| 
								 
								
								
								Təkcə bu il ərzində rayonda 3 yeni məktəb binası 
								istifadəyə verilib.  
								
								
								 Şərur 
								muxtar respublikanın inzibati-ərazi bölgüsünə 
								daxil olan səkkiz rayon və şəhərdən biridir. 
								Regionların sosial-iqtisadi inkişafının Dövlət 
								Proqramları çərçivəsində aparılan genişmiqyaslı 
								quruculuq tədbirləri muxtar respublikanın digər 
								bölgələri kimi yüz min nəfərdən artıq sakini 
								olan, rayon mərkəzi ilə yanaşı 64 kənd yaşayış 
								məskənini öz ətrafında birləşdirən  bu rayonu də 
								ağuşuna alıb. 
								
								
								Ölkə Prezidenti İlham Əliyev bu ilin oktyabr 
								ayında bölgəyə səfəri çərçivəsində ictimaiyyət 
								nümayəndələri ilə keçirdiyi görüşdə  həyata 
								keçirilən tədbirlərdən  məmnun qaldığını 
								bildirib: "Şərur rayonunda bütün sosial 
								məsələlər həllini çox uğurla və keyfiyyətlə 
								tapır. Keçən dəfə Olimpiya Kompleksinin 
								açılışında, mərkəzi rayon xəstəxanasının 
								istifadəyə verilməsində iştirak etmişdim. Digər 
								obyektlərin, sosial infrastrukturun yaradılması 
								bu rayonda çox uğurla və sürətlə gedir...".
								 
								
								
								Nahaq deməyiblər ki, hər bir mərkəz rayonun  
								siması sayılır. Son illər  7 min nəfərə yaxın 
								sakini olan Şərur şəhərində də  böyük 
								infrastruktur tədbirləri həyata keçirilib. O, 
								böyük hədəflərə doğru iri addımlarla irəliləyən 
								bölgələrdən birinin mərkəzinə çevrilib. 
								
								
								Cari il burada  200 yerlik müasir tipli uşaq 
								bağçası istifadəyə verilib. Üç bölmədən ibarət 
								Şərur ticarət mərkəzində 220 yerlik açıq və 
								örtülü bazarlar, 48 mağaza, məişət xidməti 
								sahələri, iaşə obyektləri fəaliyyət göstərir. O, 
								muxtar respublikada fəaliyyət göstərən ən iri 
								ticarət obyektlərindən biridir. Ötən il 
								istifadəyə verilən Şərur Olimpiya-İdman 
								Kompleksi də rayonun ictimai-mədəni həyatında 
								böyük canlanma yaradıb. Az vaxt ərzində o, kiçik 
								şəhərə böyük idman mədəniyyəti gətirib. Artıq 
								burada idmanın ayrı-ayrı növləri üzrə bir necə 
								mötəbər yarışlar keçirilib. 68 çarpayılıq Şərur 
								rayon Mərkəzi Xəstəxanası da Avropa standartları 
								əsasında tikilib, burada xidmətin müasir 
								tələblər səviyyəsində təşkili üçün hər cür 
								şərait yaradılıb. Şərur şəhər məscidi də müasir 
								memarlıq üslubunda inşa olunub.  Şərur Türk 
								Liseyi üçün də yeni və müasir tipli obyekt inşa 
								olunub. İki hektardan artıq sahəni əhatə edən 
								mədəniyyət və istirahət parkı da rayon 
								mərkəzinin  simasına yeni çalarlar gətirib. Yeni 
								salınan bağlar, parklar da göz oxşayır, könül 
								açır. 
								
								
								 Böyük 
								quruculuq tədbirləri kənd yaşayış məskənlərinə 
								də yeni nəfəs gətirib. Bir çox kəndlərdə  
								tikinti-quruculuq tədbirləri kompleks şəkildə 
								aparılıb. Eyni vaxtda həmin kəndlərdə müasir 
								tipli məktəb, kənd mərkəzi, həkim ambulatoriyası, 
								ticarət obyekti, məişət evi sakinlərin 
								ixtiyarına verilib. Kənd yollarında əsaslı təmir 
								və yenidənqurma tədbirləri aparılıb. Aralıq, 
								Tumaslı, Yengicə, Maxta, Qarxun, Aşağı Daşarx, 
								Mahmudkənd, Vərməziyar, Axura, Aşağı Yaycı 
								kəndlərində görülən işləri bu dediklərimə misal 
								göstərmək olar. 
								
