| 
								 
								
								Oktyabrın 22-də Bakı Slavyan Universitetinin 
								təşkilatçılığı ilə Novxanı qəsəbəsində yerləşən 
								AF Hotel Akva-park kompleksinin konfrans zalında 
								iki beynəlxalq tədbir keçirilib.
								 Bunlardan 
								biri "Müqayisəli ədəbiyyatşünaslıq: 
								ədəbiyyatlarda və mədəniyyətlərdə arxetiplər" 
								mövzusunda IV Beynəlxalq elmi konfrans, digəri 
								isə BSU-nun Türkiyənin nüfuzlu Qazi Universiteti 
								ilə birgə təşkil etdiyi "Türk dili və 
								ədəbiyyatının tədrisi" I Beynəlxalq 
								simpoziumdur. Qeyd edək ki, simpozium türk 
								dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin 
								xatirəsinə həsr olunmuşdu. "Müqayisəli 
								ədəbiyyatşünaslıq: ədəbiyyatlarda və 
								mədəniyyətlərdə arxetiplər" mövzusunda keçirilən 
								ənənəvi beynəlxalq elmi konfransın məqsədi 
								müqayisəli təhlil və birgə müzakirələr 
								vasitəsilə mürəkkəb çoxmənalı arxetip məfhumunun 
								mahiyyətinə aydınlıq gətirmək, 
								ədəbiyyatşünaslığın ən müxtəlif problemlərini 
								təqdim etməkdir. Konfransda Türkiyə, Rusiya, 
								ABŞ, İsveç, Avstriya, İngiltərə, Çin, İran, 
								İraq, BƏƏ və sair olmaqla 20-dən çox ölkədən elm 
								xadimləri iştirak edib. Konfransın işi "Dildə və 
								tərcümədə arxetiplər", "Leyli və Məcnun arxetipi 
								Şərqdə və Qərbdə", "Mənbə və interpretasiya", 
								"Arxetip simvol və obraz kimi", "Arxetiplər yeni 
								transformasiyada və fan-fikşn", "Mifoloji 
								arxetiplər və totemlər", "Qlobal anlayışın lokal 
								interpretasiyası" kimi bölmələrdən təşkil 
								olunub. "Türk dili və ədəbiyyatının tədrisi" 
								adlı I Beynəlxalq simpoziuma Türkiyənin Qazi, 
								Səlcuq və İstanbul Kültür universitetlərindən 24 
								professor və aparıcı elmi işçi qatılıb. Hər iki 
								ölkənin tanınmış türkoloq alimlərinin, müəllim 
								və tələbələrinin iştirakı ilə təşkil olunan 
								simpoziumda gənclərə hərbi və 
								milli-vətənpərvərlik hisslərinin aşılanması, 
								onların siyasi dünyagörüşünün və estetik 
								düşüncəsinin mili ruhda köklənməsində türkdilli 
								ədəbiyyatın əhəmiyyətindən bəhs edilib. Elmi 
								konfransların birgə plenar iclasını  giriş sözü 
								ilə açan BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, 
								əməkdar elm xadimi, professor Kamal Abdullayev 
								qonaqları salamlayaraq, hər iki tədbir haqqında 
								iştirakçılara məlumat verib. O, Azərbaycanın 
								paytaxtında dünyanın məşhur alimlərinin bir 
								araya gələrək, humanitar elmin problemlərini 
								araşdırmalarını əlamətdar hadisə kimi 
								qiymətləndirib, bunun mədəniyyətlərin və elmin 
								inteqrasiyası yolunda əhəmiyyətli addım olduğunu 
								söyləyib. Rektor ümummilli lider Heydər Əliyevin 
								sərəncamı ilə yaradılan və onun ideyalarını 
								həyata keçirən BSU-nun fəaliyyətindən danışıb, 
								bu nüfuzlu təhsil ocağına rəhbərlik etməsindən 
								qürur duyduğunu bildirib.  
								
