| 
								 
								
								 Azərbaycan Universiteti təhsilin inkişafı və 
								ölkəmizdə dövlət təşkilatları, peşəkar qurumlar 
								və biznes strukturları ilə təhsilin maraqlarının 
								uzlaşdırılması, rəqabət qabiliyyətli milli 
								kadrların yetişdirilməsi üçün yeni tərəfdaşlıq 
								mühitinin formalaşdırılması, dünya elmi 
								nailiyyətlərinin idarəetmənin və sahibkarlığın 
								inkişafına yönəldilməsi, sahibkarlıq 
								subyektlərinin maarifləndirilməsinə  kömək 
								göstərilməsi məqsədi ilə Azərbaycan Respublikası 
								Auditorlar Palatası ilə əməkdaşlığa başlayır.
								 
								
								
								Bu məqsədlə dekabrın 17-də Auditorlar 
								Palatasının sədri  Vahid Novruzov və Azərbaycan 
								Universitetinin rektoru Akif Musayev ikitərəfli 
								müqavilə imzalayıblar.  
								
								
								Müqaviləyə əsasən bundan sonra Auditorlar 
								Palatası və  Azərbaycan Universiteti ölkədə 
								auditor xidmətinin dövlət tənzimlənməsinin və 
								inkişafının təşkilini təmin etməklə 
								sahibkarlığın rəqabət qabiliyyətliliyinin 
								gücləndirilməsində, peşəkar milli kadrların 
								hazırlığı sahəsində ictimai sifarişin 
								formalaşdırılması prosesində palatanın 
								fəallığının artırılması və 
								təkmilləşdirilməsində, universitetin "Karyera 
								mərkəzi"nin, maliyyə, mühasibat uçotu və audit 
								sahəsində tələbə konsaltinq xidmətinə 
								metodoloji  yardım və digər sahələrdə əməkdaşlıq 
								edəcəklər.  
								
								
								Tərəflər həmçinin universitet tələbələrinin 
								Palata və ona üzv təşkilatlarda sahə təcrübələri 
								keçmələri üçün şəraitin yaradılmasında, tələbə 
								və müəllim heyətinin Palata tərəfindən təşkil 
								olunan təlim və seminarlarda əməkdaşların təhsil 
								və təlimlə bağlı beynəlxalq layihələrdə birgə 
								iştirak etmələrinin təmin olunmasında, bu təhsil 
								ocağında Palata peşəkarlarının mühazirələrinin 
								təşkilində, ikitərəfli və çoxtərəfli əsasda 
								informasiya mübadiləsi aparılmasında, məqsədli 
								layihələrin işlənməsində, ölkədə mühasibatlığın 
								və auditin beynəlxalq standartlara cavab verən 
								işgüzar mühitinin formalaşmasında və digər 
								məsələlərdə birgə çalışacaqları barədə razılığa 
								gəliblər. 
								
								
								İmzalanma mərasimindən sonra V.Novruzov  və 
								A.Musayev mətbuat nümayəndələrinin çoxsaylı 
								suallarını cavablandırıblar.  
								
								
								
								Şakir CƏFƏROV  |