								
								Yeni və müasir tipli təhsil ocaqlarının inşası 
								isə aparılan quruculuq tədbirlərində üstün 
								istiqamətə çevrilib. Rayon mərkəzi kimi,  
								kəndlərdə də  yeni, müasir və orijinal tipli 
								təhsil ocaqlarının inşasına başlanılıb. 26  yeni 
								və müasir tipli təhsil ocağı inşa olunub. Hər 
								bir təhsil müəssisəsində də tədrisin yüksək 
								səviyyədə təşkili üçün lazımi şərait yaradılıb. 
								
								
								Rayon icra hakimiyyətinin başçısı İbrahim 
								Məmmədov deyir ki,   rayondakı mövcud 
								məktəblərdən bir çoxu ötən əsrin 70-80-ci 
								illərində respublikamızda aparılan 
								genişmiqyasılı quruculuq siyasəti nəticəsində 
								inşa olunub. Amma son illərə qədər burada 
								yararsız hala düşən, bu səbəbdən də tədrisin 
								keyfiyyətinə ciddi xələl törədən   təhsil 
								ocaqları da az olmayıb. İndiki quruculuq 
								siyasətində bu cür  məktəblər ön planda 
								saxlanılıb. Bu mühüm və vacib məsələdə 
								xalqımızın ümummilli lideri Heydər Əliyevin belə 
								bir kəlamı əldə rəhbər tutulub: "Hər bir 
								millətin, hər bir ölkənin gələcəyi gənclərdir. 
								Biz gəncliyimizi nə qədər yüksək təhsilli etsək, 
								onların müəyyən ixtisaslara mütəşəkkil 
								yiyələnməsinə şərait yarada bilsək, müstəqil 
								Azərbaycanın gələcəyi və demək, müstəqil 
								Azərbaycanın iqtisadiyyatının inkişafı, təhsilin 
								inkişafı, insanların rifah halı da bir o qədər 
								də yaxşı olacaqdır".  
								
								
								 Ötən 
								il də rayonda  yeni məktəblərin inşası, onların 
								texniki və kadr təminatının yaxşılaşdırılması, 
								təhsil müəssisələrinin informasiya-kommunikasiya 
								texnologiyaları və pulsuz dərsliklərlə təmin 
								edilməsi, məktəb kitabxanalarının fəaliyyətinin 
								təkmilləşdirilməsi sahəsində xeyli işlər görülüb.  
								Aşağı Daşarx, Tumaslı kəndlərində yeni  məktəb 
								binaları tikilib. Şərur şəhərindəki 1 nömrəli 
								1176 şagird yerlik orta məktəb binası isə əsaslı 
								təmir və yenidənqurma işlərindən sonra 
								istifadəyə verilib. Məktəbin müasir informasiya 
								texnologiyaları ilə təminatı da diqqət 
								mərkəzində saxlanılıb. 
								
								
								Təhsil sahəsində quruculuq tədbirləri cari ildə 
								də böyük vüsətlə  davam etdirilir. Yeni və 
								müasir tipli təhsil ocaqlarından biri  Yengicə 
								kəndində inşa olunub. 
								
								
								Onu da qeyd edək ki, XIX əsrin sonu, XX əsrin 
								əvvəllərində Yengicə Şərur-Dərələyəz qəzasında 
								mühüm mərkəzlərdən biri kimi tanınıb. Uzun 
								müddət qəza inzibati-ərazi bölgüsünün mərkəzi 
								olub, indiki rayon mərkəzi funksiyasını yerinə 
								yetirib. Muxtar respublikada ilk təhsil ocağı 
								1882-ci ildə burada açılıb. Həmin məktəbin 
								açılmasının təşəbbüskarı və təşkilatçısı 
								dövrünün böyük maarifçi ziyalılarından olan 
								Mirzə Ələkbər Süleymanov olub. Qori Müəllimlər 
								Seminariyasını bitirən bu şəxs həmin il kənddə 
								11 uşağı təhsilə cəlb edib. İki il sonra isə 
								məktəb üçün ikisinifli bina inşa edilib. O, 
								rayon əhalisinin maariflənməsində, 
								savadlanmasında önəmli rol oynamaqla yanaşı, 
								məktəbi ədəbi-pedaqoji fikrin qabaqcıl 
								mərkəzlərindən birinə çevirmişdir. 
								
