| 
								 
								
								
								Azərbaycanın birinci xanımı, xoşməramlı səfir 
								Mehriban Əliyeva tədbirdə iştirak edib. 
								
								 Dekabrın 14-də Parisdə YUNESKO-nun 
								yaradılmasının 65 illiyi ilə bağlı yubiley 
								mərasimi keçirilmişdir.
								  
								
								
								Azərbaycanın birinci xanımı, Heydər Əliyev 
								Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun 
								xoşməramlı səfiri, Milli Məclisin deputatı 
								Mehriban Əliyeva tədbirdə iştirak etmək üçün 
								qurumun Parisdəki mənzil-qərargahına gəldi.
								 
								
								
								Mehriban xanım Əliyeva əvvəlcə YUNESKO-nun 
								Yunanıstandan olan xoşməramlı səfiri Marianna 
								Vardinoyannisin "Qadın fərdiliyi ilə bağlı 
								problemlərin istiqamətində səylər" kitabının 
								təqdimat mərasimində iştirak etdi.  
								
								
								YUNESKO-nun xoşməramlı səfirlərinin də 
								qatıldıqları tədbirdə təşkilatın baş direktoru 
								İrina Bokova Azərbaycanın birinci xanımı, 
								qurumun xoşməramlı səfiri Mehriban Əliyeva ilə 
								görüşdü.  
								
								
								Sonra mərasim iştirakçıları birlikdə nahar 
								etdilər. YUNESKO-nun xoşməramlı səfiri Mehriban 
								xanım Əliyeva naharda iştirak etdi.  
								
								
								 Marianna 
								Vardinoyannisin "Qadın fərdiliyi ilə bağlı 
								problemlərin istiqamətində səylər" kitabının 
								təqdimat mərasimində çıxış edən YUNESKO-nun baş 
								direktoru İrina Bokova bütün qonaqları və 
								xoşməramlı səfirləri salamladı. Azərbaycanın 
								birinci xanımı, xoşməramlı səfir Mehriban 
								Əliyevanın da iştirak etdiyi mərasimdə İrina 
								Bokova bu kitabın məhz YUNESKO ailəsinin üzvü 
								olan bir şəxs tərəfindən yazılmasını yüksək 
								dəyərləndirdi. Bildirdi ki, qadınların 
								cəmiyyətin həyatındakı roluna həsr olunan kitab 
								YUNESKO dəyərlərinin təbliği baxımından da mühüm 
								addımdır.  
								
								
								YUNESKO-nun xoşməramlı səfiri Marianna 
								Vardinoyannis mərasimə gəldiklərinə görə hamıya 
								təşəkkürlərini bildirdi. O dedi ki, qadınlar 
								bəşər sivilizasiyasının inkişafında hər zaman 
								mühüm rol oynayıblar və bu kitab da 
								sivilizasiyanın yaranmasında, inkişafında zərif 
								məxluqların iştirakına və əməyinə həsr 
								olunmuşdur.  
								
								
								Qeyd olundu ki, qədim dövrlərdən bu günə qədər 
								qadınların cəmiyyətdəki sosiomədəni 
								fəaliyyətinin araşdırıldığı bu kitab YUNESKO 
								irsinə dəyərli töhfədir.  
								
								
								*** 
								
								
								Daha sonra YUNESKO-nun 65 illiyinə həsr olunan 
								yubiley mərasimi keçirildi. Mərasim YUNESKO-nun 
								fəaliyyətinə həsr olunan videofilmin nümayişi 
								ilə başladı. Filmdə qurumun keçdiyi yola nəzər 
								salındı, YUNESKO-nun həyatında baş verən 
								hadisələr illər üzrə fotoşəkillər vasitəsilə 
								diqqətə çatdırıldı.  
								
								
								Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq 
								artisti Firəngiz Əlizadənin fortepianoda ifası 
								mərasim iştirakçıları tərəfindən maraqla 
								qarşılandı.  
								
