| 
								 
								
								Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 
								sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı 
								ilə təsdiq edilmiş "Əlavə təhsilin məzmunu,  
								təşkili və əlavə təhsilin hər hansı istiqaməti 
								üzrə təhsil almış şəxslərə müvafiq sənədin 
								verilməsi qaydası"nın və bununla əlaqədar Təhsil 
								Nazirliyinin 4 oktyabr 2010-cu il tarixli 1297 
								nömrəli əmrinin icrasını təmin etmək məqsədi 
								ilə  
								
								
								
								ƏMR EDİRƏM:  
								
								
								1. Ümumi təhsil müəssisələrinin müəllimləri üçün 
								ixtisasartırma təhsilinin Kurikulum Çərçivəsi 
								təsdiq edilsin (əlavə olunur). 
								
								
								2. Əlavə təhsilin ixtisasartırma təhsili 
								istiqaməti üzrə təhsil proqramlarının 
								qiymətləndirilməsi və tətbiqinə icazənin 
								verilməsi Təhsil Nazirliyinin Strateji təhlil, 
								planlaşdırma və kadrların idarə olunması 
								şöbəsinə həvalə edilsin. 
								
								
								3. Strateji təhlil, planlaşdırma və kadrların 
								idarə olunması şöbəsi (F.Qədirov):    
								
								
								3.1. İxtisasartırma   təhsili   üzrə   təhsil   
								proqramlarının   qiymətləndirilməsi və tətbiqinə 
								icazənin verilməsi mexanizmini hazırlayıb təsdiq 
								edilmək üçün təqdim etsin.       
								
								
								3.2. Kurikulum   Çərçivəsinin   ayrı-ayrı 
								modulları üzrə əlavə təhsil müəssisələri və ya 
								ixtisasartırma təhsilini həyata keçirən qurumlar 
								tərəfindən hazırlanan təhsil proqramlarının 
								qəbuluna dair elan verilməsini təmin etsin. 
								
								
								3.3. Rəhbər və pedaqoji kadrların digər 
								kateqoriyaları üçün ixtisasartırma təhsilinin 
								minimum həddinin müəyyən edilməsini və müvafiq 
								kurikulum çərçivələrinin hazırlanıb təqdim 
								edilməsini təmin etsin. 
								
								
								4. Rayon (şəhər)  təhsil  şöbələri (idarələri),  
								Nazirliyin  birbaşa  tabeliyində olan ümumi 
								təhsil müəssisələri: 
								
								
								4.1. Ümumi təhsil müəssisələrində işləyən 
								müəllimlərin ixtisasartırmaya olan ehtiyac və 
								tələbatlarının öyrənilməsini, bu əsasda 
								ixtisasartırma proqramlarının düzgün seçilməsini 
								və hər bir müəllimin 5 il ərzində ixtisasartırma 
								təhsilinin üç modulu üzrə 120 saatlıq təlim 
								kurslarından keçməsini təmin etsinlər. 
								
								
								4.2. Fərdi ehtiyac və maraqların nəzərə alınması 
								yolu ilə ixtisasartırma proqramlarının 
								seçilməsində müəllimlərə müvafiq köməklik 
								göstərsinlər. 
								
								
								4.3. İxtisasartırma proqramlarının fərdi seçimi 
								əsasında müvafiq əlavə təhsil müəssisələri və ya 
								ixtisasartırma təhsilini həyata keçirən 
								qurumlarla müqavilələrin bağlanılmasını, mümkün 
								olan hallarda ixtisasartırma təlimlərinin 
								müəllimlərin iş yerində və ya ona yaxın ərazidə 
								həyata keçirilməsini təmin etsinlər. 
								
								
								4.4. "Əlavə təhsilin məzmunu,  təşkili və əlavə 
								təhsilin hər hansı istiqaməti üzrə təhsil almış 
								şəxslərə müvafiq sənədin verilməsi qaydası"nın 
								1.7-ci bəndinə müvafiq olaraq stimullaşdırma 
								tədbirlərinin həyata keçirilməsində müəllimlərin 
								ixtisasartırma təhsili nəticəsində topladıqları 
								kreditlərin nəzərə alınmasını təmin etsinlər. 
								
								
								5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) 
								əmrin əlavəsi ilə birlikdə "Azərbaycan müəllimi" 
								qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc 
								olunmasını təmin etsin. 
								
								
								6. İnzibati  işlər  üzrə  sektor (A.Nəbiyev)  
								əmrin əlavəsi ilə birlikdə çoxaldılıb yerlərə 
								göndərilməsini təmin etsin. 
								
								
								7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm. 
								  
								
								
								
								Misir MƏRDANOV, 
								Azərbaycan Respublikasının təhsil naziri 
								17 dekabr 2010-cu il  |