| 
								 
								
								Dekabrın 23-də "Ambassador" otelində "Azərbaycan 
								Respublikasında dövlət uşaq müəssisələrindən 
								uşaqların ailələrə verilməsi 
								(de-institusionalizasiya) və alternativ qayğı 
								Dövlət Proqramı (2006-2015-ci illər)"  
								çərçivəsində "2010-cu ilin yekunları və qarşıda  
								duran vəzifələr" mövzusunda beynəlxalq konfrans 
								keçirildi. Konfransda  Təhsil Nazirliyinin, 
								Nazirlər Kabinetinin, YUNİSEF-in Azərbaycandakı 
								nümayəndəliyinin işçiləri, millət vəkilləri, 
								müvafiq təşkilatların və xarici qurumların 
								əməkdaşları iştirak edirdilər. 
								
								
								 Tədbiri 
								giriş sözü ilə açan təhsil naziri Misir 
								Mərdanov  bildirdi ki, uşaqların rifahının 
								yüksəldilməsi ilə bağlı məsələlər Azərbaycan 
								hökumətinin  daim diqqət mərkəzində olub. 
								Ümummilli liderimiz Heydər Əliyevin uşaqların 
								müdafiəsi sahəsində əsasını qoyduğu ənənələr bu 
								gün Azərbaycan Prezidenti İlham Əliyev və 
								ölkənin birinci xanımı Mehriban Əliyeva 
								tərəfindən uğurla davam etdirilir. Son illərdə 
								ölkə iqtisadiyyatının dinamik inkişafı, sosial 
								sahələrə diqqətin artırılması, regionların 
								inkişafı, yoxsulluq səviyyəsinin minimuma enməsi 
								hər bir ailənin sosial rifahının yaxşılaşmasına, 
								uşaqların hüquqlarının qorunmasına yönəlmiş 
								proqramların həyata keçirilməsinə əlverişli 
								şərait yaradıb.  
								
								
								Nazir konfrans iştirakçılarının diqqətinə 
								çatdırdı ki, hər ilin sonunda Təhsil Nazirliyi 
								tərəfindən "Azərbaycan Respublikasında dövlət 
								uşaq müəssisələrindən uşaqların ailələrə 
								verilməsi (de-institusionalizasiya) və 
								alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci 
								illər)"nın icrası ilə bağlı yekun hesabat 
								konfransı  keçirilir və bu, artıq 4-cü 
								konfransdır. 
								
								
								Qeyd olundu ki, Dövlət Proqramının səmərəli 
								icrasını təmin etmək üçün risk qrupuna daxil 
								olan ailələrin övladlarının, sağlamlıq imkanları 
								məhdud uşaqların müəssisələrə düşməsinin 
								qarşısının alınması, uşaqların ailə mühitində 
								yaşamaq hüququnun təmin edilməsi, uşaqların 
								ehtiyaclarına uyğun xidmətlərə yönəldilməsi, 
								ailələrinə verilmiş və ya alternativ qayğıya 
								cəlb olunmuş uşaqların vəziyyətinin mütəmadi 
								monitorinqinin həyata keçirilməsi, təhsildən 
								yayınmış uşaqların təhsilə cəlb edilməsi və 
								digər kompleks tədbirlər həyata keçirilməlidir. 
								Bunun üçün isə ölkədə vahid Uşaq Müdafiəsi 
								Sistemi yaradılmalıdır.  
								
								
								2007-ci ildə BMT-nin Baş katibi "Uşaqlara qarşı 
								zorakılığın öyrənilməsi"nə həsr edilmiş 
								araşdırmanın nəticələri barədə hesabatında da 
								qeyd etmişdir ki, uşaqlara qarşı baş verən 
								neqativ amilləri aradan qaldırmaq, onların 
								müdafiəsini təmin etmək və hüquqlarını qorumaq 
								məqsədilə hər bir ölkə Milli Uşaq Müdafiəsi 
								Sisteminə malik olmalıdır. Azərbaycanda da belə 
								bir sistemin yaradılması istiqamətində işlərə 
								başlanılıb. 
								