								
								Tədbirin aparıcısı qonaqları və Azərbaycanın 
								birinci xanımı Mehriban Əliyevanı salamladı. 
								Digər aparıcı, Rusiyanın populyar müğənnisi Alsu 
								da təbriklərə qoşuldu, mərasimdə keçmiş baş 
								direktorlardan bəzilərinin iştirak etmələrindən 
								məmnun olduğunu dedi.  
								
								
								BMT-nin baş katibi Pan Gi Mun YUNESKO-nun 65 
								illiyi münasibətilə təbriklərini çatdırdı. O 
								dedi ki, dünyada sülhün yaranmasına töhfə verən 
								YUNESKO bu gün də öz ənənəsinə  sadiq  qalır, 
								sivilizasiyalararası  və  mədəniyyətlərarası 
								dialoqun  əldə  olunmasında   yaxından   iştirak   
								edir.  
								
								
								Tədbirə Tailanddan qatılan sənətçi öz rəqsi ilə 
								təbriklərə qoşuldu.  
								
								
								Sonra 1974-1987-ci illərdə YUNESKO-nun baş 
								direktoru vəzifəsində çalışmış Amadou-Mahtar 
								Mbou çıxış etdi. O, YUNESKO-nun kollektivini və 
								bu təşkilatın dəyərlərinin həyatda təsdiqini 
								tapması uğrunda yorulmadan fəaliyyət göstərən 
								hər bir kəsi təbrik etdi. Keçmiş baş direktor 
								dünyada elm, təhsil və mədəniyyət məsələlərinin 
								həllində iştirak edərək planetimizdə sülhün əldə 
								olunmasına yardım göstərən YUNESKO-nun öz 
								missiyasını bu gün də uğurla davam etdirdiyini 
								bildirdi.  
								
								
								Sonra Kamerundan olan sənətçilər YUNESKO-nun 
								yubiley mərasimində çıxış etdilər.  
								
								
								1987-1999-cu illərdə qurumun baş direktoru 
								işləmiş Federiko Mayor da mürəkkəb dünyamızda 
								YUNESKO dəyərlərinin hər zaman aktual olduğunu 
								dedi. Bildirdi ki, dünyada sülhün əldə 
								olunmasına böyük töhfələr verən YUNESKO 
								yarandığı gündən bu ali məqsəd uğrunda 
								çalışmışdır.  
								
								
								Mərasimə Boliviyadan dəvət alan müğənni də öz 
								maraqlı ifası ilə təbriklərə qoşuldu. 
								 
								
								
								1999-2009-cu illərdə YUNESKO-nun baş direktoru 
								olmuş Koişiro Matsuura çıxış edərək dedi ki, II 
								Dünya müharibəsindən sonra yer üzündə sülhün 
								əldə olunması üçün belə bir təşkilatın 
								yaradılmasına ehtiyac var idi. YUNESKO-nun 
								yaradılması ilə bu sahədə mövcud olan boşluq 
								dolduruldu və onun fəaliyyəti bütün dövrlərdə 
								sülh məqsədlərinə xidmət etdi. Koişiro Matsuura 
								XXI əsrdə də YUNESKO-nun bu missiyasının davam 
								etdiyini bildirdi.  
								
								
								Türkiyə, Yunanıstan və Kanadadan gələn 
								musiqiçilərin də ifası maraqla qarşılandı.
								 
								
								
								"65 ildə YUNESKO bizim dünyanın bir parçasına 
								çevrilmişdir", - deyən YUNESKO-nun baş 
								konfransının sədri Devidson Həpbörn qurumun 
								fəaliyyətində humanizm ideyalarının hər zaman 
								hakim olacağını vurğuladı.  
								
								
								YUNESKO-nun icra şurasının sədri Eleanora 
								Mitrofanova təşkilatın həyata keçirdiyi 
								proqramlar sırasında əsas diqqəti təhsillə bağlı 
								layihələrin icrasına yönəltdi.  
								
