiymətləndirilməsi, məktəb, 
								valideyn və ictimaiyyət arasında sıx əməkdaşlıq 
								münasibətlərinin təmin edilməsi, əlverişli, 
								cəlbedici, maraqlı tədris mühitinin yaradılması 
								baxımından mühüm rol oynadığını, bütün bunların 
								keyfiyyətli təhsil və tədris prosesini təmin 
								etməklə yanaşı, həm də cəmiyyətdə məktəbə, 
								müəllimə olan etimadı möhkəmləndirən başlıca 
								amil olduğunu bildirdi. Bu layihənin əslində 
								təhsil islahatlarının bir hissəsi olduğunu qeyd 
								edən nazir təlimlərə Bakı şəhəri ilə yanaşı, 
								müxtəlif bölgələrdən olan məktəb direktorlarının 
								da cəlb olunmasını təqdirəlayiq hal kimi 
								dəyərləndirdi və gələcəkdə də təlimlərdə iştirak 
								edəcək şəxslərin seçimində bu amilə diqqət 
								yetirilməsinin vacibliyini vurğuladı. 
								
								
								Tədbir iştirakçılarına Təhsil Nazirliyi və 
								YUNİSEF-in birgə dəstəyi ilə reallaşdırılan 
								"Məktəb uşağın dostudur" layihəsi haqqında 
								məlumat verən Bakı Avropa Liseyinin direktoru, 
								"İnkişaf" Tədqiqat Mərkəzinin rəhbəri Zülfiyyə 
								Veysova  bildirdi ki, ümumtəhsil məktəblərinin 
								səmərəli idarə olunması təlimi "Məktəb uşağın 
								dostudur" layihəsinin 5 əsas komponentindən 
								biridir. Bu layihənin məqsədi seçilmiş 
								rayonlarda məktəb direktorları üçün potensialın 
								inkişaf etdirilməsi üzrə təlim proqramı həyata 
								keçirməklə Təhsil Nazirliyinə məktəbin idarə 
								edilməsinin təkmilləşdirilməsi komponentinə 
								xüsusi diqqət verərək "Məktəb uşağın dostudur" 
								layihəsi uzrə keyfiyyət standartlarını tətbiq 
								etməklə yardım göstərməkdir. "Ümumtəhsil 
								məktəblərinin səmərəli idarə olunması" 
								mövzusunda təlim kursu 2010-cu ilin iyulunda 
								keçirilib. Kursda Bakı, Sumqayıt, Gəncə, 
								Mingəçevir şəhərlərindən, Quba, Lənkəran, 
								Füzuli, İmişli, Qusar və Masallı rayonlarından 
								olan 100 nəfər məktəb direktoru iştirak edib. 
								Təlimlərdə yüksək nəticə göstərmiş 15 məktəb 
								direktorunun cari ilin oktyabrinda təlimlərin II 
								mərhələsində də müvəffəqiyyətlə iştirak etdiyini 
								və onların təlimçi kimi müvafiq sertifikatlara 
								layiq görüldüyünü vurğulayan Z.Veysova tədris 
								ocaqlarının idarə olunması işinin 
								təkmilləşdirilməsində, məktəb rəhbərlərinin 
								təşəbbüskarlıqlarının artırılmasında layihənin 
								müstəsna əhəmiyyətə malik olduğunu nəzərə 
								çatdırdı. 
								
								
								"Məktəb uşağın dostudur" layihəsinin 
								müvəffəqiyyətlə həyata keçirilməsinə verdiyi 
								dəstəyə görə təhsil nazirinə təşəkkürünü 
								bildirən YUNİSEF-in Azərbaycandakı 
								nümayəndəsinin əvəzi Rəşid Mustafa Təhsil 
								Nazirliyi ilə birgə əməkdaşlığın bundan sonra da 
								uğurla nəticələnəcəyinə əminliyini ifadə etdi. 
								
								
								Lənkəran rayonu Haftoni kənd orta məktəbinin 
								direktoru Akif Xalıqov və Bakı səhərindəki 79 
								nömrəli məktəbin direktoru Sevinc Hacızadə təlim 
								kurslarında iştirak etməkdən məmnun olduqlarını 
								bildirib, birgə əməkdaşlıq, qarşılıqlı təcrübə 
								mübadiləsi, təhsil müəssisələrində daha 
								əlverişli təlim və inkişaf mühitinin yaradılması 
								baxımından layihənin əhəmiyyətli olduğunu 
								diqqətə çatdırdılar. 
								
								
								Tədbirin sonunda təlim kurslarında yüksək nəticə 
								göstərərək təlimçi kimi seçilmiş 15 məktəb 
								direktoruna sertifikat təqdim olundu. 
								
								
								
								Ədalət DAŞDƏMİRLİ  |