								
								Dövlət Proqramından irəli gələn bir sıra mühüm 
								vəzifələrin kompleks şəkildə yerinə 
								yetirilməsinin zəruriliyini, dövlət uşaq 
								müəssisələrinin fəaliyyətinin Dövlət Proqramının 
								vəzifələrinə uyğun qurulmasının vacibliyini, 
								uşaqların müdafiəsi ilə bağlı qurumlararası 
								koordinasiyanın effektiv şəkildə təmin 
								edilməsinin vacibliyini nəzərə alaraq,  
								Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 
								13 yanvar 2010-cu il tarixli qərarına əsasən 
								"Azərbaycan Respublikasında dövlət uşaq 
								müəssisələrindən uşaqların ailələrə verilməsi 
								(de-institusionalizasiya) və alternativ qayğı 
								Dövlət Proqramı (2006-2015-ci illər)"nın 
								səmərəli idarə olunmasının təmin edilməsi 
								məqsədi ilə Azərbaycan Respublikası Təhsil 
								Nazirliyinin nəzdindəki İşçi Qrupunun bazasında 
								Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
								nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi 
								İdarəsi yaradılıb. Azərbaycan hökumətinin bu 
								qərarı ölkədə uşaqların müdafiəsi sahəsində 
								atılan daha bir uğurlu addım kimi 
								qiymətləndirilir.  
								
								
								Artıq  adıçəkilən Dövlət Proqramı çərçivəsində 
								uşaqların ailədə yaşamaq hüququnun təmin 
								edilməsi və uşaqların müdafiəsi ilə bağlı 
								irihəcmli layihələrin icrasına başlanıb. 
								Bunlardan biri də Azərbaycan Respublikasının 
								Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial 
								Müdafiəsi Nazirliyi,  Ailə, Qadın və Uşaq 
								Problemləri üzrə Dövlət Komitəsi və YUNİSEF 
								tərəfindən birgə həyata  keçirilən "Uşaqların 
								ailələrə verilməsi və alternativ qayğı ilə əhatə 
								olunması mexanizminin yaradılması" layihəsidir. 
								Layihənin həyata keçirilməsi üçün qeyd olunan 
								təşkilatlar arasında 9 mart 2010-cu il tarixində 
								imzalanmış birgə əməkdaşlıq haqqında Anlaşma 
								Memorandumu 2010-cu il 24 may tarixində 
								Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 
								ilə təsdiq edilib. Layihənin məqsədi pilot 
								seçilmiş rayonda uşaqların bioloji və ya 
								alternativ ailələrə verilməsi və alternativ 
								qayğıya cəlb edilməsi,  risk qrupuna daxil olan 
								uşaqların müəssisəyə düşməsinin  qarşısının 
								alınması üçün yerli səviyyədə uşaqların 
								müdafiəsinin təmin edilməsidir.  
								
								
								Dövlət Proqramı çərçivəsində ailəni əvəz edən 
								alternativ xidmətlərin yaradılması işinə 
								başlanıldığını deyən Misir Mərdanov qeyd etdi 
								ki,  16 mart 2010-cu il tarixində Təhsil 
								Nazirliyi ilə Avstriyanın "Hilfsverk Avstriya" 
								təşkilatı arasında "Yerli hakimiyyət orqanları 
								ilə qeyri-hökumət təşkilatları arasında 
								himayədar (foster) qayğı və ailə əsaslı 
								xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib 
								hazırlanması" layihəsinin həyata keçirilməsi 
								məqsədilə Qrant Sazişi imzalanıb. Qrant Sazişi 
								Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 
								may 2010-cu il tarixli Sərəncamı ilə təsdiq 
								edilib. Layihə Avropa Komissiyası və Avstriyanın 
								"Hilfsverk Avstriya" təşkilatının maliyyə 
								dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi 
								Azərbaycanda alternativ qayğı növü olan 
								himayədar (foster) ailə sisteminin 
								yaradılmasıdır. Layihə çərçivəsində himayədar 
								ailələrin və uşaqların seçim meyarları, 
								himayədar ailələrin maliyyələşdirmə mexanizmləri 
								hazırlanacaqdır.  
								