								
								 K.Abdullayev 
								vurğulayıb ki, 2000-ci ildən etibarən BSU-da 5 
								fakültə fəaliyyət göstərir. "BSU-da "Lügət 
								mərkəzi", "Türk-slavyan əlaqələri", "Tərcümə 
								problemləri", "Beynəlxalq münasibətlər" elmi 
								tədqiqat laboratoriyaları, "Azərbaycanşünaslıq" 
								elmi-tədris mərkəzi yaradılıb. Bildirildi ki, 
								universitetdə yüksəkixtisaslı bakalavr və 
								magistr hazırlığını həyata keçirən fakültə və 
								kafedralardan, həmçinin ümumi və tədris 
								leksikoqrafiyasının, psixolinqvistika və 
								bilinqvizmin, türk-slavyan ədəbi və mənəvi 
								əlaqələrini, azərbaycanşünaslığın aktual 
								problemlərini tədqiq edən elmi tədqiqat 
								laboratoriyalarından başqa, Xarici əlaqələr 
								şöbəsi, ümumtəhsil tədris proqramlı humanitar 
								lisey, Ukrayna bazar günü məktəbi, 
								Nəşriyyat-poliqrafiya mərkəzi, Tələbə teatrı, 
								"Səfir saatı" klubu, Qiyabi təhsil şöbəsi, 
								Magistratura şöbəsi, aspirantura və doktorantura 
								fəaliyyət göstərir. Universitetdə "BSU-nun elmi 
								əsərləri", "Azərbaycanda rus dili və ədəbiyyatı" 
								elmi metodik jurnal, alim və müəllimlərin, 
								aspirant və magistrantların elmi məqalələr 
								məcmuələri nəşr edilir, "Tələbə dünyası" qəzeti 
								çap olunur. 2002-ci ildən etibarən BSU-da elmlər 
								namizədi və doktorluq dissertasiyalarının 
								müdafiəsi üzrə İxtisaslaşdırılmış Şura fəaliyyət 
								göstərir. BSU-da ali məktəb tələbələri üçün 
								elmin müasir tələblərinə cavab verən yeni 
								dərsliklər və tədris vəsaitlərinin, lüğət və 
								məlumat ədəbiyyatının, tədris proqramları və 
								metodik tövsiyələrin hazırlanmasına xüsusi 
								diqqət yetirilir. Bütün ixtisaslar üzrə yeni 
								tədris proqramlarının tərtib edilməsi, rus 
								ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi, 
								praktik rus dili, pedaqogika, rus dilçiliyi və 
								elmin digər sahələri üzrə ali məktəb tələbələri 
								üçün dərsliklərin, tədris vəsaitlərinin çapa 
								hazırlanıb nəşr edilməsi, həmçinin dördcildli 
								"Azərbaycanca-rusca lüğət"in işıq üzü görməsi 
								buna bariz nümunədir.    
								
								
								Digər çıxış edənlər - İsmət Çətin, Taciser Onuk, 
								Ayşe Melek Özyetgin, Əli Əhməd Arslan, Ömür 
								Ceylan (Türkiyə), Sadik Göhər (BƏƏ), Lüdmila 
								Boris (Rusiya), Yordan Lüskanov (Bolqarıstan), 
								İnna Kalita (Çexiya), Saymon Zotqenfray (İsveç), 
								Angelina Saule (Avstraliya), BSU-nun professoru 
								Rəhilə Qeybullayeva tədbirin əhəmiyyətindən 
								danışmış, əldə olunacaq elmi nəticələrin 
								komparativistika və dilçilik elminə layiqli 
								töhfələr verəcəyinə ümidvar olduqlarını 
								bildirmişlər.  
								
								
								Sonra konfrans və simpozium işini bölmə 
								iclaslarında davam etdirmişdir.  
								
								
								Qeyd edək ki, konfrans və simpoziumda iştirak 
								edən alimlər tədbir çərçivəsində BSU-nun tələbə 
								və magistrləri ilə görüşmüş, müxtəlif mövzularda 
								dərslər keçmişlər. Hər iki tədbir öz işini 
								oktyabrın 23-də başa çatdırmışdır. 
								
								
								
								Niyazi RƏHİMOV  |