| 
								 
								
								 Bu 
								günlərdə Ağsu şəhərindəki 5 nömrəli orta  
								məktəbdə "Cəsur təyyarəçi, vətənpərvər gənc" 
								mövzusunda  tədbir keçirilib. Tədbir  məktəbin 
								məzunu, hərbi təyyarəçi, polkovnik-leytenant, 
								hərbi   hissənin qərargah rəisi, "Su-25" qırıcı 
								təyyarəsində qəzaya uğrayan Famil Məmmədliyə 
								həsr olunub. Famil Məmmədli haqqında məlumat 
								verilərək bildirilib ki, o,  Heydər Əliyev adına 
								Ali Hərbi Məktəbə daxil olub, ilk təhsil ilində 
								seçmə yolu ilə İstanbul Hərbi Hava Məktəbinə 
								oxumağa göndərilib. Təhsilini müvəffəqiyyətlə 
								başa vurduqdan sonra o, Azərbaycan Hərbi Hava 
								Qüvvələri və Hava Hücumundan Müdafiə  
								Qüvvələrinin Kürdəmirdəki hərbi hissəsində 
								fəaliyyətə  başlayıb. Az sonra o, yenidən 
								Türkiyəyə dönüb, təhsilini NATO standartlarına 
								uyğun artırmaq  məqsədi ilə müxtəlif kurslarda 
								iştirak edib. 
								
								
								Qeyd edilib ki, bayram günlərində Bakı üzərində 
								"Su-25" təyyarəçilərinin nümunəvi uçuşunda 
								Azərbaycan bayrağını  səmaya  çəkənlərdən biri 
								də Famil Məmmədli olub. Bu il martın 3-də 
								növbəti uçuş zamanı o, qəzaya  uğrayaraq həlak 
								olub. Böyük bir ehtiramla  Bakı şəhərindəki 
								ikinci Fəxri xiyabanda dəfn edilən gənc 
								təyyarəçi 36 il ömür sürüb. 
								
								
								Tədbirdə onun atası, rayonun Abasxanlı kənd tam 
								orta məktəbinin direktoru Elman Məmmədov, Ağsu 
								şəhər 5 nömrəli orta məktəbin direktoru Elman 
								Qarayev, qərargah rəisi işlədiyi hərbi hissənin 
								təyyarəçiləri və müəllimləri də Famil Məmmədli 
								ilə bağlı xatirələrindən  danışıblar. 
								
								
								Məktəblilər   Famil    Məmmədliyə həsr edilmiş 
								şeir söyləyib və fotostendə tamaşa ediblər.
								
								
								  
								
								
								
								Şakir CƏFƏROV  |