								
								Məlumat üçün bildirildi ki, Bakının Xəzər rayonu 
								ərazisindəki internat-məktəblərdə yaşayan və 
								övladlığa verilməsi mümkün olmayan, himayədar 
								ailələrə veriləcək 50 uşaq və 50 himayədar ailə 
								seçiləcəkdir. Bununla yanaşı, övladlıq, 
								qəyyumluq və ya himayədar ailələrə verilməsi 
								mümkün olmayan uşaqlar üçün ailə tipli kiçik 
								qrup evi, həmçinin övladlığa, qəyyumluğa və 
								himayəyə veriləcək uşaqlar və bununla bağlı 
								namizəd ailələr üzrə məlumat bankı 
								yaradılacaqdır. Hazırda  həmin  məqsədlə  
								məlumatlar toplanılır. Layihə çərçivəsində 
								"Hilfsverk Avstriya" təşkilatı tərəfindən  cəlb 
								edilmiş beynəlxalq ekspertin iştirakı ilə 
								"Himayədar (foster) qayğı xidmətlərinin standart 
								və qaydaları", "Ailə tipli kiçik qrup evlərinin 
								standart və qaydaları" adlı sənəd layihələri 
								hazırlanıb. Hazırlanmış sənədlərin layihələri 
								ilə bağlı müzakirələr aparılır.  
								
								
								Dövlət Proqramının Tədbirlər Planına əsasən 
								qarşıda duran vəzifələrdən biri də dövlət uşaq 
								müəssisələrində çalışan  işçi heyətinin peşə 
								yönümünü dəyişməklə onların sosial işçi kimi 
								hazırlanması, onlara müvafiq təlimlərin 
								keçirilməsidir. Bu məqsədlə 2010-2011-ci  tədris 
								ilində Bakı Pedaqoji Kadrların İxtisasartırma və 
								Yenidənhazırlanma İnstitutunda "Sosial iş" 
								ixtisası üzrə 9 aylıq kurs təşkil edilib. Dövlət 
								uşaq müəssisələrində tərbiyəçi vəzifəsində 
								çalışanlar arasından 16 nəfər seçilərək kursa 
								cəlb olunub.  
								
								
								Övladlarına qayğı göstərə bilməyən ailələrin və 
								onların uşaqlarının rifahının yaxşılaşdırılması, 
								onların müəssisələrə düşməsinin qarşısının 
								alınması məqsədilə yerlərdə uşaqlara və ailələrə 
								dəstək xidmətləri yaradılması haqqında danışan 
								nazir  bununla  bağlı Təhsil Nazirliyi 
								tərəfindən bir sıra işlərin görüldüyünü 
								bildirdi. Qeyd etdi ki,  risk qrupuna daxil olan 
								sağlamlıq imkanları məhdud uşaqlar üçün Bərdə 
								şəhərindəki internat-məktəbin, Sabunçu 
								rayonundakı 11 nömrəli xüsusi internat-məktəbin 
								və Suraxanı rayonu 2 nömrəli uşaq evinin 
								nəzdində günərzi qayğı, Xəzər rayonundakı 
								valideyn himayəsindən məhrum uşaqlar üçün 
								Respublika yardımçı internat-məktəbin nəzdində 
								isə reabilitasiya-inkişaf mərkəzi yaradılıb. 
								Həmin  mərkəzlərin binaları Təhsil Nazirliyi 
								tərəfindən yenidən qurulub və əsaslı təmir 
								edilib. Eyni zamanda mərkəzlərə inkişafetdirici 
								təlim materialları, reabilitasiyayönümlü 
								avadanlıqlar verilib. Mərkəzlərin yaradılması 
								ilə 268 nəfər uşağın dövlət uşaq müəssisələrinə 
								yerləşdirilməsinin qarşısı alınıb. 
								
								
								De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi 
								tərəfindən övladlığa uşaq götürmək arzusunda 
								olan vətəndaşların və övladlığa verilməsi mümkün 
								olan uşaqların siyahısı dəqiqləşdirilib və 
								Təhsil Nazirliyində məlumat bazası yaradılıb. 
								Son 6 ay ərzində Təhsil Nazirliyinin övladlığa 
								götürülən uşaqların mərkəzləşdirilmiş 
								siyahısında olan 14-17 yaşlı 8 uşaq övladlığa 
								verilib. Təhsil Nazirliyində övladlığa 
								götürülməsi mümkün olan uşaqların 
								mərkəzləşdirilmiş qeydiyyatında hazırda 27 uşaq 
								var. Onlardan 18-i  14-17 yaşlı, 9-u isə 5-11 
								yaşlı sağlamlıq imkanları məhdud olan 
								uşaqlardır. Eyni zamanda idarənin əməkdaşları 
								yetkinlik yaşına çatmayanların işləri və 
								hüquqlarının müdafiəsi üzrə komissiyaları ilə 
								birlikdə övladlığa, himayəyə və öz bioloji 
								ailələrinə verilmiş uşaqlara nəzarətin təşkili 
								və onların vəziyyətinin dövri monitorinqinin 
								aparılmasını həyata keçirirlər.  
								
