| 
								 
								
								
								 Quliyev 
								Aqil Sahib oğlu  
								
								
								1963-cü il sentyabrın 19-da Qərbi Azərbaycanın 
								Sisyan rayonunun Urud kəndində anadan olmuşdu. 
								1980-ci ildə orta məktəbi bitirmiş və indiki 
								Azərbaycan Dövlət Neft Akademiyasının axşam 
								şöbəsinə daxil olmuşdu. Üçüncü kursdan əsgəri 
								xidmətə çağırılmışdı. Hərbi xidmətini və 
								təhsilini başa çatdırdıqdan sonra 1982-ci ildə 
								Xarkov Ali Milis Məktəbinə daxil olmuşdu. 
								1988-ci ildə məktəbi fərqlənmə diplomu ilə 
								bitirdikdən sonra Milli Ordu qərargahına gedərək 
								hərbi xidmətə yazılmışdı. O, Ağdam bölgəsinə 
								göndərilərək, rota komandiri təyin edilmişdi. 
								Aqilin həyata keçirdiyi ilk döyüş əməliyyatı 
								Xocalıda olub. 1992-ci il fevralın 18-dən 25-nə 
								qədər davam edən aramsız döyüşlərdə onun rotası 
								xüsusi igidlik  göstərərək onlarca erməni 
								quldurunu məhv edib. 
								
								
								A.Quliyev 1992-ci il fevralın 25-də hər iki 
								ayağından yaralanıb və bir neçə gündən sonra 
								dünyasını dəyişib. 
								
								
								Ailəli idi. Bir övladı var. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 7 iyun 
								1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə 
								Quliyev Aqil Sahib oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. 
								Paytaxtın Bayıl qəsəbəsindəki küçələrdən biri 
								onun adını daşıyır. Yaşadığı binanın önünə 
								xatirə lövhəsi vurulub.  
								
								
								
								 Quliyev 
								Vahid Həbibulla oğlu  
								
								
								1955-ci il sentyabrın 20-də Cəbrayıl rayonunun 
								Qumlaq kəndində anadan olmuşdur. 1972-ci ildə 
								Zəngilan rayonunda Hacallı kənd orta məktəbini 
								bitirmişdir. 1974-cü ildə ordu sıralarına 
								çağırılmışdır. O, əsgəri xidmətini başa 
								çatdırdıqdan sonra vətənə qayıtmış və 1976-cı 
								ildə Azərbaycan Dövlət Universitetinin fizika 
								fakültəsinə daxil olmuşdur. 1981-ci ildə 
								təhsilini başa çatdırdıqdan sonra təyinatla 
								Laçın rayonunun Fərəcan kəndinə göndərilmişdir. 
								Üç il sonra Bakıya gələrək "Azon" Cihazqayırma 
								Zavodunda sahə rəisi vəzifəsində çalışmışdır. 
								Vahid 1992-ci ildə isə könüllü olaraq döyüş 
								bölgəsinə yollanmışdır. Ağdam istiqamətində 
								gedən döyüşdə qəhrəmanlıq nümayiş etdirmiş, bir 
								müddət orada döyüşdükdən sonra Qubadlıya 
								göndərilmişdir. 1994-cü ildə yenidən Ağdam 
								bölgəsinə qayıtmışdır. V.Quliyev xidmətə 
								başladığı gündən atəşkəs elan olunana qədər 
								düşmənin xeyli zirehli texnikasını sıradan 
								çıxarmışdır. 1996-cı ildə BDU-nun hərbi 
								kafedrasında müəllim, 2000-ci ilin avqustundan 
								2002-ci ilin oktyabrına qədər Ali Hərbi Məktəbdə 
								baş müəllim işləmişdir. 2002-ci ildə ordudan 
								tərxis olunmuşdur. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 
								1994-cü il tarixli 218 nömrəli Fərmanı ilə 
								Quliyev Vahid Həbibulla oğlu Azərbaycanın Milli 
								Qəhrəmanı adına layiq görülüb. 
								
								
								Ailəlidir.  
								
								
								
								 Quliyev 
								Emin Ələkbər oğlu  
								
								
								1976-cı il avqustun 12-də Bakının Qaradağ 
								rayonunun Sahil qəsəbəsində anadan olmuşdu. 
								1993-cü ildə paytaxtın 273 nömrəli məktəbini  
								bitirdikdən sonra hərbi xidmətə çağırılmışdı. O, 
								1995-ci ildə Bakının Şubanı qəsəbəsinə ezam 
								olunmuşdu. Burada özünün yüksək əsgəri 
								keyfiyyəti ilə fərqlənmiş, daim komandirinin 
								rəğbətini qazanaraq diqqət mərkəzində olmuşdu. 
								1995-ci ilin 17 mart hadisələrində Emin bir 
								Azərbaycan əsgəri kimi öz vətənpərvərlik borcunu 
								şərəflə yerinə yetirərək, dövlət çevrilişinə 
								cəhdin qarşısının alınmasında xüsusi fəallıq 
								göstərmişdi. O, yaralıların döyüş meydanından 
								çıxarılmasında, aparılan əməliyyatlarda bir 
								nümunəvi əsgər kimi şücaət göstərmişdi. 
								