								
								Mərakeş və Livandan dəvət olunan musiqiçilər 
								ərəb ritmləri ilə salona xüsusi ovqat gətirdilər.
								 
								
								
								Sonra YUNESKO-nun XXI əsrdəki fəaliyyətində 
								prioritet elan etdiyi sahələrdən bəhs edən 
								filmin nümayişi oldu.  
								
								
								Yubiley mərasiminə YUNESKO-nun baş direktoru 
								İrina Bokova yekun vurdu. Baş direktor dedi ki, 
								YUNESKO dünyanın yaddaşıdır, bəşəriyyətin maddi 
								mədəni irsini qoruyan ən mötəbər təşkilatdır. Bu 
								təşkilatın fəaliyyəti dünyada sülhün 
								qorunmasının təməl prinsiplərini təşkil edir. 
								YUNESKO-nun tarixinin böyük ideallara 
								söykəndiyini deyən İrina Bokova bu dəyərlərin 
								yaranmasında YUNESKO ailəsinin mühüm səylər 
								göstərdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, 
								dünyada təhsilin, elmin, mədəniyyətin 
								qorunmasında və inkişafında yaxından iştirak 
								edən YUNESKO bu yüzillikdə də həmin 
								prinsiplərinə sadiq qalacaq, müxtəlif ölkələrdə 
								və regionlarda mədəni irsin təbliğinə mühüm 
								töhfələr verəcəkdir. Sonda baş direktor  bir  
								daha  yubiley  münasibətilə  təbriklərini  
								çatdırdı.  
								
								
								Qeyd edək ki, YUNESKO 1945-ci ilin noyabrında 
								yaradılmışdır. Mərkəzi qərargahı Parisdə 
								yerləşən təşkilata dünyanın müxtəlif 
								bölgələrində yerləşən 67 büro və altbölmələr 
								daxildir. Hazırda 191 ölkə bu təşkilatın üzvüdür. 
								YUNESKO-nun əsas məqsədi irqindən, dilindən və 
								dinindən asılı olmayaraq xalqların təhsil, elm 
								və mədəniyyət sahələri üzrə əməkdaşlığını 
								genişləndirmək yolu ilə sülhün və 
								təhlükəsizliyin möhkəmlənməsinə yardım etməkdir. 
								YUNESKO bu məqsədlərini təşkilata üzv ölkələrdə 
								qurulan Milli Komissiyalar vasitəsilə 
								reallaşdırır.  
								
								
								Azərbaycan da BMT-nin ən mötəbər qurumlarından 
								olan YUNESKO-nun fəal üzvlərindəndir. 
								Azərbaycan-YUNESKO əməkdaşlığında ölkəmizin 
								birinci xanımı Mehriban Əliyevanın böyük əməyi 
								vardır. Məhz Mehriban xanımın xidmətləri 
								sayəsində 2003-cü ildə muğam YUNESKO-nun "Bəşəriyyətin 
								şifahi və qeyri-maddi irsinin şah əsərləri" 
								siyahısına daxil edilmişdir. Bakıda Beynəlxalq 
								Muğam Mərkəzi yaradılmışdır. 2004-cü ildən 
								YUNESKO-nun xoşməramlı səfiri olan Mehriban 
								Əliyevanın YUNESKO dəyərlərinə sadiqliyinin 
								nəticəsidir ki, bu gün ölkəmizin bir çox 
								mədəniyyət abidələri bu qurumun maddi mədəni irs 
								siyahısına daxil edilmişdir. Müxtəlif vaxtlarda 
								YUNESKO-nun baş direktorları ölkəmizə gəlmiş və 
								Azərbaycanın tarixi, mədəniyyəti, milli 
								dəyərləri ilə tanış olmaq imkanı qazanmışlar. 
								Bir sözlə, Azərbaycan-YUNESKO əməkdaşlığı 
								hazırda özünün inkişaf dövrünü yaşayır. 
								 
								
								
								
								AzərTAc  |