| 
								 
								
								Transparency Azerbaijan İctimai Təşkilatının 
								paytaxtda və dörd regional mərkəzdə - Gəncə, 
								Lənkəran, Quba və Şəkidə keçirdiyi rüblük 
								sorğunun nəticələrinə əsasən Təhsil, Ədliyyə və 
								Daxili İşlər nazirliklərinə əhali tərəfindən 
								daxil olan şikayətlərin sayı azalıb ki, buna 
								səbəb də "Qaynar xətt" xidmətləri və ictimai 
								təşkilatların sorğularına operativ cavab 
								verilməsi göstərilir.  
								
								
								Məlumat üçün bildiririk ki,  Təhsil Nazirliyinin  
								"Qaynar  xətt"  xidmətinə   (telefonlar:  
								496-34-82;    496-37-61;    e-mail   ünvanı:  
								qaynar-xett@edu.gov.az) ötən ay 958 müraciət 
								daxil olub. Müraciətlərin 845-i telefonla, 113-ü 
								elektron poçt vasitəsilə qəbul edilib. Bütün 
								müraciətlər dinlənilərək qeydə alınıb, aidiyyəti 
								qurumlara göndərilib və müvafiq qaydada 
								araşdırılıb. 
								
								
								Qeyd edək ki, may ayında anonim və sorğu 
								xarakterli müraciətlər çoxluq təşkil edib. "Qaynar 
								xətt" xidmətinə daxil olmuş sorğular ümumtəhsil 
								məktəblərinin IX və XI siniflərində 
								mərkəzləşdirilmiş qaydada keçirilən imtahanların 
								təşkili, bununla əlaqədar sorğu, rəy və 
								təkliflər, müəllimlərin işə qəbulu, respublika 
								fənn olimpiadalarının, beynəlxalq olimpiadaların 
								təşkili,  keçirilməsi və nəticələri, xaricdə 
								təhsil, xarici ölkələrin təhsil müəssisələrindən 
								verilmiş təhsil sənədlərinin tanınması, xaricdə 
								təhsil alan tələbələrin ölkəmizin təhsil 
								müəssisələrinə köçürülməsi qaydaları ilə 
								əlaqədardır. Həmin müraciətlər ümumi sorğuların 
								80  faizindən çoxunu təşkil edir. Digər sorğular 
								isə ümumtəhsil məktəbi şagirdlərinin məktəbli 
								geyimi ilə təmin olunması, müəllimlərin 
								əməkhaqqının hesablanması qaydaları, təhsil 
								sənədlərinin alınması və s. məsələlərlə bağlı 
								olub. 
								
								
								Məktəbəqədər, ümumtəhsil, texniki peşə, orta 
								ixtisas və ali təhsil müəssisələrindəki 
								problemlərdən bəhs edən müraciətlər əsasında 
								araşdırmalar aparılıb, onların aradan 
								qaldırılması istiqamətində müvafiq tədbirlər 
								həyata  keçirilib. 
								
								
								Ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil 
								müəssisələri ilə bağlı  müraciətlərin böyük 
								əksəriyyəti Bakı şəhərindəndir. Bu sahə üzrə 
								Bakıdan 83, Lənkərandan 6, Sumqayıtdan 5, 
								Abşerondan 4, Gəncə, Mingəçevir şəhərləri və 
								Xaçmaz rayonunun hər birindən 3, Şirvandan isə 1 
								müraciət daxil olub. Eyni zamanda  Ağdaş, Şamaxı, 
								Cəlilabad, Kəlbəcər, Qazax rayonları üzrə 
								müraciətlər qeydə alınıb. Müraciətlərdə 
								ümumtəhsil müəssisələrində tədris prosesinin 
								təşkili, maddi-texniki təchizat sahəsində 
								çatışmazlıqlar,  məktəb direktorlarının 
								idarəetmədə yol verdikləri nöqsanlar və digər 
								məsələlər öz əksini tapıb.  
								
								
								Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 
								daxil olan bütün müraciətlər ciddi şəkildə 
								araşdırılaraq müvafiq tədbirlər həyata keçirilib. 
								Belə ki, Gəncə 1 nömrəli Peşə Liseyindən daxil 
								olan müraciət əsasında aparılmış araşdırma 
								nəticəsində işdə yol verdiyi ciddi nöqsanlara 
								görə liseyin direktoru R.Orucovla bağlanmış əmək 
								müqaviləsinə xitam verilib. Xaçmaz rayon 
								Muxtadır qəsəbə məktəbinin direktoru 
								N.Mədətxanov isə tutduğu vəzifəsindən azad 
								edilib. 
								
								
								Bakı şəhərinin 18, 45, 113, 143, 179, 267 
								nömrəli məktəbləri ilə bağlı müraciətlər də 
								araşdırılıb və müvafiq olaraq pedaqoji prosesdə, 
								əmək intizamının yerinə yetirilməsində yol 
								verdikləri nöqsanlara və s. görə 18 nömrəli 
								məktəbin müəllimi M.Abdullayevaya, 45 nömrəli 
								məktəbin laborantı P.Abdullayevaya şiddətli 
								töhmət, 143 nömrəli məktəbin 6-cı siniflərinin  
								rəhbərlərinə töhmət verilib. 113 nömrəli  
								məktəbin  rəhbərliyinə  və  179  nömrəli  
								məktəbin V "d" sinif rəhbərinə xəbərdarlıq 
								edilib.  
								
								
								"Qaynar xətt" xidmətinə daxil olan müraciətlər 
								əsasında 146 nömrəli məktəbin direktoruna işdə 
								yol verdiyi nöqsanlara görə töhmət verilib, 
								təlim-tərbiyə işləri üzrə direktor müavini isə 
								ciddi nöqsanlara görə işdən azad edilib.   |