								
								E.Quliyev həmin hadisələr zamanı qarşı tərəfdən 
								atılan  güllə nəticəsində həlak olub. 
								
								
								Subay idi. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 4 aprel 
								1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə 
								Quliyev Emin Ələkbər oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Sahil qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn 
								olunub. Bakının Qaradağ rayonundakı 14 nömrəli 
								xüsusi internat-məktəb, bir küçə və park onun 
								adını daşıyır.  
								
								
								
								 Quliyev 
								Zabit Adil oğlu  
								
								
								1975-ci il iyunun 6-da Kürdəmir rayonunun 
								Ərəbxan kəndində anadan olmuşdur. 1992-ci ildə 
								doğma kəndlərindəki orta məktəbi bitirmiş, bir 
								müddət kəndlərində təsərrüfat işləri ilə məşğul 
								olmuşdur. 1993-cü ildə Milli Ordu sıralarına 
								çağırılmış və oradan da Dağlıq Qarabağa - döyüş 
								bölgəsinə göndərilmişdir. 
								
								
								Z.Quliyev  Ağdam, Füzuli, Ağdərə, Tərtər 
								bölgələrində erməni işğalçılarına qarşı gedən 
								döyüşlərdə rəşadətlə vuruşmuşdur. Seysulan kəndi 
								uğrunda gedən vuruşun ən qızğın çağında erməni 
								təcavüzkarları döyüşə tankları yeritdilər. Bu 
								zaman Zabit səngərlərdən birinə sığınıb 
								tankların yaxınlaşmasını gözlədi. Öndə gələn 
								tankı bir qədər yaxına buraxıb onu qumbara ilə 
								məhv etdi. Bunu görən ikinci tank istiqamətini 
								dəyişib onun üstünə yeridi. O, özünü itirməyib 
								ikinci zirehlini də məhv etdi. Beləliklə, Zabit 
								bu döyüşdə böyük şücaət göstərərək düşmənin 4 
								tankını partladaraq sıradan çıxarmışdır. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 4 aprel 
								1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə 
								Quliyev Zabit Adil oğlu Azərbaycanın Milli 
								Qəhrəmanı adına layiq görülüb. 
								
								
								Ailəlidir.  
								
								
								
								 Quliyev 
								Mədət Qəzənfər oğlu  
								
								
								1958-ci il sentyabrın 27-də Gəncə şəhərində 
								anadan olmuşdur. 1975-ci ildə şəhər 8 nömrəli 
								orta məktəbi bitirmiş, 1976-cı ildə Azərbaycan 
								Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil 
								olmuşdur. Təhsilini başa çatdırdıqdan sonra 
								hərbi xidmətə çağırılmışdır. O, 1982-ci ildə 
								ordudan tərxis olunaraq, Gəncədə "Dinamo" 
								Cəmiyyətində təlimatçı işləmişdir. 1983-cü ildən 
								Daxili  İşlər Nazirliyində çalışmağa 
								başlamışdır. 1994-cü ildə Mütəşəkkil 
								Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində 
								regional şöbənin rəisi vəzifəsinə təyin 
								edilmişdir. Elə həmin ildə Gəncə hadisələri 
								zamanı həmkarları ilə birlikdə dövlət 
								çevrilişinə cəhdin qarşısının alınmasında 
								fəallıq göstərmişdir. M.Quliyev 1996-cı ildə 
								Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə 
								İdarəsinin rəis müavini, 2001-ci ildə həmin 
								idarənin rəisi vəzifəsində çalışmışdır. 2002-ci 
								ildə DİN-in Narkotiklərlə Mübarizə İdarəsinin 
								rəisi vəzifəsində işləmişdir. 2004-cü ildən 
								İnterpolun Azərbaycan üzrə Milli Mərkəzi 
								Bürosunun rəisi təyin edilmişdir. 2006-cı ilin 
								martından bu günədək DİN-in Baş Mühafizə 
								İdarəsinin rəisi vəzifəsindədir. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 
								1995-ci il tarixli 424 nömrəli Fərmanı ilə 
								Quliyev Mədət Qəzənfər oğlu Azərbaycanın Milli 
								Qəhrəmanı adına layiq görülüb. 
								
								
								Ailəlidir. Bir övladı var.  
								
								
								
								Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya  
								Mərkəzinin materialları əsasında  
								hazırladı: Ədalət DAŞDƏMİRLİ   |