								
								 Nazir Misir Mərdanov çıxışında konfrans 
								iştirakçılarının nəzərinə  onu da çatdırdı ki, 
								Təhsil Nazirliyinin nəzdində dövlət uşaq 
								müəssisələrində yaşayan uşaqlar barədə daim 
								yenilənən məlumat bazası yaradılıb. Bazaya daxil 
								edilmiş məlumatlara əsasən, hazırda 46 dövlət 
								uşaq müəssisəsində 9874  uşaq təlim-tərbiyə 
								alır. Onlardan 6014-ü yalnız təhsil alır. Qalan 
								3860-ı müəssisədə təhsil alır və gecələyir. 
								Müəssisədə gecələməsinə baxmayaraq, onların 86 
								faizi müəssisəyə müvəqqəti olaraq yerləşdirilmiş 
								uşaqlardır.  Hər şənbə və bazar günləri evə 
								gedənlərin sayı 1356,  hərdənbir evə gedənlərin 
								sayı 1914, daim müəssisədə yaşayıb evə getməyən 
								uşaqların sayı isə 590 nəfərdir. Müəssisədə 
								yaşayan uşaqların əksəriyyəti (yəni 3109 
								nəfəri)   7-16 yaşlı uşaqlardır. Bununla yanaşı, 
								müəssisədə gecələyən 3860 uşaqdan 1473 nəfəri 
								sağlamlıq imkanları məhdud olan uşaqlardır. 
								Dövlət uşaq müəssisələrindəki uşaqların 
								təlim-tərbiyəsi ilə 2530 nəfər pedaqoji işçi 
								məşğul olur.   
								
								
								Görülən işlərin nəticəsi olaraq dövlət uşaq 
								müəssisələrindəki uşaqların sayı ilbəil azalır. 
								Belə ki, onların sayı  2008-ci ildə 4055, 
								2009-cu ildə 3945, 2010-cu ildə isə 3860 nəfər 
								olub.  
								
								
								Təhsil naziri Misir Mərdanov çıxışında onu da 
								söylədi ki,  ölkəmizdə de-institutlaşma və 
								uşaqların müdafiəsi sahəsində həyata keçirilən 
								islahatlar Avropa Sosial Şəbəkəsi tərəfindən 
								yüksək qiymətləndirilib və 2010-cu ildə Avropa 
								Sosial Şəbəkəsinin İnternet saytında 
								yerləşdirilən "Azərbaycanda 
								de-institusionalizasiya səylərinə dəstək" adlı 
								məqalə təşkilatın 28 üzv dövlətinə təbliğat 
								məqsədilə göndərilib. Bununla yanaşı, ölkənin 
								birinci xanımı Mehriban Əliyevanın Dövlət 
								Proqramına xüsusi diqqət və qayğısını əks 
								etdirən sənədli filmin təbliğat məqsədilə Avropa 
								Sosial Şəbəkəsi təşkilatının saytına 
								yerləşdirilməsi qərarlaşdırılıb.   
								
								
								Ötən müddət ərzində görülən işlər barəsində 
								konfrans iştrakçılarına ətraflı məlumat verən 
								nazir qarşıda duran vəzifələrdən də söz açdı. 
								Misir Mərdanov bu vəzifələrin proqramın icrasına 
								məsul digər qurumlarla sıx əməkdaşlıq şəraitində 
								həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi. 
								
								
								Konfransda iştirak edən millət vəkilləri Hadı 
								Rəcəbli, Qənirə Paşayeva, YUNİSEF-in 
								Azərbaycandakı nümayəndəsi  Mark Herevard, 
								Nazirlər Kabinetinin Elm, mədəniyyət, təhsil və 
								sosial problemlər şöbəsinin müdir müavini Qurban 
								Əmirov və başqaları çıxış edərək  Dövlət 
								Proqramının əhəmiyyətindən danışdılar. 
								
								
								Konfransdan sonra mövzu ilə bağlı Bakı Pedaqoji 
								Kadrların İxtisasartırma və Yenidənhazırlanma 
								İnstitutunda elmi- praktik seminarın 
								keçiriləcəyi də  tədbir iştirakçılarının 
								nəzərinə  çatdırıldı.  
								
								
								
								Şakir CƏFƏROV  |