| 
								 
								
								Naxçıvan Dövlət Universitetində 
								"Sivilizasiyaların dialoqu: Nil çayından Araz 
								vadisinədək" mövzusunda beynəlxalq simpozium 
								keçirilmişdir. 
								
								
								 Misir 
								Ərəb Respublikasının Azərbaycandakı Mədəniyyət 
								Mərkəzi və Qahirə Universiteti ilə birgə 
								gerçəkləşdirilən simpozium Universitet 
								Televiziyasının hazırladığı tanıtma filminin 
								ərəb dilində nümayişi ilə öz işinə başlamışdır. 
								
								
								Simpoziumu giriş sözü ilə açan rektor, akademik 
								İsa Həbibbəyli "Araz hövzəsi sivilizasiya: 
								Gəmiqayadan Ağrıdağadək" mövzusunda ətraflı 
								məruzə etmişdir. Məruzədə Naxçıvanda 
								sivilizasiyanın tarixinin b.e.ə. V minilliyə 
								söykənməsi, burada ilk insan məskunlaşması, 
								şəhərsalma mədəniyyəti, aqrar sahənin inkişafı 
								ilə bağlı qədim tarixə söykənən əsaslı faktlar 
								və arxeoloji tapıntılar, toponimlər mövcud 
								olmasından bəhs olunmuşdur. Millət vəkili dünya 
								tarixinin beşiyi sayılan qədim Misirlə 
								Azərbaycanı qohum sivilizasiyaların 
								birləşdirməsindən, Azərbaycan müstəqillik əldə 
								etdikdən sonra sivilizasiyalararası dialoqun 
								inkişafı istiqamətində uğurlu dövlət 
								siyasətindən, beynəlxalq simpoziumun mühüm 
								əhəmiyyətindən söz açmışdır.  
								
								
								Sonra Naxçıvan MR Ali Məclisinin sədri Vasif 
								Talıbovun simpozium iştirakçılarına təbrik 
								məktubu oxunmuşdur. Təbrik məktubunda qədim Şərq 
								tarixinin, mədəniyyətinin qovuşduğu iki ölkə 
								arasında siyasi, iqtisadi, sosial, mədəni 
								tərəfdaşlığın inkişafı baxımından simpoziumun 
								əhəmiyyəti qeyd olunmuşdur.  
								
								
								Misir Ərəb Respublikasının Azərbaycandakı 
								Mədəniyyət Mərkəzinin rəhbəri Adil Dərviş 
								"Ölkələrarası əlaqələrin möhkəmləndirilməsində 
								sivilizasiyaların rolu" mövzusunda məruzəsində 
								ümummilli lider Heydər Əliyev və Misir 
								Prezidenti Hüsnü Mübarəkin iki dövlət arasında 
								siyasi müttəfiqliyin inkişafındakı rolundan, 
								ortaq Şərq tarixinin, mədəniyyətinin öyrənilməsi 
								sahəsində görülən mühüm işlərdən danışmışdır.
								 
								
								
								Plenar iclasda AMEA-nın Naxçıvan Bölməsinin 
								sədri, akademik İsmayıl Hacıyevin "Naxçıvan 
								ərazisində sivilizasiya mədəniyyətinin öyrənilmə 
								zərurəti", qurumun Tarix, Arxeologiya və 
								Etnoqrafiya İnstitutunun direktor müavini Hacı 
								Qadir Qədirzadənin "Araz hövzəsi sivilizasiyada 
								Naxçıvan", AMEA-nın Ədəbiyyat İnstitutunun 
								direktor müavini Teymur Kərimlinin 
								"Sivilizasiyalararası ədəbi əlaqələr", 
								universitetin Hüquq fənləri kafedrasının müdiri, 
								tarix elmləri namizədi, dosent Şükür Məmmədovun 
								"Çaylararası sivilizasiyalarda qanunnamələr", 
								Misir Ərəb Respublikasının Qahirə 
								Universitetinin ədəbiyyat fakültəsinin dekan 
								müavini, professor Ömər Sabir Əbdülcəlilin 
								"Misir sivilizasiyası və çevrə ölkələrindəki 
								sivilizasiyalar ortaq mədəniyyətə nümunə kimi", 
								universitetin koreyalı tələbəsi, Azərbaycan dili 
								və ədəbiyyat ixtisası üzrə IV kursda təhsil alan 
								Ryu Hi Canın "Nuhun tufanı hadisəsi və Asiyada 
								tufanla bağlı miflər" mövzularında məruzələri 
								dinlənilmişdir. 
								
								
								Simpozium "Tarix-mədəni əlaqələr" və 
								"Sivilizasiyalararası əlaqələr" adlı bölmə 
								iclasları ilə işini davam etdirmişdir. 
								
								
								Yekun iclas universitetin ərəb dili və 
								ədəbiyyatı ixtisası üzrə I kurs tələbələrinin 
								ərəb dilində çıxışları, bədii qiraətləri ilə 
								başlamışdır. Bölmə rəhbərləri - professor Adil 
								Dərviş və AMEA-nın müxbir üzvü Hacı Qadir 
								Qədirzadənin hesabatları dinlənilmiş, 
								simpoziumun fəaliyyəti yüksək 
								dəyərləndirilmişdir. 
								
								
								Simpozium qonaqların qədim Misirlə bağlı tanıtma 
								filmini nümayiş etdirməsilə öz işini 
								yekunlaşdırmışdır.  
								
								
								
								Mehriban SULTAN  |