| 
								 
								
								Dekabrın 21-də Bakı Dövlət Universitetində (BDU) 
								geologiya-mineralogiya elmləri doktoru, 
								professor, Dövlət mükafatı laureatı, əməkdar elm 
								xadimi, akademik Şəfaət Mehdiyevin 100 illik 
								yubileyinə həsr olunmuş "Geologiyanın aktual 
								problemləri" mövzusunda respublika elmi 
								konfransı öz işinə başlamışdır.  
								
								
								 Konfransdan 
								əvvəl BDU-da Ş.Mehdiyevin adını daşıyan 
								auditoriyanın və barelyefin açılışı olmuşdur.
								 
								
								
								Tədbirdə təhsil naziri Misir Mərdanov, 
								Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 
								prezidenti, akademik Mahmud Kərimov, Milli 
								Aviasiya Akademiyasının rektoru, akademik Arif 
								Paşayev, xarici işlər nazirinin müavini, 
								Azərbaycan Diplomatik Akademiyasının rektoru, 
								professor Hafiz Paşayev, M.V.Lomonosov adına 
								Moskva Dövlət Universiteti Bakı filialının 
								rektoru, professor Nərgiz Paşayeva, Milli 
								Məclisin deputatları, tanınmış alimlər və 
								tələbələr iştirak etmişlər.  
								
								
								Konfransda BDU-nun rektoru, Milli Məclisin 
								deputatı, akademik Abel Məhərrəmov çıxış edərək 
								Azərbaycan Prezidentinin böyük alimin 100 illik 
								yubileyinin keçirilməsi haqqında sərəncamının 
								əhəmiyyətini vurğulamışdır. Bildirmişdir ki, 
								dövlətimizin başçısının müvafiq sərəncamı 
								bütövlükdə Azərbaycan elminə, elm xadimlərinə 
								göstərilən qayğının göstəricisidir.  
								
								
								Şəfaət Mehdiyev ensiklopedik biliyə və geniş 
								erudisiyaya malik alim, görkəmli neftçi-geoloq 
								olmaqla yanaşı, eyni zamanda, peşəkar jurnalist, 
								yazıçı və ictimai-siyasi xadim idi.  
								
								
								Akademik Şəfaət Mehdiyevin 1958-1965-ci illərdə 
								BDU-nun rektoru olduğunu diqqətə çatdıran 
								A.Məhərrəmov vurğulamışdır ki, belə 
								şəxsiyyətlərin, böyük elm və təhsil 
								təşkilatçılarının fədakarlığı nəticəsində 
								universitet özünün bugünkü yüksək səviyyəsinə 
								gəlib çatmışdır. Neçə-neçə dövlət xadimi, elm, 
								mədəniyyət, ədəbiyyat, hüquq və başqa sahələrin 
								nümayəndələri məhz onun rektorluğu dövründə 
								universitetdə təhsil almışdır. Onların hər biri 
								ustad alim, nüfuzlu ziyalı, tanınmış pedaqoq, ən 
								əsası isə millətini sevən Şəfaət Mehdiyevi bu 
								gün də xoş xatirələrlə anır.  
								
								
								 Görkəmli 
								alimin xatirəsi bir dəqiqəlik sükutla yad 
								edilmişdir.  
								
								
								Konfransda BDU-nun kafedra müdiri, AMEA-nın 
								müxbir üzvü Vasif Babazadənin "Görkəmli geoloq 
								alim" və geologiya fakültəsinin dekanı Adil 
								Xasayevin "Unudulmaz müəllim və ictimai xadim" 
								mövzularında məruzələri dinlənilmişdir. 
								 
								
								
								Bildirilmişdir ki, Şəfaət Mehdiyev 1910-cu ildə 
								İranın Sarab qəzasının Şalqun kəndində anadan 
								olmuşdur. Dörd yaşında atasını itirdikdən sonra 
								ailəsi ilə birlikdə Bakıya köçmüşdür. 1930-cu 
								ilin aprelində o, Azərbaycan Sənaye İnstitutunun 
								(hazırkı ADNA) geoloji-kəşfiyyat fakültəsinə 
								daxil olmuş və 1934-cü ildə oranı bitirərək neft 
								və qaz yataqlarının kəşfiyyatı üzrə dağ 
								mühəndisi ixtisasına yiyələnmişdir.  
								
								
								Hələ tələbə ikən o, "Azneftkəşfiyyat" Trestində 
								geoloq, sonra Mərdəkan mədənində kəşfiyyat 
								sahəsinin geoloqu vəzifələrində işləmiş, daha 
								sonra isə Mərdəkan�Türkan 
								kəşfiyyat qrupunun böyük geoloqu olmuşdur.
								 