								
								Üç yüzdən artıq şagirdin təhsil aldığı kənd orta 
								məktəbi bu gün də öz müsbət ənənələrini yaşadır. 
								Ötən il məktəbi bitirən 15 məzundan 5-i ali 
								təhsil ocağına qəbul olunub. Köhnə və yararsız 
								bir binada yerləşən məktəb üçün bu, böyük uğur 
								sayılıb. Yeni dərs ilində 302  şagirdin 
								təlim-tərbiyəsi ilə 45 müəllim məşğul olur. 33 
								yaşlı kimya müəllimi Pakizə Əliyeva isə bu il 
								ölkə başçısının sərəncamı ilə "Əməkdar müəllim" 
								fəxri adına layiq görülüb.  Züleyxa Abdullayeva, 
								Afət Seyidova, Ədalət Tağıyev, Laləzar 
								Zeynalova, Səriyyə İbrahimova təcrübəli 
								müəllimlər kimi tanınıblar.  
								
								
								 Təbii 
								ki, bu tədris ilində qazanılan uğurlar ötən 
								ildəkindən də çox olacaq. Bu, ilk növbədə, 
								regionların sosial-inkişafının Dövlət Proqramı 
								çərçivəsində kənddə 568 şagird yerlik, zirzəmi 
								qatı ilə birlikdə dörd mərtəbədən ibarət olan 
								müasir tipli məktəb binasının tikilib istifadəyə 
								verilməsi ilə bağlıdır.  
								
								
								Prezident İlham Əliyev bu ilin oktyabr ayında 
								muxtar respublikaya səfəri çərçivəsində təhsil 
								ocağında görülən   işlərdən, yaradılan şəraitdən 
								razı qaldığını bildirib: "Bu məktəb əslində kənd 
								məktəbinə oxşamır. Çox əzəmətli, gözəl, geniş, 
								işıqlı bir məktəbdir," -deyib. Dövlət başçımız 
								həmin görüşündə bu gün ölkəmizdə həyata 
								keçirilən sosial siyasətin bəzi məqamlarından da 
								danışıb: "Bu gün Azərbaycanın bütün kəndlərində 
								belə gözəl məktəblər tikilir. Bizim siyasətimiz 
								məhz bundan ibarətdir ki, bütün yerlərdə, bütün 
								bölgələrdə, ən ucqar kəndlərdə də ən müasir 
								səviyyə, insanların yaşaması, işləməsi üçün 
								bütün şərait yaradılmalıdır".  
								
								
								Müasir layihə əsasında inşa olunan yeni təhsil 
								ocağında müəllim və şagirdlərin ixtiyarına 32 
								sinif otağı ilə bərabər, zəngin əyani 
								vəsaitlərlə təmin olunan fənn kabinetləri, 
								laboratoriyalar, kitabxana, idman zalı, 
								yeməkxana verilib. Şagirdlərin müasir 
								informasiya texnologiyalarına yiyələnə bilmələri 
								üçün burada kompüter mərkəzi yaradılıb. İki 
								elektron lövhəli sinif də tədrisin yüksək 
								səviyyədə aparılmasına imkan yaradır. Məktəb 
								müasir istilik sistemi ilə də təmin olunub.
								 
								
								
								Azərbaycanın Milli Qəhrəmanı Əli Camalovun adını 
								daşıyan Maxta kənd orta məktəbi dövlət 
								başçımızın xeyir-duası ilə istifadəyə verilən 
								yeni təhsil ocaqlarındandır. 2,5 min nəfərə 
								yaxın əhalinin məskunlaşdığı və rayon 
								mərkəzindən 7 km aralıda yerləşən bu kənddə də 
								quruculuq tədbirlərinə kompleks şəkildə 
								yanaşılıb. Üçmərtəbəli, 540 şagird yerlik təhsil 
								ocağı müəllim və şagirdlərin ixtiyarına verilib.
								 
