| 
								 
								
								Masallı şəhər 4 nömrəli (Digah) tam orta 
								məktəbində məktəb direktorları, qabaqcıl 
								müəllimlər və təhsil işçilərinin iştirakı ilə 
								treninq-seminar keçirilib. Dekabrın 15-dən 
								25-dək davam edəcək seminar-treninqdə 31 nəfər 
								təhsil işçisi aldıqları bilikləri rayonda təşkil 
								edilmiş dayaq məntəqələrində müəllimlərə 
								çatdırıb.  
								
								
								 Seminar-treninqin 
								birinci günü iştirakçılar DVD-də yazılmış bir 
								nümunəvi dərsə baxıblar. Sonra dərsin müxtəlif 
								parametrlər üzrə təhlili keçirilib. 
								
								
								Seminar iştirakçıları öz təcrübələrindən də 
								danışıb, fikir mübadiləsi aparıblar. RTŞ-ın 
								metodisti Hüseyn Hüseynov bildirib ki, belə iş 
								metodu müəllimlərin fəallığını, qabaqcıl 
								təcrübənin tətbiqini təmin edir. 
								
								
								Şəhər 3 nömrəli orta məktəbin sinif müəllimi 
								Sevinc Quliyeva seminar-treninqin gedişindən 
								razı qaldığını bildirib. 
								
								
								On gün davam edən seminar-treninqi Təhsil 
								Nazirliyinin aparıcı məsləhətçisi Afət 
								Süleymanova və AMİ-nin əlavə təhsilə xidmət edən 
								kabinetinin müdiri Xuraman Nağızadə aparıblar. 
								
								
								Tədbirdə çıxış edən A.Süleymanova bildirmişdir 
								ki, on gün ərzində rayon təhsil işçiləri "Müasir 
								təhsillə bağlı yanaşmalar", "Fənn 
								kurikulumlarının strukturu və məzmunu", "Fənn 
								kurikulumları və yeni təlim strategiyaları", 
								"Təlimin planlaşması", "Yeni qiymətləndirmə 
								sisteminin tətbiqi", "Yeni dərsliklərlə işin 
								xüsusiyyətləri", "Dərslərin klinik müşahidəsi və 
								təhlili", "Müdavimlərin hazırladığı dərslərin 
								nümayişi", "İslahatın həyata keçirilməsində 
								təhsil işçilərinin məsuliyyət və vəzifələri" 
								mövzuları ilə yaxından tanış olub, praktik 
								olaraq tapşırıqlar icra edərək öyrəndikləri 
								nəzəri məsələlərin tətbiqinə nail olublar. Təlim 
								kursunun sonunda müdavimlər hazırlanmış test və 
								praktik tapşırığı yerinə yetirməklə on gün 
								ərzində əldə etdikləri bilik və bacarıqlarını 
								nümayiş etdiriblər. 
								
								
								Bütün bunlar hazırlanmış təlimçilərin zonalar 
								üzrə müəyyən olunmuş istinad məktəblərinə təhkim 
								edilərək ərazidə yerləşən digər məktəblərin 
								təhsil işçilərinə fənn kurikulumlarının tətbiqi 
								istiqamətində metodiki xidmətin həyata 
								keçirilməsini təmin etmək məqsədi daşıyır. 
								
								
								RTŞ-ın böyük məsləhətçisi Soltanağa Cəfərov, 
								S.Rəhimov adına Köçərli kənd orta məktəbinin 
								dil-ədəbiyyat müəllimi, qabaqcıl təhsil işçisi 
								Qəni Qəniyev, şəhər 4 nömrəli məktəbin direktoru 
								Nailə Əsədullayeva, Xıl kənd tam orta məktəbin 
								dərs hissə müdiri Vəfadar Hüseynov 
								seminar-treninqi yüksək səviyyədə keçirdiklərinə 
								görə A.Süleymanovaya, X.Nağızadəyə 
								minnətdarlıqlarını bildirdilər.   
								
								
								
								Bəhram YAQUBOV, 
								Masallı rayonu, Qodman kənd orta məktəbinin 
								direktoru,  
								kursun müdavimi  |