								
								
								Şəfaət Mehdiyev 1932-1936-cı illərdə Sənaye 
								İnstitutunun "Neft kadrları uğrunda" adlı 
								çoxtirajlı, daha sonra "Gənc işçi" qəzetlərinin, 
								"Gənc bolşevik" məcmuəsinin, "Azərbaycan 
								idmançısı", "Qala neftçisi" qəzetlərinin 
								redaktoru işləmişdir. 1936-cı ildən Pirsaat neft 
								mədənində, 1937-1938-ci illərdə Neftçala neft 
								mədənində geoloq kimi çalışmış, daha sonra 
								Azərbaycan Elmi-Tədqiqat Neftçıxarma 
								İnstitutunda baş geoloq, direktor müavini 
								vəzifələrinə irəli çəkilmiş, eyni zamanda 
								aspiranturaya daxil olmuşdur. O, 1941-1945-ci 
								illər müharibəsinin ilk günlərindən hərbi 
								xidmətə çağırılmış və Qara dəniz qrupunda, 
								Zaqafqaziya və dördüncü Ukrayna cəbhələrində 
								zabit kimi vuruşmuşdur. 1944-cü ilin martında 
								mühəndis-geoloq kimi arxa cəbhəyə 
								göndərilmişdir. Ş.Mehdiyev yenidən aspiranturaya 
								bərpa olunmuş, 1945-ci ilin əvvəllərində 
								doktorluq dissertasiyasını müdafiə etmişdir.
								 
								
								
								Diqqətə çatdırılmışdır ki, Şəfaət Mehdiyev 
								tərəfindən Abşeron yarımadasının neft 
								yataqlarının istilik rejimi məsələləri dəqiq 
								surətdə tədqiq olunmuş və qiymətli əsərlər 
								hazırlanmışdır.  
								
								
								Neftin mənşəyi problemi ilə dərindən məşğul olan 
								Şəfaət Mehdiyev hələ 1966-cı ildə neftin 
								dərinlik-biogen genezisi hipotezini irəli 
								sürmüş, sonrakı tədqiqatları ilə onu nəzəriyyə 
								səviyyəsinə çatdırmışdır. Sonralar bu fikir 
								dünyanın bir çox alimləri tərəfindən qəbul 
								edilmişdir.  
								
								
								Vurğulanmışdır ki, akademik Şəfaət Mehdiyev 
								400-ə qədər elmi əsərin, 20-dən artıq 
								monoqrafiyanın, Azərbaycanın geoloji və tektonik 
								xəritələrinin, neft və qaz yataqları 
								xəritələrinin redaktoru və tərtibçisi olmuşdur. 
								O, "Azərbaycanın geologiyası" adlı çoxcildli 
								nəşrində ayrı-ayrı fəsillərin və bölmələrin 
								tərtibində və redaktə işində böyük əmək sərf 
								etmişdir.  
								
								
								Alim 1965-ci ildən ömrünün sonunadək AMEA-nın 
								Geologiya İnstitutunda neftin və qazın 
								geologiyası şöbəsinin rəhbəri və Azərbaycan 
								Dövlət Neft Akademiyasında neft və qaz 
								yataqlarının geologiyası və kəşfiyyatı 
								kafedrasının müdiri olmuşdur.  
								
								
								Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyev 
								Şəfaət Mehdiyevi istedadlı alim olmaqla yanaşı, 
								Azərbaycan xalqına xas zəngin mənəvi 
								keyfiyyətlərin daşıyıcısı kimi dəyərləndirərək 
								demişdir: "Akademik Şəfaət Mehdiyev böyük alim, 
								böyük ziyalı, böyük şəxsiyyət olmaqla yanaşı, 
								yaxşı kişi idi".  
								
								
								Tədbirdə təhsil naziri Misir Mərdanov, AMEA-nın 
								Geologiya İnstitutunun direktoru, akademik Akif 
								Əlizadə, Bakı Dövlət Universitetinin kafedra 
								müdiri Abuzər Xələfov, BDU-nun coğrafiya 
								fakültəsinin dekanı Müseyib Müseyibov alimlə 
								bağlı unudulmaz xatirələrini bölüşmüşlər. 
								 
								
								
								Azərbaycanda geologiya elminin formalaşması və 
								inkişafında misilsiz xidmətləri olmuş Şəfaət 
								Mehdiyev geniş elmi biliyə, yüksək təşkilatçılıq 
								bacarığına malik bir alim kimi bu gün də böyük 
								hörmət və ehtiramla yad edilir. Onun 
								xeyirxahlığı, insanpərvərliyi, sadəliyi, 
								vətənpərvərliyi, bir sözlə, insana xas olan 
								gözəl xüsusiyyətləri bu böyük şəxsiyyətlə 
								təmasda olanların xatirəsinə əbədi həkk 
								olunmuşdur.  
								
								
								Konfransda doktorantların və gənc 
								tədqiqatçıların XV respublika elmi konfransının 
								ən yaxşı elmi məruzə müəlliflərinə və 
								Ş.Mehdiyevin 100 illik yubileyi münasibətilə 
								alimin elmi irsinin öyrənilməsi ilə bağlı 
								tələbələr arasında keçirilmiş müsabiqənin 
								qaliblərinə fəxri fərmanlar və pul mükafatı 
								təqdim edilmişdir. Tədbirdə həmçinin tələbələr 
								tərəfindən böyük alimin şeirləri 
								səsləndirilmişdir.  
								
								
								Azərbaycan Respublikasının Prezidenti yanında 
								Ali Attestasiya Komissiyasının sədri, akademik 
								Arif Mehdiyev atasının xatirəsinə göstərilən 
								hörmət və ehtirama görə Prezident İlham Əliyevə, 
								tədbirin təşkilatçı və iştirakçılarına ailələri 
								adından minnətdarlığını bildirmişdir. 
								 
								
								
								Sonra konfrans işini bölmə iclaslarında davam 
								etdirmişdir. Konfrans dekabrın 22-də başa çatıb.
								 
								
								
								
								AzərTAc   |