								
								
								"Maxta kəndində gözəl, yaraşıqlı məktəb tikilib. 
								Əminəm ki, bu, uşaqlara böyük bir 
								töhfədir"-deyən dövlət başçımız məktəbin açılış 
								mərasimində ölkəmizin gələcək və xoş inkişafı 
								naminə öz tövsiyə və tapşırıqlarını da bildirib: 
								"Burada uşaqlar ancaq yaxşı oxumalıdırlar. 
								Müəllimlər də uşaqlara yaxşı tərbiyə 
								verməlidirlər, yaxşı nəzarət etməlidirlər. Bizə 
								savadlı, bilikli gənclər lazımdır ki, bundan 
								sonra bütün sahələrdə işləyə bilsinlər. Bu gün 
								Azərbaycanda inkişaf çox sürətlə gedir. Hər bir 
								sahədə yeni, peşəkar mütəxəssislər lazımdır ki, 
								bütün işləri yüksək səviyyədə aparsınlar. Təhsil 
								bu məqsədlərə nail olmaq üçün başlıca vasitədir. 
								Azərbaycanda təhsil sahəsinə çox böyük diqqət 
								göstərilir".  
								
								
								Hazırda kənd orta məktəbində 192 şagirdin 
								təlim-tərbiyəsi ilə 29 nəfər müəllim məşğul 
								olur. Onların içərisində qabaqcıl müəllimlər 
								çoxdur. İbtidai sinif müəllimi  Zülafə Abbasova 
								bu il ölkə başçısının sərəncamı ilə "Tərəqqi" 
								medalı ilə təltif olunub.  
								
								
								Qızılı payızın soyuq günlərində Naxçıvan-Sədərək 
								magistral yolunun kənarında yerləşən Zeyvə 
								kəndində də tikinti-quruculuq işləri böyük 
								həvəslə aparılır. Yeni inşa olunan obyektlərdən 
								biri də 612 şagird yerlik üçmərtəbəli təhsil 
								ocağıdır. "Gəmiqaya" MMC tərəfindən inşası 
								aparılan obyektdə  tikinti-quraşdırma işləri beş 
								ay ərzində yüksək keyfiyyətlə başa çatdırılıb. 
								Burada müəllim və şagirdlərin  ixtiyarına 33  
								sinif otağı ilə bərabər, zəngin əyani 
								vəsaitlərlə təmin olunan fənn kabinetləri, 
								laboratoriyalar, kitabxana, idman zalı, 
								yeməkxana veriləcək. Şagirdlərin müasir 
								informasiya texnologiyalarına yiyələnə bilmələri 
								üçün burada iki kompüter otağı yaradılıb. Hər 
								bir otaqda 18  kompüter İnternetə qoşulub. İki 
								elektron lövhəli sinif otağı da tədrisin yüksək 
								səviyyədə aparılmasına imkan yaradacaqdır. 
								
								
								Burada qiymətli tikinti materiallarından 
								istifadə olunub. Pilləkən və foyelərə mərmər 
								daşlar döşənib. Sinif otaqları, fənn kabinet və 
								laboratoriyalar lazımi avadanlıq və mebel 
								dəstləri ilə təmin olunub. Məktəbin qarşısında 
								və arxasında isə böyük həcmdə yaşıllıq salınıb. 
								
								
								337 şagirdin təhsil aldığı Zeyvə kənd orta 
								məktəbi də rayonun qabaqcıl təhsil 
								müəssisələrindən biridir. Məktəbin Azərbaycan 
								dili və ədəbiyyat müəllimi  Gültəkin Həsənova  
								"Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərindən 
								biri olub, ölkə başçısının sərəncamı ilə 
								birdəfəlik beş min manat məbləğində pulla 
								mükafatlandırılıb. Məhərrəm Rəhimov, Əhliman 
								Həsənov, Ceyran Qasımova, Dünyamir Hüseynli də 
								rayon müəllimləri arasında  təcrübəli 
								pedaqoqlar  kimi tanınıblar. 
								
								
								Ən başlıcası isə yeni məktəbin tikintisində 
								kəndin gələcək inkişaf perspektivinin nəzərə 
								alınmasıdır. Bu hesabla yaxın 20-25 il ərzində 
								burada əlavə sinif otaqlarına, yeni tədris 
								korpusuna ehtiyac duyulmayacaq.  
								
								
								
								Məmməd MƏMMƏDOV,  
								Naxçıvan MR Ali  Məclisinin deputatı, tarix 
								elmləri  
								üzrə fəlsəfə doktoru,  əməkdar jurnalist 
								  |