| 
								 
								
								 Bakıdakı 
								8 nömrəli orta ümumtəhsil məktəbi İKT-nin 
								tətbiqi sahəsində  qabaqcıl təcrübəyə malik 
								tədris ocağı olmaqla yanaşı, həm də "Elektron 
								məktəb" layihəsinin iştirakçısıdır. Bu günlərdə 
								həmin tədris ocağının  III "B" sinfində 
								riyaziyyat  fənnindən "Minlik həddində toplama, 
								çıxma və məsələ həlli" mövzusu üzrə İKT-nin 
								tətbiqi ilə "açıq dərs" keçirildi. Üçüncülər  
								istedad və bacarıqlarını nümayiş etdirmək 
								məqsədi ilə "Ağıllı qızlar", "Ağıllı oğlanlar", 
								"Bilicilər", "Çalışqanlar", "Münəccimlər" 
								qruplarına bölündülər.  Məsələ və misalların 
								həlli zamanı Azərbaycanın bölgələrinin adları 
								sadalandı, onların arasındakı məsafə fərqləri 
								müəyyən edildi. Ölkəmizin  işğal olunmuş 
								ərazilərinə diqqət yetirildi və şagirdlər 
								tərəfindən bu ərazilərin  əbədi olaraq 
								Azərbaycanın ayrılmaz hissəsi olduğu vurğulandı. 
								Sonra onlar müxtəlif uzunluq vahidlərini artan 
								sıra  üzrə  "vahidlər cərgəsində" 
								yerləşdirdilər. Uşaqlar riyazi terminlərə aid 
								krossvordlar həll edərək, çoxbucaqlının 
								tərəflərinin cəmi - perimetr anlayışını bir daha 
								təkrar etdilər. Şagirdlər  lövhədə üçrəqəmli 
								ədədlərin toplanması və çıxılmasına aid misallar 
								həll etdilər.  Fərdi sorğudan sonra  hər bir 
								qrup ayrı-ayrılıqda  tapşırıq alaraq məsələ 
								həlli ilə bağlı biliklərini möhkəmləndirdilər. 
								
								
								Sinif müəllimi  Mina Hüseynzadə  dərsboyu əldə 
								edilən biliklərin  və bacarıqların mənimsənilmə  
								səviyyəsini  bir daha  araşdırdı, şagirdlərin  
								cavablarını  meyar cədvəlinə uyğun 
								qiymətləndirdi  və  ev  tapşırıqlarını elan 
								etdi. 
								
								
								"Açıq  dərs"in sonunda məktəbin direktoru Aytən 
								Baxşıyeva, direktor müavini Sevinc Əliyeva  və 
								metodistilər  Jalə Zeynalova, Nairə  Sadıqova 
								Mina  müəllimin  dərsdə  interaktiv təlim 
								metodlarından səmərəli istifadə etdiyini  və 
								kurikulum proqramına  uyğun olduğunu, 
								qiymətləndirmənin düzgün aparıldığını, 
								şagirdlərə tam sərbəstlik verildiyini, onların 
								fikirlərinə diqqətlə yanaşıldığını  yüksək 
								dəyərləndirdilər.   
								
								
								
								Sifai SƏFƏROVA  |